MüASİr azərbaycan diLİNDƏ somatik söZLƏRİN İDİomatik dil vahiDLƏRİNİn yaranmasinda rolu jalə QƏNİyeva



Yüklə 29,26 Kb.
səhifə4/4
tarix10.01.2022
ölçüsü29,26 Kb.
#108123
növüXülasə
1   2   3   4
KEY WORDS: somatic words, idioms, proverbs, fraseologizm

Dilçilikdə sözün mənasının nədən ibarət olduğunu və buna necə tərif vermək haqqında çox müxtəlif mülahizələr vardır. Sözün mənası nəyə deyilir? A.Qurbanov sözə belə bir tərif verir: Sözün maddi varlıqdakı əşya, hadisə və sairi əks etdirməsinə onun mənası deyilir. Hər bir sözün mənası bu və ya başqa əşya, hadisə haqqındakı məfhumla möhkəm bağlıdır [1, 305]. Bildiyimiz kimi, sözlərin müxtəlif məna növləri vardır. Onlardan biri də somatizmlər, somatik vahidlərdir. Somatizm – “soma” yunan sözündən yaranmışdır, “bədən, bədənə aid” deməkdir. Deməli, somatizm insanın bədən üzvlərini bildirən terminlərdir, somatik vahidlər dedikdə də insanın bədən üzvlərinə verilmiş adlar nəzərdə tutulur. Bütün dillərdə olduğu kimi, Azərbaycan dilində də insanın bədən üzlərinin adlarını bildirən sözlər leksikanın ən qədim nüvəsini təşkil edir. Somatik vahidlərin özünəməxsusluğu dilçilikdə xüsusi maraq doğurmuşdur. Pertsov qeyd edir ki, “İnsanın bədən üzvlərinin adından konkret söz yoxdur, lakin onların məzmun strukturunu təfərrüatlı müəyyənləşdirdikdə məzmunlarının nə qədər mürəkkəb olduğu aydınlaşır” [5, 53].

Azərbaycan dilində somatik vahidlərin söz yaradıcılığında, o cümlədən, çoxmənalı sözlərin, frazeoloji birləşmələrin, atalar sözlərinin, zərb-məsəllərin, idiomların və s. bu kimi dilin sabit leksik birləşmələrinin yaranmasında böyük rolu vardır. Dilçi alim Musa Adilov sabit birləşməni belə izah edir: “Sabit birləşmə dedikdə, bir neçə (ən azı iki) sözün bir dil (nitq yox) vahidi kimi birləşib, bütövlükdə vahid məna və funksiyada işlənməsindən ibarət tərkib nəzərdə tutulur” [4, 4]. Eyni zamanda o qeyd edir ki, sabit leksik birləşmələrin başlıca əlaməti bir neçə sözün bütövlükdə ümumi məna ifadə etməsi ilə yanaşı, həm də məcazilik və obrazlılıq keyfiyyətinə mslik olmasıdır” [4, 6].

Bildiyimiz kimi, mövcud hər bir söz yaranarkən əvvəl təkmənalı olmuş, çoxmənalılıq müəyyən tarixi proses nəticəsindən sonra əmələ gəlmişdir. Sözlərin çoxmənalılıq kəsb etməsi, əsasən, onun məcazi mənaya keçməsi ilə sıx surətdə bağlıdır. Belə ki, söz məcazi mənada işlənərkən onun əsas mənasından yeni özünəməxsus məna çalarlığı əmələ gəlir [1, 319]. Hər bir söz məcazilik əsasında dəfələrlə başqa-başqa mənalarda işlənə bildikdə onun mənaları çoxalır və nəhayət, çoxmənalı söz olur [1, 319]. Söz çoxmənalı olduqda onun öz əsas mənası sabit qalır. Buna görə də hər bir çoxmənalı sözdə bir məna onun əsas mənası, digər mənalar isə əlavə ifadə etdiyi mənalar hesab olunur.

Dildəki bu və ya digər sözlərdən ancaq bir məqsəd üçün yox, müxtəlif məna və məqsədər üçün istifadə olunur. Buna görə də sözlər mətn içərisində müəyyən məqamlarla əlaqədar olaraq, müxtəlif məna və məna çalarlığına malik olur və müxtəlif emosional rəngə düşə bilir. Yuxarıda qeyd etdiyimiz kimi, çoxmənalı sözlərin yaranmasında somatik vahidlərin rolu olduqca böyükdür. Məsələn, dilimizdəki bədən üzvü adlarından birinin çoxmənalılıq yaratmasına nəzər yetirək: baş sözünün ilk mənası, şübhəsiz ki, insan bədəninin məlum üzvünü bildirməkdən ibarət olmuşdur. Hazırda isə bu söz bir çox başqa mənaları da ifadə edir: dağın başı, ilin başı, ayın başı, baş məqalə, baş müəllim, baş qərargah və s. Bunlardan əlavə, baş sözü birləşmə daxilində bir sıra frazeoloji vahidlərin yaranmasında da iştirak edir. Məsələn, baş qoymaq, baş qaldırmaq, baş ucaltmaq və s. Mən özüm başa düşə-düşə yaxşı at qoyub pis at seçə bilmərəm (Koroğlu dastanı). Dilimizdə bu somatik sözdən başqa əksər somatik sözlərin: diş, göz, qulaq, ayaq, qurun, dil, qaş, ürək, yanaq, üz, boğaz, damar, diz, bel və s. iştirakı ilə də yaranan xeyli sayda frazeoloji birləşmələr də mövcuddur. Frazeoloji birləşmələr də dilin digər vahidləri kimi həm məzmun, həm də struktur baxımından diqqəti cəlb edən vahidlərdəndir. Məsələn: burnunu sürtmək, boyun qaçırmaq, göz-qulaq olmaq, baş sındırmaq, dişi bağırsağını kəsmək, üzünə un ələmək, ürəyi düşmək, qəlbinə toxunmaq, dabanına tüpürmək, başa salmaq, əldən düşmək, qulağı darı dınləmək, ağıza düşmək, qaş-qabağı yer süpürmək və s.

Məlumdur ki, Müasir Azərbaycan dili atalar sözləri, zərb məsəllər, idiomlar, qanadlı sölər və s. ilə olduqca zəngin bir dildir. Dilimizdə atalar sözlərinin, zərb məsəllərin, idiomların, komparativ birləşmələrin və s. bu kimi sabit leksik birləşməşmələrin də tərkibində xeyli sayda somatik sözlərə, bədən üzvlərinin adlarına rast gəlinir. Məsələn: Bal tutan barmağın yalar; Dost başa baxar, düşmən ayağa; Böyük başın böyük ağrısı olar; Qorxan gözə çöp düşər; El yumruğunu görməyən öz yumruğunu batman sanar [3, 15]; El malına göz dikən gözsüz qalar [3, 15]; Söz ağızdan çıxar [3, 21]; Boz üzüm var, doğruca sözüm [3, 26]; Bir kəs mənə deməyib ki, qaşın üstdə gözün var və s. Komponentləri arasında məntiqi əlaqənin itməsi nəticəsində yaranan somatik vahidli idiomlara misal olaraq isə: başında soğan əkmək, başını pambıqla kəsmək, bığının altından keçmək, burnu Qaf dağında, eşqi topuğuna vurmaq və s. misal göstərmək olar.



Beləliklə, araşdırmalarımız zamanı məlum oldu ki, dilimizdə somatik sözlərlə, yəni bədən üzvləri adları ilə yaranan frazeoloji birləşmələr, idiomatik ifadələr, atalar sözləri, zərb-məsəllər və s. kimi dilin sabit leksik birləşmələri çoxdur və bu da Azərbaycan dilinin zəngin leksik-semantik quruluşundan eləcə də, onun dilimizin tarixiliyinin, qədimiliyinin qorunub saxlanmasından xəbər verir. Somatik sözlərdən düzələn sabit birləşmələr nitqə ifadəlilik, obrazlılıq gətirən, fikri ifadəli edən dil vahidlərindəndir.

Ədəbİyyat sİyahısı


  1. A.Qurbanov “Müasir Azərbaycan ədəbi dili” I cild (Kitab). Bakı, 2003, 450 səh.

  2. Ə.Hacıyeva “Müxtəlifsistemli dillərdə somatik frazeoloji birləşmələr” (Kitab). Bakı, 2007, 348 səh.

  3. Ə.Hüseynzadə Atalar sözü (Kitab). Bakı, 1982, 367 səh.

  4. M.Adilov “Sabit söz birləşmələri” (Kitab). Bak;1991, 152 səh.

  5. Н.В.Перцов “К проблеме инварианта грамматического значения”, Вопросы языкознания (Jurnal məqaləsi). №1, 1998



Yüklə 29,26 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin