Müalicə. Dəmir defisitli anemiyanın müalicəsi 3 etapdan ibarətdir.
Birinci etapda həkimin taktikası ilk növbədə xəstəliyin səbəbin aşkar etmək və bu səbəbi mümkün olduğu qədər aradan qaldırmaq istiqamətinə yönəlməlidir.
İkinci etap adekvat qidalanmanı təşkil etməkdən ibarətdir. Dəmir defisitli anemiyada qida rasionunda heyvan mənşəli zülalların hesabına sutkalıq zulalı 140-150 qrama qədər artırmaq, yağları 70-80 qrama qədər azaltmaq lazımdır. Qəbul edilən qida vitaminlərlə zəngin olmalıdır. Lakin yadda saxlamaq lazımdır ki, rasional dieta xəstəliyin residivinin profilaktikasında və latent dəmir defisitində əhəmiyyətlidir. Dəmir çatışmazlığı özünü klinik əlamətlərlə biruzə verirsə, bu zamantək rasional qidalanma kifayət deyil.
Üçüncü etapda dəmir preparatları ilə medikamentoz müalicə aparılır. Dəmir defisitinin tam korreksiyası üçün uzun müddətli (4-6 ay) müalicə tələb olunur. Seçilən preparat kifayət qədər effektli, qəbulu rahat və əlavə təsirləri az olmalıdır. Çünki qida məhsullarından dəmirin sorulması məhduddur. Bu göstərici sutka ərzində 2,5 mq-dan çox olmur. Dəmir preparatından isə dəmir 15-20 dəfə çox sorulur.
Hal-hazırda peroral və parenteral istifadə olunan çoxsaylı dəmir preparatları istehsal olunur. Dəmir preparatlarının peroral qəbuluna daha çox üstünlük verilir. Əgər preparatın sorulmasını əngəlləyən hər hansı bir patologiya varsa, onda dəmiri parenteral təyin etmək olar. Bu patologiyalara aiddir: bağırsaq patologiyalarında sorulma prosesi pozulduqda (enterit, sorulma çatışmazlığı sindromu, nazik bağırsağın rezeksiyası, mədə rezeksiyası və s.), mədə və 12 barmaq bağırsaq xorasının kəskinləşməsi və s. Əgər dəmirin səviyyəsini qısa müddətə artırmaq lazımdırsa (cərrahi əməliyyatlardan əvvəl, eritropoetinlə müalicə və s.) və xəstə preparatı peroral qəbul edə bilmirsə, bu halda da parenteral təyin etmək olar.
Dəmir preparatının parenteral təyini zamanı bəzən ağır allergik reaksiyalar, hətta ölümcül anafilaktik sok da yarana bilər. Belə hallardaha çox preparatı vena daxilinəvurduqdabaş verir.
Hal-hazırda iki valentli və üç valentli dəmir preparatlarından istifadə olunur. Tərkibində iki valentli dəmir olan preparatlar bağırsaqlardan daha yaxşı sorulur. Hemoqlobinin bərpa olunması üçün iki valentli dəmirin sutkalıq dozası 100-300 mq olmalıdır. Bəzi preparatlar sirop və suspenziya şəklində istehsal olunur. Uşaqlar bu preparatlarıdaha asan qəbul edirlər.
Dəmir preparatını adətən yemək zamanı qəbul edirlər. Bəzi maddələr (tanin, fosfor turşusu, fitin, süd, kalsium duzu), dərman preparatları (tetrasiklin, almaqel, fosfolyüqel, kalsi preparatı, levomisetin, penisillin və s), dəmirin sorulmasını azaldır. Lakin bu maddələr üç valentli dəmirin sorulmasına təsir etmir.
Dəmir preparatlarını düzgün dozada təyin etdikdən 7-10 gün sonra retikulositlərin səviyyəsi artır. Hemoqlobinin səviyyəsi isə adətən müalicənin 3-4-cü, bəzən də 6-8-ci həftəsində normallaşmağa başlayır. Bəzən də birdən-birə, sıçrayışlı artım da olur. Müalicəyə fərqli cavab reaksiyaları dəmir defisitli anemiyanın xüsusiyyətindən, dəmirin azalma dərəcəsindən, eyni zamanda xəstəliyi yaradan səbəblərdən asılıdır.
Beləliklə, təyin edilən preparatın effektini müəyyən etmək üçün müalicə başlanandan 7-10 gün sonra retikulositlərin miqdarını və hər həftəisə hemoqlobinin səviyyəsini və artma tempini öyrənmək lazımdır.
Hemoqlobinin səviyyəsinin norma həddinə çatması müalicəni dayandırmağa əsas vermir. Orqanizmdə dəmir ehtiyatını artırmaq üçün müalicə az dozada və uzun müddət davam etməlidir. Əgər aybaşı gur qanaxmalarla müşahidə edilirsə, onda 2-3 aylıq müalicədən sonra dəmir preparatı hər ay həftəlik kurslarla aybaşı qurtardıqdan sonra qəbul edilir. Belə müalicə kursunun sayı dəmir və hemoqlobinin azalma sürətindən asılıdır. Əgər qanaxma intensiv olaraq davam edirsə, yarım illik və ya illik fasilədən sonra hemoqlobin azalırsa, onda aylıq kurs müalicəsi ildə 1-2 dəfə müalicə dozasında aparılmalıdır.
Dəmir preparatları ilə müalicə fonunda xəstələrdə ürəkbulanma, anoreksiya, ağızda metal dadı, epiqastral nahiyədə ağırlıq, diş emalının, damağın tündləşməsi, allergik reaksiyalar, qəbizlik, ishal və s. kimi əlamətlər ola bilər. Dispeptik əlamətlər preparatı yeməkdən sonra qəbul etdikdə və ya dozanı azaltdıqda zəifləyir. Dəmir preparatının parenteral təyini zamanı bəzən ağır allergik reaksiyalar, hipotoniya, əzələ-oynaq agrıları, hətta ölümcül anafilaktik sokun da olması istisna edilmir. İnyeksiya yerində dərinin tündləşməsi, abses, flebit də yarana bilər.
Dəmir preparatları ilə yanaşı təyin edilən digər preparatlar - fol turşusu, vitamin kompleksi, mikroelementlər müalicənin effektini artırır. Askorbin turşusu üç valentli dəmirin iki valentli dəmirə çevrilməsində və rezorbsiyasında iştirak edir.
Hamilə qadınlarda dəmirə olan tələbat 10 dəfəyə qədər artır. Dəmir defisitli anemiya hamilələrdə rast gəlinən patogenetik variantdır. Anemiya II-III trimestrdə daha çox diaqnoz olunur və bu vəziyyət dəmir preparatları ilə korreksiya olunmalıdır. Tərkibində askorbin turşusu olan dəmir-sulfat preparatlarını təyin etmək daha məqsədəuyğundur. Əgər hamilə qadında aşkar olunan anemiya ağır deyilsə, təyin edilən dəmirin miqdarı 120 mq-dan çox olmaya bilər. Elementar dəmir və fol turşusu 3 ay müddətinə təyin edilir. Xüsusi göstəriş yoxdursa, hamilə qadınlarda preparatın parenteral təyini məqsədəuyğun deyil. Dəmir defisitli anemiyanın müalicəsi hamiləliyin sonuna qədər aparılmalıdır. Bu həm hamilələrdə anemiyanın korreksiyası üçün, həm də döldə dəmir defisitinin profilaktikası üçün əhəmiyyətlidir.
Ümumdünya Səhiyyə Təşkilatının təklifinə əsasən bütün hamilə qadınlar II-III trimestr və laktasiyanın ilk 6 ayı ərzində dəmir preparatları qəbul etməlidirlər. İstifadə olunan dəmir preparatları: aktiferrin, aktiferrin kompozitum, tardiferon, sorbifer durules, ferro-qradumet, hemofer, maltofer, ferrum lek və s.
Proqnoz xoşdur. Diaqnozu düzgün təyin edib, adekvat terapiya apardıqda xəstəlik tam sağalır.
Dostları ilə paylaş: |