Iqtisadi təfəkkürün obyektini, onun subyektindən fərqləndirmək lazımdır. Iqtisadi təfəkkürün obyektini iqtisadi münasibətlər təşkil edir. Onun subyekti isə istehsalı təşkil və idarə edən insanlardır. Iqtisadi təfəkkürün xarak-teri və məzmunu bir sıra amillərdən-cəmiyyət həyatının sosial şəraitindən, sinfi mənsubiyyətdən, istehsalın və əmək təşkilinin vəziyyətindən, kollektivdə formalaşan qarşılıqlı münasibətlərdən, məişət qayğılarından və s. asılıdır.
Insanlar yalnız gerçəkliyi dərk etməklə kifayətlənə bilməzlər. Çünki onların malik olduqları biliklər müvafiq əməli nəticələrin çıxarılmasına xidmət etməlidir. Deməli, insanlar iqtisadi anlayışlardan, kateqoriyalardan istifadə etməklə, özlərinin əməli fəaliyyətlərində səhvə yol vermədən, cəmiyyətdə gedən hadisə və proseslərdən baş çıxara və onları idarə edə bilərlər. Iqtisadi anlayış və kateqoriyalardan istifadə etməyi bacarmadıqda təfəkkürdə sinkretizm1 əmələ gəlir, adamlar iqtisadiyyatda baş verən hadisələrin içərisində itib-batır, onun başlıca əlamətini və ya əlamətlərini ayırd edə bilmirlər. Bu zaman hadisələr kəmiyyət və keyfiyyət, səbəb və nəticə, forma və mahiyyət əlamətlərinə görə deyil, təsadüfi təsəvvürlərə görə ayrılır, birləşdirilir və ya təsnifləşdirilir. Bununla birlikdə, iqtisadi təfəkkür təkcə zahiri əlamətlərə görə deyil, həm də daxili şəxsi mənbələrə görə müəyyən edilir. Buna insanların qabaqcadan mümkün ola bilən yanlış nəticə çıxarmaları əhəmiyyətli dərəcədə təsir göstərir. Bu, təfəkkürdə şablonçuluğa gətirib çıxarır, adamlar hadisənin mahiyyətinə varmadan, öz fəaliyyətlərini qabaqcadan malik olduqları yanlış təsəvvürlər əsasında qurmaqda davam edirlər. Bununla əlaqədar olaraq iqtisadi təfəkkür özünün əsas vəzifəsini yerinə yetirə bilmir.
Iqtisadi təfəkkürün mühüm xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, o insanların mənafeləri, xüsusilə də maddi mənafeləri ilə əlaqədardır. Məhz buna görə də iqtisadi təfəkkürün istiqamətləri insanların mənafeləri ilə müəyyən olunur və bu, onları baş verən hadisələrdən müəyyən nəticələr çıxarmağa vadar edir. Ümumiyyətlə, iqtisadi mənafelər insanların davranışının, hərəkətverici fəaliyyətinin başlıca amilidir.
Dostları ilə paylaş: |