gəlin bir şəkil çəkək
şəkildə çiçək çəkək
çiçək üstə kəpənək
qanadını çil çəkək
sonra gözəl rəngləyək
öyrətmənə pay verək (33)
Üzücü olansa odur ki, gözlərində həyat eşqi, yaşam sevinci parlayan körpələrə ünvanlanan şeirlərdə də onların haqsız, günahsız qurşunlanmasından, terrora məruz qoyulmalarından, hələ də aclıq çəkən, səfalətdə yaşayan uşaqların acınacaqlı vəziyyətindən doğan bir kədər, nigarançılıq notları duyulur, onların, heç olmazsa, aclıqdan qurtulması arzusu misralar arasından boy verir:
Qarışqaya dən qədər
Serçəyə böcək qədər
Çörək çataydı keşkə
Ac ölən uşaqlara...(33)
Hazırda Güney yazarlarının bir qismi Vətəndə üzləşdikləri mənəvi sıxıntı və təzyiqlərdən, həbs və zindanlardan qurtularaq dünyanın müxtəlif ölkələrində məskunlaşmış, doğma yurd həsrəti ilə siyasi mühacir ömrünü yaşamağa məcburdurlar... Hadi Qaraçay Norveçdə, Vali Gözətən Almaniyanın Köln şəhərində, Türkan Urmulu, Ramin Cabbarlı, Məlihə Əzizpur, Şərifə Cəfəri Türkiyədə, Əlirza Miyanalı Kanadada, Əziz Səlami Almaniyada, Hümmət Şahbazi və neçə-neçə soydaşımız dünyanın müxtəlif ölkələrinin qucağına sığınmalı olublar... Və hərəsi faydalı işlə məşğul olur, Vətənin azadlığı, istiqlalı uğruna çaba göstərirlər. Lakin qürbət qürbətdir, günün nə qədər xoş keçsə də, başından var-dövlət, sərvət axıb tökülsə də, huri-mələklər yığılıb gəlsə də, qəlbinin dərinliklərindəki özləm, həsrət, intizar yükü azalmaz... Yurd həsrəti gizli-gizli ürəyini didib-didişdirər, ruhunu xırpalayar, hətta, sanki boyunu da kiçildər, çiyinlərindən basar, öləsiyə qəmə-kədərə tuş edər səni... Hazırda ABŞ-ın şimalındakı Kanada dövlətində yaşayan şair Əlirza Miyanalı qəriblikdə yaşadığı özləmi “Qərib duygular”a sığışdırmaq amacı ilə silsilə şeirlər yazır və həsrət poeziyasının özünəməxsus səhifələrini yaradır. Şairin qürbət acısından doğulan şeirlərinin “dadı-tamı, rəngi-boyası, hətta qoxusu belə bir-birinə bənzəyir. Eyni mövzunu ehtiva etdiyindən, eyni hal-havadan təsirləndiyindən bu şeirlərdə bir az yeknəsəklik də duyulur. Amma qurbəti anladan notlar olduğundan oxucunun ilgisini çəkir. Və şairin düşüncəsinə görə, ədəbiyyatla, eyni zamanda, millətin taleyi ilə maraqlananların bu poeziya nümunələrini oxuyub vaxt itirməsinə dəyər. Ümumiyyətlə isə onun şeirlərindən sanki bir işıq seli asılıb. Əslində güclü bir işıq seli həmişə onu, duyğularını öz arxasınca aparıb. Bu işıq selini təkcə fikrində deyil, iç dünyasında, ruhunda da hiss edib. “Qərib duygular”ı ifadə edən şeirləri bu baxımdan xarakterinə bənzəmir. Çünki onların dadı, qoxusı, əks-sədası, hamısı qurbətdən gəlir. Və qürbət insanı büküb-büküşdürür, Vətən həsrəti qəlbini, ruhunu xışmalayır. Vətəndən uzaqda olmaq məcburiyyətində qalan insan-qələm əhli o torpaqdan ötrü burnunun ucu göynəyən anlarda, dəli həsrətdən ruhu çarmıxa çəkilən zamanlarda qürbət diyarın daglarından, dərələrindən aşıb xəyalın yelqanadlarında doğma yerlərə yetirir özünü... Bəzən bütün qalan ömrünü yatmaq, gerçək həyatda əlləri catmayan doğma yurda, yuxuda catmaq istəyilə yaşayır. Əlirzanın “Bu gun yurd yerinə səfərim olub” şeirində bu mənəvi ağrılar, yurd həsrəti oxucunun üzünü, ruhunu qarsır: Yenə yuxularım sənli olubdu, Yenə də izinə düşmüşəm bu gun.
Yenə səni deyib, səni gəzirəm
Sərhəddən gizlicə kecmişəm bu gun.
Səndən ayrı duşub qalsam da burda
Orda, yurd yerində ana qoymuşam.
Arxamda dag kimi dag olub duran,
Bir el agsaqqalı ata qoymuşam...
Sevmişəm ən adi daşını belə
Yuxuma xoş gəlib, səfa gətirdin.
Sıxılıb, darıxıb qalmışdım bu gun
Sən mənə ruh verən səfa gətirdin...
Qeyd etdiyimiz kimi, şairin “Qərib duygular” silsiləsindən yazdığı şeirlər doğma yurddan ayrılığın çəkdirdiyi əzabları anladır. ““Xəzər” - deyə axıram” şeiri isə qürbətdə bir “Araz həvəsli, Qızılüzən nəfəsli” Vətən həsrətlisinin özləm nəğməsi, göz yaşlarını ürəyinə axıdaraq için-için yanıb-tutuşan qürbət şairinin qərib duyğularının dilə gəlməsi, doğma yurdun dağı, daşı, torpağı, havası, suyu, dənizi, çayı ilə xəyalən qovuşması, yad məmləkətin torpaqlarının üzərindən qıvrıla-qıvrıla “Xəzər” deyib axan, muradına yetmək amacı ilə gecə-gündüz yol gələn bir çayın həzin şırıltısıdı:
Dostları ilə paylaş: |