7. SİYASİ ŞÜUR VƏ SİYASİ MƏDƏNİYYƏT
Siyasi münasibətlərin, siyasi prosesin və fəaliyyətin dərk edilməsinin mühüm açarı kimi siyasi şüur politologiya elmində fundamental əhəmiyyətli problemlər sırasında xüsusi yer tutur. Şüurlu varlıq olmaq etibarilə insanın bütün fəaliyyəti obyektiv reallıqların subyektiv dərketmə və tələbatlar süzgəcindən keçərək formalaşan inam, etiqadlar və dəyərlər sisteminə əsaslanır. Eynilə də fərdin siyasi həyatda iştirakı, siyasi proseslərin subyekti kimi fəaliyyəti cəmiyyətdəki siyasi reallıqların qavranılması nəticəsində formalaşan təsəvvürlərə, baxışlara, dəyərlərə müvafiq olur. Başqa sözlə, siyasi reallıqların dərk edilməsi sayəsində meydana gələn və inam, etiqad, baxışlar, dəyərlər və onlara əsaslanan siyasi mövqe ilə ictimai rəyin məcmusu şəklində fəaliyyət göstərən siyasi şüur bütünlükdə siyasi prosesin mühüm hissəsi kimi çıxış edir. Siyasi şüur anlayışı bu mənada cəmiyyətin siyasi həyatını səciyyələndirən geniş məzmunlu kateqoriya funksiyasını yerinə yetirir. Onun əhatə dairəsinə insanların hakimiyyətlə münasibətini, habelə idarəçilik prosesində fərdlərarası münasibətləri ifadə edən və istiqamətləndirən təsəvvür və baxışları daxildir.
Siyasi şüur insanın obyektiv surətdə cəmiyyətdə qərarlaşan spesifik münasibətlərə reaksiyası, bu münasibətlərə uyğun olaraq fəaliyyət forması seçmək üsulu kimi qiymətləndirilə bilər. Bu, siyasi şüurun passiv şəkildə təzahürünün ifadəsidir. Siyasi şüur eyni zamanda fəal rol oynamaq imkanlarına malikdir, belə ki, onun bilavasitə təsiri altında siyasi həyatın dəyişdirilməsi prosesi baş verir. Siyasi şüurun formalaşması insanların tələbatları və mənafeləri sisteminin dərk edilməsi, onları mövcud hakimiyyət münasi - bətlərindən irəli gələn reallıqlarla müqayisə etmək cəhdlərilə bağlıdır. Siyasi reallıqların siyasi rejimin insanın, yaxud insanlar qrupunun tələbatlarının həyata keçirilməsinə münasibəti müvafiq reaksiya şəklində ortaya çıxır. Bu isə öz növbəsində konkret olaraq emosional hisslər, baxışlar, ya da mövqe yönümü kimi təzahür edir.
Siyasi şüur mahiyyət etibarilə mənəvi hadisədir. Onun əsasını insanların siyasi reallıqları qavramaq zəminində yaranan inam, etiqad və baxışları sistemi təşkil edir. Siyasi reallıqların, siyasi fəaliyyətin təsisatlarının obrazının yaradılması da siyasi şüurun səciyyəvi cəhətidir. Hakimiyyətlə, siyasi təsisatlarla qarşılıqlı əlaqə və münasibətlər prosesində insanlarda həmin təsisatlar haqqında təsəvvürlər, baxışar, stereotiplər formalaşır ki, bu da siyasi şüurun tərkib hissəsi kimi çıxış edir. Siyasi şüurun həm qərarlaşması, həm fəaliyyət səviyyələri müxtəlifdir. Mahiyyət etibarilə o, ictimai xarakter daşıyır. Bununla yanaşı, insanların hakimiyyətə, siyasi reallıqlara onların kokret mənafelərinin reallaşması prizmasından irəli gələn baxışları, inam və etiqadları həm fərdi, həm də qrup xarakteri daşıyır. Siyasi şüurun fərdi şəkildə formalaşması o zaman baş verir ki, şəxsiyyət özünün mənafelərinə uyğun şəkildə mövcud reallıqlara münasibətini ifadə edir və konkret siyasi mövqe seçir. Təbii ki, sonuncular müəyyən siyasi dəyərlərə söykənir və nəticə etibarilə tamamlanmış baxışlar sistemi kimi təzahür edir. Fərdiyyətçilik psixologiyasının hökmran olduğu ictimai mühitdə əsas etibarilə siyasi şüur hakimiyyətə və bütövlükdə siyasi reallıqlara şəxsi mənafelərə əsaslanan baxışlar şəklində formalaşır. Qərbin liberal konsepsiyaları insanın siyasi proseslərdə iştirakını, davranışını məhz şəxsi mənafe zəminində meydana gələn siyasi əqidə və mövqe baxımından nəzərdən keçirir. Fərdi tələbatlar əsasında yüksələn siyasi baxışlar daha fəal xarakter daşıyır və hakimiyyəti, siyasi sistemi şəxsi tələbatla ictimai tələbat arasında daha möhkəm kompromis yaratmağa məcbur edir. Belə bir cəhət də qeyd edilməlidir ki, fərdiyyətçilik ideologiyası şəraitində bu və ya digər siyasi baxışın kənardan insanlara qəbul etdirilməsi ehtimalı xeyli zəifləyir və buna görə də siyasi mübarizədə şəxsi baxışlara əsaslanan şəxsi mövqe həlledici rol oynayır. Siyasi şüurun qrup şüuru şəklində meydana gəlməsi də tələbat və mənafelərin dərk edilməsi ilə əlaqədardır. Lakin bu halda siyasi baxış və əqidələrin formalaşması qrup mənafelərinin həyata keçirilməsi səylərinə əsaslanır. Kollektiv siyasi şüur qrup psixo - logiyasının üstün rol oynadığı ictimai-siyasi mühit üçün səciyyəvidir. Siyasi şüurun bu formada meydana gəlməsi aşağıdakı səbəblərlə əlaqədardır: 1) fərdin özünü hər hansı sosial birliyin və ya qrupun ayrılmaz hissəsi hesab etməsi; 2) şəxsiyyətin öz mənafelərini ümumi mənafedən ayrılmaz sayması və onların ayrı-ayrılıqda həyata keçiril - məsinin qeyri-mümkünlüyünə inanması; 3) qrup mənafelərini və onun tərkib hissəsi kimi şəxsi mənafeləri həyata keçirmək üçün siyasi sistemə və hakimiyyətə xüsusi kollektiv münasibətin formalaşması; 4) kollektiv şəkildə formalaşmış baxış və dəyərlərin ümumi, hətta bəzən məcburi xarakter daşıması və hamı tərəfindən qəbul edilməsi. Kollektiv ideya və baxışlar şəklində meydana gələn siyasi şüur çox zaman insanların bilavasitə tələbatları ilə əlaqədə olmur, onlara kənardan qəbul etdirilir. Belə halda şəxsiyyətin tələbatları ilə ictimai tələbatlar arasında birbaşa əlaqə yaradılması imkanları da çətinləşir və nəticə etibarilə siyasi şüur obyektiv reallıqların az-çox dəqiq inikasından çox siyasi konyukturanın süni surətdə yaradılmış vasitəsi funksiyasını yerinə yetirir. Siyasi şüurun bu mövqedən nəzərdən keçirilməsi, ona sırf sinfi xarakter verilməsi marksist cərəyanın səciyyəvi cəhətidir. Siyasi şüur mürəkkəb struktura malikdir. Onun əsas ünsürlərinə münasibət birmənalı deyil. Marksist təlimdə siyasi şüurda da aparıcı ünsürlər kimi inam, etiqad, dəyərlər sistemi xüsusi vurğulanır. Lakin siyasi şüuru bu çərçivədə təhlil etmək onu obyektiv reallığın subyektiv əksindən daha çox düşünülmüş baxışlar və fəaliyyət motivi sistemi sifətində qiymətləndirmək cəhdindən başqa bir şey deyil. Siyasi şüur anlayışında siyasi mövqe, ictimai rəy və stereotip kimi ünsürlər mühüm rol oynayır.
Dostları ilə paylaş: |