Dünyəvidövlət. Dövlətin bu xarakteristikası özündə onu ehtiva edir ki, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır, başqa sözlə, bunlar qarşılıqlı fəaliyyət göstərir, bir-birilərinin işlərinə qarışmırlar.
Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinə əsasən, Azərbaycan dünyəvi dövlətdir. Azərbaycan dövlətinin dünyəvi dövlət xarakteristikası özünü aşağıdakı amillərdə göstərir. Birincisi, rəsmi, qanuniləşdirilmiş dinin mövcud olmaması - heç bir din məcburi müəyyən edilməmişdir. İkincisi, dinin dövlətdən ayrılması. Üçüncüsü, bütün dini etiqadların qanun qarşısında bərabərliyi. Bu müddəalar Azərbaycan Respublikası Konstitusiyasının 18-ci maddəsində təsbit olunmuşdur.
Azərbaycan Respublikası Konstitusiyanın 18-ci maddəsinə görə, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır və bütün dini etiqadlar qanun qarşısında bərabərdir, insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin yayılması və təbliği qadağandır, habelə dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır.
Bununla belə, respublika qanunvericiliyi dini birliklər üçün aşağıdakıları müəyyən
edir:
dini birliklər qanuna uyğun olaraq öz fəaliyyətlərini qurur və həyata keçirir;
dövlət orqanlarının və yerli özünüidarəetmə orqanlarının vəzifələrini icra etmir;
dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarına seçkilərdə iştirak etmir;
siyasi partiyaların və hərəkatların fəaliyyətində iştirak etmir və onlara maliyyə və digər yardım göstərmir.
Respublika idarəetmə forması. Dövlət və hüquq nəzəriyyəsi kursundan məlum olduğu kimi, dövlətin forması anlayışı özündə üç müstəqil elementi birləşdirir: idarəetmə forması, dövlət quruluşu forması və dövlət rejimi (siyasi rejim).
Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsi dövlətimizin başlıca əlamətlərini göstərməklə yanaşı onu, idarəetmə formasına görə respublika kimi təsbit etmişdir. Respublikanın başlıca əlamətləri - dövlət başçısının seçkilər vasitəsilə bu vəzifəni əldə etməsi və Konstitusiya ilə müəyyən olunmuş müddətdə öz səlahiyyətlərini həyata keçirməsidir. Bu xüsusiyyətlər, respublikanı dövlət başçısı vəzifəsini tutmağın irsi xarakter daşıdığı monarxiyadan fərqləndirir.
Azərbaycan Respublikası Konstitusiyası dövlətimizi respublikanın hər hansı bir növünə (parlamentli, prezidentli, qarışıq) aid olduğunu birbaşa olaraq təsbit etmir. Dövlət başçısının konstitusion statusunun təhlili, onun hakimiyyətin digər qolları, hər şeydən əvvəl parlamentlə qarşılıqlı fəaliyyəti ölkəmizdə prezidentli respublikanın mövcudluğu haqqında nəticə çıxarmağa imkan verir.
Belə bir nəticəyə aşağıdakılar da əsas verir: prezident həm dövlət başçısı, həm də icra hakimiyyətinin başçısıdır; prezident ümumi, bərabər və birbaşa seçkilər nəticəsində xalq tərəfindən seçilir; hökumət parlament tərəfindən deyil, prezident tərəfindən təşkil olunur, prezident qarşısında məsuliyyət daşıyır və hesabat verir; hökumət parlament qarşısında deyil, prezident qarşısında istefa verir; prezidentin parlamenti buraxmaq səlahiyyəti yoxdur; parlamentin prezidentə impiçment tətbiq etmək səlahiyyəti var.