Mexaniki emalın tətbiq sahələri
Avtomobillərin təmir prosesində mexaniki emaldan həm sərbəst bir bərpa növü kimi, həm də başqa üsullarla bərpa olunacaq hissələrdə hazırlıq və tamamlama (bərpadan əvvəl və sonrakı emal) işlərini yerinə yetirərkən istifadə olunur. Avtomobil hissələrinin mexaniki emalla bərpasının aşağıdakı üsulları tətbiq edilir:
- hissələrin yeyilmiş və ya zədələnmiş səthlərini təmir ölçülərinə çatdırmaqla bərpa;
- əlavə təmir detalı qoymaqla bərpa.
Hissələrin bərpasında mexaniki emalın aşağıdakı növləri daha geniş tətbiq olunur: torna, deşmə, üz yonma, frezləmə, cilalama, pardaqlama, xoninqləmə və s.
Müxtəlif üsullarla bərpa olunan hissələrin mexaniki emalı bir sıra xüsusiyyətlərə malikdir və emalın növünün və reciminin seçilməsi ilə əlaqədardır.
Bərpa olunan hissələrin mexaniki emal metodunun və reciminin seçilməsi emal olunan səthlərin yüksək bərkliyə malik olmasına görə çətinləşir. Çünki, hissənin istehsalı zamanı həmin səthlər kimyəvi - termiki emala uğradılır, bərpadan sonra yonulacaq emal payının qalınlığı müxtəlif olur, metal örtüyü spesifik fiziki - mexaniki xüsusiyyətə malik olur və bu xüsusiyyətlər örtüyün müxtəlif sahələrində bircinsli olmur.
Təmir ölçülərinə çatdırmaqla bərpa zamanı bərpa olunan səthlərin yüksək möhkəmliyini və emal payının kiçik olduğunu nəzərə alaraq çox vaxt cilalamadan istifadə olunur.
Üst əritmə ilə bərpa olunan səthlərin mexaniki emalı zamanı müəyyən çətinliklər əmələ gəlir. Üst əridilən metalın bərkliyindən asılı olaraq hissələrin mexaniki emalı torna və ya cilalama dəzgahlarında aparıla bilər.
Əridilən metalın bərkliyi HRC-35-40-dən az olarsa, torna əməliyyatını bərk ərintidən olan kəski ilə aparmaq olar. Əgər əridilən metalın bərkliyi HRC 35-40-dan çox olarsa, onda bərpa olunan səthi cilalama ilə emal etmək lazımdır. Bu halda cilalama iki mərhələdə - əvvəlcə qaralama, sonra təmiz cilalama əməliyyatı aparılır.
Metallaşdırma ilə bərpa olunan səthlərin mexaniki emalının çətinliyi çökdürülən örtüyün kövrəkliyinin, məsaməliyinin və möhkəmliyinin yüksək olmasıdır. Örtüyün möhkəmliyindən və emal payının qalınlığından asılı olaraq metal çökdürülən səthlər yonma və cilalama ilə mexaniki emal edilir. Yonma zamanı bərk ərintili kəskilərdən istifadə olunur. Emal aşağı kəsmə recimində aparılır. Kəsmə sürəti 60-80 m/dəq. kəsmə dərinliyi 0,1-0,3 mm, veriş -0,1-0,2 mm/dövr olmalıdır. Örtük çəkilən səth cilalandıqda isə kəsmə sürəti 30-35 m/san. qəbul edilir.
Xromlamadan sonra hissələr adi cilalama əməliyyatına uğradılır.
Plastik kütlə ilə bərpa olunan səthlərin yonulmasında yaxşı itilənmiş, istiliyə davamlı materialdan olan kəskidən istifadə olunur. Emal zamanı kəski sıxılmış hava və ya ağ neftlə intensiv soyudulur. Torna emalı yüksək sürət recimində aparılır. Kəsmə sürəti 250-300 m/dəq., veriş isə çox kiçik olur - 0,1-0,2 mm/dövr.
Bərpa olunan hissələrin mexaniki emalında tələb olunan kələ - kötürlük, ölçülərin dəqiqliyi, forması və işçi səthlərin qarşılıqlı vəziyyətləri təmin edilməlidir.
Dostları ilə paylaş: |