Mövzu Milli iqtisadiyyat və makroiqtisadi göstəricilər Plan


Mövzu 8. Kredit bank sistemi və pul siyasəti



Yüklə 0,65 Mb.
səhifə45/67
tarix01.01.2022
ölçüsü0,65 Mb.
#107546
1   ...   41   42   43   44   45   46   47   48   ...   67
Makroiqtisadiyyat--mühazirə əsas

Mövzu 8. Kredit bank sistemi və pul siyasəti

Plan

1.Kreditin mahiyyəti, funksiyaları və formaları.

2. Kredit sistemi və müasir şəraitdə onun inkişafı.

3.Bank sistemi və onun strukturu. Kredit siyasəti, onun əsas istiqamətləri.

4.Pul dövriyyəsi anlayışı, onun məzmunu və quruluşu..

5.Pul tədavülü qanunları və onların xarakteristikası. Pul sistemləri.

Kredit (latıncadan “creditum” - borc) qaytarılmaq və faiz ödənilmək şərti ilə pul və ya əmtəə formasında verilən borca deyilir. Kreditin hərəkəti zamanı kreditorla borc alan arasında müəyyən münasibətlər yaranır. Kreditin mahiyyəti, formaları və rolu cəmiyyətin iqtisadi quruluşu ilə müəyyən edilir. Kredit iqtisadi kateqoriya olmaqla borc verənlə borc alan arasında yaranan iqtisadi münasibətləri ifadə edir.

Kredit - ibtidai icma quruluşunun dağıldığı dövrdə icmanın əmlakının ayrı-ayrı şəxslərin mülkiyyətinə keçməsi nəticəsində meydana gəlmişdir. Həmin dövrdə kredit natural formada (taxıl, mal-qara və s.), mübadilənin inkişafı isə həm də pul formasında verilirdi. Quldarlıq və feodalizm dövründə kredit daha da inkişaf edir. Kapitalizmə qədərki bütün dövrlərdə kredit kapitalist kreditinin tarixi sələfi olan sələm formasında çıxış edirdi. Tarixən sələm krediti ikili rol oynayırdı. Bir tərəfdən sələmə görə daha yüksək faiz alındığı üçün o yığımın qarşısını alır və iqtisadiyyatın inkkişafını ləngidirdi. Digər tərəfdən isə sələm istehsalın və mülkiyyətin köhnə formalarını sarsıdır, əmlaka görə adamların bir-birindən fərqlənməsini daha da gücləndirir və bununla da yeni quruluşa keçmək üçün zəmin yaradırdı. Kapitalizm – kreditin inkişafının ilkin şərtləri təkrar istehsal prosesində kapitalın dövranının qanunauyğunluqlarından irəli gəlir. Kapitalist krediti başlıca olaraq xüsusi mülkiyyətə əsaslanır. Bazar iqtisadiyyatında kreditin zəruriliyi kapitalın özünün təbiəti və onun təkrar istehsal prosesində dövriyyəsi və dövranının qanunauyğunluqları ilə şərtlənir.

Kreditin mahiyyətinin ən yığcam ifadəsi onun funksiyalarıdır. Bazar iqtisadiyyatında kredit aşağıdakı əsas funksiyaları yerinə yetirir:

Birincisi, pul kapitalının toplanması və səfərbər edilməsi funksiyasını ki, bu da tarixən ictimai istehsal çərçivələrini xeyli genişləndirməyə imkan yaratmışdır.

İkincisi, pul kapitalının təkrar bölgüsü fımksiyasını. Buna səbəb əhalinin sərbəst pulları, müəssisələrin mənfəətləri və dövlətin gəlirləri borc kapitalına çevrilir və kredit mexanizmi vasitəsilə və ödənişlilik və qaytarılmalılıq şərtilə istehsalın ən gəlirli sahələrinə və ya milli iqtisadiyyatın ən prioritet bölmələrinə təkrar bölünür.

Üçüncüsü, kredit tədavüldə nağd pulların kredit pulları - veksellər, çeklər və banknotlarla əvəzlənməsi hesabına tədavül məsrəflərinin azalmasına səbəb olur.

Kreditin inkişafı prosesində banklar və hesablaşma mərkəzləri vasitəsilə nağdsız dövriyyənin qabaqlayıcı artımı baş verir, bank hesablarının və əmanətlərin (kredit kartları, depozit sertifikatları və müxtəlif hesab növləri) istifadəsinin müxtəlif növləri yaranır, pul tədavülü prosesi sürətlənir.

Dördüncüsü, kredit kapitalın təmərküzləşməsi və mərkəzləşməsi prosesinin sürətləndirilməsi üçün mühüm vasitədir. O, rəqabət mübarizəsində fəal istifadə olunur, firmaların bir-birini udmasına, bir-biri ilə birləşməsinə rəvac verir və bununla da fərdi müəssisələrin səhmdarlar cəmiyyətləri və yoldaşlıqlarına çevrilməsinin amillərindən biri kimi çıxış edir.

Beşincisi, bazar iqtisadiyyatında kredit iqtisadiyyatın tənzimlənməsi mexanizmi kimi istifadə olımur. İqtisadiyyatın kreditlə tənzimlənməsi - dövlətin kreditin həcmini və dinamikasını optimallaşdırmaq, borc kapitalı bazarını və bütövlükdə ölkə iqtisadiyyatını tənzimləmək məqsədilə həyata keçirdiyi tədbirlər məcmusudur.

Müasir dövrdə kreditin bir neçə formaları vardır:

1. Dövlət krediti. 2. Veksel krediti. 3. Kommersiya krediti.

4. İstehlak krediti. 5. İpoteka krediti. 6. Kommunal kredit.

7. Kənd təsərrüfatı krediti. 8. Beynəlxalq kredit.

1. Dövlət krediti - borcverən qismində dövlət və yerli hakimiyyət orqanlarının, kreditalan qismində isə əhalinin və özəl biznesin çıxış etdiyi kredit münasibətlərinin məcmusudur. Dövlət kreditinin əsas formaları dövlət istiqrazlarından, qısa müddətli xəzinə öhdəliklərindən əhalinin əmanət kassaları və banklar vasitəsi ilə dövlətin qiymətli kağızlarının alınması üçün xərclənən əmanətlərindən ibarətdir.

2. Kommersiya krediti haqqın ödənilməsi müddəti təxirə salınmaqla bir sahibkar tərəfindən digərinə əmanətlər formasında verilən kreditdir. Onun obyekti əmtəə kapitalıdır. Kommersiya kreditinin məqsədi əmtəələrin və onlarda maddiləşmiş mənfəətin reallaşdırılmasını sürətləndirməkdir. Kommersiya kreditinin əsas aləti vekseldir.

3. Veksel krediti - banklar tərəfindən alıcılara verilən kredit növüdür. Veksel, qanunauyğun formada tətbiq olunmuş və onun sahibinə müəyyən müddət keçdikdən sonra üzərində göstərilən məbləği ödəməyi öhdəsinə şəxsdən şəksiz tələb etmək hüququ verən xüsusi yazılı borc öhdəliyidir. Veksellər sadə və köçürmə veksellərə bölünür. Sadə veksel - borc verən tərəfindən kreditorun adına verilmiş üzərində məbləği, verilmə yeri və vaxtı, ödəniş vaxtı və yeri göstərilmiş veksel öhdəliyidir. Köçürmə veksel – və ya tratta 1 şəxsin (kreditorun) digərinə (borc alana) müəyyən məbləğin III şəxsə verilməsi haqqında yazılı əmri özündə əks etdirir.

4. İstehlak krediti - əhaliyə istehlak mallarının alınması və məişət xidmətlərinin ödənilməsi üçün verilən kreditdir. İstehlak kreditini ticarət müəssisələri, həmçinin banklar və digər maliyyə-kredit idarələri verə bilərlər. Bir qayda olaraq istehlak krediti qısa müddətli xarakter daşıyır və maksimum 3 illiyə verilir.

5. İpoteka krediti - əmlakın girov qoyulması əsasında verilən kreditdir. İpoteka əmlakın, torpağın, evlərin və digər tikintilərin girov qoyulması olub, borc pul üçün təminat rolunu oynayır.

6. Kommunal kredit - kommunal (şəhər) təsərrüfatının və mənzil tikintisinin ehtiyatları üçün verilən kreditdir. Kommunal krediti çox vaxt kredit idarələri tərəfindən şəhər tikintilərinin və torpaq sahələrinin girov qoyulması əsasında verildiyinə görə ipoteka krediti ilə üst – üstə düşür.

7. Kənd təsərrüfatı krediti – bu sahənin inkişafı üçün nəzərdə tutulmuş kredit növüdür.

8. Beynəlxalq kredit - borc kapitalının ölkələr arasında hərəkəti fəaliyyətidir.

Kredit sistemi dedikdə, kredit hesablaşma münasibətlərinin kreditləşmənin forma və metodlarının və kreditləşmə institutlarının məcmusu başa düşülür.

Tarixən kredit sisteminin əsası kimi banklar çıxış edir. Kredit sistemi o zaman bütöv və obyektiv olur ki, o, 3 elementi: 1. Kredit münasibətləri sistemini. 2. Kredit idarələri sistemini. 3. Kreditləşmə sistemini özündə əks etdirir.

Bazar iqtisadiyyatı şəraitində kredit sisteminin əsas fəaliyyət göstərən üzvləri banklardır. Banklar - pul vəsaitlərini cəmləşdirən, kredit verən, pul hesabları aparan, pul və qiymətli kağızların emissiyası və s. funksiyaları həyata keçirən iqtisadi institutdur. Banklar əmtəə-pul münasibətləri əsasında yaranır və inkişaf edir. Bank termini italyan dilindəki “banko” - “stol” sözündən əmələ gəlmişdir. Sərraflar və bankirlər öz əməllərini belə stol arxasında həyata keçirirdi: Sonradan bu söz başqa dillərə də keçmişdir.

İlk bank e. ə 8-ci əsrdə Babilistanda yaradılıb. O dövrdə kilsələr kəndlilərə məhsullarını əkib-becərmək üçün pul vəsaitləri verirdilər. Öz fəaliyyətini qismən yerinə yetirən ilk bank 1587-ci ildə Florensiyada yaradılıb. Onlar əhaliyə kredit verib, əmanətlərini alırdılar. Daha sonra banklar 1609-cu ildə Amsterdamda, 1618-ci ildə Hamburqda yaradılıb. Kapitalist bank işinin müasir prinsipləri XVII əsrdə İngiltərədə yaranmışdır.

Bazar iqtisadiyyatlı ölkələrdə bank sistemləri müxtəlif quruluşda formalaşmışdır:

1. İki pilləli bank sistemi. Bu sistem mərkəzi bank və kommersiya banklarından ibarətdir.

2. Mərkəzləşdirilmiş bank sistemi (məsələn ABŞ-ın Federal Ehtiyat Sistemi). Bu sistemdə mərkəzi bank həm dövlət və həm də xüsusi mülkiyyətə əsaslanmaqla qarışıq mülkiyyət kimi fəaliyyət göstərir. SSRİ dövründə mərkəzləşdirilmiş vahid bank sistemi fəaliyyət göstərmişdir.

İnkişaf etmiş ölkələrin əksəriyyətində iki pilləli bank sistemi mövcuddur. Bu sistemdə başlıca rol mərkəzi banka məxsusdur və birinci pillədə durur. Mərkəzi bank XVIII - XIX əsrlərdə kommersiya banklarından ayrılıb müstəqilləşmişdir. Bir qayda olaraq mərkəzi bank dövlətə məxsus olur və iqtisadiyyatın makroiqtisadi səviyyədə tənzimlənməsinin mühüm aləti hesab olunur.

Bazar münasibətləri sisteminə keçən Azərbaycanın yeni bank sistemi formalaşdırılır. Ölkəmizdə bank fəaliyyətinin hüquqi tənzimlənməsi Azərbaycan Respublikasının Konstitutsiyası, “Mərkəzi Banki haqqında”(10 iyun 1996-cı il), “Banklar və bank fəaliyyəti haqqında” (14 iyun 1996-cı il) Azərbaycan Respublikasının qanunları əsasında aparılır.

Azərbaycan Respublikasında ikipilləli bank sistemi fəaliyyət göstərir.

Bazar iqtisadiyyatı şəraitində geniş fəaliyyət göstərən, ikinci pillədə duran banklar kommersiya bankları adlanır. Kommersiya bankı mənfəət əldə etmək məqsədilə yaradılmış kommersiya müəssisəsidir. Kommersiya bankı - vəsaitlərin cəlb edilməsi və qayıdanlıq, təcililik və ödənişlilik şərti ilə öz adından yerləşdirilməsi üçün təyinatlanmış kredit təşkilatıdır. Kommersiya bankları iqtisadiyyatın “sinir” sistemi adlandırılır, universal хarakter daşıyır, konkret sahələrə maliyyə-kredit хidməti göstərir. Kommersiya bankları kredit, fond və vasitəçilik əməliyyatlarını yerinə yetirir, hesablaşmaları həyata keçirir, хalq təsərrüfatı miqyasından tədiyə (ödəniş) dövriyyəsini təşkil edirlər.

Kommersiya bankları 2 növə bölünür: 1. Kommersiya bankları. 2. Səhmdar kommersiya bankları.

Kommersiya bankları fəaliyyət tipinə görə də 2 yerə bölünür: 1. Universal banklar. 2. Xüsusi banklar.

Universal banklar demək olar ki, bütün bank əməliyyatlarını aparan banklardır. Yəni, iqtisadiyyatın bütün sferasına xidmət edən banklardır. Xüsusi banklar yalnız iqtisadiyyatın bir sahəsi üzrə xüsusiləşmiş banklara deyilir. Yəni həmin banklar iqtisadiyyatın bu və ya digər sahəsinə xidmət edən banklardır.

Bazar iqtisadiyyatı sistemində pul daim hərəkətdə olur öz funksiyalarını yerinə yetirir. Pulun tədavülü fasiləsiz olmalıdır və bunsuz bazarlar fəaliyyət göstərə bilməzlər. Pulun daim hərəkətdə olması onun dövriyyəsi adlanır. Dünyada pul tədavülünün müхtəlif sistemləri mövcuddur və onlar tariхi inkişafın gedişi ilə formalaşmış və hər dövlətin öz qanunları ilə təsbit edilmişdir. Deməli, pul sistemi dedikdə, hər bir ölkədə qərarlaşmış və dövlət tərəfindən qanunvericilikdə müəyyən edilmiş pul tədavülünün təşkili forması başa düşülür.

Pul tədavülü dairələri. Pul tədavülü iki dairəyə bölünür: nağd və nağdsız. Pul tədavülünün nağd formasında banknotlar, xırda pullar və kağız (xəzinədarlıq) biletləri, yəni öz fiziki formasında nağd ortada olan və ödənişlərin əksər növlərində tətbiq olıman pullar nəzərdə tutulur, istifadə olunur. “Nağd pullar” məfhumu ilə yanaşı mənaca ona yaxın olan simvolik pullar anlayışı da işlədilir. Bu çox vaxt metal pullardır. Onlar elə pul vasitəsidir ki, onların bir pul kimi dəyəri və alıcılıq qabiliyyəti onların buraxılmasına (kəsilməsinin, çapının dəyəri) çəkilən xərcdən xeyli, həm də pul nişanının hazırlandığı material satılarsa, ondan əldə oluna bilə-cək satış pulundan yüksəkdir. Bu, metal pulların əridilib külçə halında satılmasının qarşısının alınması üçün zəruridir.

Nağdsız pul forması - bu, bank hesablarındakı pullar və mərkəzi bankda tələb olunana qədər depozitlər və ya müddətsiz depozitlər, yəni kommersiya banklarının hesablarındakı əmanətlərdir. Çeklər, kredit kartları, veksellər, akkreditivlər, tədiyə tapşırığı və s. vasitəsilə həyata keçirilir. Bu həm müəssisələrin öz aralarında qarşılıqlı hesablaşmalarda və banklarla nağdsız hesablaşmalarda istifadə olunan pul vəsaitləridir, həm də vətəndaşların bank hesablarında saxlanılan pullarıdır.

Nağdsız hesablaşmaların ən geniş yayılmış forması bank köçürmələri -transfertdir (debet-kredit hesablaşma əməliyyatlarının ardıcıllığı).

Pul kütləsi - təsərrüfatda nağd və nağdsız formalarda olan və xalq təsərrüfatında əmtəə və xidmətlərin tədavülünü təmin edən bütün pul vasitələrinin məcmusudur.

Pul kütləsinin ən mühüm kəmiyyət göstəricilərindən biri pulun tədavül sürətidir ki, bu da pulun müəyyən vaxt ərzində xidmət göstərdiyi sövdələşmələrin sayıdır.

Pulun tədavül sürətinə müxtəlif həm iqtisadi, həm də qeyri-iqtisadi amillər təsir edə bilir. İqtisadi amillərə aiddirlər: milli iqtisadiyyatın artım tempi, yaşanılan tsiklin fazası, tədiyə balansmın vəziyyəti, ölkədə inflyasiyanın səviyyəsi və s. Qeyri-iqtisadi amillərə aiddirlər: inflyasiya gözləmələri, təlaşlıq vəziyyəti və s.

Amerika iqtisadçısı İ.Fişer bütün lazımi amilləri nəzərə almaqla mübadilə tənliyi adlanan tənlik vasitəsilə lazım olan pulun miqdarını riyazi yolla hesablamağa cəhd etmişdi:

MV = PQ vəya M = PQ / V, burada M - pulun kütləsi;

PQ- əmtəə qiymətlərinin cəmi; V - pulun tədavül sürəti.

Bununla belə həmin tənlik xeyli əvvəllər məlum idi. “Kapital”ın birinci cildində K.Marks bu tənliyi bu şəkildə təqdim edirdi: pul kütləsi - əmtəə qiymətləri cəminin pul vahidlərinin dövrləri sayına nisbətinə bərabərdir. O həmçinin tədavül üçün zəruri olan pul miqdarının daha dolğun və geniş tənliyinin təsvirini vermişdi:

M = (PQ - K + a - b) / V. burada M - tədavül üçün zəruri olan pulun miqdarı;

PQ - realizə olunan əmtəə və xidmətlərin qiymətləri cəmi;

K - kreditlə satılmış əmtəələrin qiymətləri cəmi;

a - vaxtı çatmış tədiyələr;

b - qarşılıqlı ödənilən öhdəliklər;

V - pulların tədavül sürətidir.

Beləliklə, K.Marks pulun tədavül qanununu vermişdi: tədvül üçün zəruri olan pulun miqdarı realizə olunan əmtəələrin kreditlə satılmış əmtəələrin qiymətləri cəmini çıxmaq şərtilə qiymətləri cəmi, həmçinin vaxtı çatmış tədiyələrin, qarşılıqlı ödənilən öhdəlikləri çıxmaq şərtilə, həcmi ilə düz, pulların tədavül sürəti ilə tərs mütənasibdir.

Pul bazarı - elə pul vəsaitləri bazarıdır ki, burada pula tələb və pulun təklifinin qarşılıqlı əlaqəsi nəticəsində pulun miqdarmın müvazinət kəmiyyəti və müvazinət faiz dərəcəsi müəyyənləşir.

Pul bazarı pul bazarına və kapital bazarına bölünən maliyyə bazarının bir hissəsidir. Pul bazarı məfhumu altında qısamüddətli (bir ilə qədər) kredit əməliyyatları bazarı başa düşülür.





Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin