Gətirdiyimiz əqli dəlillər, Qur’an və rəvayətlərə əsaslanırdı. Bə’zi nəqli sübutlara da işarə edildi. İndi isə, başqa bir qisim dəlilləri qeyd edəcəyik. Qur’ani-şərif insanı fitrətən Allahçı tanıtdırır. Qur’an bildirir ki, insan ilkin yaranışında Allahını müşahidə etmişdir. Bu dünya həyatı, insanın ilkin yaranışında verdiyi bəndəlik və’dinin sınağı üçündür. «Zariyat» surəsinin 56-cı ayəsində buyrulur: «Mən cinləri və insanları yalnız ibadət üçün yaratdım».
Bu sınaqda insanın qarşısına müxtəlif şəraitlər çıxır və insan hər hansı bir yolu azad şəkildə seçir: «...Hansınızın daha gözəl əməl sahibi olacağını sınayıb bilmək üçün göyləri və yeri altı gündə yaradan Odur»1.
Beləcə, həyatın alatoran yollarında yalnız Allahı sevənlər, Ona pənah aparıb, Onun razılığını düşünənlər doğru və təhlükəsiz yolu tapa bilirlər. «Bəqərə» surəsinin 165-ci ayəsində buyrulur: «İman gətirənlərin Allaha məhəbbəti daha qüvvətlidir».
Başqa bir ayədə belə buyrulur: «De ki, əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin»2.
«Maidə» surəsinin 16-cı ayəsində oxuyuruq: «Allah onun lütfünə sığınanları əmin-amanlıq yollarına yönəldir, onları öz izni ilə zülmətdən nura çıxarır və doğru yola yönəldir».
«Loğman» surəsinin 22-ci ayəsində isə belə buyrulur: «Yaxşı əməl sahibi olub Allaha təslim olan şəxs, ən möhkəm ipdən yapışmışdır».
Uyğun mövzuya «Nisa» surəsinin 175-ci ayəsində də toxunulur: «Allah ona iman gətirən və ondan möhkəm yapışan kimsələri öz lütfünə alıb, onları doğru yola yönəldir»1.
Ayələrə əsasən Allahın razılığını düşünənlər, nəhayətdə onun görüşünə nail olduğu halda dünya bər-bəzəyinə könül verənlər, öz fitri məhbublarından məhrum olaraq, üzücü əzaba qovuşurlar:
«Dön Rəbbinə, sən Ondan, O da səndən razı olan halda! Bəndələrimin zümrəsinə daxil ol! Cənnətimə varid ol!»2.
«O gün neçə-neçə üzlər tutulub qaralacaqdır»3.
«O gün neçə-neçə üzlər sevinib güləcəkdir»4.
«Bizimlə qarşılaşacaqlarına ümid etməyib, dünyanı bəyənib ona bel bağlayan və ayələrimizdən qafil olanların ‒ məhz onların qazandıqları günahlara görə düşəcəkləri yer cəhənnəmdir»5.
«De ki, əgər atalarınız, oğullarınız, qardaşlarınız, övrətləriniz, qəbiləniz, qazandığınız mallar, kasad olacağından qorxduğunuz ticarət, xoşunuza gələn məskənlər sizə Allahdan, Onun peyğəmbərindən və Allah yolunda cihaddan əzizdirsə, Allahın əmri gələnə qədər gözləyin»6.
«Xeyir, o gün onlar Rəbbinin mərhəmətindən məhrum olacaqlar»7.
Peyğəmbər (s) hədisləri və Əhli-beyt rəvayətlərində uyğun mövzuda sübutlar çoxdur. Qüdsi hədislər, münacat və dualardan bə’zi məqamları zikr edirik:
Me’rac hədislərində Allah-təalanın Həzrət Peyğəmbərə (s) belə buyurduğu nəql olunur: «Mənim razılığımı qazanmış şəxsə üç sifət əta etdim: ona elə bir şükr öyrətdim ki, haqqı itirməkdən uzaq olsun; unutmayacağı bir zikr; bəndələrin məhəbbətindən üstün bir məhəbbət. Məni sevsə, onu sevərəm və bəndələrim arasında sevimli edərəm. Öz cəlal və əzəmətimə doğru qəlb gözünü açaram. Onu xüsusi elmlərdən xəbərsiz qoymaram. Gecənin qaranlığı və gündüzün işığında onunla danışaram ki, başqaları ilə söhbəti kəssin. Özümün və mələklərin sözünü ona eşitdirərəm, xalq üçün gizli olanı ona bildirərəm. Əqlimi öz mə’rifətimdə qərq edər və ağlına canişin olaram. O deyər: «Xudavənda, sən özünü mənə tanıtdın və səni tanımaqla, bəndələrinə möhtaclıqdan qurtardım. And olsun izzət və cəlalına! Əgər sənin razılığın mənim tikə-tikə doğranmağımda olsa, sənin razılığını üstün tutaram». «Ey mənim bəndəm, bir şəxs yer və göy əhlinin namazını qılıb, orucunu tutsa, mələklər tək yeməkdən çəkinib yoxsullar tək geyinsə, buna baxmayaraq, qəlbində dünya məhəbbəti olsa, ad-sana və dünya bər-bəzəyinə meyl göstərsə, məndən uzaq olacaq, məhəbbətimi qəlbindən çıxaracaq, məni unutması üçün qəlbinə qaranlıq salacaq, məni tanımaq ne’mətimi dadızdırmayacam».
Digər bir hədisdə belə nəql olunur ki, Allah-təala buyurdu: «Heç bir bəndəm ona vacib etdiyim əməllərdən başqa bir əməllərlə mənə yaxınlaşa bilməz. Vacibdən sonra müstəhəb əməllərlə yaxınlığa can atar ki, onu sevim. Elə ki onu sevdim, eşidən qulağı, görən gözü, danışan dili, tutan əli olaram. Çağırışına cavab verər, istədiyini əta edərəm».
Növbəti hədisdə oxuyuruq: «Ey Adəm övladı! Mən möhtac olmayacaq bir ehtiyacsızam. Əmrimə iatət et ki, səni də ehtiyacsız edim. Mən elə bir diriyəm ki, ölməzəm. Əmrimə itaət et ki, səni elə dirildim ki, ölməyəsən. Mən istədiyimə «ol» deməklə olur. Əmrimə itaət et ki, istədiyinə «ol» deyəndə olsun».
Həzrət Əli (ə) şə’ban ayının münacatında Allaha belə ərz edir: «Yüksəlişimizi, ilahi dərgahına yetişməkdən doğmuş asayişdə qərar ver. Öz nəzər nurunla iç gözümüzü işıqlandır ki, bu gözlər pərdələrdən nüfuz edib əzəmət mə’dəninə çatsın, ruhlarımız müqəddəs dərgahına bağlansın. Bizi əzəmət nuruna qovuşdur ki, səni tanıyıb, səndən qeyrisindən üz döndərək».
«Kumeyl» duasında Allah dərgahına belə ərz olur: «İlahi, tutaq ki, əzabına səbr etdim, bəs fəraqına necə səbr edəm? Tutaq ki, atəşinin istisinə dözdüm, bəs cəlalının seyrindən məhrumluğa necə dözüm?».
Həzrət (ə) buyurur: «Hər şeydən əvvəl Allahı gördüm». Ondan «Allahı gördünmü» soruşulanda belə cavab verdi: «Görmədiyim bir kəsə necə ibadət edim?!»
İmam Hüseyn (ə) «Ərəfə» duasında Allah-təalaya belə ərz edir: «İlahi! Əlamətlərinin müxtəlifliyi və halətlərin dəyişməsindən belə anladım ki, məqsədin, özünü hər şeydə mənə göstərməkdir. Xudaya! Get-gəl, iş-güc görüşündən uzaqlığın səbəbidir. Mənə elə bir xidmət yetir ki, bu xidmət məni Sənə çatdırsın. Varlığında sənə möhtac olan hər şeyi sənin varlığına necə dəlil gətirirlər? Məgər Səndən kənarda kimin zühuru var ki, o, Sənin zühuruna səbəb olsun?! Nə vaxt bilinməlisən ki, dəlilə ehtiyacın olsun?! Nə vaxt uzaq olmusan ki, əlamətlərinlə sənə çatsınlar?! Kor olsun o göz ki, Səni qarşısında görmür. O bəndə sevdasında zərərə düşdü ki, məhəbbətindən ona bəhrə verməmisən. Xudaya! Əlamətlərinə üz tutmağı əmr etmisən. Bizi qəlb gözümüzün işığında özünə tərəf qaytar... Ey Rəbbim! Bizə öz elmindən tə’lim et, bizi qoru. Bizi gerçək yaxınlarının həqiqətinə qovuşdur, cəzb əhli yolunda rəhbərlik buyur. Bizi öz tədbir və ixtiyarınla, tədbir və ixtiyarından qane et. Dostlarının qəlbinə işıq salıb, öz birliyini tanıtdıran Sənsən. Aşiqlərinin qəlbindən əğyarı çıxartmaqla, yalnız özünü dost tutmalarını tə’min edən Sənsən. Sənsən o insanların munisi ki, hər şey onları qorxudur. Sənsən o insanlara yol göstərən ki, onlar üçün əlamətlər aşkarlanıb. Səni əldən verən nə tapa bilib? Səni tapan insan nəyi əlindən çıxarıb? Sənin yerinə başqasını bəyənən, həqiqətən naümid olub. Sənin dərgahından üz döndərən... Ey mə’budum! Bizi öz rəhmətinə daxil et ki, sənə çataq. Öz fəzlinə cəzb et ki, sənə üz tutaq... Sən özünü hər şeyə tanıtdırmısan, xəbərsiz qalan yoxdur. Sənsən hər şeydə özünü mənə tanıtdıran. Səni hər şeydə aşkar gördüm və Sənsən hər şeyə aşkarlanan».
İmam Zeynəl Abidin (ə) «Xaifin» münacatında Allaha belə ərz edir: «Öz müştaqlarını, gözəl görüşünün tamaşasından kənar etmə».
«Rağibin» münacatında isə, belə deyilir: «Qüdsi nuruna xatir, rəhmət və lətafətinə xatir, səndən istəyirəm ki, arzu etdiklərimi həqiqətə çevirəsən: firavan kəramət, gözəl ən’am, səninlə yaxınlıq, görüşündən faydalanma».
«Müridin» münacatında ərz olunur: «İlahi! Bizə öz vüsal yolunda rəhbərlik et. Sənə aparan ən yaxın yolu göstər. Sənsən mənim məqsədim. Başqası üçün yox, sənin üçün gecələri oyaq qalmışam. Sənin görüşündür mənim gözümün nuru. Arzum sənin vüsalındır. Heyranlığım Sənin məhəbbətində, məqsədim razılığındadır. Son istəyim Səninlə yaxınlıqdır».
«Mühibbin» münacatında oxuyuruq: «Ey mənim mə’budum! Bizi öz yaxınlığın üçün seçdiyin, dostluğunu xalis etdiyin, öz qəzavü-qədərindən razı saldığın, nəzərlərini özünə çəkdiyin, razılığınla minnət qoyduğun, özündən uzaq salmadığın... bəndələrindən qərar ver».
«Mütəvəssilin» münacatında ərz olunur: «Bizi öz görüş günündə gözlərinə nur verdiyin, yanında doğrular mənzilinə varis etdiyin bəndələrdən qərar ver».
«Moftəqirin» münacatında deyilir: «Sinəmin yanğısını yalnız vüsalın sərinlədə bilər. Qəlbimin alovunu söndürə biləcək şey, yalnız sənin görüşündür. Yalnız Sənin nəzərlərin şövqümü sirab edə bilər. Sənə yaxınlaşmasam, rahatlanmaram. Bu yaxınlıq olmasa, qəm-qüssədən qurtulan deyiləm».
«Arifin» münacatında oxuyuruq: «Bizi məhbubu ilə görüşə gözü işıqlandırılanlardan qərar ver. Məhəbbətin necə də şirindir, yaxınlığın necə də dadlıdır. Bizi qovulmaq və uzaq düşməkdən qoru».
«Zakirin» münacatında belə buyrulur: «Ey mənim mə’budum! Heyran könüllər sənin vurğunundur. Düşüncələr mə’rifətin ətrafında toplanmışdır. Qəlblər yalnız səni xatırlamaqla rahatlanır. Görüşünə çatmayan insan, sakitlik tapmır... Səni xatırlamaqdan başqa bütün ləzzətlərdən, səninlə ünsiyyətdən başqa bütün rahatlıqlardan, Səninlə yaxınlıqdan başqa bütün sevinclərdən, Sənin itaətindən başqa bütün işlərdən tövbə edirəm».
«Zahidin» münacatında deyilir: «Qəlblərimizdə öz məhəbbət ağacını sanc və məhəbbət nurunu tamamla ... Görüş günü gözlərimizi işıqlandır.
Dostları ilə paylaş: |