Sosial siyasət Siyasətin real təcəssümü konkret siyasi fəaliyyətdən ibarətdir. Siyasətin başlıca subyekti olan siyasi qurumların, ələlxüsus dövlətin fəaliyyəti mahiyyət etibarilə siyasətin mövcudluq formasını ifadə edir. Dövlətin fəaliyyətinin mühüm istiqamətlərindən, funksi yala rın - dan birini sosial siyasət təşkil edir. Sosial siyasət cəmiyyətdə vətəndaşların, sosial qrup və birliklərin tələbatlarını nəzərə alaraq, onlar üçün yaşayış şəraiti yaratmaq sahəsində dövlətin konkret fəaliyyətidir.
Sosial siyasət dövlətin ən geniş fəaliyyət sahəsi olub, cəmiyyətin bütün təbəqələrini, bütün əhalini əhatə edir. Sosial siyasətdə, habelə dövlətin bütün digər sahələrdə fəaliyyəti bu və ya digər dərəcədə özünün əksini tapır. Müasir şəraitdə sosial siyasət bir növ dövlətin bütünlükdə siyasətinin səmərəliliyini, humanist xarakterini müəyyənləşdirən barometr sifətində çıxış edir.
Sosial siyasət bir sıra vəzifələrə xidmət göstərir. Onun mahiyyətindən irəli gələn başlıca vəzifə cəmiyyət üzvlərinin təkrar istehsalına şərait yaratmaq, insanların zəruri maddi ehtiyaclarını ödəməkdir. Hər bir dövlət insanların siyasi təşkili forması olmaq etibarilə, bir yandan onların məcburi surətdə kütləvi hakimiyyətə tabe olmalarını təmin edir, digər tərəfdən isə əhali qarşısında üzərinə
müəyyən öhdəliklər götürür. Bu öhdəliklərə insanların təhlü kə siz - liyini, ictimai asayişi təmin etməklə yanaşı onların maddi tələbatlarının və ehtiyaclarının ödənilməsi, yaxud ödənilməsi üçün şərait yaradılması kimi vəzifələr daxildir. Hələ lap qədim dövrlərdən hökmdarların ədalətliliyi haqqında insanların şüurunda dərin kök salmış təsəvvürlər onların əhalinin ehtiyaclarına qayğısı və diqqəti kimi humanist keyfiyyətlərinə əsaslanırdı.
Sosial siyasətin yerinə yetirdiyi ikinci mühüm funksiya sosial ədaləqin həyata keçirilməsi ilə əlaqədardır. Ədalət anlayışı tarixi dəyişkənliyin təsirini öz üzərində hiss edən sosial həyat hadisəsidir. Hər bir tarixi dövr, hər bir xalq və millət, hər ictimai quruluş ədalət haqqında öz təsəvvürlərini formalaşdırır. Lakin bütün dövrlər üçün ümumi olan bir prinsip dəyişməzdir, o da mövcud dövlətin, siyasi rejimin, konkret hökmdarın ədalətin təcəssümü olması haqqında fikrin əsaslandırılması cəhdidir. Hər bir konkret şəraitdə özünəməxsus şəkildə dərk edilən ədalət prinsiplərinin həyata keçirilməsində mühüm vasitələrdən biri sosial siyasət hesab olunur. Bu halda sosial ədalət haqqında təsəvvürlər ilkin, sosial siyasət isə törəmə mahiyyət daşıyır. Yəni siyasi rejim sosial ədalət haqqında rəsmi baxışları və mövqeyi müəyyənləşdirir və ona uyğun sosial siyasət həyata keçirir. Sosial siyasətin bu funksiyası ilə əlaqədar üçünçü funksiyası cəmiyyətdə ictimai ahəngdarlığın, sosial sülhün təmin edilməsində ifadə olunur. Müxtəlif qrup, birlik və təbəqələrin mürəkkəb və çoxşaxəli sistemi kimi mövcud olan cəmiyyətin həyat qabiliyyəti onu təşkil edən ünsürlərin harmoniyasından, dinc qarşılıqlı fəaliyyətindən asılıdır. İctimai sülh və ahəngdarlıq insanların və onların bilavasitə daxil olduqları sosial qrup və birliklərin sərvətlər və resurslardan istifadə edilməsi prosesində iştirakı dərəcəsindən asılıdır. Sosial siyasət insanların bu prosesdə iştirakının optimal və məqbul formasını işləyib hazırlayır və həyata keçirir.
Nəhayət, sosial siyasət hakimiyyətin sosial əsası, rejimin özünümüdafiə sistemində mühüm vasitə rolunu oynayır. Siyasi sistemin qüdrəti, taleyi bir sıra mühüm dayaqlara söykənir. Bu dayaqlardan ən etibarlılarından biri həyata keçirilən səmərəli sosial siyasət sayıla bilər. Sosial siyasət hakimiyyətin xalqla bağlılığını, xalqın ehtiyac və tələbatını dərk etdiyini, ona qayğı ilə yanaşdığını sübuta yetirən ən təsirli mexanizmdir. Sosial tədbirlər vasitəsilə siyasi rejim sosial bazasını genişləndirir, əhali arasında dəstək qazanır. Müasir siyasi elm belə bir qəti nəticəyə gəlmişdir ki, səmərəli sosial siyasət cəmiyyətdə siyasi sabitliyi təmin edən ən güclü amil rolunu oynayır. Qərbi Avropada, ABŞ-da uzunmüddətli siyasi sabitlik, siyasi rejimin səmərəli fəaliyyəti ədalətli sosial siyasətin nəticəsidir. Böyük siyasi kataklizmlər, münaqişə və toqquşmalar müşahidə edilən dövlətlərdə bu cür təhlükəli halların meydana gəlməsi isə bir sıra digər səbəblərlə yanaşı dövlətin sosial funksiyasının yarıtmaz şəkildə qurulması ilə əlaqədardır. Sosial siyasətin xarakteri və məzmunu bir çox amillərlə müəyyən olunur. Bunlardan ən birincisi siyasi rejimin təbiəti, onun rəsmi ideologiyasında və dəyərlər sistemində humanizm və sosial ədalət prinsiplərinin yeri və rolu hesab edilməlidir. İnsanların konkret mənafeləri, ehtiyac və tələbatlarına qayğı rejimin fəaliyyətinin başlıca məqsədi hesab edilən ölkələrdə dövlətin bütün siyasəti və səyləri nəticə etibarilə sosial vəzifələrin yerinə yetirilməsinə tabe etdirilir. Vətəndaşın mənafeyinin ön plana çəkildiyi ölkələrdə bir qayda olaraq səmərəli sosial siyasət vasitəsilə əhalinin yüksək həyat səviyyəsinə təminat verilir. Abstrakt sinfi, milli, kollektiv mənafelərin və məqsədlərin üstün əhəmiyyət kəsb etdiyi siyasi sistemlərdə, təcrübə göstərir ki, dövlətin siyasəti və praktik fəaliyyəti insanların tələbat və ehtiyaclarından uzaq düşür, sosial siyasət deklorativ məzmun alaraq əhalinin həyat şəraitinə real təsir göstərmək imkanlarından məhrum olur. Sosial siyasətin məzmunu və insanların həyat səviyyəsinə real təsir göstərmək imkanları ölkənin maddi və iqtisadi vəziyyəti ilə də əlaqədardır. İnkişaf etmiş iqtisadiyyata, zəngin maddi ehtiyatlara və sərvətlərə malik olan ölkələrdə dövlətin fəaliyyətinin sosial yönümünü gücləndirmək imkanları da geniş olur. İqtisadiyyatı zəif inkişaf etmiş dövlətlərin sosial siyasəti yüksək səmərəlilik və təsirlilik imkanlarından məhrumdur.
Sosial siyasət, habelə ölkədə ehtiyatların və sərvətlərin bölgüsünün ədalətli prinsiplərinin qərarlaşmasından, dövlətin və vətəndaşların sərvətlərin bölgüsünə və istifadə edilməsinə nəzarətinin xarakterindən, habelə keyfiyyətindən asılıdır. Bürokratik aparatın hədsiz şişməsi, korrupsiyanın, rüşvətxorluğun, talançılığın hakimiy - yət və idarəetmə strukturlarına nüfuz etməsi sərvətlərin qeyri-leqal, qey ri-qanuni yenidən bölgüsü ilə nəticələnir. Bunun sayəsində də zahirən ədalətli görünən (dövlətin maddi imkanları ilə əlaqədar başa düşülən dərəcədə) sosial siyasət real həyatda əslində sosial qütbləşmənin gizli kanallarını yaradır. Sosial siyasət çoxşaxəliliyi ilə seçilir. Onun məzmununa daxil olan ünsürlər müxtəlifdir. Sosial siyasətin miqyasları və əhatə dairəsi insanların tələbat və ehtiyaclarının ödənilməsi məqsədilə dövlətin həyata keçirdiyi tədbirlərin xarakterindən asılıdır. Sosial siyasətin məzmununu təşkil edən fəaliyyət istiqamətlərinın böyük rəngarəng - liyi daxilində onun strukturunu təşkil edən bir sıra ünsürlər (isti qa - mət lər) daimi və məcburi xarakter daşıyır. Bunlar aşağı dakı lar dan ibarətdir: a) dövlətin insanların əmək hüququnun əməli surətdə reallaşması sahəsində səyləri (təbii ki, hər fərdin, ailənin, bütünlükdə əhalinin maddi tələbatlarının ödənilməsi, həyat səviyyəsinin yüksəldilməsi, əmək qabiliyyətli əhalinin, əvvəla, işlə təmin olunması, ikincisi isə əməyə görə layiqli haqq verilməsi ilə şərtlənir); b) sosial müdafiə sisteminin yaradılması; c) əhaliyə səhiyyə xidmətinin təşkili; d) təhsilin, mədəniyyətin dövlətin himayəsi altına alınması.
Dövlətlərin insanların sosial tələbatlarına yanaşması metodları, habelə bu tələbatları ödəmək üçün maddi əsas olan iqtisadi imkanları bir-birindən köklü surətdə fərqləndiyi kimi, onların həyata keçirdiyi sosial siyasət də eyni deyil. Hətta belə demək olar ki, dünyada nə qədər dövlət varsa, sosial siyasətin də o qədər konkret təzahür formaları mövcuddur. Lakin bununla belə sosial siyasətin bu rəngarəngliyini ümumi, oxşar əlamətlər əsasında üç əsas qrupda ifadə etmək mümkündür: a) kommunist (bərabərləşdirici) sosial siyasəti; b) liberal sosial siyasəti; c) sosial-demokrat sosial siyasəti. Sosial siyasətin kommunist (bərabərləşdirici) modeli marksizm-leninizm ideologiyasına əsaslanan siyasi rejimlərdə, məsələn, keçmiş SSRİ-də, Şərqi Avropanın keçmiş sosialist ölkələrində tətbiq edilirdi. Bu modelə hazırda Kubada üstünlük verilir. Sosial siyasətin kommunist modelinin başlıca xüsusiyyəti onun bərabərləşdiricilik prinsiplərinə əsaslanması idi. Bundan da əlavə, kommunist sosial siyasəti bu ölkələr üçün səciyyəvi olan sərvətlərin bölgüsünün bərabərləşdiricilik prinsipi əsasında həyata keçirilməsində həlledici vasitə rolunu oynayırdı. Kommunist sosial siyasətinin həm üstün, həm də çatışmayan cəhətləri vardır. Üstünlüyü ondan ibarətdir ki, insanların sosial və maddi tələbatlarının böyük hissəsinin ödənilməsini dövlət öz üzərinə götürür. Tələbatların ödənilməsi səviyyəsi insanların layiqli həyat səviyyəsi meyarlarından uzaq olsa da, dövlətin sosial müdafiə sahəsində siyasətinin miqyasları adamlarda, xüsusilə də qocalarda minimum təminatdan irəli gələn müəyyən optimizm hissi formalaşdırırdı. Sosial siyasətin bu modelinin çatışmayan cəhətləri isə aşağıdakılardan ibarətdir: Birincisi, insanların həyat səviyyəsinin fərdi əmək və qabiliyyətdən asılılığını zəiflədir. İkincisi, bərabərləşdiricilik prinsipi zəminində sosial ədaləti kobudcasına pozur, mərkəzləşmiş ictimai fondlardan sərvətlərin bölgüsü əməyə görə deyil, tələbata görə aparıldığından, az işləyənin çox, çox işləyənin isə az pay alması adi qaydaya çevrilir. Üçüncüsü, əməkdə yüksək nailiyyətlərə, təşəbbüskarlığa, bir sözlə, tərəqqiyə təkan verən yaradıcı fəallığa stimulu söndürür. Sosial siyasətin liberal modeli kommunist modelinin əksidir. Onun başlıca xüsusiyyəti fərdin tələbat və qabiliyyətlərinin müxtəlifliyini nəzərə almasıdır. Bu model əsas etibarilə azad bazar münasibətlərinə, liberal iqdisadiyyata üstünlük verən ölkələrdə tətbiq olunur. Sosial siyasətin liberal modeli insanların tələbatının fərdi qaydada, onların əməyi və əməkdən aldığı haqq hesabına ödənil - məsinin üstünlüyünü nəzərdə tutur. Dövlət daha artıq dərəcədə mərkəzləşmiş qaydada, ictimai fondlar hesabına ailələrin və fərdlərin tələbatını ödəməkdən imtina edir, bu iş fərdiyyətçilik prinsipləri üzərinə keçirilir. Lakin bu, dövlətin sosial siyasətinin zəifləməsi kimi başa düşülə bilməz. Sosial siyasətdə əsas ağırlıq, birinci, bütün əmək qabiliyyətli insanların peşəsinə və qabiliyyətinə uyğun işlə təmin edilməsinə, ikincisi isə, əməyin layiqdi səviyyədə ödənilməsinə yönəldilir. Beləliklə də, dövlət əslində insanların fərdi şəkildə, tələbatlarının yönümünə uyğun olaraq ehtiyaclarını ödəməsi, həyat səviyyəsini yüksəlməsi üçün şərait yaradır. Eyni zamanda, sosial müdafiə sistemi də yanaşı olaraq fəaliyyət göstərir. İşsizlər, iş qabiliyyətini itirənlər, aztəminatlı ailələr və s. kateqoriyalar dövlət xətti ilə bu sistemin xidmətlərindən istifadə edirlər. Sosial siyasətin liberal modeli kommunist modelinə xas olan nöqsanlardan azaddır. Lakin bu modelin tətbiq edilməsi ölkənin maddi ehtiyatlarının, iqtisadi imkanlarının yüksək səviyyəsini tələb edir. Kasıb ölkələrdə sosial siyasətin bu modeli tam və mütləq şəkildə tətbiq oluna bilməz, çünki bu halda sosial müdafiəyə ehtiyacı olan insanların çoxu ya ondan tamamilə məhrum olar (məsələn, işsizlər), ya da sosial müdafiə fondlarının yardımları ailələrin həyat şəraitinə real təsir göstərmək imkanından məhrum olar. Sosial siyasətin sosial-demokrat modeli yuxarıda şərh olunan modellərin bir növ qarışığıdır. Onun xüsusiyyəti insanların tələbat və ehtiyaclarının ödənilməsində dövlətin mərkəzləşmiş səyləri ilə onların özlərinin fərdi qaydada iştirakını üzvi surətdə əlaqələndirməkdir. Bu model sosial-demokrat ideyalarının mövqelərinin güclü olduğu bir sıra Avropa ölkələrində uğurla tətbiq olunur. Müasir şəraitdə sosial problemlərin həllinə diqqətin artması, dövlətin sosial funksiyalarının rol və əhəmiyyətinin güclənməsi dövlətin özünün təbiətində əhəmiyyətli dəyişikliklərə gətirib çıxarmışdı. Bu dəyişikliklərin məntiqi nəticəsi sosial dövlət anlayışının meydana gəlməsidir. Liberalizm prinsiplərinin dərin kök salması cəmiyyətdə fərdin hüquq və azadlıqlarının genişlənməsi ilə müşayiət olunurdu. Liberalizmin tərəfdarları güman edirdilər ki, insanların maksimum azadlığının təmin edilməsi, azad rəqabət münasibətlərinin qərarlaşdırılması hər kəsin xüsusi mülkiyyətə sahib olmasına, özünə layiqli həyat yaratmasına səbəb ola bilər. Lakin fərdi azadlıq, dövlətin insanların şəxsi həyatına, iqtisadi fəaliyyətinə qarışmaması iqtisadiyyatda inhisarlaşmanın qarşısını nəinki ala bilmədi, hətta onun daha geniş miqyaslarda təzahür etməsinə, buradan da insanların iqtisadi cəhətdən qeyri-bərabərliyinin dərinləşməsinə şərait yaratdı. İşdə hüquqi dövlətin klassik liberal variantı insanların hüquq bərabərliyini heçə endirmiş oldu. Yaranmış vəziyyətdən çıxış yolu sosial dövlət nəzəriyyəsinin işlənib hazırlanaraq praktikaya tətbiq edilməsində tapıldı. Sosial dövlət elə bir dövlətdir ki, hər bir vətəndaşa layiqli həyat səviyyəsi, sosial müdafiə, istehsalda iştirakçılıq, habelə bir ideal olaraq bərabər imkanlar təmin etməyə çalışır. Sosial ədalət prinsiplərinin daha tam şəkildə reallaşmasına çalışaraq, sosial dövlət insanlar arasında əmlak bərabərsizliyini, digər qeyri-bərabərliyi ağrısız yollarla yumşaldır. Sosial dövlətin fəaliyyətinin əsas istiqamətini sosial siyasət təşkil edir. Dövlətin yüksək maddi və iqtisadi göstəriciləri bu ölkələrdə güclü sosial siyasəti səmərəli mexanizmə çevirir.
Dostları ilə paylaş: |