7.4. Heca tələffüz və oxu vahididir. Uzun illərdən bəri savad təliminin əsasında qoyulan səs təhlil-tərkib metoduna əsasən təhlil prosesində söz səslərə ayrılmalı, öyrənilən yeni səs sözün tərkibindən seçilməli, ayrıca təqdim edilməlidir. Bir çox müəllimlər, hətta alimlər bu müddəaya sadiq qalaraq tərkibində yeni öyrənilən səsin olduğu sözü hecalara, hecaları səslərə ayırır, hər bir sözü səslər üzrə tələffüz etməyə çalışırlar.
Uşağın oxu texnikasına yiyələnmə prosesini diqqətlə izlədikdə məlum olur ki, hərf-hərf oxumaq sözlərin səs-hərf tərkibinin qavranmasını çətinləşdirir, oxu prosesini ləngidir, mənanın təhrif olunmasına gətirib çıxarır. Ayrı-ayrılıqda səsləri (xüsusilə samitləri) təmiz tələffüz etmək mümkün deyil. Məktəb sözü m-ə-k-t-ə-b şəklində tələffüz olunarkən hər bir samit özündən sonra ı səsinin əlavə olunmasını tələb edir. Bunun nəticəsində şagird məktəb sözünü mı-ə-kı-tı-ə-bı şəklində tələffüz edir. Belə oxu prosesində o, sözün səs-hərf tərkibini tuta bilmir. Samitlərdən sonra ı səsinin əlavə edilməsi oxu materialının elementlərinin sayının artmasına səbəb olur. Şagird məktəb sözündəki 6 səs əvəzinə 10 səs tələffüz edir. Nəticədə sözün səs tərkibini qavrama imkanı azalır. O, beynində səslənən səslər çoxluğunun ardıcıllığını tuta bilmir.
Digər tərəfdən, hərf-hərf oxu səslərin öz məxrəcində, mümkün çalarları ilə tələffüzünə imkan vermir: məsələn, müəllim l səsini ayrılıqda tələffüz etdikdə şagirdlər onu lı kimi qəbul edirlər. Əslində isə mala sözündə eşitdikləri l səsi, ələk və yaylaq sözlərindəkindən əsaslı surətdə fərqlənir.
Nəhayət, hərf-hərf oxu şagirdlərdə yanlış oxu vərdişini möhkəmləndirir. Bəzi müəllimlər: “Hərf-hərf oxu”, “Hərflə, hərflə görüm”- deməklə şagirdlərdə alışdıqları yanlış vərdişlərin düzgünlüyünə yəqinlik yaradırlar. Nəticədə şagirdlər ləng oxuyur, ən yaxşı halda savad təliminin axırında hecalarla oxumağı öyrənirlər. Bu isə onların mütaliə mədəniyyətinin inkişafının qarşısını alır.
Oxu texnikasına yiyələnmək bir növ oxu prosesinin vasitəsi hesab olunur. Mükəmməl oxu texnikasına bütöv sözlərlə oxumağa yiyələnməmiş şagirdlərin diqqəti həmişə səsləri, hecaları söz şəklində birləşdirib oxumaqda olur. Onlar intonasiyanı, məntiqi vurğunu, fasiləni gözləyə, sözlərin mənası, cümlələrdə ifadə olunan fikir, mətnin məzmunu üzərində düşünə bilmirlər. Deməli, hərf-hərf oxu şagirddə özünə inamı azaldır. Belə şagirdlər sonralar irihəcmli materialları, romanları oxumaqdan çəkinirlər. Onlar tədris materiallarını şüurlu oxuyub mənimsəyə bilmirlər.
Bütün bunları nəzərə alaraq şagirdin oxu texnikasına yiyələnməsi üçün təlimin başlanğıcından onda öyrənilmiş hərflər dairəsində hecaya bərabər “oxu sahəsi”yaratmaq lazımdır. Çalışmaq lazımdır ki, heca onun üçün oxu vahidi olsun. Yalnız belə şəraitdə şagirdlər sonralar bütöv sözlərlə oxumaq vərdişinə yiyələnə bilərlər.
Bəs dilimizdə olan müxtəlif quruluşlu hecalardan savad təlimi dövründə necə istifadə olunmalıdır?
Uşaq üçün at, ət, on, ot, un tipli heca sözlərdən sonra nənə, şamama, tamaşa tipli heca tərkibli sözlərin oxunması daha asandır.
Qapı - sözündə açıq hecaların olmasına baxmayaraq, hecalarda saitlərin müxtəlifliyi onun oxunmasını nisbətən çətinləşdirir. Bəzən şagirdlər sözləri şifahi nitqdə düzgün işlətdikləri halda, düzüm lövhəsində düzüb və ya yazıb oxuduqda tələffüz xətası buraxır; məsələn, stul dedikləri halda sutul, stol dedikləri halda istol oxuyurlar. Görünür, belə hal hərf-hərf oxu prosesində hər bir samitə ı saitinin əlavə edilməsi vərdişinin təsiri ilə yaranır. Hər bir yeni səs heca tərkibində (uzun tələffüz edilməklə və ya xüsusi vurğu altında) təqdim olunmalıdır. Savad təliminin başlanğıcında hansı heca növü daha çox çətinlik törədir? Adətən, adama belə gəlir ki, açıq hecaların oxunması daha asandır. Görkəmli metodist S.P.Redozubov açıq hecalardan nitq səslərinin ayrılmasının çətin olduğunu qeyd etmişdir. O yazmışdır: “Təlimin ilk mərhələsində uşaqlar üçün ən çətin, eyni zamanda ən vacib iş açıq hecaların oxunması və onlardan sözlərin tərtibidir”. O, qapalı hecaların açıq hecaların əksinə bənzər növünü (at, us, əş) “əks heca” adlandırır və bildirir ki, əks hecalar daha asan mənimsənilir, çünki onları tələffüz edərkən səsləri qovuşdurmağa ehtiyac yoxdur. Bu zaman samit öz məxrəcinə uyğun tələffüz olunur. Samitə ı saiti qoşulmur.
Nar, şar - şəklində üçsəsli qapalı heca o zaman yaxşı mənimsənilir ki, şagirdlər saitin hecayaradıcı rolunu başa düşsünlər. Belə hecalarda sait tələffüz olunan samitin arxasında gizlənir. Ona görə də səs təhlili prosesində sözün tərkibində saiti aydın ayırmaq lazımdır. Tut sözünü (bu tipli hecaları: lan, xıl və s.) oxuyarkən açıq hecaların oxunması üzrə qazanılmış vərdişə əsasən tu hissəsi oxunur, t samiti ani, cəld tələffüzlə əlavə edilir. Dərslikdə bu proses öz əksini belə tapırdı: tu/t. Sözlərdə taxta, parta - tipli bir qapalı və bir açıq hecanın birləşməsi üzrə iş bir qədər sonralar aparılır. Belə sözləri oxuyarkən uşaqlar əvvəllər oxuduqları, özlərinə yaxşı tanış olan və adət etdikləri açıq hecalara bənzər hissəni (ta, pa) oxuyurlar. İki samitin yanaşı gəldiyi xta, rta hissələrinin oxunması çətinlik törədir. Ona görə də belə sözləri oxuyarkən hecaların düzgün gözlənilməsini təmin etmək vacibdir. Bunun üçün uşaqlarda müəyyən vərdişlər var. Onlar əvvəllər nar, şar tipli hecaların oxunması üzrə məşq etmişlər. Bu dövrdə quruluşuna görə taxta, parta kimi sözlərin əksi olan maşın, maral kimi sözlərin oxunması üzrə də iş getməlidir. Belə sözlərin oxunması sözün əvvəlində açıq hecanın ayrılması ustanovkasını möhkəmləndirməyə imkan verir və taxta, parta tipli sözlərin müqayisəli şəkildə oxunmasını asanlaşdırır.
Əlifba təliminin əvvəllərindən oxu hecalarla təşkil olunmalı, şagirdlər yazılışı tələffüzündən fərqlənməyən sözlərin oxunması üzrə məşq etməlidirlər.