Nöqtələr
◘Rəvayətlərdən məlum olur ki, həzrət Süleyman azğınlıqların və ya sui-istifadənin qarşısını almaq üçün sehrbazların (sahirlərin) vərəqlərinin toplanıb saxlanılmasını əmr etdi. Amma onun vəfatından sonra bəziləri bu vərəqləri əldə edib, onun təlimi və xalq arasında yayılması ilə məşğul oldular. Onlar hətta Həzrət Süleymanın möcüzələrini də sehr kimi tanıtdırıb, onun peyğəmbərliyini inkar etdilər. Bəni-İsraildən də bir dəstəsi Tövrata itaət etmək əvəzinə sehr-cadu arxasınca getdi. Bu baxış o qədər genişlənmişdi ki, hətta İslam peyğəmbərinin (s) dövründəki yəhudilər də həzrət Süleymanı peyğəmbər kimi yox, sehrbaz kimi tanıyırdılar.
Ayə Tövratdan üz döndərmə günahı və azğınlığını, sehr təliminə məşğul olan şeytanlara itaəti təsvir edir. Yəhudilər Tövrat əvəzinə Süleyman dövründə şeytanların xalqa öyrətdiklərini oxuyur və ona itaət edirdilər. Onlar öz işlərinə don geyindirmək üçün Süleymanı sehrdə ittiham edirdilər. Hansı ki, Süleyman ilahi bir insan, onun işi isə möcüzə idi. Şeytanlar isə ona qarşı çıxır və sehrə əl atırdılar.
Deyilənlərdən əlavə, yəhudilər digər sehr mənbələrinə də yol tapdılar. Allah Harut və Marut adlı iki mələyi Babil şəhərinə insan surətində göndərib xalqa sehr-cadunu aradan qaldırmaq yolunu öyrətmək istədi. Amma bundan ötrü əvvəlcə onları sehrlə tanış etmək lazım gəlirdi. Çünki insan bir şeyin kimyəvi tərkibini bilmədən onu məhv etməyi bacarmır. Ona görə də mələklər əvvəlcə sehr yolunu, sonra isə sehri aradan qaldırmaq yolunu öyrədirdilər. Onlar şagirdlərinə bunu öyrətməzdən qabaq şərt kəsdilər ki, ondan sui-istifadə etməsinlər. Dedilər: Bu iş fitnə və sınaq mayasıdır. Eləcə də insanlar ondan özlərini məhv etmək üçün istifadə etməməlidirlər. Amma yəhudilər bu bilikdən sui-istifadə edib, ondan pis yolda bəhrələndilər. Hətta ərlə arvad arasında ayrılıq salmaq üçün bu yoldan istifadə etdilər.
◘Quran burada maraqlı və düşündürücü bir nöqtəni xatırladır. Buyurulur ki, sehr elminə malik olan sahir Allahın qüdrət dairəsindən xaric deyil. O, Allahın iradəsi olmadan bir iş görə bilməz, kimsəyə zərər toxundurmağı bacarmaz. Amma Allah hər bir şey üçün təsir müəyyənləşdirdiyindən sehr-cadunun da mənfi təsirləri ola bilər. Onun mənfi təsirlərindən biri də ailə rabitələrinin qırılmasıdır.
Bildirişlər
1. Haqq hökumətdə və ilahi hakimin rəhbərliyi altında da bütün xalq islah olmur. Bəziləri əyri yola meyl edir.
2. Şeytanlar Süleymanın hakimiyyəti zamanı da bekar oturmurdular. Onlar daim mənfi təlqinlər edirdilər.
3. Hökumət peyğəmbərliyə (nübüvvətə) zidd deyil. Bəzi peyğəmbərlərin hökuməti olmuşdur.
4. Sehrkarlar öz işlərini müqəddəs göstərmək, ona don geyindirmək üçün Süleymanı da sehrkar kimi tanıtdırırdılar.
5. Allah başqalarının böhtanları qarşısında peyğəmbərlik məqamını müdafiə edir.
6. Sehrin öyrənilməsi, öyrədilməsi və tətbiqi küfr cərgəsindədir. Rəvayətlərdə bildirilmişdir ki, sehrkar kafirdir və onun cəzası qətldir.
7. Zərərli biliklər və azğın əqidələrlə mübarizə üçün salehlər onlardan xəbərdar olmalıdırlar.
8. Öyrənib öyrədərkən elmlərin mənfi cəhətlərini nəzərə çatdırmaq lazımdır.
9. İnsan iki təlim arasında qərar verilmişdir: Şeytani vəsvəsələr və ilahi ilhamlar.
10. Mələklər də insanlara müəllim ola bilərlər.
11. Bəzən elm və bilik sınaq vasitəsi olur.
12. Ərlə arvad arasına təfriqə salmaq şeytanların işidir və küfr həddindədir.
13. Elm və bilik həmişə faydalı olmur. Bəzən insan öz biliyindən zərər çəkir.
14. Sehr və cadu gerçəklikdir və insanın həyatına təsiri var.
15. Sehrkar, müəyyən işlər görür. Amma onun işinin bütün təsirləri Allahın nəzəri altındadır.
Allaha pənah aparmaq, təvəkkül, dua və sədəqə yolu ilə bu qurğulardan xilas olmaq mümkündür.
16. Sehrkarlar dünyada var-dövlətə, şan-şöhrətə çatsalar da, qiyamətdə əlləri boşdur.
17. Təfriqə, sehr-cadu arxasınca gedən insan öz insanlığını əldən verir.
103. ﴿وَلَوْ أَنَّهُمْ آمَنُواْ واتَّقَوْا لَمَثُوبَةٌ مِّنْ عِندِ اللَّه خَيْرٌ لَّوْ كَانُواْ يَعْلَمُونَ﴾
“Əgər onlar iman gətirib, təqvalı olsaydılar, Allahın yanındakı mükafat onlar üçün daha yaxşı olardı. Əgər agahlıqları olsaydı!”
Nöqtələr
◘Təqva təkcə pisliklərdən çəkinmək deyil, həm də yaxşılığa diqqət və riayətdir. Məsələn, “ittəqunnar” özünü oddan gözləmək, “ittəqullah” Allahın əmrlərinə diqqətli olmaqdır. “İttəqullah və ... ərham” ayəsində qohumlara diqqətli olmaq tapşırılır.
İmam Sadiq (ə) təqva haqqındakı sualın cavabında buyurmuşdur: “Təqva tikanlı yerdən keçərkən ehtiyatlı olmaq kimidir.”
Bildirişlər
1. Təkcə iman kifayət deyil. Təqva və ehtiyat da lazımdır.
2. İlahi mükafatların məhdudiyyəti yoxdur.
3. Allahın mükafatları çətindir. “Ləməsubə” sözündəki lam hərfi buna işarədir.
4. İlahi mükafat hər şeydən üstündür. “Xeyir” sözündən sonra heç nə deyilməməsi mütləq üstünlük nişanəsidir.
104. ﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ لاَ تَقُولُواْ رَاعِنَا وَقُولُواْ انظُرْنَا وَاسْمَعُوا ْوَلِلكَافِرِينَ عَذَابٌ أَلِيمٌ﴾
“Ey iman gətirmiş kəslər! (Peyğəmbərə) “raina” deməyin “unzurna” deyin ("bizi nəzərdə saxla," bu tövsiyəni) eşidin və kafirlər üçün dərdli əzab var.”
Nöqtələr
◘Bəzi müsəlmanlar peyğəmbərin dediklərini yaxşı dərk etmək üçün onun aram, öz hallarına uyğun danışmasını istəyirdilər. Bu istəklərini “raina”1 sözü ilə bildirirdilər. Amma bu söz yəhudilərin dilində ədəbsiz səsləndiyindən ayə nazil oldu ki, “raina” əvəzinə “unzurna” söyləsinlər. Bununla da düşmənin sui-istifadəsinin qarşısı alındı.
◘Bu ayə “ey iman gətirənlər” müraciəti ilə başlayan ilk ayədir. Bundan sonra Quranda səksən dəfədən çox bu şəkildə xitab olmuşdur.
Bildirişlər
1. Sözlərin necə səslənməsinə diqqətli olun. Çünki yaxşı niyyətlə deyilmiş bir söz pis səslənə bilər. Sözün necə qəbul olunacağı barədə də düşünmək lazımdır.
2. Düşmən bizim bütün hərəkətlərimizi və sözlərimizi izləyir. O hər bir mümkün fürsətdən istifadə edib zərbə vurmaq istəyir.
3. İslam münasib sözlər seçməklə ölçülü bəyanata, səlis üsluba, mətləbin çatdırılmasına diqqət göstərir.
4. Böyüklər və müəllimlərlə danışarkən danışıq ədəbinə riayət olunmalıdır.
5. Əgər başqalarını ədəbə riayət etməyə çağırırıqsa, əvvəlcə özümüz xalqla danışıqda ədəbi gözləməliyik. “Ey iman gətirənlər” müraciəti möhtərəm bir xitabdır.
6. Bir şey qadağan olunursa, onun yerinə digər bir münasib şey tanıtdırılmalıdır.
105. ﴿مَّا يَوَدُّ الَّذِينَ كَفَرُواْ مِنْ أَهْلِ الْكِتَابِ وَلاَ الْمُشْرِكِينَ أَن يُنَزَّلَ عَلَيْكُم مِّنْ خَيْرٍ مِّن رَّبِّكُمْ وَاللّهُ يَخْتَصُّ بِرَحْمَتِهِ مَن يَشَاء وَاللّهُ ذُو الْفَضْلِ الْعَظِيمِ﴾
“Kitab əhlindən olan kafirlər və müşriklər sizə Rəbbinizdən heç bir xeyir nazil olmasını istəmirlər. Halbuki Allah Öz rəhmətini istədiyinə aid edər. Allah böyük fəzl sahibidir.”
Dostları ilə paylaş: |