Yoxlama sualları və tapşırıqlar
“Ünsiyyət”, “pedaqoji ünsiyyət” anlayışlarının ümumi mənasını izah edin.
Ünsiyyətin hansı etik funksiyalarını bilirsiniz?
“Empatiya” və “simpatiya” dedikdə nə başa düşürsünüz?
Müəllimin şagirdlə ünsiyyət stili təlim prosesinə necə təsir göstərir?
Müasir müəllimin ünsiyyət prosesində etik müdafiə sahəsindəki bilikləri nə dərəcədə zəruridir?
V MÖVZU. PEDAQOJİ ÜNSİYYƏTDƏ ƏXLAQİ MƏDƏNİYYƏT VƏ ONUN FORMALAŞDIRILMASI YOLLARI
Plan
Pedaqoji ünsiyyət mədəniyyətinin əsas komponentləri və onun formalaşdırılması yolları.
Valideynlərlə ünsiyyət zamanı pedaqoqun etikası
Pedaqoji takt müəllimin əxlaqi mədəniyyətinin komponenti kimi.
Ədəbiyyat
Əliyev İ. Azərbaycan etnopedaqogikası. Bakı, 2009
Həmzəyev M., Əmiraslanova Ş. Ünsiyyətin psixologiyası. Bakı, 2007
Məmmədzadə R. Müəllimin peşə etikası. Bakı, 1992
Müəllimlərin etik davranış qaydaları. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16 may 2014-cü il tarixli 600 №-li əmri
Xəlilov V. Müəllimin estetik mədəniyyətinin yüksəldilməsi istiqamətləri. Bakı, 1997
Лаврентьева Н.Б., Нечаева А.В. Педагогическая этика. Барнаул, 2010
Pedaqoji ünsiyyət mədəniyyətinin əsas komponentləri və onun formalaşdırılması yolları.
Müasir elmi ədəbiyyatda “mədəniyyət” anlayışı kifayət qədər ətraflı işlənmişdir. Filosoflar indiyə qədər mədəniyyət anlayışına beş yüzə qədər tərif verildiyini göstərirlər.
“Mədəniyyət – cəmiyyətin bütün tarixi boyu əldə etdiyi maddi və mədəni sərvətlərin məcmuyudur, həmçinin onların yaradılması qabiliyyəti və bəşəriyyətin tərəqqisi üçün onlardan istifadə etmək və onları nəsildən nəsilə vermək bacarığıdır”. (A.Şükürov)
Hər bir insanın mədəniyyəti dedikdə onun təfəkkür tərzi, özünü cəmiyyətdə aparması təhsil səviyyəsi, tərbiyəlilik dərəcəsi, intellekti (öz fikrini dəqiq, aydın ifadə etməsi və başqasını diqqətlə dinləməsi və s.) başa düşülür. İnsanın mədəni səviyyəsi başqaları ilə ünsiyyətdə daha aydın nəzərə çarpır. Müəllim mədəniyyəti isə xüsusi anlayışdır. Məhz mədəniyyət və yüksək əxlaqi keyfiyyətlər müəllim şəxsiyyətini formalaşdırmağın zəruri amilləridir.
Pedaqoji ünsiyyət zamanı müəllim iki mühüm cəhəti nəzərə almalıdır:
Ünsiyyətin ümumi prinsipləri (cəmiyyətdəki ictimai-siyasi münasibətlərin tələbləri əsasında yarananlar);
Ünsiyyətin fərdi prinsipləri (müəllimin pedaqoji fəaliyyəti zamanı konkret amillərdən asılı olaraq əsas götürdüyü yol və vasitələrin köməyi ilə formalaşanlar)
Dostları ilə paylaş: |