4. Mülkiyyətin obyekti və subyekti.
Mülkiyyət münasibətlərinin obyekti və subyekti vardır. Bu, mülkiyyət münasibətlərinin mahiyyətini ifadə edən cəhətlərdən biri kimi struktur əlamətidir. Mülkiyyətin obyektinə: torpaq, yerin təki, daxili sular və ərazi suları, qitə şelfi, hava hövzəsi, bitkilər, mal-qara, bina və qurğular, avadanlıq, xammal və materiallar, pullar və qiymətli kağızlar, zavodlar, fabriklər, istehsal, sosial-mədəni və başqa təyinatlı əmlak, əməyin məhsulları və s. Deməli, mülkiyyətin obyekti hər şeydən əvvəl onun maddi zəmini, varlığıdır. Azərbaycan Respublikası qanunları ilə vətəndaşların mülkiyyət hüququnun obyektləri dəqiqləşdirilmiş və mülkiyyət münasibətlərinin hüquqi aspektləri müəyyənləşdirilmişdir. Mülkiyyət obyekti sahibsiz ola bilməz.
Azərbaycan Respublikasında mülkiyyət subyektləri: Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, rayonların yerli hakimiyyət orqanları, kollektiv müəssisələr (kooperativlər, səhmdar cəmiyyətləri, təsərrüfat ortaqlıqları və təsərrüfat assosiasiyaları, icarə müəssisələri) ictimai birliklər, dini təşkilatlar və vətəndaşlardır.
Subyektlərin obyektlər üzərində tam mülkiyyətçiliyi şəraitində onlardan səmərəli istifadə mümkün olur. Mülkiyyət obyektinin sahibi mövcud resurslardan nəinki cari dövrdə, eləcə də uzun müddətdə və perspektivdə də səmərəli istifadə etməkdə maraqlıdır.
Mülkiyyət obyektinin istehsalı və təkrar istehsalı prosesi subyektlər arasındakı münasibətlərin də təkrar istehsal olunmasını tələb edir. Deməli, mülkiyyət münasibətləri subyekt və obyekt arasındakı münasibətlər kimi, habelə subyektlər arasındakı münasibətlər kimi, eyni zamanda subyektlərlə hakimiyyət orqanları arasındakı münasibətlər kimi də araşdırılmalı və bu münasibətlər daima təkmilləşdirilməlidir. Deməli, “Hər hansı bir mülkiyyət forması üç elementdən: subyekt, obyekt və mənimsəmə iqtisadi münasibətindən ibarət olur. Bu elementlərin hansısa biri olmazsa, mülkiyyət münasibətləri mövcud olmur, bunlar bir-biri ilə sıx əlaqədardır. Mülkiyyətin inkişafı hər üç elementin hesabına baş verir: bu zaman onlar müəyyən nisbətdə olmalıdır. Mənimsəmə münasibətləri mülkiyyətin obyekti və subyektində maddiləşir və şəxslənir, onlara müəyyən iqtisadi forma verir. Mülkiyyət subyektlərinin müstəqilliyi mülkiyyətin çoxnövlüyünü doğurur”.
5. Mülkiyyətin formaları və onların təsnifatı.
İnsan cəmiyyətinin bütün inkişaf dövrlərində, bütün ictimai-iqtisadi formasiyalarda mülkiyyətin müyyən tipi və ona uyğun gələn formaları olmuşdur.
Mülkiyyətin iki əsas tipi məlumdur: 1. İctimai mülkiyyət tipi; 2. Xüsusi mülkiyyət tipi.
İctimai mülkiyyət tipinin də iki forması vardır: 1. İcma mülkiyyəti; 2. Sosialist ictimai mülkiyyəti – bu, geniş mənada dövlətə məxsus olan mülkiyyət formasıdır. Koooperativ mülkiyyəti də ictimai mülkiyyətdir. Müasir ədəbiyyatda dövlətlərə məxsus olan mülkiyyət də ictimai mülkiyyət adlanır.
Xüsusi mülkiyyət tipi. Bu tipin əsas formaları:
Quldar xüsusi mülkiyyət forması – burada istehsal vasitələri və qullar üzərində quldarların şəriksiz mülkiyyəti mövcud olur.
Feodal torpaq mülkiyyəti forması – burada torpaq üzərində feodalın tam, təhkimli kəndli üzərində natamam mülkiyyəti mövcud olur.
Kapitalist xüsusi mülkiyyət forması. Burada istehsalın bütün maddi amilləri üzərində xüsusi kapitalist mülkiyyətidir. İş qüvvəsinini sahibi olan işçi isə öz qüvvəsinin mülkiyyətçisidir.
Hər mülkiyyət tipinə uyğun olan digər forma və növlər də vardır.
Hər bir iqtisadi sistemdə əsas, aparıcı mülkiyyət forması vardır. Hər bir mülkiyyət formasına əsaslanan təsərrüfat formaları da yaranır və fəaliyyət göstərir. Təkrar olmasın deyə mülkiyyətin forması ilə təsərrüfatın formasını bir yerdə şərh edəcəyik.
I. Fərdi mülkiyyət forması – bu mülkiyyətin sahibləri əsasən xırda əmtəə istehsalçılarıdır və istehsal şəxsi əməyə əsaslanır (sənətkarlar, xırda kəndli təsərrüfatları, xırda xidmət obyektləri);
II. Xüsusi mülkiyyət forması – bunun əsasında xüsusi sahibkarlıq təsərrüfatları yaranır. Yaradılmış müəssisələr kiçik, orta, iri ola bilər. Bu təsərrüfatlarda muzdlu əməkdən istifadə olunur. Məqsəd mənfəət əldə etməkdir.
III. Dövlət mülkiyyəti forması – bu bilavasitə dövlətə məxsusdur və onun əsasında dövlət təsərrüfatları yaradılır. Yaradılmış müəssisələr dövlətin təyin etdiyi rəhbərlər tərəfindən idarə olunur. Əldə olunmuş mənfəət dövlət büdcəsinə daxil olur.
IV. Kooperativ mülkiyyət forması – Kooperativlər müəyyən təsərrüfat növü olmaqla ona daxil olan üzvlərin könüllü qoyduqları vəsait hesabına təşkil olunur. Kooperativ əvvəlcədən təsdiq edilmiş nizamnaməyə uyğun idarə olunur, gəlir ədalətli bölüşdürülür. Kooprativ hüquqi şəxsdir.
V. Əmək kollektivlərinin mülkiyyəti. Müəyyən bir müəssisənini bütün əmlakı orada işləyənlərin sahibliyində olur, kollektiv bu əmlaka sərəncam verir, ondan istifadə edir. Müəssisə əmtəə istehsalçısı olur və hüquqi şəxsdir. Kollektivin üzvləri idarə işlərində iştirak edir, gəliri müyyən etdikləri qaydaya uyğun bölürlər, hərə öz payını alır.
VI. Bələdiyyə mülkiyyət forması. Burada söhbət yerli özünüidarə orqanı olan bələdiyyələrin sərəncamında olan mülkiyyətdən gedir. Bələdiyyə mülkiyyəti əsasında müəyyən təsərrüfatlar yaradılır.
VII. Səhmdar cəmiyyəti mülkiyyət forması. Bu mülkiyyətə səhmlərin satılması yolu ilə yaradılmış müəssisələrin mülkiyyəti daxildir. Səhmin sahibi cəmiyyətin əldə etdiyi mənfəətin bölgüsü nəticəsində divident (gəlir) əldə edir. Cəmiyyətin işini ümumi yığıncağın seçdiyi idarə heyəti tənzimləyir.
VIII. Şəxsi mülkiyyət – ailənin şəxsi ehtiyaclarının ödənilməsinə xidmət edən nə varsa hamısını əhatə edir.
IX. Qarışıq mülkiyyət – müxtəlif mülkiyyət sahiblərinin razılaşması əsasında yaradılır. İdarə işləri və qərarların qəbulu mülkiyyət sahiblərinini birgə səyi ilə həyata keçirilir.
X. İntellektual mülkiyyət – intellektual resurslar əsasən elmdə, təhsildə, səhiyyədə, idarəetmədə, kütləvi informasiyada, konstruktur bürolarında və s. sahələrdə mərkəzləşir. 1967-ci ildə Stokholmda “İntellektual mülkiyyət”lə bağlı ümumdünya təşkilatının təsis edilməsi haqqında konvensiya imzalanmışdır. Mülkiyyətin bu forması ilə bağlı hüquqlar da müəyyən edilmişdir: patent hüququ; müəlliflik hüququ və s. intellektual mülkiyyət elmi yaradıcılıq, ədəbiyyat, kəşflər, ixtiralar, layihələr, məlumatlar və s. ilə bağlıdır.
İqtisadi sahədə intellektual mülkiyyətin subyektləri: konstruktor bürosu əməkdaşları, mühəndislər, müəssisə rəhbərləri, menecerlər, ustalar, aqronomlar, zootexniklər və s.-dir.
Bütün bunlarla yanaşı mülkiyyətin çoxsaylı törəmə formaları da vardır. Dini icmalar, könüllü ictimai təşkilatlar və s. törəmə mülkiyyət formalarıdır. Səhmdar, kooperativ, qarışıq mülkiyyətlər də müəyyən mənada törəmədir.
Azərbaycanın keçid dövrü şəraitində yuxarıda göstərilən bütün mülkiyyət formaları vardır.
Mülkiyyət formaları iqtisadi və hüquqi cəhətdən reallaşdırılır.
İqtisadi cəhətdən reallaşdırma o deməkdir ki, mülkiyyət sahibinə gəlir gətirsin, yəni iqtisadi xeyir versin. İqtisadi reallaşdırma gəlir, mənfəət, faiz, renta və s. əldə etməyə imkan yaradır.
Hüquqi cəhətdən reallaşdırma – sahibolma, sərəncamvermə və istifadəetmə, obyektin satılması, icarəyə verilməsi və s. ilə bağlıdır. Bu hallarda qanunvericilikdə nəzərdə tutulmuş normalar, qaydalar əsas götürülür və bütün əməliyyatlar sənədləşdirilib təsdiq edilir.
Müasir dövrdə Azərbaycanda dövlət mülkiyyətinin özəlləşdirilməsi prosesi gedir. Nəticədə mülkiyyətin müxtəlif formaları yaradılır ki, bu da bazar iqtisadiyyatına keçmək üçün obyektiv zərurətdir. Azərbaycan Konstitusiyasında təsbit olunmuş mülkiyyət formaları, dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyətidir.
Müasir dövrdə mülkiyyətin inkişafı sahəsində müəyyən dəyişikliklər baş verir ki, bu da özünü mülkiyyətin fərdiləşməsində, mülkiyyətin difersifikasiyasında, bəzi mülkiyyət formalarının güclənməsində və s. göstərir.
6. Mülkiyyət formalarında sahibolma, istifadəetmə və sərəncamvermə.
Milliləşdirmə və özəlləşdirmə.
Mülkiyyət münasibətləri sahibolma, istifadə, mənimsəmə, başqasına həvalə etmə, icarəyə vermə, habelə istehsal faktorlarına və əməyin məhsuluna sərəncamvermə proseslərini əhatə etməklə yanaşı, istehsalın inkişaf etdirilməsinin strategiya və taktikasını, materiallarından istifadə istiqamətini, əməyin və istehsalın təşkilinin formasının seçilməsini, həmçinin ona nəzarət etmə sahələrini də əhatə edir.
Mülkiyyət münasibətləri iqtisadi hakimiyyətlə sıx bağlıdır. İstehsalın idarə edilməsi mülkiyyətçilik funksiyasına daxildir, onun zəruri cəhətlərindən, tərəflərindən biridir. Bir qayda olaraq, istehsalı o şəxs idarə edir ki, o, istehsal vasitələrinini sahibidir, mülkiyyətçisidir. Deməli, iqtisadi hakimiyyətin mənbəyi və elementlərinin ən mühüm açarı mülkiyyət sahibi olmaqdır.
Mənimsəmə - mülkiyyətin məzmununda müəyyənedici əsas amildir.
İnsanın əşyaya münasibətində ona öz malı kimi yanaşması mənimsəmədir, lakin bu əşya barədə başqa insanlarla münasibətdə xüsusi yanaşma formasıdır. Mənimsəmə geniş mənalı anlayışdır. Mənimsəmə istehsal münasibətləri elementi kimi bir tərəfdən maddi nemətlər istehsalı ilə, digər tərəfdən mülkiyyətin müəyyən formasının mövcudluğu ilə bağlıdır.
Mənimsəmədə subyekt öz mülkiyyəti obyektini başqa subyektlərdən kənarlaşdırır, ayırır, hüquqi sənədlər əsasında öz mülkiyyətinə çevirir. O, həmin obyekti və onun üzərində həyata keçirdiyi iqtisadi proseslərin nəticələrini də mənimsəyir. İstehsalın özündə, gedişində və istehsalın ilk nəticəsi prosesində mənimsəmə baş verə bilər. Hər hansı sahədə əmək sərfi nəticəsində gəlirlər əldə etməklə mənimsəmə ola bilər, tədavül dairəsindəki fəaliyyətin nəticəsi kimi mənimsəmə olur. Deməli, mənimsəmə təkrar istehsalın bütün fazalarında (istehsal, bölgü, mübadilə, istehlak) bu və ya digər dərəcədə ola bilər.
Mülkiyyətçi mənimsəmə vasitəsilə iqtisadi fəaliyyət sferasında özünü möhkəmləndirir. Bütün bu və digər qanuni mənimsəmə formaları mənimsəmə kimi iqtisadi kateqoriyanın mövcudluğundan xəbər verir.
Sahibliyə gəldikdə o, tam və natamam ola bilər. Tam sahiblikdə mülkiyyətçi öz mülkiyyətinin reallaşdırılmasından gələn gəlirlərin və bütün mülkiyyətinin tam sahibi olur, tam mənimsəmə hüququna malik olur. Sahibkar öz mülkiyyətinini müəyyən hissəsini fəaliyyətdə olan mülkiyyətə çevirə bilər yəni torpaq sahibi müəyyən pul məbləğini müddətlə və faizlə kreditə verər və s. Bu halda gəlirlərin bir hissəsini sahibkar və digər hissəsini tam sahibkar olmayan icarədar mənimsəyir. Deməli, sahibolmada hissə mənimsəməsi də olur.
İstifadə - əmlakdan, əşyalardan öz təyinatına görə faktiki istifadə edilməsidir. İstifadə - mülkiyyətin, sahibolmanını reallaşdırılması formasıdır. Sahibolma mülkiyyət funksiyasıdır, istifadə isə sahibolma funksiyasıdır. Əmlaka sahibolma və istifadə münasibətləri hüquqi qanunlar və insani əlaqələrlə möhkəmləndirilir.
Sərəncam – bu mülkiyyət obyektinin fəaliyyətinə göstəriş vermək barədə sahibkarın yaxud onun tapşırığı ilə digər şəxsin qərar qəbul etməsidir.
Azərbaycan qanunvericiliyinə əsasən mülkiyyətçi özünə məxsus əmlaka öz mülahizəsinə görə sahiblik, ondan istifadə və onun barəsində sərəncamvermə hüququna malikdir. Burada mülkiyyət sahibinin bilavasitə özünün sərəncam verməsi yaxud onun razılığı ilə təyin edilmiş şəxs tərəfindən sərəncam verilməsi prosesləri nəzərdən keçirilir, deməli, sərəncam verən bilavasitə mülkiyyətçi – sahibkar olmaya da bilər. Sahibkardan icarəyə götürdüyü, əmlakdan istifadə edənlər də sərəncam vermək hüququna mailk olurlar, bu proses istehsal olunan məhsullar barədə də sərəncam vermə cəhətlərini də əhatə edir.
Mülkiyyətin formalarından asılı olaraq sərəncam verən dövlət məmuru, xüsusi şəxslər, fiziki və hüquqi şəxslər ola bilər. İctimai mülkiyyət münasibətləri sistemindən fərqli olaraq, bazar iqtisadiyyatı şəraitində iqtisadi azadlığın təmin edilməsi ilə sərəncam verən fiziki və hüquqi şəxslərin sayı xeyli artıq olur. Müasir dövrdə çox ölkələrdə mülkiyyətçilərin adından istehsalın idarəetmə funksiyasını yerinə yetirən peşəkar təşkilatçılar – menecerlər (muzdlu idarəçilər) meydana gəlmişdir. Menecerlər daha səmərəli iqtisadi münasibətlər mühiti yaratmaq qabiliyyətinə malik olurlar.
Amerikalı F.Teylor, fransız A.Fayol menecerlik nəzəriyyəsinin əsasını vermişlər. Son illər bu nəzəriyyə Amerika alimləri Meri Follet və Elton Meyo tərəfindən inkişaf etdirmişdir.
Bunlar psixologiya və sosiologiyanını nailiyyətlərindən istifadə edərək işçiləri müəssisəni idarə etməyə cəlb edərək, əmək həyatının məzmun və keyfiyyətini yaxşılaşdırmaqla, hər bir insanın potensial imkanını işə salaraq, təyin edilmiş vaxtda, minimum xərclərlə müəyyən miqdarda və keyfiyyətdə əmtəə istehsalına nail olma yollarını göstərmişlər.
Beləliklə, mülkiyyətə bütöv yanaşsaq sahibolma, istifadə və sərəncamvermə bütövün hissələri, tamın elementləri olur. Bu elementlər arasındakı əlaqə belə olur: sərəncam istifadə ilə müəyyənləşir, istifadə sahibolma ilə müəyyənləşir, sahibolma mülkiyyətin forması ilə müəyyənləşir.
Milliləşdirmə və özəlləşdirmə
Mülkiyyətin təzahür formalarının xüsusi çəkisinin dəyişdirilməsində milliləşdirmə və özəlləşdirmə mühüm rol oynayır. Bir-birinə alternativ olan bu proseslər hər bir ölkədə müxtəlif dövrlərdə həyata keçirilir. Bu proseslərdən bu və ya digərinin həyata keçirilməsi, hökumətin yeritdiyi iqtisadi siyasətdən asılıdır. Daha doğrusu, yeridilən iqtisadi siyasətin iqtisadi nəzəriyyənin hansı məktəbinə, hansı istiqamətinə əsaslanmasından asılıdır.
Milləşdirmə dedikdə əsas istehsal vasitələri üzərində olan xüsusi və qrup mülkiyyətinin dövlət mülkiyyətinə çevrilməsi prosesi başa düşülür. Bunun nəticəsində torpaq, yollar, müəssisələr (firma) bəzən isə bütöv istehsal sahələri dövlətin sərəncamına keçir.
Milliləşdirmə pullu (ödənişli) və pulsuz (ödənişsiz) həyata keçirilir. O, pullu qaydada həyata keçirildikdə dövlət mülkiyyətinə keçən istehsal vasitələrinin qiyməti dövlət tərəfindən əvvəlki mülkiyyətçilərə ödənilir. Bu proses tam və ya natamam, birdəfəlik və ya tədricən həyata keçirilir. Milliləşdirmə pulsuz qaydada həyata keçirildikdə isə dövlət istehsal vasitələri mülkiyyətçilərinə onun əvəzini ödəmir.
Milliləşdirmənin tarixən iki formasına – burjua və sosialist milliləşdirilməsinə təsadüf olunur. Burjua milliləşdirməsi bazar iqtisadiyyatı ölkələrində burjua inqilablarından sonra başlamış və hazırda da müxtəlif vaxtlarda həyata keçirilir. Müasir milliləşdirmə əsasən mülkiyyət sahiblərinin xeyrinə həyata keçirilir. Belə ki, milliləşdirmə əsasən az gəlirli, çox vəsait qoyulmasını tələb edən sahələri əhatə edir.
Sosialist milliləşdirilməsi sosialist inqilablarından sonra həyata keçirilmişdir. Bu zaman torpaq, fabrik-zavodlar, banklar, xarici ticarət və sairə ayrı-ayrı şəxslərin, səhmdar birliklərinin mülkiyyətindən alınaraq xalqın ümumi mülkiyyəti olan dövlət mülkiyyətinə çevrilmişdir.
Milliləşdirmə müxtəlif ölkələrdə fərqli nəticələrə gətirib çıxarır. İngiltərə və Fransada dəmir yollarının milliləşdirilməsi buna klassik misal ola bilər. İkinci dünya müharibəsindən sonra Birləşmiş Krallığın dəmir yolları bərbad vəziyyətdə idi. 1946-1951-ci illərdə dövlət bu sahənin milliləşdirilməsinə xeyli vəsait sərf etmiş və dəmiryol nəqliyyatı səlis işləməyə başlamışdır. 1951-1953-cü illərdə pulları xəzinəyə cəlb etmək məqsədilə dəmiryolların özəlləşdirilməsi həyata keçirilmişdir. 1967-ci ildə yenidən milliləşdirmə, 80-ci illərdə isə özəlləşdirmə həyata keçirilmişdir. Bütün bu proseslərlə ölkə 100 milyard dollar qazanmış və qatarlar saniyə dəqiqliyi ilə işləməyə başlamışdı. Fransada da ingilislərin təcrübəsindən istifadə edilmiş və müharibədənə sonrakı dövrdə 100 milyard frank itki olmuşdur.
Milliləşdirmənin alternativi olan iqtisadi proses özəlləşdirmədir. Özəlləşdirmə dedikdə dövlət mülkiyyətinin xüsusi, qrup və qarışıq mülkiyyəti növlərinə çevrilməsi nəzərdə tutulur. Bəzi ölkələrdə vüsət almış özəlləşdirmə təşəkkül tapmış iqtisadi sistemin təkmilləşdirilməsi prosesi kimi çıxış edir. Belə ki, özəlləşdirilmiş müəssisələr bəzi hllarda dövlət müəssisələrinə nisbətən daha səmərəli fəaliyyət göstərirlər. Bir çox hallarda isə özəlləşdirmə cari siyasi, sosial problemlərin həllinə xidmət edir. Məsələn, İngiltərədə özəlləşdirilmiş müəssisələrin əksəriyyəti hakim mühafizəkarlar partiyasının mənafelərini müdafiə edən şirkətlər tərəfindən satın alınmışdır. İtaliyada isə özəlləşdirmə qeyri-qanuni, “çirkli” pulların təmizlənməsinə xidmət etmişdir. Bir çox ölkələrdə özəlləşdirmə korrupsiyanın güclənməsinə, yəni dövlət məmurları və siyasi xadimlərin qısa müddətdə külli miqdarda sərvət toplamalarına səbəb olur. 1979-1992-ci illərdə İngiltərədə özəlləşdirmə prosesi xeyli genişlənmişdir. Bu zaman özəlləşdirmə. naziri işləmiş Devid Yanq “özəlləşdirmənin əsas xarakterik cəhəti nədir?” sualına cavab verərək demişdir: “Korrupsiya”.
Rusiyada qısa müddət ərzində bəzi dövlət məmurlarının milyonçulara çevrilməsi səbəbi, onların öz vəzifələrindən sui-istifadə edərək nəhəng dövlət müəssisələrinini onlar tərəfindən ucuz qiymətlə satın alınması olmuşdur.
Dövlət mülkiyyətinini özəlləşdirilməsi əsasən üç modeldə həyata keçirilir. Bunlardan biri dövlət mülkiyyətinini əhali arasında bərabər və pulsuz bölüşdülüməsidir. Bu proses özəlləşdirmə çekləri, vauçerlər vasitəsilə aparılır. Əhali bunları özəlləşdirilən müəssisələrin qiymətli kağızlarına dəyişdirməklə mülkiyyət sahibi olurlar. Özəlləşdirmənin digər modeli özəlləşdirilən müəssisələrin səhmlərinini əmək kollektivlərinə güzəştli şərtlərlə satılmasıdır. Özəlləşdirilmənin üçüncü modeli dövlət müəssisələrinin bazar qiyməti ilə satılmasıdır. Müxtəlif ölkələrdə bu modellərdən xalis deyil, müxtəlif nisbətlərdə istifadə olunmuşdur.
Özəlləşdirmə əsasən iki mərhələni: dövlətsizləşdirmə və tam özəlləşdirməni əhatə edir. Dövlətsizləşdirmə əsasən iri müəssisələri, istehsal sahələrini əhatə edir. Bu zaman mülkiyyətin xarakterində heç bir dəyişiklik baş vermir, dövlət mülkiyyətində qalır, təsərrüfat subyektinin idarəedilməsi vəzifələri isə dövlət tərəfindən deyil, subyektin özü tərəfindən həyata keçirilir. Məsələn, Azərbaycan Respublikası Neft Şirkəti dövlət mülkiyyətində olmasına baxmayaraq, təsərrüfat fəaliyyətini müstəqil olaraq özü həyata keçirir. Şirkət başqa şirkət və təşkilatlarla (o cümlədən xarici) müstəqil olaraq təsərrüfat əlaqələri qurur, işçilərin əmək haqqını müəyyən edir və s.
Dövlətsizləşdirmə əsasən bazarın liberallaşdırılması, qarışıq (dövlət-xüsusi) müəssisələrin, dövlət mülkiyyətində olan müəssisələr üçün əlverişli mühitin yaradılması, əks milliləşdirmə vasitəsilə həyata keçirilir. Sonralar isə dövlətsizləşdirilmiş müəssisələrin özəlləşdirilməsi prosesi həyata vəsiqə alır.
XX əsrin son on illiyində bir çox Qərbi Avropa ölkələrində olduğu kimi MDB məkanında da özəlləşdirmə geniş vüsət almışdır. Bu ölkələrdə özəlləşdirmə müəyyən ümumi cəhətlərə malik olmuşdur. Bunlara əsasən aşağıdakıları aid etmək olar: özəlləşdirmənin təkamül yolu ilə, mərhələ-mərhələ aparılması; özəlləşdirmənin kiçik müəssisələrdən başlanması; özəlləşdirmənini pulsuz və satış modeli ilə aparılması; özəlləşdirmənin qeyri-istehsal sahələrində daha sürətlə həyata keçirilməsi və s.
MDB məkanında olan ölkələrdə özəlləşdirmə bu kimi ümumi cəhətlərlə yanaşı, müəyyən fərqləndirici xüsusiyyətlərə də malikdir. Azərbaycanda özəlləşdirmənin əsas xarakterik xüsusiyyətlərinə aşağıdakıları aid etmək olar:
- Azərbaycan özəlləşdirməyə ərazisinini 20 %-nin düşmən tapdağı altında və bir milyondan artıq qaçqın və məcburi köçkünün olduğu bir dövrdə başlanmışdır;
- Digər xarakterik cəhət özəlləşdirmənin nisbətənə gec başlanmasıdır. Bunun müsbət cəhəti isə digər ölkələrin təcrübəsini öyrənmək və onların buraxdıqları səhvləri təkrar etməməkdən ibarət olmuşdur.
- Azərbaycanda özəlləşdirmənin xarakterik xüsusiyyətlərindən biri də onun aparılması modelindədir. Belə ki, özəlləşdirmə çekləri əhaliyə pulsuz verilmişdir. Əhali həmin çeklərə özəlləşdirilən müəssisələrin səhmlərini ala bilər. Müəssisə səhmlərinin müəyyən hissəsi isə pullu hərraclarda satılır;
- Azərbaycanda dövriyyəyə buraxılmış özəlləşdirmə çekləri nominal qiymətə malik deyildir;
- Digər tərəfdən Azərbaycanda özəlləşdirmə prosesi kənd təsərrüfatından başlanmışdır;
- Nəhayət, Azərbaycanda özəlləşdirmənin xarakterik cəhətlərindən biri də onun dünya ölkələrinini üzünə açıq olmasıdır.
Özəlləşdirmə haqqında qanunvericiliyə görə xarici hüquqi və fiziki şəxslər opsionların alınması vasitəsilə özəlləşdirmə prosesində iştirak edə bilərlər. Opsion – özəlləşdirmə çeki almaq hüququnu verən sənəddir. Hər bir opsion bir çek almaq hüququnu verir. Özəlləşdirmə çekləri almaqla xarici fiziki və hüquqi şəxslər ölkəmizdə həyata keçirilən iqtisadi islahatlarda iştirak edə bilərlər.
Özəlləşdirməni həyata keçirmək üçün xüsusi Özəlləşdirmə Proqramı tərtib edilmişdir. 1995-ci ilin oktyabr ayında təsdiq olunmuş “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”nda özəlləşdirmənin məqsədi, vəzifələri, istiqamətləri, üsulları, mərhələləri və sairə əksini tapmışdır.
Proqrama müvafiq olaraq kiçik müəssisələrin mülkiyyəti özəlləşdirilərkən 15%-ə qədər əmək kollektivi üzvlərinə güzəştlə satılır, yəni onlar pay çekləri müqabilində müəssisə mülkiyyətinə payçı olurlar. Müəssisə mülkiyyətinin qalan 85%-i pul auksionları, investisiya müsabiqələri, çek hərracları vasitəsilə satılır.
Orta və iri müəssisələr isə əvvəlcə səhmdar cəmiyyətlərə cevrilir. Sonra isə əmlakın (nizamnamə kapitalının) 15%-i əmək kollektivi üzvlərinə güzəştlə satılır (pay çeklərinə dəyişdirilir), 50%-dən az olmayaraq çek auksionlarına, 10-20%-i pul auksionlarına çıxarılır. Qalan 25%-i isə sahə və sahələrarası investisiya fondlarına yönəldilir.
Bütövlükdə Azərbaycanda dövlət mülkiyyətinin özəlləşdirilməsi prosesi dörd mərhələdə (1996-1998; 1998-2000; 2000-2001 və 2001-2005-ci illər) həyata keçirilməli və 2005-ci ildə başa çatmalı idi. Həyatın gedişatı digər sahələrdə olduğu kimi, dövlət mülkiyyətinin özəlləşdirilməsi sahəsində də müəyyən dəyişikliklərin edilməsini tələb etmişdir. Bununla əlaqədar özəlləşdirmənin II proqramı qəbul edilmişdir. Bu proqramda özəlləşdirmənin başa çatmalı olan müddəti göstərilmir ki, bu proses uzunmüddətlidir.
Mülkiyyətin iqtisadi reallaşdırılması
Mülkiyyətin iqtisadi reallaşdırılması çox mürəkkəb mexanizmdir. Mülkiyyət ictimai-siyasi, sosial-iqtisadi münasibətlər sistemi vasitəsilə reallaşır.
Mülkiyyətin iqtisadi reallaşdırılmasının ilk və əsas təzahürü maddi nemətlər istehsalı prosesindən başlanır. İstehsal vasitələri, daha doğrusu istehsal amilləri üzərində mülkiyyətin bütün formaları əsasən istehsal müəssisələrində reallaşır. İstehsal prosesində mülkiyyətin reallaşması ölçüsü əməyin səmərəlilik dərəcəsidir. Deməli səmərəlilik dərəcəsi nə qədər yüksək olarsa, reallaşdırma səviyyəsi də yüksək olacaqdır. Çünki, mədəni təşkil olunmuş, ədalətli həvəsləndirilmiş, şüurlu, könüllü əmək cansız istehsal vasitələrini cana gətirərək daha çox və keyfiyyətli məhsul və xidmət istehsal edir. Bu isə mülkiyyətin daha tam reallaşdırılması deməkdir.
Mülkiyyətin reallaşdırılması prosesində istehsal olunmuş məhsul və xidmətlərin reallaşması, yəni satılması da mühüm rol oynayır. Belə ki, istehsal olunmuş məhsul və xidmət satılmış olarsa və bunun nəticəsində də mülkiyyətçi müəyyən miqdarda gəlir əldə edərsə mülkiyyətçinin mülkiyyəti reallaşmış olar.
Mülkiyyətin iqtisadi reallaşdırılması dedikdə, mülkiyyətin obyektinin öz subyektinə müəyyən fayda gətirməsi başa düşülür. Mülkiyyətin müxtəlifliyi şəraitində bu fayda əmək haqqı, sahibkar mənfəəti, faiz, icarə haqqı, divident şəklində təzahür olunur.
Mülkiyyətin iqtisadi reallaşdırılması dedikdə, əsasən iki cəhətə diqqət yetirilməlidir. Birincisi, mülkiyyətə kim sərəncam verir və ondan kim faydalanır. İkincisi, mülkiyyətdən istifadə edilməsi son nəticədə nə kimi sosial-iqtisadi nəticələrə səbəb olur.
Mülkiyyətlə və onun reallaşdırılması ilə sıx bağlı olan iqtisadi kateqoriyalardan biri də iqtisadi mənafelərdir. belə ki, insanların iqtisadi fəaliyyəti onların mənafeləri ilə bağlıdır. İnsanlar iqtisadi fəaliyyətə müəyyən məqsədlə başlayırlar. Bəziləri bu fəaliyyətə özünün və ailəsinin yaşayışını təmin etmək, digərləri varidatını artırmaq, ictimai borcu yerinə yetirmək məqsədilə başlayırlar.
A.Smit cəmiyyətin inkişafında iqtisadi mənafelərin mühüm rolunu qeyd edərək yazır ki, insanlar öz mənafelərini güdməklə, eyni zamanda cəmiyyətin inkişafına əhəmiyyətli şərait yaratmış olurlar. Alman filosofu Hegelin fikrincə “mənafelər xalqların həyatını hərəkətə gətirir”. F.Engelsin firkincə isə “hər bir cəmiyyətin iqtisadi münasibətləri hər şeydən əvvəl mənafe kimi təzahür olunur”.
Mülkiyyətin növündən (tipindən) asılı olaraq mənafelər üç qrup üzrə: fərdi (şəxsi, xüsusi), qrup və ümumi (dövlət) nəzərdən keçirilir.
Mənafelərin təzahür formaları aşağıdakılardır:
- müxtəlif sosial qrupların mənafeləri: mülkiyyətçilər və menecerlər, idarəedənlər və idarəolunanlar, varlı və yoxsullar, şəhər və kənd əhali və s.
- yerli və regional: mikroiqtisadi və makroiqtisadi, milli və beynəlmilər; cari və perspektiv və s.
Mənafelərin bu müxtəlif formaları bir-biri ilə sıx bağlıdır və onların düzgün uyğunlaşdırılması mülkiyyətin müxtəlif formalarının iqtisadi reallaşdırılmasında mühüm əhəmiyyət kəsb edir. Bu mənafelər sistemində fərdi mənafe xüsusi əhəmiyyət kəsb edir, onun dolğun ödənilməsi qrup və ümumi mənafelərin daha dolğun ödənilməsi üçün şərait yaradır. Qrup mənafeləri isə fərdi mənafe ilə ümumi mənafelərin əlaqələndirilməsində vasitəçi rolunu yerinə yetirir, ümumi mənafenin dolğun ödənilməsi üçün şərait yaradır. Bəzi hallarda ümumi mənafeyə üstünlük veriləcək fərdi və qrup mənafelər ona qurban verilir.
Dostları ilə paylaş: |