Diaqnoz. Diaqnoz anamnez, xarakter şikayətlərə, klinik əlamətlərə, sideropenik sindrom, qanın, sümük iliyinin və dəmir mübadiləsinin laborator müayinələrinə əsaslanır.
Xəstələrdə hipoxrom mikrositar anemiya olur. Dərin anemiya zamanı anizositoz, poykilositoz, tək-tək hədəfvari hüceyrələr müəyyən edilir. Eritrosit və hemoqlobin qeyri-bərabər azalır. İlk öncə hemoqlobin azalır, eritrosit norma həddində olur. Dəmir defisiti dərinləşdikcə eritrositlərin sayında da azalma başlayır. Hemoqlobinin miqdarı anemiyanın dərəcəsindən asılı olaraq 20-30 q/l-110 q/l arasında tərəddüd edir. Eritrositlərin miqdarı 1,5-2,0 x 1012/l-əqədər azalır.
Qan yaxmasında üzük formasında hüceyrələr-anulositlər müşahidə edilir. Dəmir defisitli anemiya zamanı eritrositlərin orta diametri və orta həcmi (MCV 60-70 fl-ə qədər) azalır. Eritrositlərdə hemoqlobinin orta konsentrasiyası (MCHC) 20-25 q/dl-ə qədər azalır. Rəng göstəricisi adətən normadan aşağı olur (0,7-0,5). Eritrositlərin osmotik rezistentliyi dəyişmir və ya bir qədər artır. Dəmir defisitində retikulositlərin miqdarı norma daxilində (2%-ə qədər) olur, bəzən bir qədər azalır. Kəskin qanitirmələr zamanı isə retikulositlərin miqdarı artır.
Dəmir defisitli anemiyada leykositlər neytrofillərin hesabına azalmaya meyillidir. Trombositlərin miqdarı çox zaman norma həddində olur, lakin qanitirmələr zamanı arta bilər. Sümük iliyində nəzərə çarpacaq patoloji əlamətlər aşkar edilmir. Hüceyrə tərkibi adətən norma həddində olur. Histoloji olaraq hüceyrə tərkibi ilə piyin nisbəti dəyişmir.
Bəzən zəif hüceyrə hiperplaziyası, sitoloji müayinədə qırmızı şaxənin üstünlüyü qeyd olunur. Digər hipoxrom anemiyalarda olduğu kimi dəmir defisitli anemiyada da eritrokarositlərin miqdarı artır. Eritroblastlar bütün hüceyrələrin 40-60 %-ni təşkil edir, lakin onlarda degenerativ dəyişikliklər (sitoplazmanın vakuolizasiyası, nüvə piknozu, sitoplazmanın olmaması-lüt nüvə) aşkar olunmur.
Meqakariositlərin miqdarı norma daxilində olur, lakin qanaxmalar zamanı arta bilər. Tərkibində dəmir qranulası olan eritrokariosit sideroblastların miqdarının azalması dəmir defisitli anemiya üçün xarakter əlamətlərdəndir. Diaqnostikada çətinlik yarandıqda sideroblastların müayinəsinin aparılması əhəmiyyətlidir. Leykopoez üçün yetişməmiş qranulositlərin artması xarakterdir.
Diaqnozu tam dəqiqləşdirmək ücün orqanizmdə olan ehtiyat dəmiri və dəmir mübadiləsinin göstəricilərini müayinə etmək lazımdır. Xəstəliyin diaqnostikasında biokimyəvi metodlardan biri Henry metodu ilə zərdabda dəmirin miqdarının müəyyən edilməsidir.
Zərdab dəmirinin miqdarı sağlam insanlarda 70-170 mkq/dl, yaxud 12,5-30,4 mkmol/l-dir. Xəstəliyin ağır formasında dəmirin miqdarı 1,8-5,4 mkmol/l, yüngül formada 7,2-10,8 mkmol/l-ə qədər azalır.
Dəmir ehtiyatını öyrənmək üçün zərdabın ümumi dəmir birləşdirmək qabiliyyəti müayinə edilir. Zərdabın ümumi dəmir birləşdirmək qabiliyyəti dedikdə transferinin mütləq miqdarı yox, transferinlə birləşə bilən dəmir başa düşülür. Normada transferrinin 1/3 (30-35%) hissəsi dəmirlə birləşir, 2/3 hissəsi isə sərbəst qalır. Sərbəst transferrin isə zərdabın latent dəmir birləşdirmək qabiliyyətinin göstəricisidir. Normada zərdabın ümumi dəmir birləşdirmə qabiliyyəti 30,6-84,6 mkmol/l-dir. Dəmir defisitində bu göstərici artır.
Transferrin əsas dəmir birləşdirici zülaldır və dəmiri mədə-bağırsaqdan sümük iliyinin eritrokariositlərinə və toxuma deposuna daşıyır. Eyni zamanda eritrositlərin parcalanması zamanı ayrılan dəmiri toxuma deposundan və makrofaqlardan sümük iliyinə daşıyır.
Transferrinin doyma göstəricisi (norma 16-50%) zərdab dəmirinin zərdabın ümumi dəmir birləşdirmə qabiliyyətinə olan nisbətinin faizlə ifadəsidir. Dəmir defisitli anemiyada transferrinin doyma faizi kəskin azalır.
Bəzən zərdab dəmirinin səviyyəsi orqanizmdə olan ehtiyat dəmirin miqdarını düzgün ifadə etmir. Məsələn, xroniki xəstəliklər anemiyasında dəmir ehtiyatı normal olduğu halda zərdabda dəmirin miqdarı azalır.
Ehtiyat dəmir ferritin və hemosiderin şəklində olur. Ferritinin səviyyəsi ehtiyat dəmirin əsas göstəricisidir və qara ciyərdə sintez olunur. Zərdab ferritini radioimmunoloji və ya immunoferment metodu ilə təyin olunur. Normada ferritinin miqdarı 15-300 mkq/l-dir. Dəmir defisitli anemiyada ferritin 10 mkq/l-dən aşagı olur. Normal hemoqlobin fonunda ferritinin aşağı səviyyəsi ehtiyatın azalmasını göstərir. Əgər xəstədə anemiya fonunda ferritinin səviyyəsi normal və ya normadan artıqdırsa, onda anemiyanı yarada biləcək digər səbəbləri axtarmaq lazımdır. Ferritinin səviyyəsinin normal olması dəmir defisitli anemiyanı inkar etməyə əsas vermir. Orqanizmdə iltihab ocaqları varsa bu zaman ehtiyat dəmirdən asılı olmayaraq zərdabda ferritinin səviyyəsi artır, çünki ferritin kəskin faza zülalıdır. Ferritinin səviyyəsi hipotireoz, C vitaminin çatışmazlığında azalır. Lakin kəskin faza zülalı kimi qara ciyər xəstəliklərində, hemoliz zamanı, bədxassəli törəmələrdə, infeksion-iltihabi proseslərdə, qeyri-effektiv eritropoezdə artır.
Orqanizmdə ehtiyat dəmir desferal testi ilə təyin olunur. Əzələ daxili desferal vurulduqdan sonra sidiklə xaric olan dəmiri təyin etməklə ehtiyat dəmir haqqında fikir söyləmək olar. Çünki desferal-kompleksion dəmir ionlarını orqanizmdən xaric edir. Kütləsinə görə 100 hissə desferal 8,5 hissə üç valentli dəmiri özünə birləşdirir. Xəstəyə əzələ daxilinə 500 mq desferal təyin edilir. Normada sutka ərzində 0,8-1,3 mq dəmir xaric olur. Xəstədə dəmir defisiti varsa, desferal təyinindən sonda sidiklə xaric olan dəmirin miqdarı azalır. Bəzi xəstələrdə bu göstərici 0,2 mq/sutka və daha aşağı olur. Yadda saxlamaq lazımdır ki, desferal testindən sonra xaric olan dəmir tək ehtiyat dəmiri əks etdirmir, eyni zamanda eritropoezin aktivliyini və eritrositlərin parçalanma intensivliyini göstərir.
Dəmir defisitli anemiyada dəmirin səviyyəsi aşağı olduğu üçün o, protoporfirinin hamısı ilə birləşə bilmir və protoporfirin eritrositlərdə toplanır. Müayinə zamanı eritrositlərdə protoporfirininmiqdarı normadan artıq olur (norma 2,7-9,0 mkmol/l).
Orqanizmdə ehtiyat dəmiri öyrənmək üçün digər bir test - qan zərdabında həll olan transferrin reseptorlarının (S-TfR) müəyyən edilməsidir. Dəmir defisitli anemiyada zərdabda transferrin reseptorlarının səviyyəsi normaya nisbətən 3 dəfəyə qədər artır. Bu eritrokariositlərin səthində olan transferrin reseptorlarının səviyyəsinin artması ilə əlaqədardır. Tədqiqatlar nəticəsində məlum olmuşdur ki, zərdabdakı transferrin reseptorlarının miqdarı ilə dəmirin çatışmazlığının dərəcəsi paralel inkişaf edir.
Dəmir defisitli anemiyada zərdabda transferrin reseptorlarının səviyyəsi orta hesabla 13,0±4,6 mq/l-ə qədər artır (norma 5,36±2,67 mq/l). Xroniki xəstəliklər anemiyasında zərdabda transferrin reseptorları norma həddində olur, bəzi xəstələrdə isə az miqdarda artır. Lakin bu artım dəmir defisitli anemiyaya nisbətən az olur. Ehtiyat dəmiri öyrənmək məqsədi ilə S.D Cook zərdabdakı ferritinlə transferrin reseptorlarının nisbətini öyrənməyi təklif etmişdir. Bu nisbət normada 1,5-dən aşağı olmalıdır. Dəmir defisiti zamanı isə 4,2-yə qədər artır.
Dəmir defisitli anemiyanın səbəbini və onu yaradan faktorları aşkar etmək üçün aşağıdakı müayinələri aparmaq lazımdır; mədə şirəsi turşuluğunun müayinəsi, nəcisin parazitə görə müayinəsi, həzm kanallarında gizli qanaxmanı təyin etmək üçün nəcisin müayinəsi, xora xəstəliyini, diafraqma yırtığını, yemək borusunun venoz sistemini, şiş və digər xəstəlikləri aşkar etmək üçün həzm traktının endoskopik, rentgenoloji müayinəsi, ginekoloji müayinə, xoralı kolit, hemorroy və s. xəstəlikləri aşkar etmək üçün düz bağırsağın müayinəsi və s.
Dostları ilə paylaş: |