Təsnifatı. Xəstəliyin aşağıdakı variantları ayırd edilir.
Xroniki posthemorragik dəmir defisitli anemiya
Yuvenil anemiya
Ağırlıq dərəcəsinə görə; ağır anemiya (Hb 70 q/l-dən az), orta ağır anemiya (Hb 80-100 q/l) yüngül anemiya (Hb 100-110q/l)
İnkişaf mərhələsinə görə; prelatent dəmir defisiti, latent dəmirdefisiti və dəmir defisitli anemiya
Etiologiya. Dəmir defisitli anemiyanın yaranmasının əsas səbəbi orqanizmin dəmirə olan tələbatı ilə daxil olan dəmir arasında balansın pozulmasıdır.
İnsan orqanizmində dəmirin miqdarı 4-5q təşkil edir. 60-70% dəmir hemoqlobinin tərkibində, 20-25% depo şəklində (ferritin və hemosiderin şəklində), 5-10% mioqlobinin tərkibində, 1%-ə qədəri hüceyrə daxili ferment və dəmir tərkibli qeyri-ferment biokatalizatorlarda, 0,1%-ə qədəri isə qan plazmasında olur.
Dəmirin əsas yerləşdiyi orqan qara ciyər, sümük iliyi, dalaq və əzələlərdir. Fizioloji olaraq qidadan dəmirin sorulmasında məhdudiyyətlər var. Kişilər adətən qida ilə 18 mq dəmir alır, orqanizmə ancaq 1-1,5 mq sorulur. Qadınlar qida ilə 12-15 mq dəmir alır, 1-1,3 mq isə sorulur. Dəmirə tələbat artdıqda qida ilə maksimum 2-2,5 mq sorula bilər. Orqanizmin itirdiyi dəmir sutkada 2 mq-dan çox olduqda tədricən dəmir çatışmazlığı yaranır.
Orqanizmə daxil olan dəmir əsasən 12 barmaq və nazik bağırsaqdan sorulur. Dəmirin sorulmasının intensivliyi həmişə eyni olmur. Bu proses dəmirin ehtiyatindan, ona olan tələbatdan asılı olaraq arta, yaxud azala bilər. Mədənin turş mühitində üç valentli dəmir iki valentli dəmirə çevrilir. Sonra isə iki valentli dəmir bağırsaqlardan sorularaq transferrinin köməyi ilə sümük iliyinə nəql olunur. Qara ciyərdə sintez olunan transferrin sümük iliyində dəmiri eritroblastlara ötürür. Dəmirin orqanizmə fasiləsiz sorulması üçün mədə-bağırsaq sisteminin normal olması vacib şərtlərdəndir.
Fizioloji olaraq kişilərdə sidik, nəcis, tər, dəri epiteli ilə itirilən dəmir 0,6 mq olur. Əgər kişilərdə qidalanma düzgündürsə və dəmirin bağırsaqlarda sorulmasını əngəlləyən patoloji bir vəziyyət yoxdursa, bu zaman dəmir defisiti yaranmır.
Qadınlarda aybaşı qanaxmaları, hamiləlik, doğuş, laktasiya dəmirə olan tələbatı artırır. Belə hallar çox zaman dəmir defisitli anemiyanın səbəbi olur. Hər hamiləlik, doğuş, laktasiya zamanı qadın 700-800 mq dəmir itirir.
Kişilər arasında dəmir defisitli anemiyanın yaranmasının əsas səbəbi mədə-bağırsaq traktından olan qanaxmalardır. Qadınlarda isə bu ikinci yerdə durur. Yaşlı kişilər arasında dəmir defisitli anemiyanın rast gəlmə tezliyi qadınlara nisbətən daha yüksəkdir. Bunun səbəbi mədə-bağırsaq qanaxmaları, hemorroy, mədə-12 barmaq bağırsaq xorası, mədə və bağırsaq şişləri, müxtəlif lokalizasiyalı divertikullar, qurd invaziyaları, diafraqma yırtığı zamanı mədənin selikli qişasını neroziyası, yemək borusunun venoz genişlənmələridir.
Sidik yollarından qanaxmalar nadir hallarda dəmirin çatışmazlığına səbəb olur. Lakin daimi eritrosituriya (böyrək polikistozu, Jg A-nefropatiyası, sidik daşı xəstəliyi, nadir halda pielonefrit) hemoqlobinuriya, hemosiderinuriya (paroksizmal gecə hemoqlobinuriyası, autoimmun hemolitik anemiya-hemolizin forması) xəstədə dəmir defisiti yaradır.
Bəzən qapalı boşluqlara qanaxmalar və dəmirin təkrar istifadəsinin pozulması da dəmirin çatışmazlığına səbəb olur. Belə hala ağ ciyər toxumasına daimi qanaxma nəticəsində yaranan ağ ciyər siderozunda rast gəlinir. Eritrositlər diapedez yolla alveol epitelinin bazal membranı ilə ağ ciyər kapillyarlarında olan endotel hüceyrələrin bazal membranı arasındakı sahəyə daxil olur. Nəticədə eritrosit və hemoqlobinin makrofaqlarda parçalanması zamanı xaric olan dəmir hemosiderin şəklində toplanır və təkrar istifadə olunmur. Qlomik şişlər, ektopik endometrioz zamanı dəmir defisitli anemiyanın patogenezini dəmirin reutilizasiyasının pozulması ilə izah edirlər.
Hematoloji xəstəliklər-müxtəlif mənşəli koaqulopatiyalar, trombositopeniyalar, trombositopatiyalar, hemorragik vaskulit, Rendlyu-Veber xəstəliyi, hematomalar da dəmir defisitli anemiya yaradır.
Donorlar arasında da dəmir defisitli anemiyaya rast gəlinir. Hər qanvermə zamanı 200-250 mq dəmir itirilir. Kişi donorlar il ərzində 950-1400 ml, qadınlar isə bu miqdarın yarısı qədər qan verə bilərlər.
Tez-tez müayinə üçün qanvermə, qana ekstrakorporal təsirlər də dəmirin azalmasına səbəb olur. Hemodializ zamanı həftəlik qan müayinəsi (10-20 ml), dializatorda itirilən qan (həftədə 30-40 ml) tədricən dəmir defisitli anemiyaya gətirib çıxarır. Bu kateqoriyadan olan insanların itirdiyi dəmir donorların və qadınların aybaşı qanaxmalarında itirdiyi dəmirə bərabər olur.
Dəmirə olan tələbat artdıqda onun qidadan sorulması da artır. Bu artım axiliyaya nisbətən normal sekresiyada daha çoxdur. Mədə sekresiyasının azalması və ya axiliya zamanı sorulma zəifləyir, tələbat tam ödənilmədiyi üçün tədricən dəmir defisiti yaranır.
Dəmirin sorulma sıxroniki enterit, Kron xəstəliyi, xoralı kolit, divertikulyoz, nazik bağırsağın rezeksiyası zamanı zəiflədiyi üçün tədricən onun defisitinə gətirib çıxarır. Orqanizmdə dəmir çatışmazlığı da xroniki qastrit və duodenitin yaranmasına səbəb olur.
Kiçik yaşlı uşaqlarda anemiyanın səbəbi ana bətnində olarkən dəmirin kifayət qədər alınmaması, çoxdöllü hamiləlik və onların düzgün qidalanmamasıdır. Qeyri-qənaətbəxş sosial iqtisadi şəraitdə yaşayan, ilk 6 ay ərzində inək südü ilə qidalanan, az çəkili və vaxtından əvvəl doğulan uşaqlarda dəmir defisitinin yaranma riski daha yüksəkdir.
Cinsi yetişkənlik dövründə, xüsusən qızlarda aybaşı qanaxmaları, inkişafın sürətlənməsidəmirə olan tələbatı artırır. Bu dövrdə yeniyetmə pis qidalanırsa, iştahası zəifdirsə, ət və ət məhsullarından imtina edirsə, bu dəmir defisitli anemiyaya gətirib çıxarır. Çox güman ki, burda hormonal faktorların da əhəmiyyəti var. Belə ki, androgenlər dəmirin sorulmasını və eritropoezi sürətləndirir, estrogenlər isə bu xüsusiyyətə malik deyil.
Eritropoetin sintezinin pozulması zamanı (böyrək, endokrin və digər patologiyalar) eritropoetin preparatları ilə müalicə dəmir defisiti yaradır. Çünki müalicə zamanı hematokritin artması üçün eritroid hüceyrələrə çox miqdarda dəmir tələb olunur. Əgər ehtiyat dəmir azdırsa və ya tükənibsə, bu dəmir defisiti və hemopoezin zəifləməsi ilə nəticələnəcək. Uzun müddət süd-bitki pəhrizində olan insanlar dəmir defisitinin yaranması ücün risk qrupuna aiddirlər.
Dostları ilə paylaş: |