Türkman. Qəmbər, padşahın xəstəliyini bilincə, yanına əsgər verilərək mükafatlandırılır.
Q.111.7 Jewels as reward (cəvahirat verərək mükafatlandırma)
Əlyaz.2. Qarı, əsgərlərlə birlikdə gələn Qəmbəri geri qaytarınca Bəyəfəndidən qızıl alır
Q211 Murder punished (öldürülərək cəzalandırma)
Əlyaz.1.Əlyaz.2. Rum.1. İki aşiqi ayıran qarını öldürürlər.
R. CAPTIVES AND FUGITIVES (əsirlər və qaçaqlar)
R40. Places of captivity (əsirlik)
R41. Captivity in tower (castle, prison) (qala, hasar və zindana həbs etmə)
Türk.3. Arzu, bilərziyini itirincə, anası hirslənərək zindana qapadar
R169.1. Hero in disguise of foolish knight, then of black knight, rescues lady (Sevgilisini qurtarmaq üçün paltar dəyişdirərək gəzən kimsə)
Türk.2. Əlyaz.1. Əlyaz.2. Türk.2. Türk.3. Rum.1. Qəmbər “dərviş”, “ərəb”, “kəl”, “çoban”, “aşbaz” qılığında Arzunun oyuna gedər.
S. UNNATURAL CRUELTY (anormal zülmlər)
S12 Cruel mother (zalım ana)
Daşb. Əlyaz.2. Türk.2. Türk.2. Türk. 3. Türkman. Tobol. Rum.1. Özbək. Qaq. Karaim. Urum. Azərb. Arzunun anası, iki aşiqi bir-birindən ayırmaq üçün müxtəlif yollara baş vurur.
T. SEX (cinsiyyət)
T10. Falling in love (aşiq olma)
(M/M) T11.8. Bir yerdə məktəbə gedən gənclər, bir-birlərinə aşiq olurlar.
Daşb. Əlyaz.1. Əlyaz.2. Türk.2. Türk.3. Rum.1. Azərb. Arzu ilə Qəmbər, məktəbə gedərkən bir-birlərini sevməyə başlarlar.
T15. Love at first sight (ilk görüşdə aşiq olma)
Daşb.Türk.2. Qəhrəmanlar ilk görüşdə bir-birinə aşiq olurlar
T61.5.3. Unborn children promised in marriage to each other (Beşikkərtmə)
Daşb. Əlyaz.2. Türkmən. Qəhrəmanlar, doğulacaq uşaqlarını beşikkərtmə edirlər.
T80. Tragic love (Faciəvi məhəbbət)
T86.2. Lovers die at the same time (aşiqlərin eyni anda ölmələri)
Daşb. Əlyaz.1. Əlyaz.2. Türk.3. Türkman. Rum.1. İki aşiq, bir-birinə qovuşduqdan sonra, eyni anda ölürlər.
T130.Marriage customs (evlənmə adətləri)
Əlyaz.1. Əlyaz.2. Azərb. Müxtəlif nigah adətləri vardır.
(M/M) T131.13 Xına yaxaraq evlənmə
Əlyaz.2. Toyda Arzunun əlinə xına yaxılır.
T268. Beautiful woman married to hideous man: he is thankful, she patient (Sevgililərin bir-birinə qovuşması)
Əlyaz.1._Əlyaz.2._Türk.1._Türk.2'>Daşb. Əlyaz.1. Əlyaz.2. Türk.1. Türk.2. Qəhrəmanlar bir-birinə qovuşur
T511. Conception from eating (yeməklə hamilə qalma)
T511.1.1. Conception from eating a fruit (alma yeyərək hamilə qalma)
Türk.2. Rum.1. Azərb. Dərvişin verdiyi almaları yeyən qəhrəmanların uşaqları olur.
T589. Childbirth--miscellaneous motifs (uşaq doğumu ilə ilgili müxtəlif motivlər)
T589.7.1. Simultaneous birth of (domestic) animal and child (Heyvan və uşağın eyni anda doğumu)
Rum.1. Noğ. Azərb. Alma yeyən ana ilə qabığını yeyən atın eyni zamanda övladı dünyaya gəlir.
U. THE NATURE OF LIFE (həyatın təbiəti)
(“Arzu-Qəmbər”də örnəklərinə hələlik rast gəlinməyib)
V. RELIGION (din)
V30. Sacrament (dini ayinlər)
(M/M)V36 Namaz
(M/M)V36.4. Sübh namazı
Əlyaz.1. Əlyaz.2. Qəmbər namazını qılır.
(M/M)V37 Həccə getmə
Əlyaz.1. Rum.1. Qəmbər, balaca olanda atası ilə Həccə gedərken yolda quldurların basqınına məruz qalırlar. Aşiqlərin məzarından çıxan yaşıl və sarı güllər qovuşunca, Allah onları Həcc yoluna atır. Arzunun atasının Həccdə aldığı hədiyyələrin hamısında “Arızla Kamber” yazılır.
(M/M)V38. Taleyə inanmaq
Daş. Türk.2. Arzu, başqasına verilincə, Qəmbər də taleyinə razı olub geri çəkilir.
V50. Prayer (Dua)
Daş. Əlyaz.2. Türk.2. Türk.3. Türkman. Rum.1. Azərb. Qəhrəmanlar tərəfindən müxtəlif dualar edilir
V60. Funeral rites (yas mərasimləri)
Daş. Əlyaz.1. Azərb. Qarı, Arzunun öldüyünü söyləyincə, Qəmbər, gedib məzarında Yasin-i Ş
Şərif oxumaq istər.
V150. Sacred objects—miscellaneous (müqəddəs nəsnələr).
V151. Sacred writings (müqəddəs yazılar).
(M/M) V151.2 Qurani-Kərim
Tobol. Özbək. Qəmbərin əlində Quran vardır.
V200.Sacred persons (Müqəddəs yardımçılar)
(M/M)V206.1. Xızır
Əlyaz.1. Türkman. Tobol. Hz.Xızır darda qalan qəhrəmanlara yardım edər.
V290.Other sacred persons (digər müqəddəslər)
(M/M)V290.1.Həzrət Əli
Türkmən. Həzrət Əli darda qalan qəhrəmanlara yardım edər
V300.Religious beliefs (dini inanışlar)
Əlyaz.1. Burgaib Sipahinin qızı (Arzu) dünyaya gəlincə, qurbanlar kəsərək, kasıblara paylayır.
(M/M)V305. Qəbirsanlığı ziyarət etmə
Əlyaz.1. Türk.2. Qəmbər Arzunun məzarına gedərək, onu ziyarət edər.
W. TRAITS OF CHARACTER (xarakter xüsusiyyətləri)
(“Arzu-Qəmbər”də örnəklərinə hələlik rast gəlinməyib)
X. HUMOR (yumor)
(“Arzu-Qəmbər”də örnəklərinə hələlik rast gəlinməyib)
Z. MISCELLANEOUS GROUPS OF MOTIFS (müxtəlif motiv qrupları)
Z60. Other formulistic motifs
Z.71.1 Formulistic number: three (formulistik sayı: 3)
Əlyaz.1. Əlyaz.2. Türk.1. Türk.3. Türkman. Üç qız, üç gün, üç alma şəklində mövcuddur
Z71.11. Formulistic number: thirty (formulistik sayı: 30)
Əlyaz.2. - Arzu, Qəmbərə gedib yardım gətirməsi üçün otuz il möhlət verir.
Z71.12. Formulistic number: forty (formulistik sayı: 40)
Daşb. Əlyaz.1. Əlyaz.2. Türk.3. Rum.1. Qırx qapıçı, qırx qız, qırx göyərçin, qırx igid, qırx dost, qırx gün, qırx vəzir, qırx cariyə və s. şəklində mövcuddur.
(M/M) Z71.12.0.1 Qırx gün qırx gecə toy
Əlyaz.1.Türk.2. Rüstəm Şahın kiçik qızı ilə Qəmbərin, digər variantda Arzunun qırx gün qırx gecə toyu keçirilir
Z71.16. Formulistic number: 300 (formulistik sayı: 300)
Əlyaz.1. Üç yüz dəyənək, üç yüz atlı şəklində mövcuddur
Nəticə. “Arzu-Qəmbər” üzərində aparılan bu çalışmanın məqsədi sözügedən dastanın motiv göstəricisinin tam mənzərəsini yaratmaqdır. Üzərində durduğumuz dastan Azərbaycanla və ya Türkiyə ilə məhdudlaşdırılmamış, Balkanlardakı türk örnəkləri və digər türk toplumlarındakı mətnlər də buraya daxil edilmişdir.
“Arzu-Qəmbər” dastanının varianları və fərqli mətnlərinin motivləri içərisində bir neçə motiv əldə olan dastan mətnlərinin hamısında vardır. Sıx-sıx rastlanan motivlər J155.4. Wife as adviser (qadının nəsihəti), C423. Tabu: revealing the marvelous (qeyri-adiliklərin ifşa edilməsi), D1074. Magic bracelet (sehrli bilərzik) kimi müəyyən edilə bilər.
Tədqiqata cəlb etdiyimiz variant və versiyalardakı motiv eyniliyi və ya oxşarlığı əslində bütün türk xalqlarında bu dastanın eyni mənbədən qaynaqlandığını təsdiq edir.
QAYNAQLAR
1. Thompson S. Motif-index of folk-literature: a classification of narrative elements in folktales, ballads, myths, fables, medieval romances, exempla, fabuliaux, jest-books and local legends” (Revised and enlarged edition. Bloomington: Indiana University Press, 1955-1958)
2. Мелетинский Е.М. О литературных архетипах. М., 1994. 134 с 3500 экз.
3. Alptekin A.B. Halk Hikâyelerinin Motif Yapısı. Ankara, Akçağ yayınları, 2002
4. Arzu ile Kamber hikayesi üzerinde mukayeseli bir araştırma. Elazığ: T.C. Fırat Universitesi, 1987, 341 s.
Şakir ALBALIYEV
Filologiya üzrə fəlsəfə doktoru, dosent,
AMEA Folklor İnstitutu,
albaliyevshakir@rambler.ru
NOVRUZ: ADİLİKDƏ QEYRİ-ADİLİKLƏRİN REALLAŞMASI
Xülasə
Novruz bayramında, ilaxır çərşənbə gecəsində buta ala bilməyin mümkünlüyü folkloristik yöndəm araşdırılır. Papaqatdı adətinə fərqli baxış ifadə olunur. Bir sıra adətlərin icrasında daşınan simvolik məzmun yükünə aydınlıq gətirilir.
Açar sözlər: Novruz, buta, Xızır, adət, mif, mərasim
NOVRUZ: THE REALİZATİON OF UNUSUALNESS İN COMMONNESS
Summary
In Novruz holiday, last Tuesday’s eve the possibility of obtaining buta (almond-shaped pattern) is investigated from the folkloristic point of view. A different view to the tradition of papagatdi (to throw a cap) is expressed. Here is given clearness to the symbolical content charge of tradition.
Key words: Novruz, buta (almond-shaped pattern), Khizir, tradition, myth, ceremony
НОВРУЗ: ОСУЩЕСТВЛЕНИЕ НЕОБЫКНОВЕННЫХ
ЯВЛЕНИЙ В ОБЫЧНОМ
Резюме
В статье исследуется способ завоевания любви /бута/, перед праздником Новруз в последний вторник старого /уходящего/ года по лунному календарю. Своеобразно рассмотривается традиционная игра папагатды. В данной работе ясно выражается символическое содержание ряда действующих обычий.
Ключевые слова: Новруз, любовь, бута, Хызыр, обычай, миф, обряд
Novruz bayramı və buta. El arasında yazın gəlişinə qanın qaynayan vaxtı ifadəsini nahaq yerə demirlər. Təbiət təzədən qış sükutundan oyanıb cana gəlməklə bərabər, öz enerjisini təbiətin bir parçası olan insanın da qanına-ruhuna yeridir. İnsanda fiziki baxımdan da bir qaynama hissi baş qaldırır, ehtiras coşur, ruhunda – mənəvi dünyasında da bir təzəlik ab-havası yaranır. Beləliklə, mənəvi və cismani-fiziki baxımdan bütöv olaraq insanda dirçəlmə, yenilənmə əhval-ruhiyyəsi özünü göstərir. Bu, təbiətdə tumurcuqlanma, çiçəkaçma, nəhayətdə barvermə funksiyası ilə reallaşdığı kimi, insan dünyasında da butaalma, adaxlanma və toy mərhələlərindən keçməklə gələcəkdə nəsil artımı – övlad dünyaya gətirməklə nəticələnir. Beləliklə, təbiətin ilk butası tumurcuqlama, ləçəkləmə – çiçəkləmədirsə, insanın da butası məhz təbiətin bu ünsürlərini əks etdirən buta naxışlarında ilkin rəmzlərini tapır. Ona görə də buta mifologemi ilə yaz fəsli, həmçinin yazın gəlişinin sosioloji ifadəsi olan Novruz (habelə Novruzun tərkib hissəsi olan ilaxır çərşənbəsi) bayramı arasında sırf bağlılığın mövcudluğu təbiidir.
Görkəmli mifoloq Mirəli Seyidov məhz bu məsələ ilə bağlı yazır: «Doğrudan da, zaman keçdikcə su – yaşıllıq ilahəsi olan Öləng toyla, ailə qurmaqla əlaqədar xatırlanmışdır. Bu da təbii bir haldır. Axı yaşıllıqla, gəncliklə ailə qurmaq arasında təbii yaxınlıq vardır. Yaşıllıq təbiətin təzəlik çağıdır. Gənclik də insanın təzə-tər dövrüdür. Yaşıllıqla əlaqədar olaraq meyvə (toxum) əmələ gəlir. Bu isə artımdır. Gəncliyin toy mərasimi də gələcək övladların doğulması üçün zəmin yaradır. Övlad da artımdır. Məhz buna görə də yaşıllıq ilahəsi Öləng sonralar gənclik, ailə qurmaq ilahəsinə çevrilmişdir. Öləng toyla-gəncliklə əlaqədardır. Bu cəhət Xızır\\Xıdır-İlyasın mifik təbiətini xatırladır və bir daha sübut edir ki, Öləng sonralar Xızır-İlyasla çarpazlaşmışdır. Ancaq biz bununla demək istəmirik ki, Xızır-İlyasın bütün mifik səciyyələri onlara Öləngdən keçmişdir. Xeyr, çarpazlaşmadan əvvəl hərə öz növbəsində eyni mifik anlayışı bu və ya digər dərəcədə təmsil etmişdir» (1, 70).
Göründüyü kimi, burada yaşıllıq ilahəsi Öləngin həm də ailə qurmaq ilahəsi olmasının təbiiliyi əsaslandırılır. Deməli, bu minvalla yanaşdıqda yaşıllığın özlüyündə həm də bahar fəslini – Bahar bayramını, Novruzu təcəssüm etdirdiyi aydın məsələdir. Belə olduğu təqdirdə isə Novruz bayramıyla buta motivinin bir məcraya sığdığı, onların bir-biriləri ilə qırılmaz üzvi bağlılığı qanunauyğun təbiiliklə qarşılanmalıdır. Bunu söyləyəcəyimiz misallar əsasında sübuta yetirəcəyik. Novruz xonçasını təşkil edən atributları, adətləri, Novruz şirniyyatını nəzərdən keçirəndə buradakı buta elementlərinin özünə geniş yer alması aydınlığı ilə üzə çıxır.
Novruz bayramı ərəfəsində nişanlı qıza gətirilən bayram şirniyyatından (məsələn, şəkərburadan, ya şokoladdan və s.) birini bir subay qız, ya subay oğlan götürüb bayram gecəsi yarısını yesə, yarısını isə niyyət tutub yastığının altına qoyub yatsa, gecə yuxusunda gələcək qismətini (butasını) görəcəkdir. (bu inamı mənə 1974-ci ildə Saatlı rayonu, Azadkənd kəndində anadan olmuş, orta təhsilli Albalıyeva (Hacıyeva) Aləmzər Ataman qızı danışdı). Deməli, bu inam nümunəsində Novruz bayramı ilə yuxuda butaalma mifinin real dünyamızda bu gün də yaşadığı göz önündədir. Burada Novruz bayramında nişanlı qızgilə gedilməsi ilk növbədə açıqdan-açığa xalq adət-ənənəsində bayramla ailəqurma mərasimi arasında genetik bağlılığı göstərir. O ki qaldı qız evinə gətirilən nişan şirniyyatından birinin, məsələn, şəkərburanın yarısının yeyilib, yarısının da yastıq altına qoyularaq, niyyət tutulub yatmaqla yuxuda gələcək nişanlını – sevgilini görmək inancına, bu niyyət isə ancaq bu müqəddəs bayram gecəsində icra oluna bilər. Adi günlərdə gətirilən elçilik, ya nişan, ya toy şirniyyatından yox, məhz ilaxır çərşənbəsi, ya Novruz bayramı vaxtı gətirilən xonçadakı şirniyyatdan bu məqsədlə istifadə etmək olar. Bu, həm də birbaşa onu işarələyir ki, bizim nağıl və dastanlarımızda mifik donda oxuyub-eşitdiyimiz butaverilmə motivinin real həyatdakı təzahürünü məhz bu bayram vaxtlarında görə bilərik. Bu da Novruz bayramı və butaalmanın bir-biri ilə sıx bağlığının əyani təsdiqidir.
Bir məqamın da üstündən keçmək olmaz. Novruz şirniyyatlarından olan şəkərbura (həmçinin paxlava) formaca aypara şəklindədir və üstündə də naxışlar olur. Aypara formasının özü həm də ürək şəklini – ciyərparəni (ürəyin, ciyərin yarısını) işarələyir. Ciyərparə şəkli isə hər kəsin ciyərparəsini, sevgilisini simvolizə edir, üstəgəl bu aypara – ciyərpara şəkilli şəkərburanın üstündəki naxışların olması da mahiyyətcə butanın birbaşa özünü (buta naxışını) işarələyir. Yenə üstəgəl, şəkərburanın tərkibinin şirin-şəkər olması, dadının, tamının ləzizliyi, şirinliyi də eşqin, sevginin şirinliyini ifadə edir. «Mənə derlər yardan keç, yar şirindi, keçilməz» bayatısında vurğulandığı kimi yarın, sevgilinin (butanın) şirinliyi fiziki olaraq dadbilmə vasitəsilə şəkərburanın şirin-şəkər dadında özünü göstərir.
Eləcə də paxlavanın bal şərbətilə, yaxud yağla, şəkər tozu ilə hazırlanması da beləcə mənaya – məntiqə söykənməklə bir Novruz şirniyyatı kimi paxlavanın da buta rəmzi olduğunu göstərir. Eyni zamanda, paxlavanın xüsusi formada olması, qoz ləpəsindən olan köbəsi – naxışı da bir tərəfdən onun şirinliyinə xüsusi ləzzət əlavə olunmasını işarələyirsə, həm də digər tərəfdən də bu naxış köbəsinin özünün də buta naxış-ornamentinin bir təzahürü olmasını reallaşdırır. Bu məntiqdən çıxış edəndə bir daha Novruz şirniyyatlarının xüsusi zövq ilə bəzədilməsi amili ona xidmət edir ki, bu bəzək-naxışlar özlüyündə həm də buta naxışlarını simvolizə edir ki, bu fakt özü də Novruz və buta amilinin qovuşuq vəhdətdə olduğundan xəbər verir. «Yurdumuza yaz gəlir, qoy barışsın küsənlər, taleh sizə yar olsun, sevilənlər-sevənlər» mahnısının bu sözləri də görünür təhtəlşüurdakı bu ideyanın mahnının sözlərindəki təzahürüdür. Yəni yazın gəlişi – Novruz küsülülərin barışığı, sevgililərə taleyin yar olması bayramı kimi anılır və tərənnüm olunur.
Novruz bayramında hər qız özü üçün bir yumurta aparıb təmiz axar suyun (bulağın) başına qoyarmış, əgər səhər tezdən gəlib görürmüşsə ki, yumurtanın üzərinə otdan, şehdən, ya nədənsə qırmızı xallar düşərmişsə, onda o qızın niyyəti yerinə yetərmiş, nişanlanarmış, gəlin köçərmiş. Yox, əgər Allah eləməmiş, yumurtanın üstünə qara xal düşürmüşsə, onda o yumurta sahibinin niyyəti həyata keçməzmiş, bədbəxtliklə üzləşərmiş. Bu inancı mənə Kəlbəcər rayonunun Zülfüqarlı inzibati-ərazi dairəsinin Qaragüney kəndindən olan, 1982-ci il təvəllüdlü, orta təhsilli Aslanova Rəqsanə Hüseyn qızı söylədi. Bu inanc nümunəsində də Novruz bayramında icra edilən adətlə qızın nişanlanacağı, ərə gedəcəyi (butasını tapacağı, butasına qovuşacağı) faktı aşkar görünür. Deməli, mifoloji butaalma motivinin gerçəklikdə reallaşacağı an, zaman məhz müqəddəs Novruz bayramı ənənəsində sınanılır və baş tutur.
Novruzun atributlarından olan səməninin belinə qırmızı kəmər bağlanması və onun incəbel gəlinə təşbeh edilməsi də toy mərasimi ilə – sevgili ilə qoşa müqayisəsini göstərən bir əlamətdir. Bir sözlə, şəkərburanın aypara forması və naxışlı olması, paxlavanın rombşəkilli və ortası naxışlı olması buta ornamentləri ilə uyğunluq yaratdığı kimi, Novruz şirniyyatları isə yenə də dadına, tamına görə şirinliyin – məhəbbətin şirinliyinin ifadəsidir.
Eləcə də yuxuda butaalma mifinin müasir dünyamızda birbaşa, əyani ifadəsi də ilaxır çərşənbəsi, ya Novruz gecəsində reallaşır. Belə ki, duzlu kökə yeyib, niyyət edib yatsan, yuxunda gələcək sevgilini (butanı) görərsən. Qeyd edim ki, istisna hallarda əməli-saleh adamlara bu mübarək gecələrdə hatifdən (qeybdən) gələn səs sahibi tərəfindən gələcək nişanlısının – butasının kim olması barədə ismarış da verilə bilir. Və bu kimi hallar birbaşa Novruz (eləcə də Novruzun tərkib hissəsi olan ilaxır çərşənbəsi) bayramı ilə butaalma mifi arasında çox sıx əlaqənin olmasından, bir-biri ilə bağlılığından xəbər verir. Ən başlıcası isə unutmaq olmaz ki, buta təsvirlərinin – naxışlarının özü birbaşa Novruzun gəlişi olan yaz fəsli ilə birbaşa bağlıdır. Görkəmli mifoloq M.Seyidovun yazdığı kimi, «Butanın «qönçə», «şüvül», «şaxələnmə» mənaları onu istər-istəməz ağac, bitki mifi ilə bağlayır» (1, 130). Yəni bu həm də o deməkdir ki, buta yaşıllığın simvoludur. Deməli, yazın gəlişi – Novruz birbaşa yaşıllıqla bağlıdır. Buta naxışları da ağacın yarpağı, təzə açılan güllərin ləçəkləri, habelə gül-çiçək təsvirləri ilə ifadəsini – rəsmini tapır. Novruzda kol dibindən boylanan novruzgülü – utancaq bənövşə özü bakirə qız timsallı buta deyilmi? Bu məqamda novruzgülü elə butanın özü deyilmi? Bu mənada Novruzda – yazda açan güllər obrazlı olaraq bir sevgili buta simvolunu əks etdirmirmi? Bağrıyanıq al-qırmızı lalələr sevgi hicrətindən alışıb sinəsi qapqara yanan fədakar aşiq obrazını (butanı) ifadə etmirmi? Yaxud ətrindən-rayihəsindən bihuş olduğumuz sonsuz sayda buta naxışlarını özündə birləşdirən qızılgül yarın (butanın) gülətirli nəfəsini xarakterizə etmirmi? Yar qoynu cənnət bağçasını xatırladan ətirli, səfalı məkana bənzədilmirmi, yar nəfəsi cənnətin bihuşedici havası ilə müqayisə olunmurmu və təbii qızılgül ətrinin məstedici qoxusu bunu əks etdirmirmi? Yaxud adına havayı yerəmi «qızıl» epiteti artırılıb qızılgül deyilir ona? Yəni qızıl gül, güllərin qızılı, əvəzolunmazı! Yar, sevgili (buta) də insana əvəzolunmaz gül – qızıl gül (qızılgül) deyilmi, bəs nədir?! Əbəs yerəmi xalqımız qızılgülü bu qədər öyüb vəsf edir, vəsfü-sənalar söyləyir:
Qızılgül oyum-oyum,
Oyum qoynuma qoyum.
Yağış yağar, yer doymaz,
Mən səndən necə doyum?
Necə də ilahi bir hikmət işığında, samit və sait səslərin növbəli şəkildə bir-birilərini izləməsi və rəvan, axıcıl təb üslubunda deyilmişdir. Misra-misra təhlilə keçək.
Qızılgül oyum-oyum – yəni qızılgülün təbii düzümü – quruluşu nəzərdə tutulub, «oyum-oyum» - buta-buta, naxış-naxış, ləçək-ləçək, çiçək-çiçək...
Oyum qoynuma qoyum – görürsənmi, «dərim» əvəzinə «oyum» ifadəsi işlənib ki, bunun özəl mənası var; yəni ləçək-ləçək (buta-buta) olan qızılgülü əl ilə oyma-oyma oyub qoyuna yığmaq, qızılgülün ləçəklərini – buta rəmzini qoyuna qoymaq – ürəyə sıxıb əzizləmək (sevgili kimi);
Yağış yağar, yer doymaz – yağışdan ötrü yer (torpaq) eşq-hicran odunda yanıb-qovrulan aşiq obrazıdır. Yer yağışdan doymadığı kimi, aşiq də məşuqəsindən doymaz.
Mən səndən necə doyum? – yəni yağış – yer (torpaq) qarşıdurması sevgililər nisbəti kimi götürülmüş və «mən səndən – sevgilimdən (butamdan – burada qızılgüldən, buta-buta, ləçək-ləçək olan qızılgüldən) necə doyum», – deyə ritorik sual qoyulur.
Bir sözlə, burada yağış (su) kişi, yer (torpaq) isə qadın (ana) timsalında əks cinsliyi – cütlüyü təmsil edir. Qərənfil gülü kimi qızılgül gülü də təbiiliklə butalı ləçəklərdən xəlq olunub, özlüyündə buta rəmzini səciyyələndirir. Ona görə də qızılgülə qızıl təşbehi – epiteti artırılmaqla qızılgül – güllərin (butaların) qızılı adlandırılıb. Buta isə əslində gülü simvolizə edir, gülün təravətliliyi, zərifliyi, saflığı aşiq-məşuq obrazına bərabər tutulur və bu baxımdan da qızlarımıza qoyulan Buta adının əvvəlinə bəzən gül epitetinin də artırılması – Gülbuta adlanması da təbii səslənir. Hətta Buta-Gülbuta-Güləbətin variantları da mövcuddur ki, bu zaman güləbətinin də funksiyasının butaya transformasiya olunduğu məqamlar üzə çıxır. Güləbətin – gülbuta-buta paralellərinin aparılması başqa bir yazının mövzusu olduğundan, hələlik bu barədə danışmıram.
Qızılgül, ümumiyyətlə, güllər, çiçəklər yaz fəslində, Novruzda torpaqdan boy göstərib cücərdiyindən, çiçək açdığından, buta rəmzi olan güllərin Novruzla bağlılığının olması da təbiət qanunauyğunluğu ilə bir sıraya düşür. Bu mənada Novruz bayramı və buta mövzusunun vəhdətdə götürülməsi, öyrənilməsi də təbii-normal haldır.
Eyni zamanda Novruz fallarının, inanclarının, qulaq falına çıxmaq üçün qapı pusulmasının və s.nin mayasında – cövhərində xoş niyyətlərin tutulması amili dayanır və etiraf edək ki, bu niyyətlərin demək olar ki, hamısı gənc qızların, oğlanların niyyəti kimi öz sevgililərini (butalarını) tapması – araması, qovuşması məsələsinə bağlanır. Başqa cür desək, Novruz adət-ənənəsi, mərasimləri, falları içərisində gənclərin öz gələcək sevgililəri – butaları haqqında əvvəlcədən hər hansı bir informasiya almaq şansları, cəhdləri bir silsilə, bir sistem təşkil edir ki, bu fakt özü Novruz və buta mifinin gerçəkləşməsi arasında sıx, qırılmaz rabitənin olmasını şərtləndirir. Əgər nağıl, dastanlarımızda, yuxuda mifik donda butaalma, butavermə amilini eşitmişiksə, bu butaalma məsələsi özünün mifdən gerçəkliyə çevrilmə inikasını məhz Novruzda (çərşənbədə) tapır. Qulaq falından eşidəcəyi sözün məzmununa uyğun olaraq, yaxud yuxuda eşidəcəyi, görəcəyi teoinformativ səs-görüntü birbaşa buta ilə bağlıdır və nağılın, dastanın, yuxunun fonunda eşitdiyimiz butanın həyatda gerçəkliyə çevrilməsi məqamı məhz bu müqəddəs bayramda gerçəkləşir ki, elə Novruzun, çərşənbənin bir ilahi möcüzəsi də – açıq görüntüsü də bundadır. Bəli, Novruzda insan ekstrakt halına gələ bilir, istər açıqdan-açığa ayıq vaxtı niyyət tutub eşitdiyi söz vasitəsilə, istərsə də yuxulu vaxtı yuxuda eşitdiyi səs, gördüyü yuxu hesabına teoinformativ xarakterli məlumatla öz butasının kimliyi haqda, ya butasına qovuşacağı barədə bilgi – xəbər tutur.
Yazın istisi ilə butaalma arasında mifik əlaqədən söz açan professor M.Seyidov yazır: «Folklorçu Məhəmməd Təhməzov yazır ki, «aşıq» «yaşıq» sözündəndir. Deməli, «yaşıq»la – «günəş»lə eyni kökdən olan «aşıq» öz yaranışı ilə istiliklə bağlı olmuşdur. Elə buna görə də Xızırdan – yazın istiliyini gətirəndən və yazın istisinin – odunun insaniləşmiş obrazından buta alan gənclərin demək olar ki, hamısı öncə elə bil od tutub yanırlar, onları birdən-birə isti, xız basır. Çoxsaylı örnəklərdən birini yada salaq. «Novruz və Qəndab» dastanının qəhrəmanı «Novruz badəni dərvişdən (Xızırdan – M.S.) alıb nuş eylədi. O saat sinəsi dəmirçi kürəsi kimi yanmağa başladı. Bərkdən qışqırdı: -Ağa dərviş, yandım, mənə əlac» (2, 176).
Qan qaynayır, insan cismani-fiziki hal olaraq sevib-sevilmək həvəsinə düşür və bu zaman buta (sevgili) sorağına düşür. Deməli, Xızır peyğəmbər yazın istiliyini gətirən müqəddəs, mifik obraz olmaqla, həm də bu istiliyi sevgi odu – sevgi, eşq atəşi formasında gənclərin ruhuna da yeritməklə onlara buta verir. Bu, o məqama – o zaman kəsiyinə təsadüf edir ki, həmin vaxt təbiətin gecə-gündüzünün tən ortadan bərabərləşdiyi və insanların Novruz bayramı şəklində təntənə ilə keçirdikləri müqəddəs bayrama gəlib düşür. Bu məqamda istilik – yazın nəfəsi, Novruz bayramı və butaalma mərhələləri bir ortaq məxrəcdə birləşdiklərindən, təbiətin özü kimi saflaşa bilən, ekstrakt halına düşə bilən gənclərə də müqəddəs kimsələr tərəfindən, Xızır, ya Həzrəti Əli vasitəsilə buta verilir. Deməli, buta elə bir müqəddəs vergidir ki, o müqəddəslik teoinformativ şəkildə ancaq ilin-ayın mübarək vədəsində verilə bilir. O müqəddəs vergi ancaq xilqətən saflaşa bilən kəslərə yuxuda müqəddəs kimsənələr vasitəsilə verilir, o müqəddəs buta insana təmiz, saf aurası olan mühitdə və məkanda verilir. Belə bir saflıq halına isə Novruz kimi müqəddəs bayram ab-havasında gəlib yetişmək mümkün olur ki, məhz reallıqda butaalma məsələsinin də bu vaxtlara düşdüyü bu baxımdan təbiiliklə öz yerini alır.
Dostları ilə paylaş: |