Diaqnoz. Diaqnozu təsdiq etmək üçün aşağıdakı müayinələri aparmaq lazımdır: qanın ümümi müayinəsi, HbF təyini, mieloqramma, trepanobiopsiya, Hem sınağı, CD55, CD59 təyini, qara ciyər sınaqları, B12 vitaminin təyini, hepatit A, B, C, Epşteyn-Barr virusu, sitomeqalovirusun təyini. Aplastik anemiyanın diaqnozu qan və sümük iliyindəki xarakter dəyişikliyə əsasən qoyulur. Sümük iliyinin histoloji müayinəsinin (trepanobiopsiya) nəticələri isə diaqnozu tam təsdiq edir.
Xəstələrdə hepatitlərə görə qanın müayinəsi mütləq aparılmalıdır. Aplastik anemiya bəzən hepatit yoluxmasından 2-3 ay sonra inkişaf edir. Bu daha çox cavan kişilərdə olur. Parvoviruslar isə əsasən qirmizihüceyrəli aplaziya yaradır. Diaqnozu dəqiqləşdirmək məqsədi ilə folat və B12 vitaminin təyini də əhəmiyyətlidir. Çünki bu elementlərin çatmazlığı zamanı yəni meqaloblast anemiyada da pansitopeniya olur.
Aplastik anemiyanı mielodisplastik sindromun hipoplastik variantı ilə, paroksizmal gecə hemoqlobinuriyası, kəskin limfoblast leykoz, tükhüceyrəli leykoz, limfoma, qara ciyər və şiş xəstəliklərində müşahidə edilən ikincili aplaziya (simptomatik) ilə differensassiya etmək lazımdır.
Trepanobioptatda aplaziya (piy toxumasının üstünlüyü), üçşaxəli pansitopeniya (anemiya, qranulositopeniya, trombositopeniya), mieloqrammada qanyaranmanın zəifləməsi əlamətləri aplastik anemiyanın diaqnozu üçün əsas verir. Lakin ikincili aplastik anemiya, yaxud qanyaranmanın aplaziya sindromunu yarada bilən xəstəlikləri-qırmızı qurd eşənəyi, miliar vərəmi, xroniki hepatit və başqa virus infeksiyaları, metastaz verən solit şişləri, paroksizmal gecə hemoqlobinuriyası, kəskin leykoz, limfoproliferativ xəstəlikləri və s. inkar etmək lazımdır.
Bəzən kəskin leykoz, subleykemik mieloz aplastik anemiya maskası altında başlayır. Bir qədər mürəkkəb vəziyyətlərdə təkrar morfoloji, immunoloji, sitogenetik müayinələrin aparılması məqsədəuyğundur.
Hipoplastik mielodisplastik sindromda aplastik anemiyadan fərqli olaraq qranulositar və meqakariositar şaxənin morfoloji, metabolik, funksional dəyişiklikləri, sümük iliyində və periferik qanda blast hüceyrələrinin olması xarakterdir. Trepanatda retikulinin çoxluğu və rezidual hemopoetik sahənin olması mielodisplastik sindrom üçün göstəricidir.
Paroksizmal gecə hemoqlobinuriyasında aplastik anemiyadan fərqli olaraq hemoqlobinuriya, hiperkoaqulyasiya, tromboz, emboliya, hemosiderinuriya, bilirubinemiya, normal hüceyrəli sümük iliyi, eritroid şaxənin hiperplaziyası, Hem və saxaroza sınağının müsbət olması xarakterdir.
Tükhüceyrəli leykoz zamanı qanda və sümük iliyində xarakter “tüklü” hüceyrə aşkar olunur. İmmunofenotiplərin təyini (yüksək səviyyəli CD11c, CD22, CD25+, CD103+) və sitokimyəvi əlamətlər diaqnozu tam təsdiq edir. Tükhüceyrəli leykozda pansitopeniya monositopeniya ilə birgə olur və splenomeqaliya tez-tez rast gəlinən əlamətlərdəndir.
Kəskin limfoblast leykozda trepanatda xarakter morfoloji dəyişikliklər olur. Diffuz və ya iri ocaqlı blast infiltrasiyası normal hemopoezi zəiflədir. Neytropeniya daha qabarıq olur. Hiposellülyar sümük iliyində retikulinin səviyyəsi artır.
Dostları ilə paylaş: |