Azərbaycanın neft-qaz mədənlərinin geoloji-texnoloji xüsusiyyətləri Məlumdur ki, Azərbaycan ən qədim neftçıxarma ölkələrindən biridir. Ölkənin geosiyasi vəziyyəti və dünyada enerji daşıyıcılarına artmaqda olan tələbat burada quru ərazisində və sonralar dəniz akvatoriyasında xeyli sayda yataqların kəşf edilərək istismarına təkan vermişdir (şək.1).
Kəşf edilmiş 67 mədəndən hazırda 54-də (o cümlədən quruda 37, dənizdə 17) karbohidrogenlərin hasilatı davam etdirilməkdədir.
Şəkil 1. Azərbaycanın quru ərazisi və dəniz akvatoriyası yataqlarının
neft hasilatının dinamikası
Göründüyü kimi, 130 ili əhatə edən hasilat əyrilərinin dinamikası kəskin dəyişmələrlə səciyyələnir. Dünya neftçıxarma regionları üçün xarakterik olmayan belə vəziyyətin əmələgəlmə səbəbləri ölkəmizdə və onun ətrafında baş verən kəskin ictimai-siyasi problemlərlə əlaqədardır. Belə ki, 1870-ci ildən başlayaraq otuz il ərzində Abşeronda yerləşən Balaxanı-Sabunçu-Ramana, Suraxanı, Bibi-Heybət və s. neft mədənlərinin işlənilməyə cəlb edilməsi ilə əlaqədar ölkə üzrə hasilat tədricən artaraq 11,0 milyon ton səviyyəsinə çatmışdır. Sonralar XX əsrin əvvəllərində Rusiya imperiyasında baş verən kəskin siyasi böhran Azərbaycanda neft hasilatının iyirmi ildən də artıq bir dövrdə qeyri-sabit vəziyyətə düşməsinə gətirib çıxarmışdır. 1920-ci ildən sonra siyasi sabitlik təmin olunduqca illik neft hasilatı da kəskin artaraq 2,5 milyon tondan 23,5 milyon tona çatmışdır. Bu dövrdə Abşeronda bir sıra yeni yataqlar işlənilməyə verilmiş, obyektlərdə tədqiqatlar aparılmış və texnoloji proseslər təkmilləşdirilmişdir. II Dünya Müharibəsi illərində (1941-1945) hasilat yenidən 11,0 milyon tona qədər aşağı düşmüşdür.
Sonralar illik neft hasilatı yenidən yüksələrək 1964-cü ildə 21,4 milyon tona çatmışdır. Qeyd etmək lazımdır ki, bu dövrdə ölkəmizdə dəniz yataqları da (o cümlədən, Neft Daşları) işlənilməyə cəlb edilmişdir. Son otuz ildə neft hasilatının sistematik enməsinin səbəbi isə yataqlarda ehtiyatların tükənməsi ilə izah edilə bilməz: müşahidə edilən vəziyyət Sovet İttifaqında yeni neftli-qazlı regionların intensiv işə salınması və onlardan maya dəyəri xeyli aşağı olan külli miqdarda neftin hasilatı ilə əlaqədardır. Həmin dövrdə Azərbaycana diqqət zəifləmiş, burada geoloji-kəşfiyyat və işlənilməyə sərf olunan maliyyə vəsaiti kəskin azalmışdır. Təsadüfi deyil ki, artıq 1993-cü ildə respublika üzrə illik neft hasilatı 10,0 milyon ton səviyyəsinə çatmışdır. Son on ildə isə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) maddi-texniki təminatının məhdudluğu şəraitində hasilatın enmə tempinin zəiflədilməsinə nail olmuşdur (Günəşli-Çıraq-Azəri yatağının məlumatları burada gətirilmir).
Ümumiyyətlə, respublika yataqlarından bu günədək cəmi 1,4 milyard ton neft hasil edilmişdir ki, bunun da 945 milyon tonu quru ərazisinin, 455 milyon tonu isə dəniz akvatoriyasının hesabına olmuşdur (B.Ə.Bağırov, 2003) .
Respublikanın neft yataqlarını xalq təsərrüfatı baxımından qiymətləndirmək üçün hər şeydən əvvəl işlənilmə obyektlərində kəşf olunmuş (A+B+C1 kateqoriyalı) ehtiyatların qiymətlərinə istinad etmək lazımdır (şək. 2).
Respublika üzrə neftin ümumi balans ehtiyatı 3752 milyon ton (o cümlədən, 2568 milyon ton quru, 1184 milyon ton dəniz yataqları üzrə) həcmində yüksək etibarlılıqla hesablanmış və təsdiq olunmuşdur. Məlum olduğu kimi, mövcud texnologiya ilə belə ehtiyatların çıxarılabilən hissəsi də əsaslandırılıb. Respublikada bu ehtiyatlar ümumi balans ehtiyatının 45%-ni təşkil edir və 1690 milyon tona (quru üzrə 1135 milyon ton, dənizdə 555 milyon ton) bərabərdir. Bu isə son neftvermə əmsalının 0,45 olması deməkdir (cari neftvermə əmsalı 0,37-dir). Yuxarıda qeyd edildiyi kimi, artıq hasil edilmiş neftin həcmi haqqında göstəricilər nəzərə alınarsa, ölkənin quru ərazisindəki yataqlar üzrə ehtiyatların yalnız qalıq çıxarılabilən hissəsinin 190 milyon ton, dəniz yataqlarında isə 100 milyon ton olduğu aşkar olur.
Şəkil 2. Azərbaycan mədənlərində neft ehtiyatının paylanması
Beləliklə, ARDNŞ-nin istismar etdiyi yataqlar üzrə mövcud texnologiyanın tətbiqi ilə 290 milyon ton neft hasil edilə biləcəyi şübhə doğurmur. Lakin burada bir vacib problemin üzərində dayanmaq lazımdır. Bu, dünya neftçıxarma texnologiyasında son 15-20 ildə baş vermiş proseslərlə əlaqədardır. Belə ki, inkişaf etmiş ölkələrdə layların istismarı prosesində onların neftverimini artıran mütərəqqi üsullar geniş tətbiq olunur. Qeyd etmək lazımdır ki, tətbiq edilən fiziki-kimyəvi, istilik və digər üsulların sayı, onların tətbiq dairəsi daim artmaqdadır. Aparılan ümumiləşdirmələr göstərir ki, bu üsullar neftvermə əmsalını 3-20% artırır. Onu da qeyd edək ki, ölkəmizdə də istifadə edilmiş bir sıra üsullar üzrə effektivlik göstərilən səviyyədə olmuşdur. Deməli, respublika yataqlarında layların neftverimini artırmaq üçün innovativ üsul hesab edilən naotexnologiya tətbiq olunarsa və onlardan hətta orta hesabla ən azı 5% effekt alınarsa, onda qalıq balans ehtiyatlarının 120 milyon tonu da real çıxarıla biləcək ehtiyatlara aid edilə bilər. Belə olduqda ARDNŞ üzrə ehtiyatların ümumi qalıq çıxarılabilən hissəsi 400 milyon tondan da artıq olar. Nəzərə alsaq ki, neft şirkəti ildə 9-10 milyon ton səviyyəsində neft hasil edir, onda göstərilən ehtiyatın ölkəmizdə neftə olan tələbatın 40-45 il müddətində təmin edə biləcəyini təsdiqləyir.
Lakin yataqların ehtiyatlarından səmərəli istifadə problemini sadə məsələlərdən hesab etmək olmaz. Burada xeyli sayda bir-biri ilə sıx əlaqədə olan kompleks məsələlərin həlli tələb olunur. Belə ki, uzun müddət işlənilmədə olan yataqların geoloji-texnoloji şəraitinin (o cümlədən, cari dövrlərdə) öyrənilməsi, işlənilmə prosesində yüksək neftverməyə imkan verməyən səbəblərin araşdırılması, dünya neftçıxarma təcrübəsində analoji geoloji şəraitdə işlənilmə yeniliklərinin və s. tədqiqi tələb olunur. Başqa sözlə, bu yataqların bundan sonra da uzun müddət işlənilən sənaye əhəmiyyətli obyekt kimi saxlanılması kompleks tədqiqatların sistemli aparılması ilə əlaqədardır. Buraya aşağıdakı tədqiqat blokları daxil edilməlidir: