2.3. İKT ehtiyacları üçün pedaqoji, inzibati və texniki kadrların hazırlanması və təkmilləşdirilməsi
İnformasiya proseslərinin təhsil strukturuna daxil olması, tədris prosesinin informasiyalaşdırılması bütün təhsil işçilərindən yeni keyfiyyətlər tələb edir. Bu isə, öz növbəsində, yeni bacarıq və vərdişlərə yiyələnməyi nəzərdə tutur. Təhsil sistemi işçilərinin İKT üzrə hazırlığı və təkmilləşdirilməsi aşağıdakıları özündə ehtiva edir:
Orta məktəblər üçün pedaqoji kadrların hazırlanması sisteminin təhsilin informasiyalaşdırılması konsepsiyasının nəzərə alınması ilə yenidən qurulması;
təhsil sistemi işçilərinin İKT sahəsində bilik və vərdişlərinin təkmilləşdirilməsi üçün idarəetmə və metodiki təminat sisteminin yaradılması. Müxtəlif kateqoriyalı təhsil işçilərinin (ibtidai sinif müəllimləri, fənn müəllimləri, məktəb rəhbərliyi) İKT savadının artırılması üçün müvafiq proqramların hazırlanması. Fənn müəllimlərinin təkmilləşdirilməsi yalnız İKT avadanlığından istifadə edilməsinin öyrədilməsi ilə məhdudlaşmamalı, mövcud resursların tədris prosesinə inteqrasiyası üçün praktiki vərdişlərin də aşılanmasına diqqət yetirilməlidir;
lazımi hazırlıq səviyyəsinə malik informatika müəllimlərinin öz məktəblərində digər fənn müəllimləri üçün müvafiq kompüter savadlılığı kursları keçirməsinin təşkil edilməsi;
İKT-dən istifadə edən fənn müəllimlərinin və informatika müəllimlərinin əməyinin yetərincə qiymətləndirilməsi, onların fəaliyyətinin stimullaşdırılması və motivasiyası sisteminin hazırlanması;
fənn müəllimləri arasında müxtəlif müsabiqə və yarışların keçirilərək nəticələrin stimullaşdırma və motivasiya tədbirlərində nəzərə alınması;
informatika müəllimlərinin təkmilləşdirilməsi üçün daha çevik proqramların hazırlanması;
təkmilləşdirmə prosesini sürətləndirmək üçün trenerlərin hazırlanması;
regionlarda təhsil işçilərinin İKT üzrə hazırlanması və təkmilləşdirilməsi üçün müvafiq qurumların – informasiya-metodiki mərkəzlərinin yaradılması;
təhsil işçilərinin İKT sahəsində təkmilləşdirilməsi prosesində müntəzəmliyin və sistemliliyin təmin olunması;
ali, orta ixtisas və texniki peşə təhsili sistemində təhsilin informasiyalaşdırılması ilə bağlı yeni ixtisasların daxil edilməsi.
Dostları ilə paylaş: |