MÜNDƏRİcat ümumi HİSSƏ BÖLMƏLƏR (Fəsillər)


§1. Sığorta haqqında ümumi müddəalar



Yüklə 4,84 Mb.
səhifə46/49
tarix20.01.2017
ölçüsü4,84 Mb.
#807
1   ...   41   42   43   44   45   46   47   48   49
§1. Sığorta haqqında ümumi müddəalar

Maddə 883. Sığorta müqaviləsi

883.1. Zərərdən sığorta müqaviləsinə görə bir tərəf (sığortaçı) müqavilə ilə şərtləşdirilmiş haqq (sığorta haqqı) müqabilində digər tərəfə (sığortalıya) və ya sığorta müqaviləsi xeyrinə bağlanmış başqa şəxsə (faydalanan şəxsə) müqavilədə nəzərdə tutulan hadisənin (sığorta hadisəsinin) baş verdiyi təqdirdə həmin hadisə nəticəsində sığortalanmış əmlaka dəymiş zərərin əvəzini, yaxud sığortalının digər əmlak mənafeləri ilə bağlı zərərin əvəzini müqavilə ilə müəyyənləşdirilmiş məbləğ (sığorta məbləği) həddində ödəməyi (sığorta ödənişi verməyi) öhdəsinə götürür.

883.2. Həyat sığortası və ya fərdi qəza sığortası müqaviləsinə görə bir tərəf (sığortaçı) müqavilə ilə şərtləşdirilmiş və digər tərəfin (sığortalının) ödədiyi haqq (sığorta haqqı) müqabilində öhdəsinə götürür ki, sığortalının özünün və ya müqavilədə adı çəkilmiş başqa şəxsin müəyyən yaşa çatdığı, öldüyü və ya sağlamlığına zərər dəydiyi və ya onun həyatında müqavilədə nəzərdə tutulmuş ayrı hadisənin (sığorta hadisəsinin) baş verdiyi təqdirdə müqavilə ilə şərtləşdirilmiş məbləği (sığorta məbləğini) bir dəfəyə və ya vaxtaşırı ödəyəcəkdir.

883.3. Sığortalı sığorta haqqı (mükafat) ödəməlidir.

Maddə 884. Sığorta müqaviləsi bağlamaq vəzifəsi

Sığorta müqaviləsi bağlamağı açıq təklif edən şəxs, əgər imtina üçün əhəmiyyətli əsaslar yoxdursa, bu müqaviləni bağlamalıdır.

Maddə 885. İcbari sığorta

İcbari sığorta qanunla nəzərdə tutula bilər. İcbari sığorta barəsində bu fəslin qaydaları tətbiq edilir, bir şərtlə ki, bu, icbari sığorta haqqında qanunvericiliyə zidd olmasın. Təkrar sığorta ilə bağlı münasibətlər qanunla müəyyənləşdirilmiş qaydada tənzimlənir.

Maddə 886. Sığorta şəhadətnaməsi

886.1. Sığortaçı sığortalıya sığorta müqaviləsi haqqında imzalı sənəd - sığorta şəhadətnaməsi verməlidir.

886.2. Sığorta şəhadətnaməsində aşağıdakılar olmalıdır:

886.2.1. müqavilənin tərəfləri və onların olduğu yer (ünvanı) haqqında məlumat;

886.2.2. sığorta predmetinin və sığortalanmış şəxsin adı;

886.2.3. sığorta riskinin müəyyənləşdirilməsi;

886.2.4. sığortanın başlanğıcı və müddəti;

886.2.5. sığorta məbləğinin və sığorta ödənişinin verilməsi qaydası;

886.2.6. sığorta haqqının miqdarı, onun ödənilməsi qaydası.

886.3. Sığortalanmış şəxsin sığortaçının mənfəətində iştirak etməsi şərti ilə həyat sığortası zamanı sığorta şəhadətnaməsində mənfəətin bölüşdürülməsi qaydası, dəyişkən sığorta məbləğində həyat sığortası zamanı isə sığorta haqlarının yığılan hissəsinin yerləşdirilməsi qaydası göstərilməlidir.

Maddə 887. Sığorta şəhadətnamələrinin növləri

Əgər sığorta şəhadətnaməsi təqdim edənə adlı və ya order şəklində verilmişdirsə, sığortaçı ilkin sığortalı barəsində malik olduğu bütün tələbləri bu şəhadətnamənin sahibinə qarşı irəli sürə bilər. Əgər sığorta şəhadətnaməsinin sahibi sığorta ilə bağlı hüquqların ona verildiyi barədə sığortaçıya məlumat verərsə və sığortaçı öz tələblərini dərhal bildirməzsə, bu qayda tətbiq olunmur.

Maddə 888. Sığorta şəhadətnaməsinin itməsinin nəticələri

888.1. Əgər müqavilə ilə sığortaçının öz vəzifələrini yalnız sığorta şəhadətnaməsi təqdim edildikdən sonra yerinə yetirməli olduğu müəyyənləşdirilmişsə, lakin şəhadətnamə itmiş və ya məhv olmuşsa, sığortalı icranı ancaq o halda tələb edə bilər ki, şəhadətnamə xüsusi icraat qaydasında qüvvədən düşmüş elan olunsun.

888.2. Sığorta şəhadətnaməsi itdikdə və ya məhv olduqda sığortalı sığortaçıdan onun surətini tələb edə bilər. Surətin verilməsi xərclərini sığortalı çəkir.

Maddə 889. Sığorta agentinin hüquqları

889.1. Əgər sığorta agentinin (nümayəndəsinin) sığorta müqaviləsi bağlamağa səlahiyyəti çatırsa, o həmçinin sığortaçının tapşırığı ilə müqavilənin şərtlərini dəyişdirə, qüvvədə olma müddətini uzada və ya onu ləğv edə bilər.

889.2. Sığorta müqaviləsi bağlanarkən vasitəçi funksiyalarını yerinə yetirən sığorta agentinin sığortaçının adından bu cür müqavilə bağlamağa ixtiyarı vardır.

Maddə 890. Sığortanın müddəti

890.1. Müqavilədə ayrı hal nəzərdə tutulmayıbsa, sığorta, müqavilənin bağlandığı gün saat iyirmi dörddə başlanır və müqavilədə nəzərdə tutulmuş müddətin sonuncu günü saat iyirmi dörddə qurtarır.

890.2. Əgər sığorta müqaviləsi beş ildən artıq müddətə bağlanmışdırsa, tərəflərdən hər biri xəbərdarlıq etdikdən üç ay sonra müqaviləni ləğv edə bilər.

Maddə 891. Sığorta haqqının artırılmasının nəticələri

Əgər sığortaçı sığorta haqqını artırmışdırsa, sığortalı müqavilənin ləğvinin bir aylıq müddətini gözləməklə müqaviləni ləğv edə bilər. Sığorta haqqının əhəmiyyətsiz artımı belə bir hüquq doğurmur.

Maddə 892. Məlumat vermək vəzifəsi

892.1. Sığortalı müqavilə bağlanarkən özünə məlum olan bütün əhəmiyyətli halları sığortaçıya bildirməlidir. Sığortaçının müqavilədən imtina etmək və ya onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən hallar əhəmiyyətli sayılır.

892.2. Belə bir hal da əhəmiyyətli sayılır ki, sığortaçı bu hal haqqında sığortalıya yazılı şəkildə aydın və birmənalı sorğu verir.

892.3. Əgər bu Məcəllənin 892.1 və 892.2-ci maddələrində nəzərdə tutulmuş qaydaların əksinə olaraq, sığortaçıya əhəmiyyətli hallar haqqında məlumat verilməzsə, o, müqavilədən imtina edə bilər.

892.4. Əgər sığortaçı gizli haldan xəbərdar idisə və ya sığortalı bu halı bildirməməkdə təqsirli deyildirsə, müqavilənin xitamı yolverilməzdir.

Maddə 893. Yanlış məlumatlar verilməsinin nəticələri

893.1. Əhəmiyyətli hal haqqında bildirişdə yanlış məlumatlar olduqda da sığortaçı müqavilədən imtina edə bilər.

893.2. Əgər məlumatların dəqiqsizliyi sığortaçıya məlum idisə və ya sığortalı yanlış məlumatların verilməsində təqsirli deyildirsə, müqavilədən imtina edilməsi yolverilməzdir. Bu məlumatlar haqqında bildiriş verildikdən sonra bir ay ərzində sığortaçı müqaviləni ləğv edə bilər.

Maddə 894. Sığorta müqaviləsinin məlumat verilməməsi nəticəsində ləğvi

Sığortalı təhlükə hallarına dair yazılı suallara cavab verməli olduqda, əgər o, barəsində suallar qoyulmamış halların üstündən qəsdən sükutla keçərək onları bildirməzsə, sığortaçı müqaviləni ləğv edə bilər.

Maddə 895. Müqavilənin məlumat verilməməsi nəticəsində ləğv edilməsi müddəti

895.1. Bu Məcəllənin bu fəslində nəzərdə tutulmuş məlumatların verilməməsindən sonra bir ay ərzində sığortaçı müqaviləni ləğv edə bilər. Bu müddət məlumat vermək vəzifəsinin pozulmasından sığortaçının xəbər tutduğu andan başlanır.

895.2. Sığortalıya müqavilənin ləğv edilməsi haqqında məlumat verilməlidir.

Maddə 896. Sığorta hadisəsi baş verdikdən sonra müqavilənin ləğv edilməsi

Sığortaçı müqaviləni sığorta hadisəsi baş verdikdən sonra ləğv etdikdə, əgər barəsində məlumat vermək vəzifəsi pozulmuş hal sığorta hadisəsinin baş verməsinə və sığortaçının öz vəzifələrini yerinə yetirməsinə təsir göstərməyibsə, o öz vəzifələrini yerinə yetirməkdən azad edilmir.

Maddə 897. Təhlükənin artması haqqında məlumat vermək vəzifəsi

897.1. Müqavilə bağlandıqdan sonra təhlükənin artması müqavilənin bağlanmasına mühüm təsir göstərə bilərsə, sığortalı təhlükənin artması barədə sığortaçıya dərhal məlumat verməlidir.

897.2. Bu Məcəllənin 897.1-ci maddəsində nəzərdə tutulmuş halda sığortaçının bir aylıq müddəti gözləməklə müqaviləni ləğv etmək və ya sığorta haqqının müvafiq surətdə artırılmasını tələb etmək ixtiyarı vardır. Əgər sığortalı təhlükənin artmasını qəsdən doğurmuşdursa, sığortaçı müddəti gözləmədən müqaviləni ləğv edə bilər.

897.3. Əgər sığortalı bu Məcəllənin 897.1-ci maddəsində nəzərdə tutulan vəzifəni icra etməzsə, sığortaçı təhlükənin artması nəticəsində sığorta hadisəsi baş verdiyi təqdirdə sığorta ödənişini həyata keçirmək vəzifəsindən azad edilir, bu şərtlə ki, sığortalı həmin vəzifənin onun təqsiri olmadan həyata keçirilməməsini sübut edə bilməsin.

897.4. Əgər sığortaçı təhlükə haqqında vaxtında xəbərdar idisə və ya təhlükə haqqında məlumatın olmaması onun tərəfindən sığorta ödənişinin həyata keçirilməsinə mane ola bilməzdisə, sığortaçı sığorta ödənişini həyata keçirmək vəzifəsindən azad edilmir.

Maddə 898. Sığorta hadisəsinin baş verməsi haqqında məlumat vermək vəzifəsi

898.1. Sığorta hadisəsinin baş verməsindən xəbər tutan kimi sığortalı ləngimədən bu barədə sığortaçıya məlumat verməlidir.

898.2. Sığorta hadisəsi baş verdikdən sonra sığortaçı sığorta hadisəsinin və (və ya) sığorta ödənişi miqdarının müəyyənləşdirilməsi üçün zəruri olan hər cür məlumatları sığortalıdan tələb edə bilər.

898.3. Əgər sığortalı məlumat vermək vəzifəsini yerinə yetirməsə, lakin bunun nəticəsində sığortaçının mənafeləri əhəmiyyətli dərəcədə pozulmasa, sığortaçı öz vəzifəsindən azad edilməsinə əsas verən razılaşmaya istinad edə bilməz.

898.4. Sığortaçı sığorta hadisəsi baş verdikdən və sığorta ödənişinin miqdarı müəyyənləşdirildikdən sonra öz vəzifələrini icra etməlidir.

§2. Sığorta haqqı

Maddə 899. Sığorta haqqını ödəmək vəzifəsi

899.1. Sığortalı sığorta haqqını yalnız sığortanı təsdiq edən sənədi aldıqdan sonra ödəməlidir.

899.2. Əgər sığortaya maraq itmişdirsə, sığortaçı sığorta haqqının öz üzərinə götürdüyü riskin müddətinə uyğun hissəsini tələb edə bilər. Sığortaçı göstərilmiş xidmətə uyğun muzd tələb edə bilər.

Maddə 900. İlk sığorta haqqı

Əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, ilk və ya birdəfəlik sığorta haqqı vaxtında ödənilənədək sığortaçı öz vəzifələrindən azaddır.

Maddə 901. Sığorta haqqının vaxtında ödənilməməsi

901.1. Əgər sığorta haqqı vaxtında ödənilməmişdirsə, sığortaçı onun ödənilməsi üçün yazılı surətdə iki həftəlik müddət təyin edə bilər. Bu zaman o, ödəmənin gecikdirilməsinin nəticələrini göstərməlidir.

901.2. Əgər sığorta hadisəsi sığorta haqqının ödənilməsi müddəti qurtardıqdan sonra baş verərsə və bu vaxtadək sığortalı haqqın və ya faizlərin ödənilməsini gecikdirərsə, sığortaçı öz vəzifələrindən azad edilir.

Maddə 902. Müqavilənin sığorta haqqının vaxtında ödənilməməsi nəticəsində ləğv edilməsi

Əgər sığortalı sığorta haqqını vaxtında ödəməsə, sığortaçı müqavilənin ləğvi haqqında sığortalıya bir ay əvvəldən xəbərdarlıq edə bilər və bu müddət ərzində sığortalı sığorta haqqını ödəməsə, müqaviləni ləğv edə bilər.

Maddə 903. Sığorta haqqının ödənilməsinin xitamı

Əgər müqavilə bağlandıqdan sonra aydın olsa ki, sığortaçının iqtisadi vəziyyəti o dərəcədə pisləşmişdir ki, onun sığorta hadisəsi baş verdikdə, müqavilə üzrə götürdüyü öhdəlikləri icra etməməsi ilə bağlı real təhlükə mövcuddur, sığortalı sığorta haqqının ödənilməsinə xitam verə bilər.

§3. Zərərdən sığorta

Maddə 904. Zərərin əvəzini pulla ödəmək vəzifəsi

Əgər müqavilədə ayrı hal nəzərdə tutulmayıbsa, zərərdən sığorta zamanı sığortaçı zərərin əvəzini pulla ödəməlidir.

Maddə 905. Zərərin əvəzinin ödənilməsi hədləri

Sığortaçı zərərin əvəzini yalnız sığorta məbləği həddində ödəyir.

Maddə 906. Sığorta müqayisəsi

906.1. Əgər sığorta məbləğinin sığortalanmış mənafeyin dəyərindən (sığorta dəyərindən) xeyli yüksək olduğu aşkara çıxarsa, həm sığortalı, həm də sığortaçı ifrat sığortanın qarşısını almaq məqsədi ilə sığorta haqqının dərhal müvafiq surətdə azaldılaraq sığorta məbləğinin aşağı salınmasını tələb edə bilərlər.

906.2. Əgər sığortalı sığorta dəyərini artırmaq yolu ilə qanunsuz gəlir əldə etmək üçün müqavilə bağlayarsa, müqavilə etibarsız sayılır. Müqavilənin etibarsızlığı müəyyənləşdirilənə qədər sığortaçıya ödənilmiş sığorta haqları ona qalır, bu şərtlə ki, müqavilənin bağlandığı vaxt, o, müqavilənin etibarsız olduğunu bilməsin.

Maddə 907. Əmlak sığortasının xüsusiyyətləri

Əgər əmlak sığortalanıbsa və müqavilədə ayrı hal nəzərdə tutulmayıbsa, əmlakın dəyəri sığorta məbləği sayılır.

Maddə 908. Əldən çıxmış faydanın sığortası

Əgər müqavilədə nəzərdə tutulubsa, sığorta, sığorta hadisəsinin baş verməsi nəticəsində əldən çıxmış faydaya da şamil edilir.

Maddə 909. Əşyalar toplusunun sığortası

Əgər əşyaların toplusu sığortalanıbsa, sığorta topluya daxil olan bütün əşyalara şamil edilir.

Maddə 910. Sığorta ödənişinin miqdarı

Sığortaçı sığorta hadisəsinin baş verdiyi məqamda sığorta məbləğinin sığorta dəyərindən yüksək olduğu halda da, sığortalıya dəymiş zərərin miqdarından artıq olan məbləği ödəməyə borclu deyildir.

Maddə 911. Qismən və ya natamam sığorta. İkiqat sığorta

911.1. Əgər sığorta hadisəsinin baş verdiyi məqamda sığorta məbləği sığorta dəyərindən azdırsa (qismən və ya natamam sığorta), sığortaçı zərərin əvəzini sığorta məbləği ilə sığorta dəyərinin nisbətinə müvafiq surətdə ödəyir.

911.2. Eyni mənafeyi eyni vaxtda bir neçə sığortaçıda sığorta etdirən şəxs bu barədə sığortaçılardan hər birinə dərhal məlumat verməlidir. məlumatda bütün sığortaçıların şəxsiyyəti və sığorta məbləğinin miqdarları göstərilməlidir.

911.3. Əgər həmin mənafe eyni riskdən bir neçə sığortaçıda sığortalanmışdırsa və sığorta məbləğlərinin məcmusu sığorta dəyərindən yüksəkdirsə və ya digər sığortaçı ilə sığorta müqaviləsi olmasaydı, hər bir sığortaçının verməli olduğu ödənişlərin ümumi məbləği başqa səbəblərə görə bütün zərərdən yüksəkdirsə (ikiqat sığorta), sığortaçılar sığortalı ilə bağladıqları müqavilədə nəzərdə tutulan məbləğ həddində sığortalı qarşısında birgə borclular kimi mükəlləfiyyət daşıyırlar, lakin sığortalının məcmu halda real zərərin miqdarından yüksək olan məbləği almağa ixtiyarı yoxdur.

Maddə 912. İkiqat sığortanın etibarsızlığı

Əgər sığortalı ikiqat sığortanı qanunsuz gəlir əldə etmək məqsədi ilə rəsmiləşdirərsə, bu məqsədlə bağlanan hər bir müqavilə etibarsız sayılır.

Maddə 913. Sığorta hadisəsi baş verdikdə sığortalının təqsiri

Əgər sığortalı sığortada nəzərdə tutulmuş hadisəni qəsdən və ya kobud ehtiyatsızlıq üzündən törədərsə, sığortaçı öz vəzifələrini yerinə yetirməkdən azad olunur.

Maddə 914. Sığortaçının göstərişlərini yerinə yetirmək vəzifəsi

914.1. Sığortada nəzərdə tutulmuş hadisə baş verdikdə sığortalı imkan daxilində zərərin qarşısını almalı və ya onu azaltmalı, bununla əlaqədar sığortaçının göstərişlərini yerinə yetirməlidir.

914.2. Sığortaçı onun göstərişləri nəticəsində çəkilmiş xərclərin əvəzini ödəməlidir.

Maddə 915. Müharibənin və ya digər qarşısıalınmaz qüvvənin doğurduğu zərərdən sığorta

Sığortaçı müharibənin və ya digər qarşısıalınmaz qüvvənin vurduğu zərər üçün yalnız o halda məsuliyyət daşıyır ki, bu, xüsusi razılaşmada nəzərdə tutulsun.

Maddə 916. Zərərin əvəzinin üçüncü şəxs tərəfindən ödənilməsi tələbi

916.1. Əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Əgər sığortalı üçüncü şəxs barəsində tələbindən və ya tələbinin yerinə yetirilməsi hüququndan imtina edərsə, sığortaçı öz xərclərinin əvəzinin ödənilməsi hüququnun həyata keçirilməsi nəticəsində və ya tələbin irəli sürülməsi ilə əlaqədar əldə edə biləcəyi həcmdə zərərin əvəzini ödəmək vəzifəsindən azad edilir.

916.2. Əgər sığortalının zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ onunla birlikdə yaşayan ailə üzvlərinə aiddirsə, ailə üzvünün zərəri qəsdən doğurduğu halda hüququn keçməsi istisna olunur.

Maddə 917. Sığortalanmış əmlakın özgəninkiləşdirilməsinin nəticələri

Sığortalanmış əmlak özgəninkiləşdirildikdə, sığortalının hüquq və vəzifələri əldə edənə keçir.

Maddə 918. Sığortalanmış əmlakın özgəninkiləşdirilməsi haqqında məlumat vermək vəzifəsi

Sığortalanmış əmlakın özgəninkiləşdirilməsi haqqında sığortaçıya dərhal məlumat verilməlidir. Əldə edən və ya özgəninkiləşdirən bu barədə sığortaçıya dərhal məlumat vermədikdə, əgər sığorta hadisəsi əmlakın özgəninkiləşdirildiyi andan iki həftə sonra baş verərsə, sığortaçı sığorta ödənişi vermək vəzifəsindən azad edilir.

Maddə 919. Əmlak özgəninkiləşdirildikdə sığortanın xitamı

919.1. Sığortaçının müqavilənin ləğvi üçün bir aylıq müddəti gözləməklə əldə edənlə sığorta münasibətlərinə xitam vermək ixtiyarı vardır. Əgər sığortaçı əmlakın özgəninkiləşdirildiyinin ona məlum olduğu andan bir ay ərzində müqaviləni ləğv etmək hüququndan istifadə etməzsə, onun bu hüququ qüvvədən düşür.

919.2. Əldə edənin sığorta müqaviləsini ləğv etmək ixtiyarı vardır; o, müqaviləni yalnız dərhal və ya sığortanın cari dövrünün sonuna yaxın ləğv edə bilər. Əgər əldə edən əmlakı əldə etdikdən sonra bir ay ərzində müqaviləni ləğv etmək hüququndan istifadə etməzsə, bu hüququ itirir, əldə edən sığortadan xəbərdar olmadıqda isə ləğvetmə hüququ əldə edənin sığorta münasibətlərindən xəbər tutduğu andan bir ay keçənədək qüvvədə qalır.

919.3. Əgər sığorta müqaviləsinə bu maddənin qaydaları əsasında xitam verilmişdirsə, özgəninkiləşdirən sığortaçıya sığorta haqqı ödəməlidir, lakin bu haqq onun sığorta dövrü ərzində, müqavilənin ləğvi məqamı da daxil olmaqla, ödəməli olduğundan artıq olmamalıdır; bu halda əldə edən sığorta haqqının ödənilməsi üçün məsuliyyət daşımır.

Maddə 920. Sığorta müqaviləsinin başqa şəxsin xeyrinə bağlanması

Sığortalı sığortaçı ilə sığorta müqaviləsini öz adından başqa şəxsin xeyrinə bağlaya bilər. Bu şəxsin adını bildirmək məcburi deyildir.

Maddə 921. Sığorta müqaviləsində başqa şəxsin hüquqları

921.1. Başqa şəxsin xeyrinə sığorta zamanı bu müqavilədən əmələ gələn hüquqlar həmin şəxsə mənsubdur. Yalnız sığortalının sığorta şəhadətnaməsini tələb etmək hüququ vardır.

921.2. Sığortalanmış şəxs yalnız sığorta şəhadətnaməsi onun əlində olduğu halda sığortalı ilə razılaşdırmadan öz hüquqlarından istifadə edə bilər və öz hüquqlarının məhkəmə yolu ilə həyata keçirilməsini tələb edə bilər.

Maddə 922. Sığortalının hüquqları

922.1. Sığortalı sığortalanmış şəxsə sığorta müqaviləsi üzrə mənsub olan hüquqlardan öz adından istifadə edə bilər.

922.2. Əgər sığorta şəhadətnaməsi verilmişdirsə, sığortalı yalnız sığorta şəhadətnaməsinə özünün sahib olduğu halda sığortalanmış şəxsin razılığını almadan ödəniş ala və ya hüququnu sığortalanmış şəxsə verə bilər.

922.3. Sığortaçı sığortalanmış şəxsin xeyrinə ödənişi yalnız o halda verməlidir ki, sığortalı sığortalanmış şəxsin sığorta müqaviləsi ilə razı olduğunu sübuta yetirsin.

Maddə 923. Mülki məsuliyyətin sığortası müqaviləsi

Mülki məsuliyyətin sığortası müqaviləsinə görə sığortaçı sığortalını sığorta dövründə əmələ gəlmiş məsuliyyətlə əlaqədar üçüncü şəxs qarşısında ona həvalə edilən öhdəlikdən azad etməlidir.

Maddə 924. Zərərin əvəzini bilavasitə ödəmək tələbi

Sığortaçı öz öhdəliyinin hədləri daxilində zərərin əvəzini bilavasitə ödəməlidir, bu şərtlə ki, zərər dəymiş şəxs ona qarşı tələb irəli sürsün.

Maddə 925. Məhkəmə xərcləri və məhkəmədənkənar xərclər

Sığortaya üçüncü şəxsin tələblərindən müdafiə olunmaq üçün çəkilmiş məhkəmə xərcləri və məhkəmədənkənar xərclər də daxildir, bu şərtlə ki, işin vəziyyətinə görə həmin xərcləri çəkmək zəruri olsun.

Maddə 926. Sığortaçının məsuliyyətdən azad edilməsi

Əgər sığortalı üçüncü şəxs qarşısında onun üzərinə məsuliyyət düşməsinə səbəb olan halın baş verməsini bilərəkdən doğurmuşdursa, sığortaçı məsuliyyətdən azad edilir.

Maddə 927. İcbari sığorta zamanı məsuliyyət

Əgər sığortaçı sığortalı qarşısında öhdəliklərindən bütünlüklə və ya qismən azaddırsa, icbari sığorta haqqında qanunda nəzərdə tutulmuş hallarda onun üçüncü şəxs qarşısında məsuliyyəti qüvvədə qalır.

§4. Həyat sığortası

Maddə 928. Həyat sığortası müqaviləsi

928.1. Həyat sığortası şəxsən sığortalıya və ya başqa şəxsə aid ola bilər.

928.2. Əgər həyat sığortası müqaviləsi başqa şəxsin xeyrinə bağlanırsa, həmin şəxsin və ya onun qanuni nümayəndəsinin yazılı razılığı zəruridir.

Maddə 929. Müqavilənin bağlanmasından imtinanın yolverilməzliyi

Sığortalı müqavilənin bağlanması zamanı özünün məlumat vermək vəzifəsini pozduqda, əgər müqavilə bağlanmasından beş il keçmişsə, sığortaçı müqavilədən imtina edə bilməz. Əgər məlumat vermək vəzifəsi qəsdən icra olunmamışdırsa, müqavilədən imtinaya yol verilir.

Maddə 930. Sığorta haqları vaxtaşırı ödənildikdə müqavilənin ləğvi

Əgər sığorta haqları vaxtaşırı ödənilirsə, sığortaçı sığorta münasibətlərini istənilən vaxt, lakin cari sığorta dövrünün sonuna yaxın ləğv edə bilər.

Maddə 931. Fayda götürmək hüququnun üçüncü şəxsə verilməsi

931.1. Yığımlı sığorta zamanı sığortalı sığorta ödənişi almaq hüququnu üçüncü şəxsə verə bilər, həmçinin üçüncü şəxsi başqa şəxslə əvəz edə bilər, bu şərtlə ki, müqavilədə ayrı qayda nəzərdə tutulmasın.

931.2. Əgər sığortalı başqa göstəriş verməmişdirsə, sığorta ödənişi almaq hüququ olan üçüncü şəxs bu hüququ ancaq sığorta hadisəsi baş verdikdə həyata keçirə bilər.

Maddə 932. Qeyri-münasib üçüncü şəxs

932.1. Əgər yığımlı sığorta zamanı sığortaçının vəzifəsi üçüncü şəxsin hüququna uyğun gəlmirsə, bu hüquq sığortalıya qalır.

932.2. Əgər yığımlı sığorta zamanı üçüncü şəxs özünün sığorta ödənişi almaq hüququndan istifadə etmirsə, bu hüquq sığortalıya qalır.

Maddə 933. Sığortaçının sığorta ödənişi vermək vəzifəsindən azad edilməsi

933.1. Əgər sığorta müqaviləsi başqa şəxsin ölməsi halı üçün bağlanmışdırsa, sığortalı qanunsuz hərəkətləri ilə qəsdən həmin şəxsin ölümünə səbəb olduqda sığortaçı öz vəzifələrindən azad edilir.

933.2. Əgər həyat sığortası zamanı üçüncü şəxsin sığorta ödənişi almaq hüququ vardırsa, həmin şəxs həyatı sığortalanmış şəxsin ölümünə qanunsuz hərəkətləri ilə qəsdən səbəb olduqda bu hüquq tanınmır.

Maddə 934. İntihar zamanı əvəz ödəməkdən azad edilmə

Həyat sığortası zamanı sığortalanmış şəxsin intihar etdiyi halda onun vərəsələri və ya faydalanan şəxs sığortalanmış şəxsin müqaviləyə öz təşəbbüsü ilə xitam verildiyi vaxt ala biləcəyi miqdarda ödəniş ala bilərlər.

Maddə 935. Sığorta müqaviləsinin dəyişdirilməsi

935.1. Sığortalı sığortanın cari dövrü qurtaranadək istədiyi vaxt sığorta müqaviləsinin sığorta haqları verilməyən müqavilə ilə əvəz olunmasını tələb edə bilər.

935.2. Əgər sığortalı müqavilənin bu cür əvəz olunmasını tələb edirsə, həm də yığılmış sığorta haqlarının ehtiyatı birdəfəlik haqq kimi nəzərdən keçirilirsə, həmin tələbin irəli sürüldüyü andan müqavilədə nəzərdə tutulan sığorta məbləğinin və ya fayda məbləğinin yerini sığortaçının sığortalanmış şəxsin yaşı nəzərə alınmaqla vəzifəsinə uyğun gələn məbləğ tutur.

Maddə 936. Müqaviləyə xitam verilərkən çıxmalar

Həyat sığortası müqaviləsinə imtina, ləğvetmə və ya şikayət nəticəsində xitam verildikdə, sığortaçı bu müqaviləyə xitam verildiyi günədək yaradılmış sığorta ehtiyatını qaytarmalıdır. Sığortaçı müqavilədə nəzərdə tutulmuş məbləği qaytarılan vəsaitdən çıxa bilər.

Maddə 937. Məcburi icranın nəticələri

Sığorta şəhadətnaməsi sahibinin (müqavilə ləğv edilərkən sığortaçıdan ödəniş almağa hüququ çatan şəxsin) müflis olduğu halda məhkəmənin qərarı ilə şəhadətnaməyə tutma yönəldilə bilər. Sığortaçı ilə razılaşmaya əsasən başqa şəxs sığorta müqaviləsinə xitam verilərkən sığorta şəhadətnaməsi sahibinin sığortaçıdan ala bildiyi məbləğ həddində kreditorların qanuni tələblərini ödəyərək şəhadətnamə sahibinin yerini tuta bilər.


Yüklə 4,84 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin