Məsələ2395: Əgər daimi zövcə dünyadan köçərsə və onun övladı olmazsa, malının yarısı ərinə çatır, qalan hissə o biri vərəsələrə verilir. Əgər həmin ərdən və ya başqa bir ərdən övladı varsa, bütün malın dörddə biri ərə verilir, qalan hissə varislərə çatdırılır.
Məsələ2396: Əgər ər dünyasını dəyişsə və övladı olmasa, malının dörddə biri daimi zövcəsinə çatır. Qalan hissə vərəsələr arasında bölünür. Əgər həmin zövcədən və ya başqa zövcədən övladı olarsa, malın səkkizdə biri zövcəyə verilir, qalan hissə varislərə çatdırılır.
Məsələ2397: Qadın ərin bütün malından irs götürür. Amma torpaq və onun qiymətindən irs almır. Bu torpaq ev və ya bağ, əkin sahəsi və bu kimi bir şey ola bilər. Amma binanın tikili və ağac kimi fəzasından irs götürmür. Fəzada olanlar qiymətləndirilməli və onların qiymətindən irs verilməlidir.
Məsələ2398: Qadın ərindən ona irs qalmamış torpaq və bina kimi bir şeydən istifadə etmək istəsə vərəsələrdən icazə almalıdır. Vərəsələr də irsin fəzasında olan tikili kimi bir şeyin qiymətindən ödəməmiş həmin şeydən qadından icazəsiz istifadə edə bilməzlər. Yalnız qadın icazə verdikdə onun payını ödəməmiş tikilini satmaq olar. Əks təqdirdə bu iş yolverilməzdir.
Məsələ2399: Əgər bina və ağac kimi şeylərə qiymət qoymaq istəsələr hesab üçün nəzərə almalıdırlar ki, bu şeylər icarə haqqından əlavə hansı dəyərə malikdir.
Məsələ2400: Su arxı və bu kimi şeylər torpaq hökmündədir. Həmin yerdə işlədilən kərpic və bu kimi şeylər tikintidən sayılır.
Məsələ2401: Əgər meyitin birdən artıq zövcəsi olsa, övladı olmadıqda malının dörddən biri, övladı olduqda səkkizdən biri yuxarıda deyilən şəkildə qadınlar arasında bərabər bölünür. Ərin onlarla yaxınlıqda olub-olmamasının fərqi yoxdur. Amma ölümcül xəstəlikdə ikən bir qadınla evlənsə, yalnız yaxınlıq etdiyi halda həmin qadın irs götürür.
Məsələ2402: Qadın xəstə halda ərə getsə və bu halda dünyasını dəyişsə ər ondan irs götürür. Burada yaxınlıq edib-etməməyin fərqi yoxdur.
Məsələ2403: Qadına təlaq hökmündə qeyd olunduğu kimi ric’i təlaq verilsə (boşansa) və iddə vaxtında ölsə, ər ondan irs götürür. Qadının iddə vaxtında ər də ölsə qadın ondan irs alır. Amma bain təlaq (boşanma) iddəsində ər və arvaddan biri ölsə digəri ondan irs götürmür.
Məsələ2404: Əgər ər xəstəlik halında zövcəsini boşasa və bir ildən sonra (qəməri il) dünyasını dəyişsə, qadın üç şərtlə irs götürür: ər həmin xəstəliklə dünyasını dəyişsin; qadın təlaq və iddədən sonra ərə getməmiş olsun; qadının boşanmaya razılığı olmasın. (Əgər razılığı olmuşsa, onun irs götürməsi müşküldür.)
Məsələ2405: Ərin öz zövcəsi üçün aldığı libaslar, zinət əşyaları və bu kimi şeylər zövcənin malıdır. Bir şərtlə ki, yalnız bəzənmə məqsədi ilə alındığı sübuta yetməsin.
İrslə bağlı müxtəlif məsələlər
Məsələ2406: Kişi dünyasını dəyişdikdə onun Qur’anı, üzüyü, qılıncı, libası (geydiyi və ya geymək üçün hazır saxladığı libas) böyük oğulun malıdır. Əgər meyit sadalanan şeylərdən ikisinə malik olmuşsa (məsələn, iki üzük) onların hər birindən istifadə etdiyi halda hamısı böyük oğula çatır.
Məsələ2407: Meyitin borcu olsa və bu borc mal qədərində və ya maldan artıq həddə çatsa, yuxarıda adı çəkilən dörd şey böyük oğula verilmir, satılıb borcların ödənməsinə xərclənilir. Amma mal borcdan çox olarsa və borcu ödədikdən sonra vərəsələr üçün kifayət qədər mal qalarsa, həmin dörd şey böyük oğula çatır.
Məsələ2408: Müsəlman kafirdən irs götürür, kafir meyitin atası və ya oğlu olsa da, müsəlmandan irs götürmür.
Məsələ2409: Bir şəxs öz yaxın qohumlarından birini bilərəkdən və ya bilmədən öldürsə, ondan irs payı almır. Amma bilmədən öldürərsə, irs götürər. Məsələn, havaya atdığı vaxt təsadüfən həmin şəxsə dəyib öldürərsə, meyitdən irs payı çatır. Bu halda ehtiyata əsasən qətlin diyəsindən həmin şəxsə pay düşmür.
Məsələ2410: Əgər meyitdən ana bətnində övlad qalarsa, eyni vaxtda övlad, ata və ana kimi varislər olarsa, irs bölərkən bətndəki körpə üçün iki oğlan övladının payı ayrılmalıdır. Dünyaya diri gəlsə irs ona çatdırılır. Bir oğlan və ya bir qız doğulsa, artıq qalan pay vərəsələr arasında bölünür. Əgər onunla birlikdə başqa varis olmazsa, sağ-salamat doğulduqda bütün mal ona çatır. Əks təqdirdə irs varislər arasında bölünür.
Dİfa, əmr be mə’ruf və nəhy əz münkər
Difanın (müdafiənin) hökmləri
Məsələ2411: Düşmənin İslam məmləkətləri və onların sərhəddinə hücumu müqabilində müsəlmanların müdafiəyə (difaya) qalxması vacibdir. Difada insanın hücum edilən məmləkətdə yaşaması şərt deyil. Əcnəbilərin İslam məmləkətlərinə və İslami müqəddəsliklərə hücumu qarşısında bütün dünya müsəlmanlarının bir-birini müdafiə etməsi zəruridir. Müsəlmanlar malları, canları, istənilən bir vasitə ilə müdafiəyə qalxmalıdırlar. Bu işdə şər’i hakimin icazəsinə ehtiyac yoxdur. Amma müdafiə proqramlarının nizamlı şəkildə həyata keçməsi üçün şər’i hakimin nəzarəti altında imkan daxilində agah və e’tibarlı komandan tə’yin olunmalıdır.
Məsələ2412: Əgər müsəlmanlar əcnəbilərin bilavasitə və ya daxili amillər vasitəsi ilə İslam məmləkətinə hücumundan ehtiyatlansalar bütün vəzifəlilərə vacibdir ki, istənilən bir vasitə ilə bu hücum qarşısında dayanıb İslam məmləkətini müdafiə etsinlər.
Məsələ2413: Biganələrin siyasi, iqtisadi nüfuzlarını genişləndirməklə İslam məmləkətinə hakim olacaqlarına qorxu yaransa, bu nüfuzun qarşısını almaq hamı üçün vacibdir. Qeyri-İslami dövlətlərlə yaradılan siyasi rabitələr müsəlmanların zəifləməsinə və əsarətinə səbəb olmamalıdır. Bu rabitələr sayəsində qeyri-İslami məmləkətlərdən iqtisadi asılı vəsiyyətə düşmək yol verilməzdir.
Əmr be mə’ruf və nəhy əz münkər (yaxşılığa də’vət və pisliyə qadağa)
Məsələ2414: Əmr be mə’ruf və nəhy əz münkər bütün ağıllı, büluğ həddinə çatmış şəxslərə müəyyən şərtlər daxilində vacibdir:
1. Əmr be mə’ruf və nəhy əz münkər etmək istəyən əmin olmalıdır ki, qarşı tərəf haram işlə məşğuldur və ya vacibi tərk etmişdir:
2. Əmr və qadağanın tə’sirli olacağı ehtimal edilməlidir. Bu tə’sir dərhal və ya tədrici, kamil və ya naqis ola bilər. Tə’sir ehtimalı olmadıqda bu iş vacib olmur;
3. Əmr və qadağada fəsad və zərər olmamalıdır; insan bilsə və ya qorxsa ki, onun əmr və qadağası onun özünün və ya mö’minlərin canına, malına və şəxsiyyətinə ciddi zərər vura bilər, bu iş vacib olmur. Amma əmr və qadağa müqəddəs İslam şəriətinin ciddi əhəmiyyət verdiyi işlərdən olsa (məsələn, İslam və Quranın, İslam məmləkətlərinin istiqlalının qorunması) zərərə baxmadan, candan və maldan keçməklə bu vəzifə yerinə yetirilməlidir.
Məsələ2415: İslamda bid’ət yaransa (zalım dövlətlərin İslam adı ilə gördüyü çirkin işlər kimi) hər bir şəxsə, xüsusi ilə din alimlərinə vacibdir ki, haqqı deyib, batili inkar etsinlər. Din alimlərinin sükutu elm və İslam alimlərinə sui-zənnə səbəb olarsa, istənilən bir şəkildə haqqı bəyan etmək vacibdir. Bunun tə’sirsiz qalacağı bilinsə də, addım atılmalıdır.
Məsələ2416: Düzgün ehtimal edilsə ki, sükut pis işin yaxşı, yaxşı işin pis iş kimi tanınması ilə nəticələnəcək, hamıya, xüsusi ilə İslam alimlərinə haqqı demək vacibdir və sükut yolverilməzdir.
Məsələ2417: Əgər İslam alimlərinin və başqalarının sükutu zalımı gücləndirərsə və ya ona cəsarət verərsə, haqqı deyib batili inkar etmək vacibdir. Bunun tə’siri ötəri olsa da addım atılmalıdır.
Məsələ2418: Əgər bə’zi mö’minlərin və din alimlərinin zalım üsul-idarədə vəzifə tutması fəsad və günahın qarşısını alarsa, onlar bu vəzifəni qəbul etməlidir. Əlbəttə böyük zərər olduqda bu addım atılmır. Məsələn, mö’minlərin və ya alimlərin zalım rejimdə iştirakı xalqın əqidəsini süstləşdirərsə və ya İslam alimlərinə e’timada zərbə vurarsa, bu işə yol verilmir.
Məsələ2419: Əmr be mə’ruf və nəhy əz munkərin mərtəbələri var. Bə’zi mərtəbələrin icrası üçün şər’i hakimin icazəsinə ehtiyac var. Dil, qəlb və nəsihətlə əmr be mə’ruf üçün şər’i hakimin icazəsinə ehtiyac yoxdur. Tərbiyələndirmə ümidi ilə e’tinasızlıq göstərmək əlaqələri kəsmək də bu qəbildəndir. Bu sayağı hərəkət tə’sir göstərməsə, tünd və qəzəblə danışmağa icazə verilir. Bu halda zorla olsa da, günahkarın qarşısı alınır. Ya da günah vasitələri günahkarın əlindən alınır. Amma əmr be mə’ruf və nəhy əz münkərdə zora əl atmaq, mülkə toxunmaq zəruri olarsa, şər’i hakimin icazəsi olmadan addım atmaq olmaz. Bu qəbil rəftarlarda şər’i hakim tərəfindən tə’yin olunmuş ölçülərə riayət edilməlidir.