İstehsal prosesi əsas, köməkçi və xidmətedici əmək və habelə təbii proseslərin məcmusu olub, onların qarşılıqlı təsiri və əlaqələri vasitəsilə xammal və ya materialın hazır məhsula çevrilməsi texnologiyasıdır.
Başqa sözlə, müəssisənin istehsal prosesi əmək cisimlərinin (xammal, material və s.-nin) hazır məhsula çevrilməsinə yönəldilmiş müxtəlif maşın və avadanlıqların vasitəsilə həyata keçirilən texnoloji əməliyyatları özündə birləşdirir, onların məcmusudur. İstehsal prosesi məhsulun istehsalı ilə bağlı, insanların silahlandıqları texnika vasitəsi ilə əmək cisimlərinə yönəltdiyi məqsədyönlü, qarşılıqlı təsir və əlaqələri olan işlərin vəhdətidir.
Müəssisədə istehsal prosesinin özü də müstəqil, lakin bir-birilə bağlı olan mərhələlərə bölünür. Məsələn, ayaqqabı fabrikində belə mərhələlərə – ştamplama, biçmə və tikiş, yaxud maşınqayırmada tökmə, mexaniki emal və yığma prosesləri həmin istehsalların müxtəlif mərhələləridir. İstehsal prosesinin hər bir mərhələsi, məxsusi (yaxud xüsusi) proseslərdən ibarət olur. Xüsusi proseslər məhsul istehsalının müəyyən mərhələsinin bitkinliyi ilə xarakərizə olunur (məsələn, tökmə sexində – torpağın hazırlanması, formanın (qəlibin) qurulması, metalın əridilməsi, ərintinin qəliblərə tökülməsi və s.). Xüsusi proseslər özü də texnoloji (əsas) və köməkçi əməliyyatlara bölünürlər.
Əməliyyat – istehsal prosesinin xüsusiləşdirilmiş tərkib hissəsi olmaqla – bir iş yerində bir və ya bir neçə işçi tərəfindən əmək predmeti (xammal, material, yarımfabrikat) üzərində ardıcıl yerinə yetirilən işlərin cəmindən ibarətdir.
İstehsal prosesinin əməliyyatlara şaxələnməsi və hər bir əməliyyatın tərkibi istehsalın miqyası və ixtisaslaşdırma səviyyəsindən, tətbiq olunan texnika və texnologiyadan və habelə istehsalın təşkilindən asılıdır.
Texnoloji baxımdan əməliyyatlar keçidlərə (fazalara) bölünürlər.
Keçidlər (fazalar) – istehsal prosesinin texnoloji baxımdan həmcins, təşkilati baxımdan ayrılmaz hissəsi olub, əmək predmetinin emalı üçün istifadə olunan istehsal komponentlərinin və avadanlıqların tərkibcə və habelə sonuncuların iş rejimlərinin sabitliyi ilə səciyyələnir.
Əməliyyatlar fəhlə əməyinin strukturu baxımından həm də fəndlərə və əməllərə bölünür.
Məsələn, tornaçı fəhlənin pəstahı qaldırıb torna dəzgahının başlığına qoyması, açarla onu başlığa bərkitməsi, dəzgahı işə salması, kəsici aləti – pəstahı yonmaq üçün
– ona yaxınlaşdırması, yonması, yonmadan sonra qismən emal olunmuş pəstahı başlıqdan açarla açması, pəstahı başlıqdan çıxarıb yərə qoyması – bütün bunların hər biri ayrı-ayrılıqda əməliyyatlardır.
Fənd, fəhlənin əmək fəndi – müəyyən məqsədli təyinatı olan və fəhlə tərəfindən yerinə yetirilən bitkin, tamamlanmış hərəkətlərin məcmusudur.
Əməl – fəndin bir hissəsi olmaqla fəhlənin özünün bir neçə fiziki hərəkətinin (bedən, əl, barmaq və s.) və ya hərəkətlər kompleksinin hər hansı predmetin götürülməsi və ya onun yerinin dəyişdirilməsi ilə bağlı görülən işdir.
Fasiləsiz istehsallarda əməliyyatın uzunluğu, şərti olaraq, bir iş perspektivsinin müddəti qədər qəbul olunmuşdur. Texnoloji (əsas) proses əmək predmetlərində müəyyən dəyişikliklərin (fiziki, mexaniki, kimyəvi və s.) baş verməsinə səbəb olan əməliyyatlar məcmusudur. Köməkçi əməliyyatlar isə texnoloji əməliyyatların yerinə yetirilməsi üçün şəraitin yaradılmasına istiqamətlənən (məsələn, əmək predmetlərinin bir iş yerindən digərinə hərəkəti, emal edilən detalların ölçülərinə nəzarət və s.) hərəkətlərin məcmusudur.
Məhsulun istehsalında əmək (texnoloji və köməkçi) prosesləri ilə yanaşı, təbii proseslərdən də (məsələn, xəmirin qıcqırması, ağacın, rənglənmiş maşınların boyasının quruması və s.) istifadə zərurəti yaranır. Əgər əmək prosesi bilavasitə işçilər tərəfindən yerinə yetirilirsə, təbii proseslər işçilərin müdaxiləsi olmadan, təbii yolla, öz-özünə baş verir. Təbii prosesin vaxt rəqlamentinə düzgün əməl olunması çox vacibdir; onu süni şəkildə sürətləndirmək prosesin əhəmiyyətini azalda, işin keyfiyyətini pisləşdirə bilər.
Beləliklə, məhsulun hazırlanması üzrə istehsal prosesi texnoloji (əsas) və köməkçi əməliyyatların və təbii proseslərin məcmusundan ibarətdir.
Əməliyyatların tempi və taktı istehsal prosesinin əsas parametrlə- rindəndir. əməliyyatın tempi vaxt vahidi ərzində əməliyyata daxil olan (və ya əməliyyatdan çıxan) detalların sayını, takt isə materialın və ya materiallar partiyasının əməliyyatda qaldığı vaxtı özündə əks etdirir.
Məhsulun hazırlanmasındakı roluna görə də istehsal özü də əsas, köməkçi və xidmətedici istehsal proseslərinə ayrılır. Lakin xammal və materialın hazır məhsula çevrilməsi işində onların rolu eyni olmur.
Əsas (texnoloji) istehsal prosesi emal edilən məmulatın formasının, ölçülərinin və daxili strukturunun dəyişdirilməsi ilə bilavasitə əlaqədardır. Əsas istehsal prosesini bəzən texnoloji proses də adlandırırlar və burada elmi cəhətdən heç bir qəbahətə yol verilmir. Texnoloji prosesin xarakterini, bir qayda olaraq, istehsalın təşkilati şərtləri – texnoloji ardıcıllığa görə avadanlıqların istehsal meydançalarında düzgün quraşdırılması, anbarların təyinatı və onların məkanca düzgün yerləşdirilməsi, nəqliyyat marşrutlarının istiqaməti və uzunluğu müəyyən edir. Əsas istehsal proseslərinə, məsələn, maşınqayırma müəssisələrində detalların mexaniki (yonma, pardaxlama, cilalama və s.) və tərmiki (qızdırmaq və s.) emalını, onların (detalların) yığılmasını (quraşdırılmasını) və s. misal göstərmək olar.
Köməkçi və xidmətedici istehsal prosesləri məhsulun hazırlanmasında bilavasitə iştirak etmirlər, lakin əsas (texnoloji) prosesin yerinə yetirilməsinə şəraitin yaradılması onlar tərəfindən həyata keçirilir . Əsas istehsal köməkçi və xidmətedici proseslərsiz keçinə bilməzlər. Köməkçi sexlərin istehsal etdikləri məmulatlar əsas istehsalda istifadə olunmaqla son məhsulun istehsalına yardım göstərirlər. Köməkçi istehsalın məhsullarına alət, ştamp, tərtibat, bütün enerji növlərini və tara istehsalını misal gətirmək olar.
Maşınqayırma müəssisəsində xidmətedici proseslərə nəqletməni, hazır məhsulun anbarlaşdırılmasını, müəssisədaxili təchizatı, laboratoriya sınaqlarını və s. aid etmək olar. Bu proseslər də məhsul istehsalında dolayı yolla iştirak edirlər, başqa sözlə əsas istehsala xidmət göstərirlər.
Əgər köməkçi proseslər yalnız əsas istehsala köməkçi olurlarsa, xidmətədici proseslər həm əsas və həm də köməkçi istehsallara xidmət göstərirlər; köməkçi proseslər əsas istehsala «maddi cəhətdən» köməklik göstərirlərsə (alət, tərtibat və s. verməklə), xidmət təsərrüfatının «xidməti» qeyri-maddidir. Sırf xidmət mahiyyətlidir.
Maşınqayırma müəssisəsində istehsal prosesi istehsal prosesləri sadə və mürəkkəb proseslər kimi də fərqləndirilir. Sintez və analizə əsaslanan istehsal prosesləri mürəkkəb hesab olunurlar, çünki onlardan hər biri sadə istehsallardan ibarət olurlar.
Sadə istehsal prosesində bir növ xammal və materialdan bir növ məhsul, sintetik istehsal prosesində bir neçə növ xammal və materialdan bir növ məhsul, analizə (tərkib hissələrinə ayırmağa) əsaslanan istehsal prosesində bir növ xammal və materialdan bir neçə növ məhsul hazırlanır. Sadə istehsal proseslərinə kərpic istehsalını, sintəzə (birləşdirməyə) əsaslanan prosesə çuqun istehsalını, analizə əsaslanana isə neft emalını misal göstərmək olar.
İstehsal prosesləri əmək predmetlərinə edilən təsirə görə mexaniki, fiziki, kimyəvi proseslərə bölünür. Mexaniki istehsal prosesləri zamanı əmək predmetinin forma və ölçüsünün dəyişməsi mexaniki güc vasitəsilə, fiziki və kimyəvi proseslər zamanı isə əmək predmetinin daxili quruluşundakı dəyişikliklər isə istiliyin, kimyəvi reaksiyaların və elektrik enerjisinin təsirləri altında baş verir.
Fəhlələrin istehsal prosesində iştirakı miqyasından asılı olaraq onlar sırf əl əməyinə əsaslanan, qismən və tam mexanikləşdirilmiş və avtomatlaşdırılmış proseslərə ayrılır. Əl əməyinə əsaslanan istehsalda işlər maşın və mexanizmlərin köməyi olmadan yerinə yetirilir; qismən mexanikləşdirilmiş istehsallarda ayrı-ayrı əməliyyatlar, xüsusilə əsas istehsal proseslərində əl əməyi maşın və mexanizmlərlə əvəz olunur; tam mexanikləşdirilmiş istehsallarda – maşın və mexanizmlərin idarə edilməsi istisna olunmaqla – bütün istehsal əməliyyatları qarşılıqlı şəkildə əlaqələndirilmiş maşın və mexanizmlər vasitəsilə yerinə yetirilir; avtomatlaşdırılmış istehsallarda isə bütün istehsal prosesinin, o cümlədən maşın və mexanizmlərinin idarə edilməsi işçilərin bilavasitə iştirakı olmadan, lakin onların nəzarətilə maşınlar tərəfindən yerinə yetirilir. Burada maşınları maşınlar idarə edir.
Vaxtaşırı təkrarlanmaq baxımından istehsal prosesləri fasiləli və fasiləsiz istehsallar kimi də qruplaşdırılır. Fasiləli istehsal proseslərinə maşınqayırma müəssisələrindəki istehsal prosesini, fasiləsiz istehsal prosesinə isə neft emalını misal göstərmək olar.
İstehsalın təşkili tipinə görə istehsal prosesləri fərdi, seriyalı və kütləvi istehsal proseslərinə bölünürlər. İstehsal proseslərinin bu və ya digər tipə aid olunması məhsul buraxılışının kütləvilik dərəcəsi göstəricisi vasitəsilə müəyyən edilir.
İstehsalın tipi məhsulun nomenklaturasının genişliyi, buraxılışın müntəzəmliyi, stabilliyi və həcmi ilə şərtlənən istehsalın texniki, təşkilati və iqtisadi xüsusiyyətləri ilə müəyyən olunur. İstehsalın tipini xarakterizə edən əsas göstərici əməliyyatların təhkim olunma əmsalıdır. Bu göstərici müəyyən vaxt vahidi ərzində yerinə yetirilən və ya yetirilməli olan müxtəlif texnoloji əməliyyatların iş yerlərinin sayına nisbəti kimi müəyyən edilir.
Fərdi istehsal təkrar istehsalı, əsasən, nəzərdə tutulmayan bircinsli məmulatların buraxılışının kiçik həcmi ilə xarakterizə olunur. Fərdi istehsalda təhkimetmə əmsalı adətən 40-dan yüksək olur.
Seriyalı istehsal dövri olaraq istehsalı vaxtaşırı təkrar edilən, fərdi deyil, müəyyən partiyalarla məhsul istehsalı ilə xarakterizə olunur. Partiyadakı, məmulatların sayından və təhkimetmə əmsalının qiymətindən asılı olaraq seriyalı istehsal özü də kiçik, orta və iri seriyalı istehsallara bölünür.
Kiçik seriyalı istehsallar üçün təhkimetmə əmsalı 21 – 40, orta seriyalı üçün 11 – 20, iri seriyalı üçün isə 1 – 10 arasında olur.
Kütləvi istehsal uzun müddət ərzində fasiləsiz istehsal edilən məmulat buraxılışının böyük həcmi ilə xarakterizə olunur ki, bu zaman hər bir iş yerində yalnız bir əməliyyat yerinə yetirilir və elə buna görə də kütləvi istehsal üçün əməliyyatların təhkimetmə əmsalı 1 - dən çox olmur.
Fərdi və ona yaxın olan kiçik seriyalı istehsallarda hər bir iş yerində geniş nomenklaturalı məmulatların hazırlanması ilə əlaqədar olaraq ixtisaslaşdırma aparmaq, demək olar ki, qeyri-mümkündür. Belə istehsallar kifayət qədər çevik, «tez dönəbilən» və bazarın tələbatını ödəmək məqsədilə, müxtəlif məhsulların istehsalı sifarişlərinin yerinə yetirilməsinə hazır olmalı, uyğunlaşmalıdır.
Fərdi istehsal şəraitində texnoloji proseslər hər bir sifariş üzrə detalların hazırlanmasının marşrut xəritəsi üzrə iriləşdirilmiş şəkildə hazırlanır, geniş nomenklaturalı məmulatlar hazırlanmasını təmin etmək üçün istehsal sahələri universal əmək vasitələrilə təchiz olunur. Fəhlələr tərəfindən yerinə yetirilən işlər öz xarakterinə görə çox müxtəlif olduğundan onlardan müxtəlif peşələr üzrə zəruri bilik, verdiş və bacarıq tələb edildiyindən fərdi istehsalda əməliyyatların yerinə yetirilməsi üçün buraya (istehsalata) həm yüksək ixtisaslı və həm də geniş profilli fəhlələr cəlb olunurlar.
Seriyalı istehsal, müəyyən vaxtaşırılılıqla (müəyyən müddətdən bir) təkrar olunan, qismən məhdud nomenklaturalı məhsulların partiyalarla hazırlanması ilə xarakterizə olunur. Bu vəziyyət universal avadanlıqlarla yanaşı xüsusi və aqreqat (xüsusi və universal avadanlığın «kombinələşmiş» – «xüsusi»liyi «universal»laşdıran,
«universal»lığı «xüsusi»ləşdirən – modeli) avadanlıqlardan da istifadə etməyə imkan verir. Seriyalı istehsallar üçün texnoloji proseslərin layihəlendirilməsi zamanı hər bir əməliyyatın yerinə yetiril- məsi üçün onun (seriyalı istehsalın) zəruri olan texnoloji avadanlıqlarla təmin olunması mütləq nəzərə alınır.
Kütləvi istehsal yüksək ixtisaslaşma və çox məhdud nomenklaturada məhsulların böyük həcmdə və vaxt etibarilə uzun müddət ərzində istehsalı ilə xarakterizə olunur. Bu istehsal tipinin zəruri şərtlərindən biri onun məhsuluna bazarın tələbi həcminin böyük olmasıdır.
İstehsalın təşkili üsuluna görə istehsal prosesləri axınlı, dəstəli və fərdi proseslərə bölünür. Bunlardan iqtisadi cəhətdən ən səmərəlisi axınlı istehsal prosesləridir, çünki belə istehsal üsullarının tətbiqi istehsalın kompleks mexanikləşdirilməsi və avtomatlaşdırılması üçün həlledici şərt olur.
Dostları ilə paylaş: |