Konstitusiya quruluşunun əsasları Azərbaycan Respublikasının Konstitusiyasının I bölməsində təsbit olunmuşdur. Konstitusiya quruluşunun əsasları ayrı-ayrı dövlətlərin konstitusiyalarında müxtəlif adlar altında verilmişdir. Məsələn, İtaliya və Almaniya Federativ Respublikasının Konstitusiyasında «Əsas Prinsiplər», Fransa Respublikası Konstitusiyasında «Suverenlik haqqında», Türkiyə Respublikası Konstitusiyasında «Ümumi Əsaslar» və s.
Azərbaycan Respublikası Konstitusiyasında isə cəmiyyətin və dövlətin fundamental
əsasları, həyata keçirilməsi ölkəmizdə konstitusion dövlətin bərqərar olunmasına yönələn başlıca prinsiplər isə «Ümumi müddəalar» adı altında təsbit olunmuşdur. Bu bölmədə öz əksini tapan normalar norma-prinsiplər, məqsəd normaları, vəzifə-normaları hesab olunur.
Konstitusiya quruluşunun əsaslarının aşağıdakı struktur elementləri vardır: xalq hakimiyyəti; xalq suverenliyi; insan və vətəndaşların hüquq və azadlıqlarının üstünlüyü; Azərbaycan dövlətinin forma və mahiyyəti; hakimiyyət bölgüsü; sosial və iqtisadi əsaslar; dövlət hakimiyyətinin əsasları; yerli özünüidarəetmənin tanınması və təmin olunması, onun müstəqilliyi və dövlət hakimiyyətindən ayrılması.
Konstitusiya quruluşu dar və geniş mənada anlaşılır. Dar mənada Konstitusiya quruluşu - Konstitusiyada təsbit olunan və mövcud qanunvericilikdə inkişaf etdirilən dövlətin təşkili üsullarıdır.
Geniş mənada konstitusiya quruluşu - ali hakimiyyət və idarəetmə orqanlarının təşkili; dövlət quruluşu və insan, vətəndaş cəmiyyəti və dövlət arasındakı hüquqi əlaqələrlə bağlı meydana çıxan, başlıca olaraq Konstitusiya normaları ilə nizama salman iqtisadi, sosial, siyasi, hüquqi, ideoloji münasibətlərin məcmusudur.
Konstitusiya quruluşunun əsasları - dövlətin hüquqi tabeçiliyini təmin edən və onu konstitusion dövlət kimi xarakterizə edən başlıca prinsiplərin məcmusudur. Bu prinsiplər bütövlükdə konstitusiya hüquq sisteminin ideya və hüquqi bazasını təşkil edir.
Ölkəmizdə konstitusion dövlət quruculuğu istiqamətində yeni addım 1991-ci il 18 oktyabr tarixli «Dövlət Müstəqilliyi haqqında» Konstitusiya Aktının qəbulundan sonra atılmış oldu. Artıq bu Aktda Konstitusiya quruluşunun mühüm prinsipləri öz təsbitini tapmış oldu. Məsələn, «Azərbaycan Respublikasında suveren hakimiyyət Azərbaycan xalqına məxsusdur» (10-cu maddənin I hissəsi); «Azərbaycan xalqı müstəqil, dünyəvi, demokratik, unitar dövlət yaradır» (12 maddənin I hissəsi); «Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətin bölunməsi prinsipinə əsaslanır» (12-ci maddənin II hissə-si) və s. Qeyd etmək lazımdır ki, Akt yeni Konstitusiyanın işlənməsi üçün əsas hesab olunurdu.