Şagirdlərin insan hüquqları ruhunda tərbiyəsi
Müasir təhsilin vəzifələrindən biri də gənclərin sülhsevərlik, başqalarının hüquq və ləyaqətinə hörmət, yaranmış konfliktləri zor işlətmədən həll etmək qabiliyyəti ruhunda tərbiyə edilməsidir. Avtoritar pedaqogikanın hökm sürdüyü şəraitdə bu tərbiyə prosesinin təşkili mümkün deyildir. Müasir dövrdə “müəllim – şagird, pedaqoq – tələbə” münasibətlərinin real xarakteri buna əyani sübutdur. Halbuki bu münasibətlərin əsasında xeyirxahlıq, nəzakət durmalı, davranışda, danışıqda, intonasiyada, mimikada, jestdə və bir çox başqa ifadə tərzlərində qarşıdakının ləyaqətinə hörmət hər anda hiss olunmalıdır. Bu sayılanlar bir kompleks halında insanlar arasında münasibət mədəniyyətini təşkil edir.
Ümumtəhsil məktəbi və ali təhsil müəssisələri insani dəyərlərin, humanist ideyaların böyüyən nəsildə təkcə biliklər toplusu halında yığılıb qalması ilə kifayətlənməməlidir. Onlar insanın davranışını müəyyən edən əxlaqi normalar şəklində birləşməlidir. Başqalarının hüquqlarını öyrənmək insanda həm də özünə, öz daxili aləminə, tələbatlar sisteminə maraq yaradır, təkmilləşdirir.
Əxlaqi tərbiyə elə qurulmalıdır ki, tərbiyə olunan normal cəmiyyətdə hüququn mənəviyyatdan yaranıb onu şərtləndirdiyini dərk etsin. Hətta hüquqi normaların qanunla tam təsbit olunmadığı cəmiyyətlərdə belə etik və dini-etik ənənələr bu normaları, bir növ əvəz edir, nizamlayır.
Tərbiyəvi işin insan hüquqlarına dair material əsasında qurulmasının əxlaqi mahiyyətini xüsusi qeyd etmək lazımdır. Bu hüquqların öyrənilməsi insani ləyaqətin, məsuliyyət hissinin formalaşmasına səbəb olur.
Təhsil müəssisələrində şagirdlərdə sülhsevərlik keyfiyyətinin tərbiyə olunması da mühüm əhəmiyyət kəsb edir. Sülhsevərlik anlayışına əminamanlıq, başqaları ilə razılaşma, həmrəylik, dostluq və s. bu kimi keyfiyyətlər daxildir. Bu xarakterik xüsusiyyətlər yaranmış anlaşılmazlığı, ziddiyyəti aradan qaldıra bilmək, başqalarının rəyi ilə razılaşa bilmək, başqalarının hüquqlarına hörmət etmək əsasında yaranır. Sülhsevər insan kompromislərə qadir olur.
Şagirdləri insan hüquqlarına hörmət ruhunda tərbiyə etmək uzunmüddətli proses olub, üç şərti mərhələdən ibarətdir.
5-6 siniflərdə insan hüquqları sahəsində tərbiyə proqramının məqsədinin müəyyən edilməsi, şagirdlərin bu sahədə motivasiyası
insan hüquqları barədə konkret norma və prinsiplərə dair biliklərin, məlumatların genişlənməsi – 7-9 siniflər. Bunun üçün “İnsan və cəmiyyət”, “İnsan hüquqları”, “Vətəndaş tərbiyəsi” kimi fakültativ kurslardan istifadə etmək olar.
sonuncu mərhələdə əsas məqsəd şagirdlərin ictimai fəallığını artırmaq, özünün və başqalarının hüquqlarını müdafiə etməkdir.
Dostları ilə paylaş: |