İMAM (ə)-İN AZƏRBAYCANİN HAKİMİ ƏŞƏSƏ YAZDİĞİ MƏKTUB
Əşəs ibni Qeysin keçmiş xəlifə ilə sıx əlaqəsi var idi. Onun qızı üçüncü xəlifə Osmanın oğlu Ömərin arvadı idi. Imam (ə) həmdanlı dostlarından biri olan Ziyad ibni Mərhəbin vasitəsi ilə ona bir məktub göndərdi. Məktubun məzmunu belə idi:3 "Əgər səndə (qəlbində) bir şey (şəkk, yaxud kin-küdurət) olmasaydı, mənimlə beyət etməyə tələsərdin. Əgər təqvalı olsan, bəzi işlər səni haqqı deməyə məcbur edər. Bildiyin kimi, camaat mənimlə beyət etdi. Təlhə ilə Zübeyr beyət etdikdən sonra öz əhdlərinə xəyanət etdilər və Ümmül-möminini öz evindən çıxarıb Bəsrəyə apardılar. Mən də onlara yetişmək üçün tələsdim və onlara dedim ki, öz beyətlərinə qayıtsınlar, lakin onlar bunu qəbul etmədilər. Mən nə qədər israr etdimsə, bir faydası olmadı."4
Sonra Imam (ə) özünün Əşəsə olan tarixi kəlamında buyurdu: "Hakimlik sənin üçün yağlı bir tikə deyil, bir əmanətdir. Sənin yanında bir qədər mal var ki, Allah malındandır və sən onu mənə qaytarınca Allah xəzinədarlarındansan. Düz işlədiyin vaxta qədər mən sənə qarşı pis bir xəlifə olmayacağam."5
Hər iki məktub eyni vaxtda yazılmışdı, amma birinci məktub mehr-məhəbbətlə, ikinci məktub isə hiddət və sərtliklə doludur. Səbəbi də iki hakimin düşüncə və əhval-ruhiyyəsindəki fərqlər idi. Əşəs camaatdan Imam (ə) üçün beyət almağa və o həzrəti onlara tanıtdırmağa çox da fikir vermirdi. Buna görə də məktub ona çatandan sonra Həmdan hakimi kimi özü Əli (ə)-ı tanıtdırmağa və camaatdan onun üçün beyət almağa səy etmək əvəzinə susdu. Buna görə də Imam (ə)-ın nümayəndəsi və məktubu gətirən Ziyad ibni Mərhəb ayağa qalxdı, Osmanın qətli, Təlhə və Zübeyrin əhd-peyman pozmaqlarını söyləyib sonra dedi:–"Camaat! Hər kəsi az söz qane etməsə, çox söz də qane etməyəcəkdir. Osmanın məsələsi elə bir şey deyildir ki, o barədə söz demək sizi qane etsin. Lakin şübhəsiz hadisəni eşidənlər heç də onu əyani şəkildə görənlər kimi deyildir. Ey camaat, agah olun və bilin ki, Osmanın qətlindən sonra mühacir və ənsar Əliyə beyət etdilər. O iki nəfər (Təlhə və Zübeyr) nahaq yerə öz beyətlərini pozdular və nəhayət, Allah Əlini yer üzünün varisi etdi. Yaxşı aqibət müttəqilər üçündür."1
Bu vaxt Əşəs çarəni yalnız tam laqeydliklə və çox qısa sözlərlə mühacir və ənsarın seçdiyi hakimə itaət etməsini bildirməkdə gördü. O, ayağa qalxıb dedi:–Camaat! Osman bu əyalətin (Azərbaycanın) hakimliyini mənə bağışlamışdı. O vəfat etdikdə buranın hökuməti də mənim əlimdə idi. Camaat Əli ilə beyət etmişdir, bizim ona tabe olmağımız elə əvvəlkilərə tabe olmağımız kimidir. Onunla Təlhə və Zübeyr arasında olan hadisəni eşitdiniz. Əli bizə məlum olmayan işlər barəsində etimadlı bir şəxsdir."2
Hakim sözlərini bitirib evinə daxil oldu, dostlarını çağırıb dedi:–Əlinin məktubu məni dəhşətə saldı. O, Azərbaycanın sərvətini məndən alacaqdır. Yaxşı olar ki, Müaviyəyə qoşulum.
Lakin müşavirləri onu məzəmmət edib dedilər: Sənin üçün ölüm bu işdən qat-qat yaxşıdır. Öz qəbilə və diyarını buraxıb şamlıların ardınca düşürsənmi?!
O, müşavirlərin sözlərini qəbul etdi və əlaqələri yaxşılaşdırmaq üçün Kufəyə yollandı.3
Dostları ilə paylaş: |