Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik ədəbiyyat. "Albaniya tarixi"



Yüklə 1,84 Mb.
səhifə7/103
tarix01.01.2022
ölçüsü1,84 Mb.
#103909
növüYazı
1   2   3   4   5   6   7   8   9   10   ...   103
İstifadə edilmiş ədəbiyyat.

1. Azərbaycan tarixi 7 cilddə. İkinci cild Bakı “Elm”. nəşriyyatı 2007

2. Z. M. Bünyadov və Y.B.Yusifov “Azərbaycan tarixi” Bakı 1994, 2005

3. Mahmud İsmayıl “Azərbaycan tarixi” Bakı 1992

4. İsmayıl Məmmədov, Azərbaycan tarixi. Bakı 2005.

5. S.Allahverdiyev, Ə.Haqverdiyev, M.Behbudov “Azərbaycan tarixi” Bakı 2007

6. İ.Əliyev “Azərbaycan tarixi” Bakı, Elm nəşriyyatı 1993

7. Süleyman Əliyarlı “Azərbaycan tarixi” Bakı 2009


Mövzu : Azərbaycan VII-IX əsrlərdə

Plan: Giriş 1. Azərbaycan Ərəb istilası ərəfəsində. Xəzər – Ərəb müharibələrinin Azərbaycana təsiri 3. Xilafətin Azərbaycanda inzibati və idarəetmə siyasəti 4. Xürrəmilər hərəkatı

Giriş 632-ci ildə Məhəmməd peyğəmbər vəfat etdi. O vəfat edəndən sonra ərəb işğalları genişləndi. Ərəblərin hərbi işğallarının səbəbləri aşağıdakılardır: Bizans ilə İran arasında uzun illər gedən müharibələr hər ikisini zəiflətmişdi; ərəb qoşunlarında döyüşçülərin, xüsusi ilə sürətlə hərəkət edən süvarilərin sayı daha çox idi; Bizans və İran əhalisi ağır vergilərdən azad olmaq üçün ərəblərə xilaskar kimi baxır, onların tərəfinə keçirdi. Xəlifə Əbu Bəkr (632-634), Ömər (634-644), Osman (644-656), Əli (656-661) dövründə işğalçılıq müharibələri genişləndi. Əbu-Bəkr dövründə Suriya və İranın işğalına başlandı. Ömər Suriya, İraq və Misiri işğal etdi. 636-cı ildə baş verən Yərmuq döyüşündə Bizans, 638-cı ildə Kadsiyyə yaxınlığında İran qoşunu məğlub oldu. 642-ci ildə Nahavənd vuruşmasında ərəblər İrana qalib gəldilər. İranın paytaxtı Mədain 4 ay mühasirədə qaldı. Mədain (Ktesefon) 652-ci ildə tutuldu və Sasanilər dövlətinə son qoyuldu. Ərəb xilafətinin II dövrü 661-750-ci illəri əhatə edir. 661-ci ildə xəlifə Əli Kufədə öldürüldü. Hakimiyyətə Müaviyə və onun oğlu Yəzid gəldi. Bu sülalə Əməvilər sülaləsi adlanırdı. Bu sülalənin dövründə xilafətin paytaxtı Mədinədən Şam (Dəməşq) şəhərinə köçürüldü. Əməvilər dövründə ərəb işğalları genişləndi. VIII əsrin əvvəllərində ərəblər Şimali Afrikanı tutdular. 711-ci ildə ərəb sərkərdəsi Tariq öz ordusu ilə Afrika və Avropa arasındakı boğazı keçib İspaniyaya daxil oldu. Buradakı Ost-Qot krallığını məğlub etdi. Bu boğaz Tariqin adı ilə Cəbəllütariq adlanır. Ərəblər 732-ci ildə Puatye şəhəri yaxınlığında franklara məğlub oldular və Avropanın mərkəzinə irəliləyə bilmədilər. İslam ordusu Qafqaz və Mərkəzi Asiyanı VIII əsrin əvvəlində tutdu, 712-ci ildə Çinə və Hind çayına gedib çıxdı. Beləliklə, VII əsr və VIII əsrin I yarısında Atlantik okeanından Hindistan və Çinə qədər uzanan geniş bir ərazini əhatə edən ərəb dövləti yarandı. Bu dövlət Xilafət adlanırdı. Azərbaycan Ərəb İstilası Ərəfəsində 637-ci ildə ərəblər Sasani şahını onun paytaxtı olan Ktesifonda mühasirəyə aldılar. Cavanşir üç minlik alban qoşununun başında sasanilərlə birlikdə altı ay Ktesifonun müdafiəsində durdu. Lakin buna baxmayaraq Sasani ordusu darmadağın edildi. III Yəzdigərd Dəclə çayı sahilindəki qalalardan birində gizləndi. Moisey Kalankatlının məlumatına görə, Cavanşirin Sasani ordusu tərəfində ərəblərlə son döyüşü III Yəzdigərdin hakimiyyətinin səkkizinci ilinə (639-640-cı illərə) təsadüf edir. Beləliklə, mübarizənin faydasız, imperiyanın ölümə məhkum olduğunu dərk edən Cavanşir 639-640-cı ildə vətəninə qayıdır. Bu dövrün hadisələrini əks etdirən ərəb mənbələrinin bir qismi ərəblərin Azərbaycan ərazisinə (onun cənub hissəsinə) ilk basqınının məhz həmin illərdə, yəni 639-640-cı illərdə baş verdiyini qeyd edir. Bu müəlliflərdən "fütuhat" haqqında xüsusi kitab yazmış IX əsr ərəb tarixçisi əl-Bəlazuri Azərbaycanın hicri tarixi ilə 18 (639)-ci ildə Huzayfa ibn əl-Yəmənin başçılığı ilə sülh yolu ilə alındığı barədə məlumat verir. Azərbaycanın real fütuhatının başlandığı hicri 22 (643)-ci ildən çox əvvəl, İyad ibn Ğənmin başçılıq etdiyi ərəb ordusunun xəlifə Ömərin əmri ilə 639-cu ilin avqustunda başlamış Mesopotamiyanın işğalı prosesində Azərbaycan ərazisinə hücum (və bəlkə də hücumlar) olmuşdur. Hücum Urmiya gölünün cənub-qərbindən başlamış və nəticədə qərb sərhədlərinin mərzbanı ilə müqavilə bağlanmışdı. Ərəblərin Sasani imperiyasının Xəzər sahili vilayətlərinə, o cümlədən Azərbaycana real hücumu, yalnız 642-ci ildə baş verən fəthindən sonra Həmədana hücumla mümkün oldu. Tarixçi ət-Təbəri bildirir ki, o gündən iranlıların birliyi pozuldu. Hər vilayətin əhalisi düşmənlə yalnız öz vilayəti hüdudlarında döyüşürdü. Əl-Bəlazurinin verdiyi məlumata görə, Nihavənd döyüşündən bilavasitə sonra ərəblər Həmədan-Rey yolu üstündə yerləşən, QumKaşanı tutdular. Bu qələbələrdən sonra qədim Midiya ərazisində möhkəmlənən ərəblər şimala doğru istiqamət götürdülər. Ərəblərin Azərbaycana tərəf yollarının üstündəki ilk vilayət Rey idi. Bu şəhəri tutmaq üçün ərəblər Həmədan-Rey vilayətləri ayrıcındakı Dəstəbə sərhəd nahiyəsini işğal etdilər, onun qalalarında isə hərbi qarnizonlar yerləşdirdilər. Məhz bu qarnizonlardakı ərəb əsgərləri Azərbaycana və İranın Xəzəryanı vilayətlərinə ediləcək yürüşlərə hazırlıq görürdülər. Azərbaycan qoşunlarına mərzban İsfəndiyar ibn Fərruxzad komandanlıq edirdi. O, Bacrəvan, Mayməd, Nariz, Şiz, Məyanic və digər yerlərin əhalisindən Ərdəbildə böyük qoşun toplayıb ərəblərlə vuruşmağa girişdi. Vuruşma bir neçə gün davam etdi və ərəblərin qələbəsi ilə sona çatdı. Nihavənd döyüşündən düz bir il sonra, yəni 643-cü ildə, Reyin işğalı hələ tam başa çatmamış, xəlifə Ömərin (634-644) əmri ilə Bukayr ibn Abdullah və Utba ibn Farkadın başçılıq etdikləri qoşun dəstələri Azərbaycan sərhədlərini keçdilər. Ərdəbildən bir qədər aralı, Cərmidan dağı yanında İsfəndiyarın hələ yaxşı möhkəmlənə bilməmiş dəstələri onları qarşıladı. Mənbələrin məlumatına görə, bu, Bukayrın Azərbaycan ərazisində azərbaycanlılarla ilk toqquşması idi. Bir neçə gün davam edən qanlı döyüş ərəblərin qələbəsilə başa çatır. İsfəndiyar özü isə əsir düşür. Rey yanındakı döyüşlərin ərəblər üçün müvəffəqiyyətlə başa çatdırılması, xəlifənin Bukayra kömək göndərmək haqqında əvvəlki əmrinin yerinə yetirilməsinə imkan yaradır. Sərkərdə Simak köməyə göndərilir. Çox keçmədən İsfəndiyarın qardaşı Bəhramın başçılığı altında təşkil olunmuş yeni qoşun Utba ibn Farkadın dəstəsinə hücum edir. Ərəblər bu dəfə də qələbə qazanırlar. Bəhram qaçır. Hələ də Bukayrın yanında əsirlikdə qalan Azərbaycan mərzbanı İsfəndiyar isə bu hadisədən sonra ərəblərlə sülh müqaviləsi imzalamalı olur. Bu müqaviləyə görə Azərbaycan əhalisi "imkanları daxilində" can vergisi-cizyə ödəməli idi; "qadınlar və uşaqlar, həmçinin yaşamaq üçün vəsaiti olmayan xroniki xəstələr, dünya malından heç nəyi olmayan zahidlər" bu vergidən azad olunurdular. Yeni hakimiyyət Azərbaycanın bütün əhalisinə, "onun düzlərində, dağlarında, ucqar və sərhəd yerlərində yaşayanlarına, onların əmlakına, dini icmalarına, qanunlarına, qaydalarına aman" verməyi öz üzərinə götürürdü. Bəlazuri isə yazır ki, "hicri 18-ci ildə Xuzeyfə ibn əl-Yəmən Azərbaycanı dinc yol ilə istila edib, Azərbaycan əhalisi adından hərəkət edən Azərbaycan mərzbanı ilə müqavilə bağlamışdır. Bu müqaviləyə görə mərzban "800 min dirhəm verməyi öhdəsinə götürdü" ərəblər isə öz tərəfindən öhdələrinə almışdılar ki, heç kəsi öldürməsinlər, əsir almasınlar, atəşgədələri dağıtmasınlar və Balasacan, Savalan və Satrudan kürdlərini təqib etməsinlər. Şiz əhalisinin öz bayramlarında rəqs etməsinə və (keçmişdə) icra etdikləri hər işi açıq görmələrinə mane olmasınlar". Bundan sonra xəlifə Ömər, Xuzeyfə ibn əl-Yəməni vəzifəsindən götürdü və Utbə ibn Farkadı Azərbaycana canişin təyin etdi. 639-cu ildə ərəb qoşunlarının bir hissəsi Azərbaycandan şimal-qərb tərəfə keçdi və bir neçə vuruşmadan sonra Mukanı işğal etdi və əhalisini cizyə verməyə məcbur etdi. Bukeyr ibn Abdullah Mukandan Xəzər dənizinin sahili ilə şimala doğru hücum etdi və həmin il Bab-ül-Əbvaba (Dərbəndə) çatdı Sonrakı 642/643-cü illərdə xəlifə Ömər Dərbəndə Surakə ibn Əmri göndərdi. Surakə ordusunun qabaq dəstəsi Əbd-ür-Rəhman ibn ər-Rəbiə əl-Bəxilinin komandanlığı ilə şəhərin hasarları yanında Bukeyr ilə birləşdi. Surakənin ölümündən sonra xəlifə Dərbənd yaxınlığındakı sərhəd xəttinə Əbd-ür-Rəhman ər-Rəbiəni təyin etdi və ona əmr verdi ki, xəzərlərə qarşı çıxsın. Ərəb atlıları əl-Beyda şəhərinə çatıb onu işğal etdi. Lakin Balancar yaxınlığındakı xəzərlər hücuma keçib ərəbləri məğlub etdi və onların komandanı Əbdür-Rəhman ər-Rəbiəni öldürdülər. Ərəb qoşunları Arran ərazisinə şərqdən deyil, cənub-qərbdən, Naxçıvandan keçməyə başladılar. Salman ibn ər-Rəbiənin dəstəsi Naxçıvandan çıxandan sonra Biçənək keçidindən Şəki, Gorus tərəfə yeridi və Arran ərazisinə çatanda Beyləqan üzərinə yürüş etdi. Daha sonra Salman ibn ər-Rəbiənin ordusu Bərdəni, Beyləqanı işğal etdi. Şakşin (Şakaşen), Meskean (Meskuenk), Ud (Uti), Mesiran (Mesarans), Xarxilyan (Xarcilank), Tabar (Tri) mahallarının kəndlərini və Arranın digər yerləri də işğal olundu. Sonra Salman ibn ər-Rəbiənin dəstəsi Şamxoru, Qəbələni tutdu, Şakkan və Kamiberan hakimləri ilə bac vermək şərti əsasında sülh bağladı. Xeyzan əhalisi, Şirvan padşahı, qalan dağların padşahları, Məsqət, Şabran və Bab (Dərbənd) şəhərinin əhalisi də onunla (Salmanla) eyni məzmunda sülh bağladılar. Beləliklə, 643-644-cü illərdə, xəlifə Ömərin dövründə, ərəblər tarixi Azərbaycan ərazisinin yalnız cənub və Dərbəndədək Xəzər sahili torpaqlarını tuta bildilər. Lakin bu işğalın özülü hələ möhkəm deyildi. Hətta 644-645-ci illərdə, xəlifə Ömərin ölümündən sonra mərkəzdə baş verən siyasi sabitsizlikdən istifadə edən azərbaycanlılar üsyan edərək, ərəblərin onlarla bağladıqları müqavilələrin şərtlərini yerinə yetirməkdən imtina etdilər. Xilafətin yeni başçısı Osmanın Azərbaycana göndərdiyi sərkərdə əl-Valid ibn Ukbanın rəhbərlik etdiyi ordunun hücumu ilə ərəblərin Azərbaycana yeni - ikinci yürüşü başlandı. Bu yürüşdə birinci yürüş zamanı ad çıxarmış Salman ibn Rəbiə və Abdallah ibn İubeyl kimi sərkərdələr iştirak edirdilər. Abdallahın başçılıq etdiyi dörd minlik qoşun Muğan, Bədr və Taylasana (Talışana) soxularaq bu Xəzəryanı torpaqları yenidən işğal etdi, qənimət və əsirlərlə əl-Validin qərargahına qayıtdı. Azərbaycan (cənub hissəsi) yenidən işğal, köhnə müqavilə isə bərpa edildi. Müqavilənin şərtlərinə görə, azərbaycanlılar təzminatla yanaşı 800 min dirhəm verməyə boyun oldular. Bu yürüş zamanı əl-Validin on iki minlik ön dəstəsinə başçılıq edən Salman ibn ər-Rəbiənin əsgərləri ətraf əhalini qorxutmaq məqsədilə Albaniya ərazisinə hücum edərək, oranı talayıb çapdılar və zəngin qənimət və əsirlərlə əl-Validin qərargahına qayıtdılar. Gevondun məlumatına görə, xəlifə orduları "Midiya (Cənubi Azərbaycan) kəndlərini və Naxçıvan obalarını xaraba qoydular. Kişilərin çoxunu öldürdülər, qalanlarını isə qadın və uşaqlarla birlikdə əsir götürdülər və Culfa keçidindən Arazın o tayına apardılar". Yalnız bundan sonra vəzifəsini bitmiş hesab edən əl-Valid Xilafətin nümayəndəsi əl-Əşas ibn Qeysi Azərbaycan hakimi təyin edərək paytaxta (Mədinəyə) qayıdır. Elə həmin il xəlifə Osman iki Qafqaz yürüşünün iştirakçısı, özünü mahir sərkərdə kimi tanıtdırmış Salmanı bu zaman Kiçik Asiya ərazisində bizanslılarla vuruşan Həbib ibn Məsləmənin köməyinə göndərdi. Birgə qüvvələrlə onlar bizanslıların hücumunu dəf edərək, Qaliqala və b. şəhərləri ələ keçirdilər. Ərəb tarixçilərinin (ət-Təbəri, əl-Bəlazuri, əl-Yəqubi, əl-Kufi) məlumatına görə bu yürüş zamanı Həbib ermənilərin yaşadıqları ərazidən keçərək, Gürcüstan torpaqlarına daxil olur və Tiflisi işğal edir. Beləliklə, bu dövrdən, yəni 644-cü ildən, Tiflis öz civarları ilə birlikdə Xilafətin Arran vilayəti tərkibinə daxil olur və müsəlmanların uzunmüddətli tabeliyinə keçir. Azərbaycan Abbasilərin hakimiyyəti dövründə Ərəb Xilafətinin tərkibində. Azərbaycanın işğal ərəblər tərəfindən fəth edildiyi ilk dövrlərdə Cənubi Azərbaycan Atropatena ərazisi - Adərbayqan, Şimali Azərbaycan Qafqaz Albaniyası isə Arran adı ilə Ərəb Xilafətinin tərkibinə daxil edilsə də Abbasilərin hakimiyyəti dövründə Şimali və Cənubi Azərbaycan vahid Azərbaycan əmirliyi adı ilə birləşdirilmişdi. Hələ Gürcüstan hüdudlarına yetişməmiş, Salman ibn Rəbiənin altı minlik dəstəsi Albaniyanın Sünik (Sisəcan, Sisəkan) vilayəti ərazisində Həbibdən ayrılır. Azərbaycanın şimal hissəsinin tam işğalını başa çatdırmaq cəhdilə edilən yürüş başlanır. O dövrün tarixçisi yazırdı: "Salman ibn Rəbiə onun əsgərlərinə düşmənçilik göstərənləri məhv edir, rastına çıxan şəhər və qalaları tuturdu. Sonra o, düşməni qıra-qıra Arran ölkəsindəki Beyləqan şəhərinə yetişdi". Beyləqan cizyə ödənilməsi, əhalinin "həyatı və əmlakının", habelə "şəhər divar-larının" saxlanılması şərtləri ilə Salmana döyüşsüz təslim oldu. Sonra ərəb qoşunu Bərdəyə doğru istiqamət götürdü, lakin mənbələrin məlumatına görə bərdəlilər, beyləqanlılardan fərqli olaraq, şəhər qapılarını ərəblərin üzlərinə bağladılar. Salman şəhərin bir neçə fərsəxliyində axan Tərtər çayının sahilində düşərgə salıb, müqavimət göstərən bərdəliləri zəiflətmək məqsədilə "şəhər ətrafında biçini artıq başa çatdırmış kəndlərə qarətçi yürüşlər təşkil edir". Müqavimətin faydasız olduğunu başa düşən bərdəlilər də ərəblərlə sülh müqaviləsi bağlamalı olurlar. Mənbədə deyilir: "Bərdəlilər şəhər darvazasını Salmanın üzünə açırlar; o, şəhərə daxil olub, bir qədər orada qalır". Çox keçmədən, Bərdəni tərk edən ərəb süvari dəstəsi Albaniyanın Arsax, Uti, Sakasena və b. vilayət və əyalətlərini tutmaqla Kürün sağ sahili torpaqlarının işğalını başa çatdırır. Qədim şəhər olan Şəmkiri ələ keçirdikdən sonra Kürün sol sahilinə adlayan ərəblər, oradakı şəhər və kəndləri də tutur, Qəbələnin, ġəkinin, Hayzanın, Şirvanın, Şabranın, Məsqətin, Lakzın, Filanın, Təbərsəranın, yenidən əl-Babın (Dərbənd) və b. yerlərin hakimləri ilə müqavilə bağlayırlar. Bağlanılan sülhə baxmayaraq, ərəblər getdikdən az sonra şirvanlılar və dərbəndlilər, görünür öz qoşunu ilə Dərbəndə gəlmiş xəzər xaqanının təhriki ilə Xilafətlə bağladıqları müqavilələrin şərtlərini yerinə yetirməkdən boyun qaçırırlar. 32 (652-653)-ci ildə Salman ibn Rəbiə dörd minlik qoşunu ilə yenidən Dərbəndə daxil olur və bu zaman artıq şəhəri tərk etmiş Xəzər ordusunun izi ilə onların Bələncər şəhərinə doğru irəliləyir. Baş vermiş qanlı döyüşlərdə müsəlmanlar basılır, Salman özü isə öldürülür. Beləliklə, Azərbaycanın çox hissəsi yenidən ərəblərin itaətindən çıxır. Sonra Salmanın dəstəsi Dərbənddən şimala doğru hərəkət etdi, lakin Balancar çayının o tayında xəzər qoşunları ilə rastlaşdı və qanlı vuruşmadan sonra, demək olar, bütün dörd min nəfərlik dəstə qırıldı və Salmanın özü öldürüldü. Salman ibn ər-Rəbiənin ölümündən sonra xəlifə Osman Azərbaycan və Arrana Xuzeyfə ibn əl-Yəməni hakim təyin etdi; Xuzeyfə artıq xəlifə canişinlərinin iqamətgahı olan Bərdə şəhərinə gəldi, bir tərəfdən Bərdə ilə Qaliqala, digər tərəfdən Bərdə ilə Xayzan (yəni Bərdənin şimal-qərbində) arasında olan bütün vilayət və şəhərlərə məmurlar (amillər) göndərdi. Salmanın ölümündən iki il sonra xəlifə Osman öz sərkərdəsi Həbib ibn Məsləməni yeni qüvvələrlə Qafqaza göndərir. Bu dəfə Sirac Tayrda (Şirakda) düşərgə salmış Həbib ərəblərin birinci və ikinci yürüşləri zamanı Qafqazda işğal etdikləri bütün yerlərin hakimlərinə və camaatına qasidlə xəbər göndərib, onlardan itaət tələb edir. Az sonra xəlifə Osman Həbibi geri çağıraraq, Huzayfa ibn əl-Yəməni Xilafətin Qafqaz vilayətlərinin hakimi təyin edir. İşğal olunmuş şimal torpaqlarını daha yaxşı idarə etmək üçün yeni hakim canişinliyin iqamətgahını 640-cı ildən (Ermənistanın fəthindən bəri) yerləşdiyi Dəbildən (Dvindən) Bərdəyə köçürür. Lakin Huzayfanın özü Mədinədə qalırdı, Bərdəyə isə "əmisinin nəslindən olan bir adamı" - Sulat ibn Zafiri göndərmişdi. "Bütöv bir il orada hökmranlıq edən" Sulat, nəhayət, yerli əhalini özünə tabe edə bilir. Azərbaycana_təsiri'>Xəzər – Ərəb müharibələrinin Azərbaycana təsiri VIII əsrin əvvəllərində Ərəb xilafəti özünün ən qüdrətli dövrünü keçirirdi. Onun əsas rəqiblərindən olan Bizans mövcud hərbi-siyasi vəziyyətlə əlaqədar Qafqazdakı mövqelərini əldən vermişdi. Yeni şəraitdə Azərbaycan kimi mühüm strateji bazada möhkəmlənmək üçün ərəblərə yalnız onları dəfələrlə ağır vəziyyətə salan xəzərlər üzərində qələbə lazım idi. Bu işdə xəlifə Əbdülməlikin 693-cü ildən Azərbaycan, Ərminiyə və əl-Cəzirənin canişini təyin etdiyi qardaşı Məhəmməd ibn Mərvan xüsusi fəaliyyət göstərdi. Onun VIII əsrin əvvəllərində, tabeliyində olan Cənubi Qafqaz ərazisində apardığı zor siyasəti ərəblərin bu ərazidə mövqeyini daha da möhkəmlətdi, xəzərlərə qarşı yürüşə çıxmaq imkanı yaratdı. 707-708-ci ildə Məhəmməd ibn Mərvanın qardaşı oğlu, o zaman hakimiyyət başında olan xəlifə I Validin (705-715) qardaşı Məsləmə ibn Əbdülməlik Bizansda apardığı müvəffəqiyyətli döyüşlərdən sonra Dərbəndi ələ keçirmiş xəzərlərin üzərinə göndərildi. Azərbaycanın boyun əyməyən bütün qala və şəhərlərini ələ keçirən Məsləmə Dərbəndə çatdı. Lakin alınmaz divarlar şəhəri tutmağa mane oldu. Xəzərlərə qarşı uğursuzluqla başa çatan yeni yürüş iki il sonra baş verdi. Elə həmin il Məhəmməd ibn Mərvanın yerinə Xilafətin şimal vilayətlərinin canişini təyin edilən Məsləmə, eyni zamanda Bizansa qarşı mübarizəni təşkil etməyi lazım bildi. Çünki, məhz Bizans ərəblər əleyhinə mübarizədə xəzərlərin müttəfiqi idi. Nəhayət, 714-cü ildə, gərgin mübarizədən sonra Məsləmə Dərbəndi tuta bildi. Onun qoşunları şəhəri talan edərək, Xəzər xaqanlığının ərazisinə soxuldular, lakin xəzərlərin təzyiqi altında geri çəkilməli oldular. Moisey Kalankatlının məlumatına görə, ərəb hərbi qüvvələrinin geriyə hərəkətini alban batriki Aranşahik Vaçaqanın başçılıq etdiyi yerli qoşun dəstəsi himayə etdi. Məhz bu dəstənin köməyi ilə xəzərlər basıldı. Beləliklə, Məsləmə Dərbəndi xəzərlərdən alaraq, böyük qənimətlər və Dərbəndin alınma xəbəri ilə Dəməşqə yollandı. Ərəb ordusunun şəhəri tərk etməsi xəbərini eşidən xəzərlər isə yenidən Dərbəndə qayıdaraq, əvvəlki mövqelərini tutdular. 717-ci ildə, xəlifə II Ömərin hakimiyyəti (717-720) dövründə ilk böyük həmlə ilə Azərbaycan ərazisinə soxulan xəzərlər qarşılaşdıqları azsaylı ərəb hərbi dəstəsini darmadağın edib, Şirvanda ağalığa başladılar. Lakin Xatim ibn Numan əl-Bəhilinin başçılığı ilə xəlifənin göndərdiyi qoşun xəzərləri darmadağın etdi. 721-722-ci illərdə xəlifə II Yəzidin hakimiyyəti zamanı (720-724) qıpçaq və başqa türk tayfaları ilə birləşmiş 30 minlik xəzər ordusu yeni həmlə ilə Azərbaycanın şimal hissəsinə hücum etdi, bütün Arran torpaqlarını keçərək Ermənistan ərazisinə daxil oldu, orada olan ərəb hərbi hissələrini məğlub etdi. Azərbaycan və Ərminiyənin yeni canişini əl-Cərrah ibn Abdullah əl-Həkəmi xəlifənin əmrinə əsasən 25 minlik qoşunla xəzərlərə qarşı çıxış etdi. Yeni ərəb ordusunun hücumu xəbərini alan xəzərlər Dərbəndə doğru geri çəkildilər. Onları təqib edən əl-Cərrah tezliklə Kür çayını keçərək, Dərbəndə yaxınlaşdı və şəhərdən cənubda axan Rubas çayı sahilində düşərgə saldı. Baş vermiş döyüşdə xəzərlər ərəblərə qarşı xaqan oğlunun başçılığı altında 40 minlik qoşun çıxarsalar da məğlub edildilər. Dərbəndi ələ keçirən ərəblər şimala - xəzərlərin bir sıra qala və şəhərlərinə hücum edib, onları və o cümlədən paytaxt olan Bələncəri tutdular. Əl-Cərrah əsir tutduğu xəzərləri hələ əvvəldən ətrafında xeyli xəzər məskəni olan Qəbələ tərəfə köçürtdü. Bu zaman Mənbicdə (Şam) olan sərkərdə Səid əl-Həraşi 30 minlik (əl-Kufinin məlumatına görə 50 minlik) qoşunla və 100 min dirhəm xərcliklə təmin edilərək Cənubi Qafqaza göndərildi. Ərəb qoşunlarının yeni başçısı "müqəddəs" müharibədə iştirak etmək istəyən bütün könüllüləri öz ordusuna dəvət etdi. Əl-Cərrahın ordusunun qalıqları da Səidə qoşuldular. Onların keçmiş xidmətlərini nəzərə alan Səid bu döyüşçülərin hər birinə 100 dinar pul verdi. Böyük bir qüvvə ilə əl-Cəzirədən keçən Səid, bir neçə günlük mühasirədən sonra Xilat qalasını xəzərlərdən təmizlədi, sonra isə düşmən əlində olan başqa qalaları da bir-birinin ardınca fəth edərək, hələ də xəzərlərin əlində olan Bərdəyə çatdı. Gevondun məlumatına görə, ərəblər xəzərləri "tamam əzərək, sələflərinin cəsurluğu şərəfinə hələ indi də əl-Həraşinin dəstəsində saxlanılan təsvirli mis bayrağı onların əlindən aldılar". Bərdədə, habelə Azərbaycanın başqa yerlərində Səidin ordusuna xeyli könüllü qoşuldu. Xəzər talanından, ardı-arası kəsilməyən müharibədən cana doymuş adamlar əllərindən gələn köməyi ordudan əsirgəmədilər. Çox keçmədən Səidin qoşunları Bərdədən Beyləqana, ordan isə Varsana çəkilmiş xəzərləri izləyə-izləyə əvvəl Beyləqanı, sonra isə Varsanı azad etdilər. Ərəblərin yaxınlaşdığından xəbər tutan xəzərlər Balasacan düzündən keçərək Bacarvana doğru geri çəkildilər. Varsan və Bərzəndi arxada qoyub Ərdəbildə qərarlaşan ərəblər, bütün əyalətin ərazisinə səpələnmiş, xeyli əsir və qənimətlə müsəl-man ordusundan uzaqlaşmağa çalışan xəzərləri izləməyə başladılar. Səidin döyüşçüləri xəzər qoşunlarının bir neçə dəstəsini ləğv edib, onların əsir tutduqları müsəlmanları və qarət etdikləri qəniməti geri aldılar. Xəzərlərə qarşı mübarizəyə Varsandan, Beyləqandan, Bərdədən, Qəbələdən və Azərbaycanın başqa yerlərindən çoxsaylı könüllü dəstələri qoşuldular. Ərəblərlə xəzərlər arasında həlledici döyüşlərdən biri Bərzənd yaxınlığında baş verdi. Qələbə qazanan Xilafət qoşunları əsir alınmış bütün müsəlmanları azad etdilər. Beyləqan yaxınlığında çay sahilində baş verən qanlı döyüş pərən-pərən dəstələrdən yığılmış xəzər ordusunun məğlubiyyəti ilə nəticələndi; onların başçısı - xaqan oğlu öldürüldü. Ərəblər dənizə doğru qaçan xəzər ordusunun qalıqlarını yalnız Şirvan torpaqlarınadək təqib etdilər. Buradaca qərarlaşaraq, xəlifə Hişamın əmrini gözləməyə başladılar. Elə həmin il xəlifə öz qardaşı Məsləməni yenidən AzərbaycanƏrməniyyə canişini təyin etdi. Yeni əmr və tapşırıqla Bərdəyə gələn təzə canişin dərhal Şirvana doğru hərəkət edib ərəblərə tabe olmaq istəməyən Şabran qalasını mühasirəyə aldı. Neçə gün davam edən mühasirədən sonra əlləri hər şeydən üzülmüş şabranlılar aman istədilər. Əl-Cərrahın şimala, Səməndərə doğru hərəkəti, ərəblərin əvvəlki döyüşlərdə əsir düşmüş ailəsini özünə qaytardıqları Bələncər hakiminin xəbərdarlığı ilə dayandırıldı. Onun verdiyi xəbərə görə, ərəblərin təzyiqini dəf etməyə hazır olan xəzərlər yeni qüvvələr səfərbər etmişdilər. Azərbaycana qayıdan əl-Cərrah qışı Şəki vilayətində keçirtdi. Elə buradan da xəlifəyə qasid göndərib kömək istədi. II Yəzidin ölümündən sonra hakimiyyət başına gəlmiş yeni xəlifə Hişam kömək göndərəcəyini vəd etdi, lakin bununla yanaşı əl-Cərrahın yerinə əvvəllər bu vəzifədə olmuş öz qardaşı Məsləməni təyin etdi. 726-727-ci illərdə xaqan oğlunun başçılığı altında yenidən Arranı keçərək Azərbaycana soxulan xəzərlər, Xəzərin cənub sahili vilayətlərində ağalıq etməyə başladılar. Lakin çox keçmədən əks-hücumla irəli atılan ərəblər rəqiblərini Araz çayının o tayına qovaraq, onları geri çəkilməyə məcbur etdilər. Sonrakı iki ildə Məsləmə Azərbaycan ərazisindən Dəryal keçidi vasitəsilə xəzərlərə qarşı iki dəfə yürüş təşkil etdi və qənimətlə geri qayıtdı. 729-cu ildə xəlifə onu geri çağıraraq, Azərbaycan və Ərminiyənin canişini vəzifəsinə yenidən əl-Cərrahı təyin etdi. Beləliklə, VIII əsrin 20-ci illəri qarşılıqlı hücumlar şəraitində keçdi. 730-731-ci ildə xəzərlər və başqa türk tayfaları xaqanın oğlunun başçılığı ilə 300 minlik qoşunla Dərbənd, Dəryal və başqa keçidlərdən Azərbaycan ərazisinə soxulub, yolları üstündə olan şəhər və kəndləri yandırmağa, hər yeri qarət etməyə başladılar. Hələ də kömək ala bilməyən əl-Cərrah Şəki vilayətindən çıxaraq Bərdəyə, oradan Beyləqana yollanır, sonra Araz çayını keçərək, Varsan və Bacarvan vasitəsilə Ərdəbilə yetişir. Burada düşərgə salan əl-Cərrah kiçik həmlələrlə xəzər dəstələrinə hücumlar edir, sonra isə yenidən Ərdəbilə qayıdırdı. Ərəb qoşunlarının qərargahı haqqında bir gürcü knyazından məlumat ala bilmiş xaqan oğlu öz ordusunu KürAraz çaylarından keçirərək Varsana gəlir, şəhəri tutaraq, bütün əhalini qılıncdan keçirtdirir. Yol boyu qarşılarına çıxan hər yeri və hər şeyi qarət edib yandıran xəzərlər, nəhayət, ərəb qoşunlarının yerləşdiyi Ərdəbilə yaxınlaşırlar. Xəlifənin yardım göndərmək vədinə hələ də ümidini itirməyən əl-Cərrah, ordusunu Ərdəbildən çıxarır. Savalan dağı yaxınlığında bir neçə gün davam edən qanlı döyüşdə xəzər istilasından təngə gəlmiş yerli sakinlərin köməyinə baxmayaraq, ərəblər üstün rəqib qüvvəsi tərəfindən məğlubiyyətə uğradıldılar; əl-Cərrah başda olmaqla bütün qoşun məhv edildi. Onun bütün əmlakı, arvad-uşağı, xidmətçiləri düşmən əlinə keçdi. Neçə günlük mühasirədən sonra çətinliklə ram edilən Ərdəbil işğal olundu, igid müdafiəçiləri qətlə yetirildi, şəhərin qadın və uşaqları isə əsir aparıldı. Qısa bir müddətdə Azərbaycanın, Arranın və Ermənistanın bir çox şəhər və kəndlərini ələ keçirən xəzərlər, orta əsr ərəb salnaməçisinin yazdığına görə, "öldürməyə, qarət etməyə, yandırmağa və zorakılığa" başladılar. Xilafət üçün yaranmış bu təhlükə bütün qüvvələri səfərbərliyə almağa, xəlifəni xəzərlərə qarşı yeni ordu yaratmağa məcbur etdi. Buradan Dərbəndə yollanan Məsləmə şəhər divarları yanında düşərgə saldı. Şəhər hakimi ərəbləri qarşılamağa çıxdı. Dərbəndin qalasında yerləşmiş xəzər qoşun hissələri isə heç bir maneəyə rast gəlmədən şəhəri tərk etdilər. Xəzərləri sərhədyanı zonadan da çıxarmağa nail olan Məsləmə ətraf yerlərin dağlı hakimlərindən xərac alaraq, öz qoşunlarını Xilafətin şimal vilayətlərindən olan Arranın hüdudlarından kənara - xəzərlərin Bələncər, Vəbəndər və Səməndər şəhərlərinə tərəf yeritdi. Ərəblər və xəzərlər arasında qanlı döyüş bir neçə gün davam etdi və ərəblərin qələbəsi ilə başa çatdı. Geri qayıdan ərəblər yenidən Dərbənd qalasında sığınacaq tapmış min xəzər ailəsini mühasirəyə aldılar. Uzun mühasirədən sonra qala ərəblərin əlinə keçdi. Məsləmə bu dəfə də qaladakı xəzər ailələrinin Dərbənddən çıxıb getməsinə maneçilik törətmədi. Dərbənd sərhəd vilayətində ərəblərin mövqeyini möhkəmlətmək məqsədilə Məsləmə Dərbəndi dörd qismə (sektora) bölüb, bunların hər birində Dəməşqdən, Himsdən, eləcə də Fələstin, Şaməl-Cəzirənin başqa yerlərindən olan 24 min ərəb döyüşçüsü yerləşdirdi. Məsləmənin tapşırığı ilə möhkəmləndirilmiş, silah və ərzaqla təchiz edilmiş Dərbənddə müsəlman icmasının başçısı Mərvan ibn Məhəmməd təyin olunur. 732-733-cü ildə Azərbaycan, Ərminiyə və əl-Cəzirənin amili vəzifəsi də ona tapşırılır. Məsləmə özü isə, görünür, növbəti hesabat üçün Dəməşqə, xəlifə sarayına yollanır. Əl-Kufinin məlumatına görə, Məsləmənin getməsindən xəbər tutan xəzərlər yenidən Dərbənddən şimalda olan torpaqlarına qayıdırlar. Azərbaycan Əməvilər dövründə Ərəb Xilafətinin tərkibində Xəzərlərlə qalibiyyətli müharibə aparmaq üçün arxa cəbhənin möhkəmliyinin vacib olduğunu dərk edən Mərvan, Cənubi Qafqazın Xilafətin real müttəfiqinə çevrilməsi zərurətini də yaxşı başa düşürdü. Bu baxımdan onun Xilafətin şimal ərazisi hesab edilən Qafqazda apardığı siyasət əvvəlki canişinlərinkindən fərqlənirdi. Erməni və alban knyazlarının tam itaətinə nail olmuş Mərvan, çox keçmədən, zor gücünə başqa Cənubi Qafqaz xalqlarını (gürcüləri, lakzları - ləzgiləri və b.) da özünə tabe edir. Arxa cəbhədən nigarançılığı üzülən Mərvan 120 minlik qoşunla Bərdənin 40, Tiflisin isə 20 fərsəxliyində yerləşən, mənbələrdə Kasak (Kasal) adlandırılan yerdə düşərgə salır. 737-ci il ərəb-xəzər müharibələri tarixinə ən gərgin dövrün başlanğıcı kimi daxil olur. Ərəblərin şimala doğru hücum əməliyyatlarına başçılıq edən Mərvan xəzərlərin üzərinə iki istiqamətdən - DərbəndDəryal keçidlərindən yürüş təşkil etmək qərarına gəlir. Dərbənd qoşununa şəhərin rəisi Üseyd (Əsəd) ibn Zafir əs-Sulami, Kasakdan Dəryal keçidi vasitəsi ilə hücum edən qoşuna isə Mərvan özü başçılıq edirdi. Hücum ərəblərin tam qələbəsi ilə nəticələndi. Aman istəyən xaqan hətta islam dinini qəbul etməyə də razılıq verdi. Xəzər xaqanı islam dinini qəbul etməyə boyun olsa da, müsəlmançılıq burada yayılmadı. Belə ki, Mərvanın əsas məqsədi heç də xəzərləri doğru din yoluna gətirmək deyil (bunun üçün heç lazımi imkan da yox idi), onların belini qırmaq, gözlərini qorxutmaq, Xilafətin Qafqazdakı işğal zonasından onların ayağını kəsmək idi. Beləliklə, Xilafətin xəzərlər üzərində qəti qələbəsini nümayiş etdirən 737-ci il döyüşü başa çatır. 40 mindən çox xəzər əsiri evindən-eşiyindən edilib, SamurŞabran çayları arasındakı əraziyə köçürülür. Təmtəraqla Bərdəyə gətirilən gəlin islamı qəbul etdi, Quranı öyrəndikdən sonra Yəzidin arvadı olmağa razılıq verdi. Lakin iki il keçmiş onun özü və Yəziddən olan iki oğlu vəfat etdi. Xaqan qızının qəfil ölümü ərəblərə qarşı yenidən inamsızlıq yaratdı. Bu işdə Yəzidi və onun yaxın adamlarını günahlandıran xəzərlər 763-764-cü ildə böyük bir qoşunla Cənubi Qafqaz ərazisinə hücum edib, alban və gürcü vilayətlərini, o cümlədən yerli salnaməçinin alban vilayətləri sırasında adlarını çəkdiyi Hecerini (Ecerini), Kambehcanı (Kambisenanı), Şakeni (Şəkini), Xozması (Xaçmazı), Balasakanı və b. yerləri tutdular, saysız-hesabsız sürü və ilxıları apardılar. Xəzərlərin bu, dəfəki hücumları olduqca güclü idi. Çox keçmədən Şirvan torpağında xəzərlərlə üzləşən Yəzid, ona kömək göndərilməsinə baxmayaraq, məğlub edilir və Bərdəyə qaçır. Bu xəbər xəlifəyə çatanda o, Yəzidə bir daha kömək göndərir. Yəzid yeni qüvvələrlə Kürü adlayaraq Dərbəndə doğru istiqamət götürür və şəhərin müdafiəsini təşkil etmək qərarına gəlir. Az qala bütün Arranı fəth edən xəzərlər ərəblərin Dərbənddəki müdafiə xətlərini yara bilmədilər, qala ərəblərin əlində qaldı, xəzərlər isə Cənubi Qafqazı tərk etməli oldular. Ərəb tarixçisi əl-Kufi xəzərlərin bu müdaxiləsini o zaman Dərbənddə baş verən hadisələrlə əlaqələndirir: Dərbənd əhalisi şəhər hakiminin başçılığı ilə qiyam qaldırmış, ərəblərə xərac verməkdən imtina etmiş, nəhayət xəzərləri yardıma çağırmışdı. Dövrün digər mənbələri (ət-Təbəri, İbn əl-Əsir və b.) bu rəvayəti başqa cür işıqlandırsalar da, fakt özlüyündə qalır: VIII əsrin son ilində xəzərlər ərəblər üzərində son ciddi qələbəyə nail ola bilirlər. Bununla da xəzərlərin bir əsrdən çox ardı-arası kəsilməyən soyğunçu yürüşlərinə demək olar son qoyulur. Yalnız hələ də xəzərlərin qüdrətinə inanan yerli hakimlər ara-sıra köhnə müttəfiqlərini ərəblərə qarşı birgə mübarizəyə dəvət edirdilər. Hətta IX əsrin sonları, X əsrin əvvəllərində, Cənubi Qafqaz ərazisində müstəqil feodal dövlət qurumlarının yarandığı dövrdə də baş verən lokal xarakterli bu çıxışlar nəticə etibarı ilə Xilafətin Qafqazdakı mövqeyini sarsıdan amillərdən oldu. Beləliklə, obyektiv olaraq, müsəlmanların şimala doğru yollarını bağlamış Xəzər xaqanlığı, rusların və digər xalqların da Şimali Qafqaz tərəfdən müsəlman torpaqlarına müdaxilə etmələrinə mane olmuş, bufer dövləti rolunu oynamışdır. Xilafətin Azərbaycanda inzibati və idarəetmə siyasəti İspaniyadan Hindistanadək bir çox ölkə və xalqları tabe etmiş ərəblər, işğal etdikləri yerlərdə yeni tipli idarə sistemi qura bilmədiklərindən, bu yerlərin əvvəlki idarə sistemlərini saxlamalı oldular. Müxtəlif xalqlardan alınan və idarə işini yüngülləşdirmək məqsədilə çox vaxt köhnə coğrafi və ya inzibati adını saxlayan bu ərazilər müstəqil və ya asılı ölkədən Xilafətin çoxsaylı vilayətlərinə çevrildilər. Bu vilayətlər, adətən həmin yerləri fəth etmiş sərkərdənin və ya yürüşün bilavasitə iştirakçısının idarəsi altında ərazicə yaxın torpaqları özlərində birləşdirirdi. Ərəblərin işğalı ərəfəsində tarixi Azərbaycan torpaqları ilə yanaşı, şərqi Gürcüstanı və Şərqi Ermənistanı, İranın bir sıra vilayət və şəhərlərini (Təbəristan, Gilan, Dehistan, Rey və b.) də özündə birləşdirən Sasanilərin şimal kustakı (kustu) - əyaləti olan Adurbadaqan (Azərbaycan) bir inzibati vahid kimi cənubda Həmədan, ƏbharZəncandan şimalda Dərbəndədək uzanırdı; tədqiqatçıların. Əksəriyyətinin 567/568-ci ilə aid etdikləri Dərbənd divarlarındakı pəhləvi yazısı imperiyanın şimal sərhədinin Dərbənddən keçdiyini bir daha təsdiq edir. Ərəblərin Qafqaza hücumları zamanı Süniklə birlikdə Albaniya, eləcə də Gürcüstanın bir hissəsi xəzərlərin əlində idi. Baş vermiş ərəb işğalı bu ölkələrin tarixi-coğrafi ərazi bütövlüyünü saxlasa da onların inzibati adını dəyişdirdi. İlk çağlar Azərbaycanın cənub hissəsi olan Adurbadaqan Albaniya, Ermənistan, Şərqi Gürcüstan və əl-Cəzirə vilayəti ilə birlikdə yeni yaranmış gənc ərəb dövlətinin beş vilayətindən birini təşkil edirdi. VIII əsrin başlanğıcında Qafqazın işğal olunmuş torpaqlarında ərəblərin tam hakimiyyətinin bərqərar olması ilə vassallığını da itirən və bir dövlət kimi ləğv edilən Albaniya ərəb vilayəti Arrana (ar-Ran, Aran) çevrildikdə, "Ərminiyə" adlı yeni ərəb inzibati adı yarandı. Bu adı daşıyan ərəb vilayəti öz tərkibində təkcə Cənubi Qafqazın qalan hissəsinin fəthindən bir neçə il əvvəl işğal olunmuş bilavasitə Ermənistanı deyil, eləcə də keçmiş Albaniya və İberiya ərazilərini də birləşdirirdi. Yeni ərəb inzibati termininin yuxarıda adı çəkilən ölkələrə də şamil edilməsi Bizans imperatoru I Yustinianın (527-565) islahatları nəticəsində VI əsrin ortalarında yaranmış Bizans Ermənistanı inzibati vahidinin adı ilə bağlı idi. Ərəblərəqədərki inzibati quruluşdan miras qalmış "Ərəb Ərminiyəsi" inzibati adının yaranmasına başqa obyektiv səbəblər də təsir edib: əvvəla, ərəblər hələ Azərbaycan torpaqlarına qədəm basmamış, artıq 639 - 640-cı illərdə, Mesopotamiya yürüşü zamanı Bizansın tabeliyində olan erməni torpaqlarını ələ keçirmiş, ikincisi isə ərəb işğal zonasını idarə edən canişinin qərargahını ermənilərin baş şəhəri Dəbildə -Dvində yerləşdirmişdilər. Təbii ki, özlərindən əvvəlki Bizans inzibati-idarə sisteminə varis çıxmış ərəblər, başqa yerlərdə olduğu kimi, burada da köhnə dövrə aid "Ərminiyə" adını saxlamışdılar. O da təbiidir ki, işğal prosesində əllərinə keçən yeni həmhüdud yerləri də onlar artıq tabeliklərində olan zonaya qatmış, bir bölgədə yerləşən bu torpaqları birlikdə "Ərminiyə" adlandırmış, bütün Cənubi Qafqazdakı işğal zonasının idarəsini Dəbildə oturan ərəb canişininə - amilinə həvalə etmişdilər. Xürrəmilər hərəkat Azərbaycanın Ərəb Xilafətinin tərkibində olduğu dövrdə həmin ölkənin ərazisində başlamış ən geniş xalq hərəkatı Xürrəmilər hərəkatıdır. Xürrəmilərin ilk məlum çıxışı 162/778-ci ilə aid edilir . Xürrəmilərin yeni çıxışını ət-Təbəri 192/808-809-cu ilə aid edir. Nizamülmülk üsyanın "Harun ər-Rəşidin Xorasanda olduğu vaxta" təsadüf etdiyini qeyd edir. Bu dəfə İsfahan, Rey, Həmədan və b. yerləri əhatə edən üsyan, ət-Təbərinin məlumatına görə, Azərbaycanda başlanmış, hər yerdən gələn yüz mindən artıq adam üsyana qoşulmuşdu. Lakin Abbasi üsuli-idarəsinə qarşı yönəldilmiş bu çıxış da uğursuzluqla nəticələnmiş, "saysız adam öldürülmüş", çoxlu əsir tutularaq, Harunun Karmisindəki qərargahına gətirilmiş, onların bir hissəsi məhv edilmiş, qalanları isə Bağdad bazarında satılmışdılar. Bu hadisədən sonra xürrəmilərin Xilafətə qarşı çıxışları ara verdi. Mənbələrdən məlum olur ki, xürrəmilərin rəhbərləri olan Cavidan və Əbu İmran bu zaman ədavətə başlamış, aralarındakı münasibətləri aydınlaşdırmaqla məşğul olmuşdular. Başçılar arasında günü-gündən artan bu çəkişmə onları, habelə onların ardıcıllarını Xilafətə qarşı mübarizədən yayındırırdı. 816-cı ilə qədər xürrəmilər mərkəzi hakimiyyəti yalnız adda-budda çıxışlarla narahat edirdilər. 816-cı ildə Cavidan və Əbu İmran açıq döyüşdə bir-birini öldürdülər: Əbu İmran döyüş meydanında, Cavidan isə aldığı ağır yaradan üç gün sonra həlak oldu. Cavidanın ölümündən sonra xürrəmilərə rəhbərlik etməyə başlayan Babək hərəkatın məcrasını tamamilə Xilafətə qarşı yönəltdi. Babək xürrəmilərə rəhbərliyi qəbul etdikdən sonra onların mübarizəsi tamamilə Xilafətə qarşı çevrildi. Bəzi mənbələrin verdiyi məlumata görə, Babək bir vaxt islamı qəbul edibmiş və onun müsəlman adı Həsən imiş. Xürrəmilərin əksəriyyəti Azərbaycanın və qonşu vilayətlərin kəndlilərindən ibarət idi. Cavidanın rəhbərlik etdiyi xürrəmilər 816- cı ilədək Xilafəti yalnız hərdənbir narahat edirdilərsə, Cavidanın ölümündən sonra Xilafət üçün dəhşətli bir qüvvə oldular. Babək Xilafətə qarşı üsyan qaldırmaq vaxtını yaxşı seçdi. O, Əmin və Məmun qardaşlarının Xilafət taxtı üstündəki daxili mübarizələrindən istifadə etdi, çünki bu zaman ərəblərin yuxarı təbəqələrinin diqqəti Bağdaddan uzaqdakı şimal vilayətlərindən yayınmışdı. 833-cü il, 10 avqustda Mötəsim xəlifə elan edildi. Və bununla da xürrəmilərə qarşı mübarizənin yeni mərhələsi başladı. Yeni xəlifə taxta çıxan kimi birinci növbədə öz sələfinin vəsiyyətinə əməl etməyi qərara aldı. O, xürrəmilərə qarşı müharibəyə ciddi hazırlıq görməyə başladı, zira, görürdü ki, Azərbaycanın və digər əyalətlərin xalq kütlələrinin bu təhlükəli hərəkatı qarşısında daha da zəiflik göstərilsə, Xilafətin öz varlığı üçün ciddi nəticələr doğura bilər. O, bu iş üçün heç bir şeyi əsirgəmədi. Buna görə xürrəmilərə qarşı onun qoşunlarının ilk hücumu müvəffəqiyyətlə nəticələndi. Xəlifə Mötəsim Misirdə Bizans qoşunları ilə vuruşmada öz hərbi məharətini göstərən istedadlı sərkərdə Afşin Heydər ibn Kavusu 835-ci il 3 iyunda xürrəmilərə qarşı müharibə edən bütün qoşunların baş komandanı təyin etdi. Xəlifə bu müharibə üçün vəsait əsirgəmirdi. Afşin ata minəndə yəni xürrəmilərlə vuruşmağa girəndə - gündə 10 min dirhəm, hərbi əməliyyat olmayanda isə 5 min dirhəm pul alırdı. 836-cı ildə Həştadsər dağı yaxınlığında xürrəmilərlə Buğa əl-Kəbirin başçılığı altındakı ərəb ordusu arasında vuruşma olmuşdu. Təkəbbürlü Buğa, Afşinin əmrinə etina etməyərək, şəxsən xürrəmilərlə vuruşmaq qərarına gəlmiş və bunun cəzasını görmüşdü. Əvvəlcə Babək Buğanın min nəfərlik ərzaqdaşıyan dəstəsini məhv etdi, əsir aldığı ərəblərdən ikisini seçdi və baş vermiş əhvalatı Afşinə söyləməyə göndərdi. Buna baxmayaraq, Buğa öz ordusunu xürrəmilərə qarşı hərəkətə gətirdi; xürrəmilər isə ərəbləri izləyirdilər; dağ cığırlarından keçib gücdən düşən ərəblər təpələrdən birinə qalxmağa başlayanda xürrəmilər hücum edib onları mühasirəyə saldılar və ərəbləri onlar üçün əlverişli olmayan şəraitdə vuruşmağa məcbur etdilər. Buğanın ordusu məğlub edildi, bir neçə sərkərdə öldürüldü. Buğanın özü isə qaçdı. Xürrəmilər bütün ərəb ordugahını, pul və silahları ələ keçirtdilər. Bu məğlubiyyətdən sonra Afşin öz qoşunlarını Bərzəndə çəkdi. Lakin Xilafətə qarşı əlbir əməliyyat keçirmək barəsində Afşin, BabəkMəzyər arasında gedən gizli danışıq və yazışmalar bir nəticə vermədi, odur ki, Afşin də özünü tamamilə ifşa etməmək üçün Bəzzə hücum etmək əmrini verməyə məcbur oldu. Cəfər əl-Xəyyat, Əbu Səid və Buxaraxudatın sərkərdəliyi altındakı türk qoşunları və könüllülər qalanı mühasirə etdilər. Şəhər üçün uzun sürən vuruşma başlandı, bu zaman xürrəmilər qaladan çıxıb ərəbləri hiss ediləcək tələfat verməyə məcbur edirdilər. Ərəblər mancanaqları Bəzzin hasarlarına yaxınlaşdırdılar, işçi korpusu isə hasarları sökərək daşları çıxarmağa başladı. Xürrəmilərin bütün qəhrəmanlığı və igidliyinə baxmayaraq, ərəblərin üstün qüvvələrinin mühasirəsinə qalanın davam gətirə bilməyəcəyi Babəkə aydın olanda, o, Afşinlə şəxsi danışığa girdi. Babəkin amanı qəbul etməkdən boyun qaçırmasına baxmayaraq, Afşin bir müddətdən sonra onun yanına adam göndərib xahiş etdi ki, barışıq haqqında danışıqlar üçün onun yanına etibarlı bir adam göndərsin. Afşin şəhərə neftsatanlar dəstəsini gətirdi və bunların köməyi ilə şəhər 837-ci il 26 avqustda ərəb qoşunu tərəfindən alındı. Afşin əmr etdi ki, şəhərin qalalarını dağıtsınlar və şəhəri üç gün ərzində yandırsınlar. "Bircə ev, bircə qala salamat qalmadı - o, hər birini yandırdı və ya dağıtdı". Babəkin oğulları və onların ailə üzvləri şəhərdə tutuldular. Nizam əl-MüIkün verdiyi məlumata görə, Bəzz alınarkən 80 mindən artıq xürrəmi öldürülmüşdü. Bu məğlubiyyətdən sonra 837-ci ildə Babək Sünik hakimi Səhl ibn Sunbatın mülkündə tutularaq Samirə şəhərinə gətirilir və 838-ci ildə həmin şəhərdə edam edilir. IX əsrdə azadlıq müharibələrinin genişlənməsi səbəbindən Xilafət getdikcə zəiflədi. Abbasilər imperiyasının dağılması gedişində Azərbaycanda bir sıra müstəqil feodal dövlətləri meydana gəldi. Belə bir şəraitdə xilafətin işğal etdiyi ölkələrdə yerli hökmdarlıqlar əmələ gəldi və onlar xilafətə tabe olmaqdan boyun qaçırdılar.
Ədəbiyyat.

1. Azərbaycan tarixi Yeddi cilddə II cild. Bakı-Elm-2007

2.Azərbaycan tarixi. Süleyman Əliyarlı. Bakı 2009

3. Z.Bünyadov "Azərbaycan Tarixi" Baki, 2005

4. Ziya Bünyadov. Azərbaycan VII-IX əsrlərdə. Bakı, "Şərq-Qərb", 2007

5. N. Vəlixanlı - Ərəb Xilafəti və Azərbaycan, Bakı, 1992

6.http://wapedia.mobi/az/


Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin