a) Geolojitədqiqatlar. Nəzərə almaq lazımdır ki, istismarın gələcək dövrlərini hər şeydən əvvəl iqtisadi göstəricilər müəyyənləşdirir. Bu isə yatağın istismarını təmin edəcək müxtəlif geoloji-texniki tədbirlərin yüksək səmərə ilə həyata keçirilməsini tələb edir. Bu tələbləri yerinə yetirmək üçün isə yatağın və onun kəsilişindəki ayrı-ayrı layların daxili quruluşu etibarlı öyrənilməlidir. Tələbatın yerinə yetirilməsində bir sıra məsələlərin ardıcıl həlli təmin olunmalıdır. Bunların arasında baxılan yataqların üçölçülü modellərinin tərtibi, cari neft yığımlarının hidrodinamiki vəziyyətinin aşkar edilməsi və regionda oxşar obyektlərin təsnifat üsulları ilə qruplaşdırılması və işlənilmələrinin təhlil edilməsi, oxşar qrup obyektlərində neftverməyə təsir edən amillərin aşkar edilməsi və onların məqsədyönlü tənzimləndirilməsi, layların neftverimini artıran üsulların tətbiqi üçün müvafiq işlənilmə obyektlərin seçilməsi və s. kimi məsələlər mühüm yer tutur.
Aydındır ki, yataqların uzun müddət müxtəlif texnologiya ilə işlənilməsi onların geoloji şəraitini xeyli mürəkkəbləşdirmiş və burada sistematik dəyişmələr çox hallarda lokal fluktuasiyalarla əvəz olunmuşdur. Odur ki, yataqların qalıq ehtiyatlarının maksimum mənimsənilməsi üçün seçiləcək optimal yollar və onların operativ həlli geoloji-riyazi modellərin tərtibini və onların müasir kompüterlərdə realizəsini tələb edir.
b) Texnolojitədqiqatlar. Azərbaycanda çoxdan işlənilmədə olan yataqlarda tətbiq olunan texniki vəsait və texnoloji proseslər artıq müasir tələblərə cavab vermir. Burada layların hidrodinamiki vəziyyətini yaxşılaşdırmaq üçün müvafiq işlər son vaxtlar çox az aparılır. Məsaməli mühitdə qalmış neftin yuyularaq quyu dibinə aparılması yeni təsir üsullarının (nanotexnologiya) və horizontal quyuların qazılması və istismarını tələb edir. Beləliklə, yataqlarda ehtiyatların, o cümlədən, onun çıxarılabilən hissəsinin tam mənimsənilməsinin buradakı işlənilmə texnikası və texnologiyasının təkmilləşdirilməsindən asılı olması şübhə doğurmur.