arzusunun əksinə olaraq digər şəxslərə səs verməyə təhrik etmə; səsvermə hüququ olmayan
və ya belə hüquqdan məhrum olmuş şəxsin bilə-bilə seçkilərdə səs verməsi, başqa şəxslərin
əvəzinə səs verilməsi; səsvermə sirrinin qeyri-qanuni olaraq yayılması; səsvermənin
nəticələrinin qəsdən saxtalaşdırılması və s. qeyd etmək olar.
Sadalanan əməllərin törədilməsinə görə təqsirli bilinən şəxslərə məhkəmələr
tərəfindən islah evində saxlama və həbs cəzalarından əlavə, qanunverici orqana və
özünüidarə orqanlarına seçkilərdə iştirak etmək hüququndan 5 ilədək müddətə məhrum
etmə, 3 min rubldan çox olmayan məbləğdə pul cəriməsi və vəzifədən uzaqlaşdırma cəzaları
da təyin edilə bilərdi.
Ümumiyyətlə, cümhuriyyət dövründə cinayət məsuliyyətinin müəyyən edilməsi
zamanı hüquqilik və cəzanın labüdlüyü kimi prinsiplər zəruri amillər hesab edilirdi.
1920-ci ilin martında hazırlanmış “Fərarilərin gizlədilməsinə görə onların
qohumlarının məsuliyyəti haqqında” qanun layihəsinin ilkin müzakirələrdən keçsə də
parlamentin müzakirəsinə çıxarılması hadisələrin gedişatı baxımından mümkün olmamışdı.
Əraziləri mütəmadi olaraq basqınlara məruz qalan dövlətimizin təhlükəsizliyi baxımından
mühüm əhəmiyyət kəsb edən bu qanun layihəsində dördüncü qohumluq dərəcəsi də daxil
olmaqla fərarilərlə eyni bir yaşayış məntəqəsində yaşayan qohumların, kənd idarəçiliyinin
vəzifəli şəxslərinin hərbi mükəlləfiyyətlilərin hərbi çağırış məntəqələrinə vaxtında
gəlməməsinə və onların barəsində xəbər verməməyə görə məsuliyyətə cəlb edilməsi nəzərdə
tutulurdu. Fərarilər tərəfindən hərbi hissəyə məxsus silah-sursatın, geyimin aparılması və
ya onların korlanması zamanı fərarilərin gizlədilməsində təqsirli bilinən şəxslərdən,
xüsusilə qohumlarından silah-sursatın və geyimin dəyərinin ikiqat həcmdə tutulması
müəyyən edilirdi. Qohumların imkansız olduğu hallarda isə həmin məbləğin fərarinin
mənsub olduğu və ya gizləndiyi kənd əhalisi tərəfindən ödənilməsi nəzərdə tutulurdu.
Dostları ilə paylaş: