3). Talant, dahilik, Qabiliyyətlər və irsiyyət, maraqlar:Əksər psixoloji ədəbiyyatda talant qabiliyyətlərin ən yüksək inkişaf mərhələsi kimi qeyd olunur. Talant qabiliyyətlərin elə birliyidir ki, o, insana hər hansı bir mürəkkəb fəaliyyəti müvəffəqiyyətlə, müstəqil və orijinal şəkildə yerinə yetirmək imkanı verir. Talant qabiliyyətlərin yaradıcılıq nailiyyətləri əldə etməyə imkan verən, həmin nailiyyətlərdə təzahür edən yüksək inkişaf mərhələsidir.Qabiliyyətlərdə olduğu kimi talant da yaradıcılıqda yüksək ustalıq və əsaslı müvəffəqiyyət əldə etmək üçün yalnız imkan rolunu oynayır. Lakin potensial imkan kimi talantla onun həyata keçirilməsi və müvafiq maddi və mənəvi məhsulun əldə edilməsi arasında bərabərlik işarəsi qoymaq olmaz.Talant və dahilik. Qabiliyyətlərin yüksək inkişaf pilləsi talantla məhdudlaşmır. Bəzi adamlar öz istedadlarının yüksək səviyyəsi ilə də fərqlənir, onların yaradıcı nailiyyətləri cəmiyyətin həyatında, mədəniyyətin inkişafında tam bir dövrü, epoxanı əhatə edir. İnsanda qabiliyyətin bu cür inkişaf səviyyəsi dahilikadlanır. Dahilik şəxsiyyətin elə bir ali yaradıcılıq səviyyəsidir ki, həmin səviyyəyə yüksələn insan cəmiyyətin həyatında ağlagəlməz yüksək rol oynayır. Dahi insan, obrazlı şəkildə demiş olsaq, öz fəaliyyəti sahəsində yeni dövr yaradır. Dahi üçün fövqəlada yaradıcı məhsuldarlıq, keçmişin mədəni miraslarına yiyələnmək və bununla yanaşı köhnəlmiş norma və ənənələri aradan qaldırmaq xarakterik haldır. Qabiliyyətlər və irsiyyət. Qabiliyyət və irsiyyət problemi mutəxəssislərin diqqətini cəlb edən problemlərdən biri olmuşdur. Qabiliyyətlərin təbii ilkin şərtləri olan təbii imkanların bütün digər morfoloji və fizioloji keyfiyyətlər kimi, ümumi genetik qanunlara tabe olduğu qeyd olunur. Lakin təbii imkanların irsən keçməsinin mümkün olması fikrini qabiliyyətlərin irsiliyi ideyası ilə eyniləşdirmək olmaz. Bu problemin öyrənilməsi ilə mütəxəssislər məşğul olmuşlar. 1875-ci ildə ingilis antropoloqu və psixoloqu F.Haltonun «Talantın irsiliyi onun qanunları və nəticələri» adlı kitabı nəşr olunmuşdur. Müəllif bir neçə görkəmli şəxsiyyətin qohumluq əlaqələrini öyrənərək belə bir nəticəyə gəlmişdir ki, talant ya ata, ya da ana xətti ilə nəsildən nəsilə keçir. Lakin Haltonun gəldiyi nəticələr elmi mötəbərliyə malik deyildir. O, öz fikrini əsaslandırmaq üçün heç bir elmi dəlil gətirə bilməmişdir. Bununla belə mütəxəssislər belə bir fikrə gəlmişlər ki, əksər hallarda görkəmli şəxsiyyətlərin nəsil ağacının öyrənilməsi bioloji irsiyyət deyil, həyat şəraitinin, qabiliyyətlərin inkişafı üçün zəruri olan əlverişli ictimai şəraitin irsi xarakter daşımasını sübut edir.Qabiliyyətlər və maraqlar. Qabiliyyətlərin formalaşmasında təlimlə yanaşı davamlı xüsusi maraqlar da mühüm rol oynayır. Xüsusi maraqlar dedikdə, psixologiyada insan fəaliyyətinn müəyyən sahəsinin məzmununa aid olan, bu fəaliyyət növü ilə əsaslı məşğül olmaq meylinə çevrilən maraqlar nəzərdə tutulur. Bu baxımdan insada yaranan idrak maraqları onu müvafiq fəaliyyətin üsullarına yiyələnməyə təhrik edir. Nəticədə idrak maraqlarının təsiri altında fəaliyyətin mənimsənilməsi baş verir, insanın həmin fəaliyyəti müvəffiqiyyətlə icra etməsi üçün lazım olan imkanları təzahür edir. Deməli, hər hansı bir fəaliyyət sahəsinə idrak maraqlarının meydana gəlməsi bu sahədə qabiliyyətlərin oyanması ilə sıx bağlıdır. Bütün yaş dövrlərində bu cür xüsusi maraqların təzahürünü müşahidə etmək mümkündür. Lakin təcrübə göstərir ki, bu cür maraqlar heç də həmişə davamli xarakter daşımır. Belə olduqda həmin maraqlar qabiliyyətlərin formalaşmasına lazımi təsir göstərə bilmir.