Şagird kollektivində danışıq ünsiyyəti mədəniyyətinin formalaşdırılması
Müəllimlər şagirdlərin danışıq vərdişləri üzərində də işləməlidirlər. Bunun üçün aşağıdakılara xüsusi fikir verilməlidir:
zəngin leksik ehtiyatın olması;
nitqin obrazlı və düzgün olması;
sözlərin dəqiq qavranılması və nitqdəki əsas fikirlərin müsahibə tam çatdırılması;
məsələnin qoyuluşunda nəzakətli olmaq;
cavabların qısa və dəqiq olması;
fikirlərini məntiqli qurmaq və çatdırmaq bacarığı.
Məktəb pedaqoji kollektivi bu işi müəyyən cəmiyyətdə mövcud olan ümumi mədəni normalar əsasında yerinə yetirir. Nitq ünsiyyəti şagirdlərin tərbiyəsi və inkişafı üçün əsas vasitələrindən biridir. Bunun üçün şagirdləri “danışıq etiketi” anlayışı, onun priyomları və müvafiq tələbləri ilə tanış etmək lazımdır.
Bu sahədə iş kiçik məktəbyaşı dövründən başlamalıdır. Şagirdlərə başa salınmalıdır ki, danışıq ünsiyyətinin özünəməxsus qanunlarına hamı əməl etməlidir. Kiçik məktəbyaşlı şagirdlər danışıq ünsiyyətinə aid bəzi anlayışları bilməlidirlər: nəzakətli, mədəni insan nə deməkdir? Danışıq etiketinin bəzi formulları: salam, sabahınız xeyir, sağ olun, buyurun, zəhmət olmasa və s.
Danışıq mədəniyyəti formalaşdırılmasında əsas tələblərdən biri müsahibinə diqqət yetirmək, hörmət etmək, başqasının vaxtına qənaət qayğısına qalmaqdır. Məktəbliləri həmçinin bu anlayışlarla da tanış etmək lazımdır:
nəzakət – başqalarına hörmətin ifadə forması, onların yaxşı keyfiyyətlərini qəbul etmək;
ünsiyyətdə xeyirxahlığın sirlərindən biri tanışlarının, dostlarının adlarını yadda saxlamaqdır;
danışıq hərəkətləri repertuarına malik olmaq (“Mənim adım Nərimandır, Sizinlə tanış olmaq istəyirəm: “İcazə verin Sizi Gülçöhrə ilə tanış edim”. Cavablar: “Tanış olmağıma şad oldum”, “Sizinlə görüşmək xoşdur...” və s.
Danışıq zamanı davranış qaydaları:
eşidən tərəf öz baxışları və mimikası ilə diqqətli olduğumu, səmimiliyini göstərir. Danışanın nitqini kəsmir, lazım gəlsə, nəyisə dəqiqləşdirmək istəyir.
danışan tərəf müsahibinə xoş nəzərlərlə baxır, sözlərini maraqla və sakitcə deyir, müsahibinin onun danışığına reaksiyasını izləyir. Qısa və yalnız əhəmiyyətli olanlardan danışır
ünsiyyətdə qadağalar (tabu) – gözlənilməlidir.
danışığın tonu kəskin, hayküylü və sərt olmamalıdır;
danışıq zamanı istifadə edilən söz və ifadələr kobud, təhqiredici, kinayəli və qəti olmamalıdır;
danışıq hədə-qorxu, müsahibinin sözlərini təhrif etmə, kəskin reaksiyaya səbəb olacaq nəticələrlə müşayət olunmamalıdır.
Dostları ilə paylaş: |