AXİRƏTİ SEVMƏYİN LÜZUMU
«Ey Əbuzər! Allah Təbarək və Təala qardaşım İsaya (ə) vəhy etdi: «Ey İsa (ə), dünyaya məhəbbət yetirmə, çünki mən onu sevmirəm. Axirəti sev, çünki dönəcəyiniz məkan oradır».
Peyğəmbər (s) Allahın İsaya (ə) vəhy etdiyini nəql edir:
«Mən dünyanı sevmirəm, sən də dünyanı sevmə».
Təbiidir ki, Peyğəmbər (s) də dünyanın düşmənidir. Çünki məsumların (ə) bir kəslə və ya bir şeylə dostluq və düşmənçiliklərinin meyarı, Allahın dostluğu və düşmənçiliyi ilədir. Təbiidir ki, dünya ilə münasibətlərində möminlərin öz mövqelərini müəyyənləşdirilməsinə nümunə olacaq şəxs, məsumlar və onların həyat yoludur.
Əli (ə) Peyğəmbərin (s) dünyaya baxışı haqqında buyurur:
«Rəsuli-əkrəm dünyanı kiçik sayardı… Qəlbən dünyadan üz döndərmiş və dünyəvi arzuları öz nəfsindən uzaqlaşdırmışdı. Dünyanın zinətindən əlvan libas istəməməsi və ya orada qalmağı arzu etməməsi üçün dünyanın zinətini öz gözləri ilə görməməyə çalışardı»1.
Bu vəziyyətlə yanaşı, Peyğəmbərə (s) bütün maddi nemətlərdən istifadə etmək ixtiyarı verilmişdi. Peyğəmbərin (s) özünün buyurduğu kimi, bütün dünyanın xəzinələrini ona təqdim etdilər, amma o qəbul etmədi:
«Ey Əbuzər! Cəbrayıl (ə) dünyanın xəzinələrini ağ və qara qatıra yükləyib mənim yanıma gətirdi və dedi: «Ey Məhəmməd! Bunlar dünyanın xəzinələridir və onlardan istifadə etməyin, sənin Allah yanında olan dərəcəni heç də azaltmır».
Peyğəmbərin (s) bu cür «Cəbrayıl (ə) ağ və qara qatıra (və ya ata) minərək dünyanın xəzinələri ilə bərabər mənim yanıma gəldi» buyurması, bəlkə də, dünyanın ləzzət və acı, xeyir və şər məkanı olmasına edilən bir eyhamdır.
Dünyada elə bir şəxs tapılmaz ki, yalnız çətinlik və acılıq görmüş olsun və eləcə də elə adam ola bilməz ki, həyatda ancaq ləzzət dadmış və heç vaxt ağrı-acı ilə üzləşməmiş olsun. Həqiqətdə, hər ağrı-acının yanında bir ləzzət də vardır və hər ləzzətin kənarında da bir acılıq durmuşdur. Hər iki hal insanın imtahanı üçündür:
«Hər kəs (hər bir canlı) ölümü dadacaqdır. (Dözüb-dözməyəcəyinizi, şükr edəcəyinizi, yaxud nankor olacağınızı) yoxlamaq məqsədilə, Biz sizi xeyir və şərlə (sağlamlıq, var-dövlət, cah-cəlal və xəstəlik, yoxsulluq və ehtiyacla) sınağa çəkərik. Və siz (qiyamət günü əməllərinizin əvəzini almaq üçün) ancaq Bizim hüzurumuza qaytarılacaqsınız»1.
Maraqlı olan başqa bir nöqtə, Cəbrayılın (ə) Həzrətə (s) buyurduğudur: «Dünyanın bütün xəzinələrindən istifadə etsən də, sənin axirətdəki payından heç bir şey azalmayacaq».
Maddi ləzzətlərin insana yetirə biləcəyi zərərlərdən biri də budur ki, onlardan nə qədər çox istifadə edilərsə, ehtimalı vardır ki, insan daha çox axirət bəhrələrindən məhrum olsun. Lakin peyğəmbərlər və övliyalar bu cür deyildirlər. Ona görə də, Cəbrayıl (ə) deyir: «Sənin dünya xəzinələrindən bəhrələnməyinin müqabilində, axirət payından heç nə əskildilməyəcək».
Peyğəmbər (s) Cəbrayılın (ə) cavabında buyurur:
«Dostum Cəbrayıl, mənim onlara ehtiyacım yoxdur. Doyduğum zaman Allaha şükr edirəm, acdığım zaman Ondan istəyirəm».
Mömin bir şəxs üçün ən yaxşı hacət budur ki, bir tərəfdən Allahın nemətlərindən bəhrələnməklə Ona şükr etsin, başqa bir tərəfdən Allaha ehtiyaclı olduğunu hiss etsin və həmişə əlləri Onun dərgahına uzansın. Çünki insan ikiyönlü bir varlıqdır; həm Allahın nemətlərindən istifadə edərək Ona şükr etməlidir ki, bu şükr və diqqət, onun səadətinə səbəb olacaq. Həm də həmişə ehtiyaclı olduğunu hiss etməlidir ki, məğrurlaşıb qafil olmasın, özünü başqalarından üstün görməsin. Peyğəmbər (s) buyurur:
«Mənim gözlərim daim Allahın əllərinə dikilməlidir; neməti ondan istəməliyəm və mənə əta etdiyi nemətlərin müqabilində şükr etməliyəm».
Dostları ilə paylaş: |