Müqəddİmə Bir neçə zəruri xatırlatma



Yüklə 9,34 Mb.
səhifə20/88
tarix22.10.2017
ölçüsü9,34 Mb.
#11316
1   ...   16   17   18   19   20   21   22   23   ...   88

Qiblənin hökmləri


Məsələ 714: Bütün vacib namazlar üzü qibləyə qılınır.

Məsələ 715: Müqəddəs Məkkə şəhərindəki Kə’bə evi dünya müsəlmanlarının qibləsidir. İnsan harada olur-olsun, üzü Kə’bəyə namaz qılmalıdır. Amma uzaqda olan bir şəxs elə dayansa ki, onun üzü qibləyə dayandığı söylənilsin, bəs edər. Beləcə, uzunluğu Kə’bə evindən xeyli artıq olan cəmiyyət namazının sıralarında hamı üzü qibləyə dayanmış sayılır.

Məsələ 716: Zəruri deyil ki, üzü qibləyə dayanan vaxt barmaqların ucu da üzü qibləyə olsun. Oturan vaxt dizlərin baş tərəfinin də tam üzü qibləyə olması zəruri deyil. Bir insan haqqında “üzü qibləyə dayanmışdır və ya oturmuşdur” söylənilərsə, bəs edər.

Məsələ 717: Namazı oturaq vəziyyətdə qıla bilməyən şəxs uzanmış vəziyyətdə qıla bilər. Amma onun bədəninin ön tərəfi üzü qibləyə olmalıdır. Bu da mümkün olmasa, sol tərəf üstündə uzanmaq olar. Bu vaxt da bədənin ön hissəsi üzü qibləyə olmalıdır. Əgər tərəflər üzərində uzanmaq mümkün olmasa, arxası üstəyə uzanmaq olar. Bu vaxt ayaqların altı üzü qibləyə olmalıdır.

Məsələ 718: Ehtiyat namazında, yaddan çıxmış səcdə və təşəhhüdə görə namazda da üzü qibləyə olmaq lazımdır. Vacib ehtiyata əsasən, səcdeyi-səhvi yerinə yetirərkən də üzü qibləyə dayanmaq lazımdır.

Məsələ 719: Müstəhəb namazı yol gedə-gedə süvari halda qılmaq olar. Bu vaxt üzü qibləyə olmaq vacib deyil.

Məsələ 720: Qibləni tə’yin etmək üçün çox yol var. İnsan öncə çalışmalıdır ki, müəyyənləşdirilmiş qibləyə əmin olsun. Bu işdə iki ədalətli şahidin və ya bir e’tibarlı şəxsi hiss olunan nişanələrlə şəhadəti və ya elmi şəkildə qibləni müəyyənləşdirmiş birinin sözü qəbuldur. Bu yollarla qibləni müəyyənləşdirmək olmadıqda, məscidlərin mehrabı, qəbirlər əsasında və bu kimi başqa yollarla qibləni tapmaq olar.

Məsələ 721: Adi qiblənümalar (kompaslar) nöqsanlı işləməsə, qibləni müəyyənləşdirmək üçün yaxşı vasitədir. Qiblənin bu yolla müəyyənləşdirilməsinə ümid daha çoxdur. Bəlkə də ən dəqiq üsul bu üsuldur.

Məsələ 722: Ev sahibi, mehmanxana məs’ulu və bu kimi şəxslər biganə olmazsa, onların sözünə e’timad göstərmək mümkündür.

Məsələ 723: Əgər qibləni tapmaq üçün bir yol olmasa, dörd səmtdən hansının qiblə olduğu bilinməsə, üzü bir tərəfə dayanıb namaz qılmaq bəs edər. Amma müstəhəb ehtiyata əsasən, namaz hər dörd tərəfə üz tutmaqla qılınsın. Əgər iki və ya üç tərəfin qiblə olması ehtimalı varsa, yalnız onlara doğru dayanıb namaz qılmaq lazımdır.

Məsələ 724: Bir şəxs üzü dörd tərəfə dayanıb namaz qılmaq istəyərsə, günorta və ikindi, şam və xiftən namazlarından birini dörd tərəfə qılıb qurtardıqdan sonra o birinə başlasa daha yaxşıdır.

Məsələ 725: Heyvanları kəsərkən onların üzü qibləyə olmalıdır. Qiblə tapılmasa ehtimal əsasında hərəkət edilir. Ehtimal da olmasa, üzü hansı tərəfə kəsilsə düzgündür. Müsəlman üzü qibləyə dəfn olunmalıdır; bu Məsələdə də yuxarıdakı göstərişlərə əməl edilir.

Namazda bədənin örtülməsi


Məsələ 726: Kişi bir şəxs onu görməsə də namaz zamanı ayıb yerini örtməlidir. Daha yaxşı olar ki, göbəkdən dizədək örtünsün. Bundan da üstünü hörmətli insanların hüzurunda olduğu kimi geyinməkdir.

Məsələ 727: Qadın namazda bütün bədənini, hətta başını və qaşlarını tükünü örtməlidir. Amma üzünü, əllərini əl topuğunadək, ayaqlarını ayaq topuğunadək örtməsi vacib deyil. Vacib həddə örtündüyünə əmin olmaq üçün ehtiyat budur ki, üzündən bir qədər, topuğundan aşağı bir qədər örtünsün.

Məsələ 728: Ehtiyat namazında, yaddan çıxmış səcdə və təşəhhüdün yerinə yetirilməsində, vacib ehtiyata əsasən, səcdeyi-səhv və Qur’anın vacib səcdələrində namazdakı kimi örtünmək lazımdır.

Məsələ 729: Qadın sü’ni saçlarını, gizli zinətlərini (boyunbağı və qolbağ kimi) də örtməlidir.

Məsələ 730: Əgər namaz gedişində mə’lum olsa ki, örtüləsi yer açıq qalıb, dərhal örtmək lazımdır. Bir şərtlə ki, namazın formasını pozan iş görülməsin. Əgər bu iş uzun çəkərsə, vacib ehtiyata əsasən, özünü örtüb namazını başa çatdırsın və onu yenidən qılsın.

Məsələ 731: Əgər namazı başa çatdırdıqdan sonra mə’lum olsa ki, örtüləsi yer açıq qalıb, namaz düzgündür.

Məsələ 732: İnsan namazda özünü ağac yarpağı və ya otla örtə bilər. Amma müstəhəb ehtiyat budur ki, bir şey tapılmadıqda bu şeylərdən istifadə olunsun.

Məsələ 733: Əgər namaz zamanı torpaqdan başqa bir şey tapılmasa, bədəni torpaqla örtüb namaz qılmaq lazımdır.

Məsələ 734: Əgər insan çılpaqsa və örtünmək üçün bir şey tapmırsa, namazın vaxtı qurtaranadək bir şey tapacağını ehtimal edərsə, ehtiyat budur ki, namazı tə’xirə salsın. Əgər tapa bilməsə, bir şəxs gördüyü halda, oturaq namaz qılmalı və ayıb yerini bu yolla örtməlidir. Əgər bir şəxs görmürsə əli ilə ayıb yerini örtmüş halda ayaq üstə namaz qıla bilər. Bu halda rüku və səcdələr işarə ilə yerinə yetirilir. Səcdə üçün başı bir qədər aşağı əymək bəs edər.

Namaz qılanın libası ilə bağlı şərtlər


Məsələ 735: Namaz qılan şəxsin libası ilə bağlı altı şərt var: Pak olsun; vacib ehtiyata əsasən, qəsbi olmasın; ölü heyvanın hissələrindən olmasın; əti haram heyvanın hissələrindən olmasın; (beşinci və altıncı şərt) namaz qılan şəxs kişidirsə, onun libası xalis ipək və ya qızılla toxunmuş olmasın. Bu Məsələlər qarşıda şərh olunacaq.

Birinci şərt:

Paklıq


Məsələ 736: Bir şəxs bilərəkdən murdar libas və ya murdar bədənlə namaz qılarsa, namazı batildir. Hətta məsələni bilmədiyindən belə etsə də hökm gücündə qalır.

Məsələ 737: Əgər bir şəxs bədəninin və ya libasının murdar olduğunu bilməsə və namazdan sonra bunu anlasa, namazı düzgündür. Amma öncədən bilib sonra yaddan çıxarmışsa və bu halda namaz qılmışsa, namazını təzələməlidir. Bu məsələnin namazın ortasında və ya namazdan sonra xatırlanması şərt deyil. Namazın vaxtı keçərsə onun qəzası yerinə yetirilir.

Məsələ 738: Namaza məşğul insanın namaz gedişində bədəninin və libasının murdarlanması, eləcə də, libasının və bədəninin murdar olduğunu anlaması mümkündür. Əgər belə bir məqamda libas və bədəni həmin vaxt murdarlandığını və ya öncədən murdar olduğunu bilməsə, su olduqda və libası, bədəni suya çəkmək və ya libası dəyişmək namazın formasını pozmadıqda, libasını və bədənini suya çəkməli, ya da libasını dəyişməlidir. Sonra namaz davam etdirilir. Namazı davam etdirmək mümkün olmadıqda, namaz saxlanılır, pak libas və bədənlə namaz qılınır. Namazın vaxtı dar olmadıqda bu göstərişə əməl edilir. Vaxt dar olduqda həmin vəziyyətdə namaz qılınır və namaz düzgündür.

Məsələ 739: Bir şəxs namazdan sonra libasının və ya bədəninin murdar olduğunu başa düşsə, namazı düzgündür. Bu halın vaxtında və ya vaxt keçəndən sonra yaranmasının fərqi yoxdur.

Məsələ 740: İnsan murdar libas və ya bədəni suya çəkib onların paklığına əmin olduqdan sonra namaz qılarsa və namazdan sonra hələ də murdarlıq qaldığını başa düşərsə, namazı düzgündür. Sonrakı namazlar üçün paklanmaq lazımdır.

Məsələ 741: İnsan bədənində qan görüb əmin olsa ki, bir dirhəm ölçüsündən azdır və ya namaza mane olmayan yara və çiban qanıdır, namazını qıldıqdan sonra həmin qanın bir dirhəm ölçüsündən çox olduğunu və ya qanın yara və çiban qanı olmadığını anlasa namazı düzgündür.

Məsələ 742: Əgər bir şeyin murdar olduğunu unutsa, bədəni və ya libası həmin şeyin rütubətinə toxunsa, namaz qıldıqdan sonra bunu xatırladıqda namazı düzgündür. Amma bədəni murdarlığını unutduğu bir şeyə rütubətlə toxunsa və özünü suya çəkmədən qüsl versə, qüslü və namazı batildir.

Məsələ 743: Yalnız bir libası olan şəxsin bədəni və libası murdarlanarsa və yalnız birini suya çəkmək üçün su olarsa, vacib ehtiyat budur ki, bədənini suya çəksin və namazını həmin murdar libasla qılsın. Amma libasın murdarlığı daha çox olsa (Məsələn, sidiklə murdarlansa. Cidiklə murdarlanan libas az su ilə iki dəfə suya çəkilir. Amma bədən qanla murdarlandıqda, onu bir dəfə yumaq bəsdir), vacib ehtiyat budur ki, libasını yusun və murdar bədənlə namaz qılsın.

Məsələ 744: Əgər bir şəxsin murdar libasdan başqa bir libası yoxsa və namazın vaxtı qurtaranadək pak libas tapacağına gümanı gəlmirsə, həmin libasla namaz qıla bilər.

Məsələ 745: Bir şəxsin iki libasından biri murdardırsa və onların hansı birinin murdar olduğunu bilmirsə, onlardan heç biri ilə namaz qıla bilməz. Hər ikisini suya çəkməlidir. Bunu edə bilməsə, namazlarını ayrı-ayrılıqda hər iki libasla qılmalıdır.

Yüklə 9,34 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin