Elliptik eksiziya: Dəri törəmələrinin kəsilib çıxarılmasında ən çox istifadə olunan üsuldur. Törəmədən asılı olaraq sadə ellips şəkilli eksiziya və ya çoxsaylı ellips şəkilli eksiziya tətbiq oluna bilər.
Sadə ellips şəkilli eksiziya - ideal bir ellips şəkilli eksiziyada uzun ox dəri xətlərinə paralel şəkildə planlaşdırılır və uzunluğu enindən 4 dəfə çox olur. Bundan qısa olduqda ellips şəkilli eksiziyanın uc hissəsində enli bir bucağın əmələ gəlməsi səbəbindən yara bağlandıqda burada bir qalınlıq əmələ gəlir. Bu qalınlıq uzunluq-en nisbətinin səhv təyin edilməsi ilə yanaşı, ellipsin qarşı tərəfərinin bərabər olmaması zamanı da yarana bilər. İkinci bir eksiziya ilə aradan götürülə bilər. Bir neçə ay sonra bu qalınlıq tədricən itə bilər.
Çoxsaylı ellips şəkilli eksiziya - çoxsaylı törəmələrin çıxarılmasında istifadə olunan bir eksiziya növüdür. Bir törəmədə eksiziya aparıldıqdan sonra qarşı-qarşıya gətirilən yara kənarlarındakı dartılma bir neçə ay sonra aradan götürülür və dəri yeni bir eksiziyaya icazə verir. Bu üsul, xüsusilə, başın tüklü hissəsinin dərisində yaranmış tüksüz sahələrin eksiziyasında daha geniş istifadə olunur. İlk eksiziya sağlam dərinin kənarından aparılır.Yara kənarının bir tərəfi sağlam dərini əhatə edir. Beləliklə, dəri altında sərbəstləşdirmə apararaq bir qədər irəliləmə əldə edilir və bu irəliləmənin ölçüsündəki çapıq toxuma xaric edilə bilər. Böyük bir qüsur beləcə bir neçə seansla aradan götürülə bilər. Lakin bu üsulun tətbiq nahiyələri üzdə - yuxarı göz qapağı, dodaq və burun dəliyində əyilmə (distorsiya) yarada biləcəyinə görə olduqca məhduddur.