2. Xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən elmi,
mədəni, tədris, turizm və rekreasiya, məhdud təsərrüfat məqsədləri ilə
ödənişli əsaslarla istifadə qaydası
2.1. Xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin məqsədindən, mühafizə rejimindən və istifadə xüsusiyyətindən asılı olaraq, ödənişli əsaslarla istifadə aşağıdakı ərazilərdə tətbiq edilir:
2.1.1. elmi və tədris məqsədi ilə - xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin bütün növlərində;
2.1.2. mədəni, turizm və rekreasiya məqsədi ilə - milli parkların turizm və rekreasiya, turistlərə və başqalarına xidmət göstərilən zonalarında, təbiət parklarının turizm və rekreasiya zonalarında, zooloji parkların, nəbatat bağlarının və dendroloji parkların ekspozisiya, ictimai və inzibati zonalarında, dövlət təbiət yasaqlıqlarının servitut hüququ (özgə torpaq sahəsindən məhdud istifadə hüququ) tətbiq olunan ərazilərində;
2.1.3. məhdud təsərrüfat məqsədi ilə - milli parkların, zooloji parkların, nəbatat bağlarının və dendroloji parkların fəaliyyətini təmin etmək üçün təsərrüfat- istehsalat zonalarında, dövlət təbiət yasaqlıqlarının servitut hüququ (özgə torpaq sahəsindən məhdud istifadə hüququ) tətbiq olunan ərazilərində.
2.2. Dövlət təbiət qoruqlarının ərazisinə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xüsusi icazəsi olmadan daxil olmağa və həmin ərazinin elmi, tədris məqsədi ilə ödənişli əsaslarla istifadəsinə yol verilmir.
2.3. Xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən elmi araşdırmaların, müşahidələrin, monitorinqlərin aparılması, mədəni tədbirlərin, tədris və məşğələ (treninq) proqramlarının təşkili, turistlərə rekreasiya xidmətlərinin göstərilməsi, müvəqqəti iaşə, ticarət və digər mədəni-məişət təyinatlı obyektlərin yerləşdirilməsi və məhdud təsərrüfat fəaliyyətinin həyata keçirilməsi məqsədləri ilə ödənişli əsaslarla istifadə (bundan sonra - təbiət ərazilərindən istifadə) təbiət istifadəçisi ilə bağlanılmış müqaviləyə uyğun olaraq həyata keçirilir.
2.4. Təbiət ərazilərindən istifadə ilə bağlı təbiət istifadəçisinin müraciətində ödənişli əsaslarla istifadə növü göstərilməklə, aşağıdakılar əlavə edilməlidir:
2.4.1. hüquqi şəxslər üçün - hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı barədə məlumat;
2.4.2. fiziki şəxslər üçün - soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumat (seriyası, nömrəsi, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı);
2.4.3. hüquqi şəxslərin dövlət qeydiyyatı barədə şəhadətnamənin surəti;
2.4.4. fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə məşğul olması barədə vergi orqanları tərəfindən uçota alınması haqqında şəhadətnamənin surəti.
2.5. Təbiət ərazilərindən istifadə ilə bağlı təbiət istifadəçisinin müraciəti müvafiq xüsusi mühafizə olunan təbiət ərazisinin idarə edilməsi və mühafizəsi məqsədi ilə yaradılan idarənin rəhbəri tərəfindən qeydə alınmaqla qəbul edilir, baxılır və imtina üçün əsas olmadıqda qeydə alındığı gündən başlayaraq 15 (on beş) gün müddətindən gec olmamaqla, bu Qaydanın 1 nömrəli əlavəsində göstərilmiş formada müqavilə bağlanılır.
2.6. Bu Qaydanın 2.5-ci bəndində göstərilmiş müqavilə bağlanılmadığı halda, təbiət istifadəçisinə onun səbəbləri göstərilməklə 15 (on beş) gün müddətində izahat verilir.
2.7. Təbiət ərazilərindən istifadə zamanı təbiət istifadəçisi aşağıdakılara əməl etməlidir:
2.7.1. təbiəti mühafizə qanunvericiliyinin tələblərinə riayət etmək;
2.7.2. istifadə olunan sahənin və onun ətrafının zibillənməsinə yol verməmək, sanitariya qaydalarına əməl etmək;
2.7.3. xüsusi mühafizə olunan təbiət ərazilərinə və obyektlərinə mal-qaranın buraxılmasına yol verməmək;
2.7.4. istifadə olunan ərazilərə bitişik yaşıllıqların qanunsuz qırılmasına yol verməmək;
2.7.5. istifadəyə verilmiş ərazilərdə yanğın təhlükəsizliyi qaydalarına riayət etmək.
Qeyd. Xüsusi mühafizə olunan təbiət ərazilərinin yüksək dağlıq hissələrinə yürüş edən təbiət istifadəçisində təhlükəsizlik məqsədi ilə çadır, yataq kisəsi, xüsusi geyim, bel çantası, qumquma (suqabı) kimi əşya və avadanlıqların, zəruri ərzaqların olması məcburidir.
2.8. Təbiət ərazilərindən istifadə hüququ xüsusi mühafizə olunan təbiət ərazisinin idarə edilməsi və mühafizəsi məqsədi ilə yaradılan idarə tərəfindən aşağıdakı hallarda məhdudlaşdırılır:
2.8.1. xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən istifadə zamanı təbiəti mühafizə qanunvericiliyinin tələblərinə əməl edilmədikdə;
2.8.2. bu Qaydanın 2.5-ci bəndində göstərilmiş müqavilənin şərtləri pozulduqda;
2.8.3. xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin mühafizəsini, qorunmasını və bərpasını, əhalinin sağlamlığını, ətraf mühiti qorumaq zəruriliyi yarandığı hallarda.
2.9. Xüsusi mühafizə olunan təbiət ərazisinin idarə edilməsi və mühafizəsi məqsədi ilə yaradılan idarə tərəfindən təbiət ərazilərindən istifadə hüququnun məhdudlaşdırılması barədə əsaslandırılmış qərar 3 (üç) gün müddətində təbiət istifadəçisinə verilir.
2.10. Təbiət ərazilərindən istifadə hüququnun məhdudlaşdırılmasına səbəb olan hallar tam aradan qaldırıldıqda, bu hüquq xüsusi mühafizə olunan təbiət ərazisinin idarə edilməsi və mühafizəsi məqsədi ilə yaradılan idarə tərəfindən bərpa olunur.
2.11. Təbiət istifadəçisi rəsmi müraciətlə təbiət ərazilərindən istifadə hüququndan imtina etdikdə, bu Qaydanın 2.5-ci bəndində göstərilmiş müqavilənin müddəti başa çatdıqda müvafiq istifadə hüququna xüsusi mühafizə olunan təbiət ərazisinin idarə edilməsi və mühafizəsi məqsədi ilə yaradılan idarə tərəfindən xitam verilir.
2.12. Xüsusi mühafizə olunan təbiət ərazisinin idarə edilməsi və mühafizəsi məqsədi ilə yaradılan idarə təbiət istifadəçisinin təbiət ərazilərindən istifadə hüququna yalnız aşağıdakı hallarda məcburi xitam verir:
2.12.1. təbiət istifadəçisi tərəfindən təbiəti mühafizə qanunvericiliyi kobud şəkildə pozulduqda və ya təbiətə külli miqdarda ziyan dəydikdə;
2.12.2. fövqəladə vəziyyət yaradan qəza, təbii fəlakət və bu kimi başqa hadisələr baş verdikdə;
2.12.3. təbiət istifadəçisi tərəfindən bu Qaydanın 2.5-ci bəndində göstərilmiş müqavilədə nəzərdə tutulmuş şərtlər pozulduqda;
2.12.4. təbiət istifadəçisi tərəfindən yanğın təhlükəsizliyi qaydalarına əməl edilmədikdə.
2.13. Xüsusi mühafizə olunan təbiət ərazisinin idarə edilməsi və mühafizəsi məqsədi ilə yaradılan idarə tərəfindən təbiət istifadəçisinin təbiət ərazilərindən istifadə hüququna məcburi xitam verilməsi barədə əsaslandırılmış qərar 3 (üç) gün müddətində təbiət istifadəçisinə verilir.
2.14. Təbiət istifadəçisi təbiət ərazilərindən istifadə hüququnun məhdudlaşdırılmasından və ya bu hüquqa məcburi xitam verilməsindən məhkəməyə şikayət edə bilər.
2.15. Bu Qaydanın 2.5-ci bəndinə uyğun olaraq bağlanılmış müqaviləyə xitam verildikdən sonra, habelə müqavilənin şərtləri pozulduğu təqdirdə, təbiət istifadəçisinə heç bir kompensasiya ödənilmir.
2.16. Təbiət ərazilərindən istifadəyə görə ödənişlər işlərin görülməsindən və xidmətlərin göstərilməsindən, həmçinin digər fəaliyyətlərdən əldə olunan büdcədənkənar vəsaitlərin nağd və ya nağdsız hesablaşma (köçürmə) yolu ilə aşağıdakı qaydada həyata keçirilir:
2.16.1. nağdsız qaydada - köçürmə yolu ilə post terminallar, elektron ödəmə köşkləri, müvafiq bank idarələri vasitəsilə xüsusi mühafizə olunan təbiət ərazisinin idarə edilməsi və mühafizəsi üçün yaradılan idarənin xüsusi fonduna (bank hesabına) ödənilir;
2.16.2. nağd qaydada - vəsaitlərin xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin nəzarət-buraxılış məntəqələrində və ya digər xidmət göstərən məntəqələrində fəaliyyət göstərən kassa aparatlarında ödənilməsi yolu ilə həyata keçirilir. Nağd qaydada ödənilmiş vəsaitlərin 3 (üç) iş günü ərzində müvafiq xüsusi mühafizə olunan təbiət ərazilərinin idarə edilməsi və mühafizəsi üçün yaradılan idarənin xüsusi fonduna (bank hesabına) köçürülməsi təmin olunmalıdır.
2.17. Təbiət ərazilərindən istifadəyə görə ödənişlər edildikdən və bu barədə təsdiqedici sənəd təqdim olunduqdan sonra istifadəyə yol verilir.
Dostları ilə paylaş: |