Mövzu uşaqlarin məKTƏb təLİMİNƏ FİZİKİ hazirliği plan



Yüklə 96 Kb.
səhifə1/2
tarix21.04.2022
ölçüsü96 Kb.
#115412
  1   2
MÖVZU 6


MÖVZU 6. UŞAQLARIN MƏKTƏB TƏLİMİNƏ FİZİKİ HAZIRLIĞI
PLAN:

  1. Məktəb təliminə hazırlıq dövründə uşağın fiziki inkişafının xarakteristikası.

  2. Məktəb təliminə hazırlıq dövründə uşağın fiziki cəhətdən möhkəmliyini və sağlamlığını təmin edən şərtlər.

  3. Məktəb təliminə hazırlıq dövründə rejim və gəzinti prosesinin fiziki hazırlıqda rolu.



  1. İnkişafın başlanğıc dövrü olan körpəlik illərində fiziki və psixi sağlamlığın bünövrəsi qoyulur. Uşağın anatomik-fizioloji inkişafını və sağlamlığını təmin etmədən onun məktəbə hazırlığından söz açmaq olmaz. Məlumdur ki, uşaq fiziki cəhətdən möhkəm, sağlam olarsa, normal inkişaf edər, uğurla təhsil alar. Sağlamlıq, dəyanətlilik, çevik və qıvraq bədən quruluşu hər kəsin, hər bir cəmiyyətin özündə və övladında görmək istədiyi keyfiyyətlərdir. Uşaqları sağlam böyütmək, onları fiziki cəhətdən dözümlü yetişdirmək hər bir ailənin vəzifəsidir. Bu vəzifəni yerinə yetirmək üçün ailədə fiziki tərbiyə düzgün təşkil olunmalıdır. Çünki fiziki cəhətdən tərbiyə etmə xüsusi təşkil olunmuş və məqsədyönlü fəaliyyət olub, uşaqların fiziki inkişafının idarə edilməsini təmin edən prosesdir. Fiziki tərbiyə ümumi tərbiyənin tərkib hissəsi olub, böyüməkdə olan gənc nəsli fəal və uzunmüddətli həyata, məhsuldar əməyə və Vətənin müdafiəsinə hazırlamaq prosesidir. Fiziki tərbiyə həmçinin insanın fiziki təkmilləşməsinə və fiziki kamilləşməsinə xidmət edir. Fiziki tərbiyənin vasitələrinə fiziki təmrinlər, gigiyenik amillər və təbiətin sağlamlaşdırıcı amilləri daxildir. Hər bir ailədə bu vasitələrdən istifadə edərək uşağın fiziki tərbiyəsilə məşğul olunmalıdır.

Uşaqların fiziki tərbiyəsinin banilərindən biri P.F.Lesqaft qeyd edir ki, fiziki tərbiyə orqanizmin sağlamlaşması ilə məhdudlaşmır, həm də orqanik şəkildə əqli, əxlaqi, əmək və estetik tərbiyənin vəzifələri ilə əlaqədardır. Bunsuz tərbiyənin ümumi məqsədi həyata keçirilə bilməz.

Məktəb təliminə hazırlıq dövründə ailədə və uşaq bağçalarında optimal hərəki fəaliyyət və beyin fəallığı üçün əlverişli şərait təmin edilməlidir. Bu, uşağın məktəbə hazırlanmasında mühüm rol oynayır. Uşaqların həkiməqədərki psixi sağlamlığını qorumaq və möhkəmləndirmək mühüm psixo-pedaqoji problemdir.

Sağlamlığın təmin edilməsində qida mühüm rol oynayır. Atalar yaxşı deyib “çox yemək insanı az yeməkdən də qoyar”. Məhəmməd Peyğəmbər (ə) deyirdi ki, mədə xəstəlik evi, pəhriz cümlə dərmanların başıdır. N.Tusi yazırdı: “Çox yeməkdən özünü saxlamaq həm sağlamlıq, həm də ləzzətdir”.

Bununla bərabər insan üçün təmiz hava, təmiz su, günəş işığı da vacibdir. H.B.Zərdabi “Gigiyena” adlı əsərində qeyd edirdi ki, dəniz suyunda çimmək çox faydalıdır və belə suda çimmək bədəni bərkidir, iştahanı açır, yorğunluğu alır, bədəni sağlam edir”.

Məktəbəqədər yaş dövrü 3 yaşdan 6 yaşa qədər olan müddəti əhatə edir. Bu vaxt ərzində uşaq böyük inkişaf yolu keçərək fiziki cəhətdən diqqəti cəlb edəcək dərəcədə inkişaf edib möhkəmlənir; baş beynin, sinir siteminin, bədənin ayrı-ayrı üzvlərinin keyfiyyətcə funksional təkmilləşməsi baş verir.

  Uşaq orqanizmində sümükləşmənin xeyli sürətlə getməsinə baxmayaraq, onun skelet sistemində hələlik yenə də bərkiməyən hissələr olur. Bu dövrdə beyin kütləsinin çəkisi 1110 qramdan 1350 qrama çatır, sinir siteminin birləşdirici, əlaqə yaradıcı telləri də xeyli inkişaf edib möhkəmlənir.

4-6 yaş arasında uşağın boyu sürətlə artdığından ilk baxışdan belə təsəvvür yaranır ki, o, arıqlayıbdır, lakin bu dövrdə onun əzələləri möhkəmlənib qüvvətlənir, orqanizmin mütəhərrikliyi nəzərə çarpacaq dərəcədə çoxalır. Boyun belə sürətlə artımı endokrin sisteminin, xüsusilə də hipofizin funksiyasının qüvvətlənməsi ilə əlaqədar baş verir. Deyilənlərlə əlaqədar uşağın gün rejimini düzgün təşkil etmək, onun yeməsinə, yatmasına və istirahətinə müntəzəm fikir vermək lazımdır.

Uşağın boyunun artması ilə əlaqədar onun bədəninin ayrı-ayrı üzvləri arasındakı mütənasiblik də dəyişir: çağa ilə müqayisədə 7 yaşınadək uşağın ayaqları 3 dəfə, əlləri 2,5 dəfə, bədəni isə 2 dəfə böyümüş olur. 3-6 yaş ərzində uşağın boyunun, çəkisinin artmasında gözə çarpacaq dəyişikliklər baş verir. 5 yaşlı uşağın əzələ və sümük sistemi xeyli inkişaf etmiş olsa da, onun əl və ayaq əzələlərində hələ sümükləşməmiş qığırdaqlar qalır. Yadda saxlamaq lazımdır ki, məktəbəqədər yaşlı uşağın skeleti əsasən qığırdaq toxumalarından ibarət olur. Bununla əlaqədar uşağı həddən artıq ayaq üstə saxlamaq, çox oturtmaq, boyuna uyğun olmayan avadanlıqdan istifadə etməyə qoymaq olmaz.

Əgər deyilənlər nəzərə alınmazsa, uşağın qaməti düzgün inkişaf etməyəcək, bu isə öz növbəsində sümüklərin inkişafına, qan dövranı və nəfəs almaya mənfi təsir göstərəcəkdir. Uşağın baş beyin qabığı, yarımkürələrin ləngidici fəaliyyəti qabıqaltı sahələri müəyyən dərəcədə tənzim etsə də, o, hələlik orqanizmin bütün hərəkətlərini tam surətdə öz nəzarəti altında saxlaya bilmir. Qabıq ləngimələrinin zəifliyi və oyanmanın çox yayılması üzündən uşaqların diqqəti davamsız, ətraf aləmin qıcıqlandırıcılarına verdikləri cavab isə emosional xarakter daşıyır, əqli fəaliyyət zamanı onlar çox tez yorulurlar.

  Bu yaşda olan uşaqlarda ikinci siqnal sistemi əsasında asanlıqla şərti refleks yaratmaq olur, uşağın ürək-damar sistemində anatomik və funksional dəyişikliklər baş verir, ürəyin çəkisi və iş qabiliyyəti xeyli dərəcədə artır. Bu dövrdə uşaqlar mütəhərrik oyunlarla daha çox məşğul olurlar. Belə oyunlar müxtəlif hərəkətləri uzlaşdırmaq və bədənin ayrı-ayrı əzalarını onlara tabe etmək məqsədi güddüyündən uşağın əzələlərinin inkişafı üçün ən əlverişli şərait yaranır.

  Unutmaq olmaz ki, kiçik məktəbəqədər yaş dövründə uşağın əzələləri kifayət qədər inkişaf etmədiyindən və zəif olduğundan o, tez-tez düzgün olmayan vəziyyətlər alır: başını aşağı sallayır, çiyinlərini yaxınlaşdırır, belini əyir, sinəsini çökdürür və s. Göstərilən yaş dövründə beynin fizioloji fəaliyyətinin başlıca funksiyası xaricdən gələn qıcıqlandırıcıları fərqləndirmək və onlara cavab verməkdən ibarət olur. 6 yaşlı uşaq xarici qıcığa qarşı özü müstəqil cavab verir, hərəkətlərini idarə etməyi bacarır. Məktəbəqədər yaş dövrü şərti reflekslərin əmələ gəlməsi, sadə reflekslərdən mürəkkəb reflekslərə doğru inkişaf dövrü kimi xarakterizə olunur. Qabıq proseslərinin möhkəmliyi, daxili ləngimənin qüvvəsi, getdikcə davamlı şərti reflekslər kimi qalır. Məktəbəqədər dövrün axırlarında ləngimə prosesinin qüvvəsi xeyli artır, müvazinətlilik inkişaf edir.


  1. Uşağın fiziki cəhətdən möhkəm, sağlam böyüməsini təmin etmək üçün onun inkişafının anatomik-fizioloji xüsusiyyətlərini bilmək və izləmək lazımdır. Uşağın həyatının birinci ilində yaşlılarla ünsiyyətə tələbat artır. O, yaşlının özü ilə oynamasını, oxumasını, danışmasını arzu edir. Bu dövrdə rejimə əməl edildikdə, sanitar-gigiyena tələbləri yerinə yetirildikdə mühüm adətlər yaranır. Bu dövrdə bioloji tələbatın qayğısına qalaraq, əsəb sistemi və psixi proseslər məşq etdirilməzsə, uşağın psixi inkişafında ləngimə baş verər. 3 yaşından uşağın baş beyin yarımkürələrinin formalaşması başa çatır. Uşağın psixi inkişafında bunun həlledici rolu var. Uşaq ağır, yoluxucu xəstəlik keçirərsə, baş beynin inkişafı dayanar, nəinki fiziki, hətta, psixi inkişafı da ləngiyər.

Məktəb təliminə hazırlıq dövründə 5 yaşlıların orqanizmində fəal yetişmə prosesi baş verir. Onun çəkisi ildə orta hesabla 3,5 kiloqram, boyu 9-10 santimetr artır. 6 yaşlının anatomik-fizioloji inkişafının özünəməxsus keyfiyyətləri var. Bu yaşda orqanizmdə fəal yetişmə prosesi gedir. Belə ki, uşağın çəkisi ayda orta hesabla 200 qram, boyu 0,5 santimetr artır. Hərəkət dairəsi nisbətən yaxşı formalaşır. O, müxtəlif sürətlə yeriməyilə ahəngdar addımlamağı, yüngül sürətlə qaçmağı bacarır. Bu dövrdə uşaqlar sürünmək, tullanmaq, üzmək və s. kimi mürəkkəb hərəkətləri mənimsəyirlər. Onların skeleti, oynaq bağları və əzələləri hələ zəif inkişaf edir.

Bu dövrdə bir sıra anatomik-fizioloji xüsusiyyətlər özünü göstərir.

  Uşaq fiziki cəhətdən inkişaf edir:

  Erkən uşaqlıq dövründə (1-3 yaş) onun boyu ildə orta hesabla 4-5 sm, çəkisi 1-2 kq, 5-6 yaşda isə boyu 5-6 sm, çəkisi 2-2,5 kq artır. Bu yaşda uşaqların sümük-əzələ sistemi xeyli inkişaf etsə də, sümükləri elastik olur. Odur ki, uşağın düzgün oturmasına, yatmasına, ağır yük götürməməsinə nəzarət etmək lazımdır.

Bu yaşda uşağın beyin çəkisi artır (1350 qrama çatır), beyin yarımkürələrinin tənzimləmə funksiyası bir qədər güclənir. Lakin uşaqlarda beyinin qabıqaltı sahəsinin təsiri böyük olduğu üçün onlar öz hisslərinə nəzarət etməkdə çətinlik çəkirlər.

Bu yaşda uşaqlarda müəyyən psixoloji xüsusiyyətlər də özünü göstərir: duyğu, qavrayış, hafizə, nitq inkişaf edir. İdrak maraqları artır, uşaq hər şeyi öyrənməyə can atır, böyüklərə çoxlu suallar verir.

Məktəbəqədər yaşlı uşağın iradəsi zəif olur: onda yamsılama güclüdür, təsir altına tez düşür. Yaşlıların, xüsusən valideynlərin müsbət nümunəsi, sözü onun üçün böyük əhəmiyyət kəsb edir. Oyun, idman, əmək, rejim iradəni möhkəmlətməkdə, çətinlikləri aradan qaldırmaqda kömək göstərir.

3-6 yaşlı uşaqların hissi-emosional aləmi zəngin olur. Onlar şən oyunları, əyləncələri, nağıl və yumoru xoşlayırlar. Onların təsiri ilə uşaqlarda əxlaqi-estetik hisslər formalaşır.

Bu yaşda uşaqlarda xarakterin bünövrəsi qoyulur. Uşağı hədsiz dərəcədə əzizlədikdə, ona daim güzəştə getdikdə, yersiz (şıltaq) tələblərini ödədikdə onda eqoizm, şıltaqlıq, kobudluq, ərköyünlük, dəcəllik baş qaldıra bilər. Bunun qarşısını almaq üçün uşağa qarşı hörmət və tələbkarlığı uzlaşdırmaq lazımdır.

Uşaqlarda qabiliyyətlərin ilk əlamətləri özünü büruzə verir (musiqi duyumu, rəsm, rəqs və b.). Onları vaxtında aşkara çıxarmaq və inkişafı üçün qayğı göstərmək vacibdir.

3 yaşda uşaqlarla böyüklərin münasibətlərində müəyyən çətinliklər yaranır: uşaq müstəqilliyə can atır, hər şeyi özü sərbəst etmək istəyir (“Mən özüm”), valideynlər isə onun müstəqilliyini məhdudlaşdırır, çox şeyi qadağan edirlər. Uşaq tərslik edir, hər şeyi tərsinə etməyə çalışır. Bununla da o, böyüklərin tələblərinə öz neqativ münasibətini bildirir. Psixoloqlar bunu “3 yaşın böhranı” adlandırırlar. Valideynlər uşağa müəyyən sərbəstlik verməli, onu müxtəlif növ oyunlara cəlb etməli, onunla birlikdə oynamağa çalışmalıdırlar.

Məktəbəqədər yaşda əsas fəaliyyət növü oyundur. Uşaq oyunlarına rəhbərlik zamanı diqqət yetirmək lazımdır ki, oyun təkcə əylənmə vasitəsi olmasın; uşaq oyunda həyatı öyrənsin, tərbiyə olunsun və psixi cəhətdən inkişaf etsin.

Uşağın fiziki cəhətən möhkəmliyini və sağlamlığını təmin edən mühüm amillərdən biri də onun əsəb sisteminin qorunmasıdır. Məktəbəqədər yaşlı uşaqların içərisində şən, çevik, süst, mülayim, mədəni, tərs, kobud, xarici aləmdəki əşya və hadisələrə müxtəlif formada reaksiya verən uşaqlar olur. Onların ətrafdakılara münasibətləri də elə bununla müəyyən edilir. Əsəbi uşaqlar məktəbdə yoldaşları ilə yola getmir, onların diqqəti tez-tez yayınır, nadinclik edirlər. Tərbiyəçi-müəllimin, valideynin belə uşaqlarla sərt rəftarı daha mənfi nəticələrə gətirib çıxarır. Valideyn bunu nəzərə almalı, ailədə uşağın əsəbiləşməsi üçün olan səbəbi aradan qaldırmalı, onu ələ almalı, xoş təəssürat yaratmalıdır. Unutmaq olmaz ki, uşağın bütün həyat prosesləri – tənəffüsü, qan dövranı, həzmetmə prosesi, maddələr mübadiləsi və s. əsəb sistemi tərəfindən idarə olunur.

Müşahidələr göstərir ki, uşaqların psixi fəaliyyəti müxtəlif səbəblər üzündən pozulur. Belə uşaqların məktəbə normal hazırlanmaları çətinləşir, bəzən mümkün olmur. Uşaqların yaşı artdıqca onların sağlamlığı sahəsində işin gedişi daha ciddi xarakter alır. Bu, get-gedə uşaqların fəaliyyət dairəsinin genişlənməsi və müstəqilliyinin artması ilə bağlıdır. Ona görə də 6 yaşlılarla aşağıdakı kompleks sağlamlaşdırıcı tədbirlər üzrə iş ciddi-cəhdlə yerinə yetirilməlidir: möhkəmlənmə, qamətin düzgün saxlanması, əsəb sisteminin qorunmasının təmin edilməsi, yorğunluğun qarşısının alınması, zədələnməkdən qorunma. Bu yaşda özünəxidmət, əmək və şəxsi gigiyena üzrə müxtəlif vərdişlərin təkmilləşdirilməsinə xüsusi diqqət yetirilməlidir.

Sağlamlaşdırıcı-tərbiyəvi işlərin təşkili zamanı 5-6 yaşlı uşaqlarda hərəkət fəallığının həcmi onların psixofizioloji xüsusiyyətləri, mövsümlər və məktəbəqədər təhsil müəssisəsinin iş rejimi nəzərə alınmaqla, həftədə 6-8 saata qədər nəzərdə tutulur.


  1. Məktəb təliminə hazırlıq dövründə rejimə riayət olunması da mühüm şərtdir. 5 yaşlı uşaqların yuxusu gün ərzində 11,5-12 saat olmalıdır. Ondan 1,5-2 saatını gündüz yuxusu təşkil etməlidir. Narahat yatan uşaqlar başqalarından bir qədər tez yatızdırılmalıdırlar. Yatmazdan əvvəl səs-küylü, hərəkətli oyunlar keçirmək məsləhət görülmür. Yuxu zamanı isə sakitlik gözlənilməli, gündüz güclü işığın qarşısı alınmalıdır. Havanın temperaturu +16, +18 dərəcə olmalı, otağın nəfəsliyi açılmalıdır. Soyuq vaxtda uşağın yuxudan qalxmasına 10-20 dəqiqə qalmış nəfəslik bağlanmalıdır.

Ailədə və uşaq bağçalarında uşağın sağlamlığı onların gün rejiminin düzgün tərtibindən və ona əməl olunmasından da asılıdır. Gün rejimində uşağın vaxt büdcəsi düzgün bölüşdürülməlidir. Onun bütün fəaliyyəti səhər yuxudan qalxmaq, gimnastika ilə məşğul olmaq, yemək, məşğələdə iştirak etmək, oynamaq, əylənmək, istirahət etmək, əməklə məşğul olmaq, açıq havada olmaq, vaxtımı sərbəst keçirmək, yatmaq vaxtı öz əksini tapır.

Uşaqların sağlamlığının möhkəmləndirilməsi, qorunması və orqanizmlərinin fizioloji və psixi funksiyalarının təkmilləşdirilməsi üçün gün rejiminin böyük əhəmiyyəti vardır.

İ.P.Pavlov orqanizmin reflektor fəaliyyətə cavab verməsində vaxt faktorunun əhəmiyyətini göstərmiş və uşaq həyatının bütün proseslərinə ayrılan vaxtın düzgün bölüşdürülməsi və rejimin dəqiq yerinə yetirilməsinin əhəmiyyətini sübut etmişdir.

Əgər qıcıqlandırıcılar mənfi təsir göstərirsə, hər rejim proseduru üçün ayrılan vaxt gözlənilmirsə, uşağın qarşısında qarışıq tələblər qoyulursa, onda rejimin yerinə yetirilməsi uşaqdan böyük qüvvə tələb edir.

Tədqiqatçılar göstərirlər ki, uşaq kiçik olduqca onun əsəb sistemi də zəif olur və qıcıqlandırıcıların tətbiqində qaydalara möhkəm riayət olunması isə böyük əhəmiyyət kəsb edir.

6 aya qədər uşağın yedizdirilməsi, yuxusu və oyaqlıq proseslərinin gedişində ardıcıllığın böyük əhəmiyyəti vardır. Şərait və onun dəyişilməsi uşağa təsir etmir, lakin göstərilən proseslərin ardıcıllığının pozulması uşağa kəskin mənfi təsir edir. Ona görə də bu yaşda uşağın körpələr evinə daxil olunması bundan sonrakı yaşlara nisbətən çətin olmur.

1 yaş 6 aylıq uşaq şəraitin hər cür dəyişilməsinə kəskin və çox mənfi münasibət göstərir və adət etdiyi geyinmə və yuyunma qaydalarının hər cür pozulmasına (“Mənim anam şərfimi belə bağlamır”) etiraz edir.

Düzgün qurulmuş rejim baş beyin qabığının normal iş qabiliyyətinə kömək edir və uşağın tərbiyə və təliminin müvəffəqiyyətlə keçirilməsi üçün normal şəraiti təmin edir.

Normal böyüyən və inkişaf edən orqanizm öz fizioloji ehtiyaclarının ödənilməsini (yuxu, açıq havada olmaq, hərəkət, qida və s.) tələb edir. Fizioloji ehtiyacların istər kəmiyyət, istərsə də keyfiyyət cəhətdən təmin edilməsi bütün həyati proseslərin gedişinə süstlük gətirir ki, bu da ali əsəb fəaliyyətinə pis təsir edir və baş beyin qabığının funksiyasının fəaliyyətini aşağı salır. Nəticədə orqanizmin müqaviməti zəifləyir, bu isə xəstəliyə gətirib çıxarır. Böyüməkdə olan orqanizmin fizioloji ehtiyaclarının istər kəmiyyət, istərsə də keyfiyyətcə çatışmazlığı psixi proseslərə (təfəkkür, qavrayış, hafizə və s.) kəskin mənfi təsir göstərir.

Düzgün qurulmuş rejim və onun ailə və məktəbəqədər müəssisələrdə ciddi şəkildə yerinə yetirilməsi uşağı yorulmaq, əsəb sisteminin zəifləməsi və bununla əlaqədar qeyri-mütəşəkkil davranışdan və mənfi hallardan qoruyur. Bunun əsasında fəza vəziyyəti haqqında təlim durur. Baş beynin əsəb hüceyrələri müvazinət fazasında yorulmanın təsiri altında ləngimə vəziyyətinə keçməyə başlayır və qıcıqlandırıcıların təsirindən asılı olmayaraq müvazinət reaksiyası baş verir. Yorulma davam etdikdə ləngimə vəziyyəti dərinləşir. Uşaq zəif qıcıqlandırıcıya güclü, qüvvətli qıcıqlandırmaya isə zəif reaksiya göstərır. Bu onunla izah edilir ki, çox yorularkən əsəb hüceyrələrinin oyanması qüvvətli dərəcədə artır. Reaksiya artdıqca sərhəddənkənar ləngimə əmələ gətirir.

Uşağı diqqətlə müşahidə edərək, onu yorulmaqdan qorumaqla vəziyyəti və davranışının səbəblərini başa düşməlidir.

Gün ərzində oyun və məşğələlərin növbələşdirilməsi uşaqları mütəşəkkil fəaliyyətə öyrətməklə yanaşı, eyni zamanda mərkəzi sinir sistemini yorğunluqdan qoruyur. Belə ki fəaliyyətlər dəyişilərkən yorulmuş əsəb hüceyrələri öz fəaliyyətlərini bərpa edir.

K.D.Uşinski yazırdı: “Uşaq təbiətinin əsas qanununu belə ifadə etmək olar: Uşaqlar dayanmadan fəaliyyət tələb edir və onlar fəaliyyətdən yox, onun eyniliyi və birtərəfli olmasından yorulurlar. Uşağı oturmağa məcbur etdikdə o, çox tez yorulacaq və uzanmağa məcbur etdikdə – yenə o cür. O, uzun müddət yol gedə bilmir, uzun müddət susa bilmir, nəğmə və kitab bilmir və bir şey haqqında uzun müddət fikirləşə bilmir. Lakin o, bütün gün gülüb-oynayır, hərəkət edir, bütün bu fəaliyyətləri dəyişdirir, qarışdırır və bir dəqiqə belə yorulmur. Sonrakı günə yeni qüvvə ilə başlamaq üçün uşağın lazımi qədər möhkəm yuxu sistemi olmalıdır”.

Uşaq orqanizmində gedən fizioloji proseslərin təbii ritminin öyrənilməsinə əsasən uşağın gün rejimində onların yuxusu və fəaliyyəti üçün kifayət qədər vaxt nəzərdə tutulmalıdır ki, bu da uşaqların sağlamlığının möhkəmləndirilməsi və düzgün fiziki və əqli inkişafı üçün optimal şərait yaradır.

Rejimdə möhkəmləndirici prosedurlar üçün də (açıq havada gəzinti, günəş, su vannaları və s.) müəyyən vaxt ayrılmalıdır.

Yaş artdıqca, uşaq müstəqilləşdikcə gəzintiyə daha çox vaxt ayrılmalıdır. 5 yaşlı soyuq dövrdə azı 4-5 saat açıq havada olmalıdır. Normal havada bu vaxt 7-8 saata qədər qalxmalıdır. Gəzinti uşağın sağlamlığının möhkəmlənməsini, zəruri hərəki fəallığını təmin edir. Gəzinti zamanı oyun, bəzən uşağın əmək fəaliyyəti təşkil olunmalıdır. Burada məqsəd uşağın hərəkət fəallığını növbələşdirməkdir. Az hərəkət edən uşaqda hərəkət etməyə həvəs oyatmaq, çox hərəkət edən, çevik uşağı isə bəzən sakit oyuna cəlb etmək lazımdır. İsti havada çox hərəkətli oyunda iştirak etmək uşağın yorğunluğuna və zəifləməsinə səbəb ola bilər. İsti havada uşağın əməyə cəlb olunması da məsləhət görülmür. Uşağın əməyinin həcmi, xarakteri, hər hansı əmək fəaliyyətinin növündən, onun istifadə etdiyi alətin sazlığından, təhlükəsizliyindən asılıdır. Uşağa həmin alətdən istifadə etmək qaydası öyrədilməlidir. Dirrikdə, bağda əməyin müddəti 25-30 dəqiqə olmalıdır. Bu zaman uşağın səhhəti və hava şəraiti nəzərə alınmalıdır.

Gəzinti və əmək şəraitinin təhlükəsizliyi təmin edilməlidir. Uşaq hava şəraitinə uyğun geyinməlidir. Qışda havanın temperaturu – 10 dərəcədən yuxarı olduqda gəzinti məsləhət görülmür. Yağış, sulu qar yağanda oyun və əyləncə evdə, üstüörtülü sahədə, eyvanda, külək tutmayan açıq yerdə təşkil olunmalıdır.


Yüklə 96 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin