Dialoq, əsasən, iki şəraitdə aparılır.
ailədə, küçədə, bazarda, iş yerində, nəqliyyatda, məişət məclislərində və s.
ictimai yerlərdə, elmi konfranslarda, simpoziumlarda, iclaslarda, tədris auditoriyalarında, radio və televiziya verilişlərində və s. Hər bir şəraitdə insanların normal fikir mübadiləsi, bir-birini anlaması, başa düşməsi məqsədilə etik normalara əməl olunmalıdır. Burada əsas şərtlərdən biri yenə də ünsiyyətin səmimiliyidir. Bu o deməkdir ki, birinci şəxs danışarkən digəri onu axıradək dinləməli, müsahibinə fikrini açıqlamağa imkan verməli, sonra söhbətə qoşulmalıdır.
Müsahibi mətləbdən uzaqlaşdıqda, lüzumsuz məsələlərdən danışıb təfərrüata yol verdikdə dinləyən tərəf belə ifadələrlə ona müraciət edə bilər: üzr istəyirəm, icazə verin, sözünüzün qabağında əziziniz dursun, sizin danışığınıza kicik bir düzəliş, yaxud əlavə etmək istəyirəm və s.
Dialoq islamın müqəddəs dini kitabı “Qurani-Kərimdə” də öz əksini tapmışdır. Orada səmimiyyət dialoqun vacib məqamlarından biri kimi göstərilir və bildirilir ki, fikir insanlar arasında qarşılıqlı ehtimad əsasında qurulduqda faydalı olar və səmərəli nəticə verə bilər.
Rəsmi yerlərdə vacib məsələlərlə bağlı aparılan dialoqlarda tərəflər səbrli və təmkinli olmalı, danışığın etik qaydalarına əməl edilməlidir. Bəzən belə olmur. Tərəflər daha çox danışmağa, haqq-nahaqq müsahibini susdurmağa, öz dediyini sübut etməyə çalışırlar. Təəssüb ki, televiziya ekranlarında da bəzən belə dialoqa, bəzən çəkişmələrə təsadüf edilir.
Diskussiya zamanı dialoqun tələb olunan qaydada səmərəli keçməsi üçün aşağıdakılar nəzərə alınmalıdır:
Müzakirəyə çıxarılan məsələnin mahiyyəti düzgün anlaşılmalıdır.
Müzakirədə müdafiə olunacaq mövqe və ideyalar dəqiq müəyyənləşdirilməlidir.
Diskussiyaya hazırlaşarkən bütün mümkün məlumat mənbələri nəzərdən keçirilməlidir.
Fikir ayrılığının yaradılaçağı gözlənilərsə tərəflər öz mövqeyinin müdafiəsi üçün dəlillər sübutlar hazırlamalıdır. Dəqiq və aydın faktlar ən yaxşı təkzib üsuludur.
Opponentini diqqətlə dinləmək, sonra öz fikrini söyləmək mədəniyyətinə əməl olunmalıdır.
Mövqeyinin səhv olduğu sübut edilmiş tərəf oppenentinin haqlı olduğunu qəbul eməyi bacarmalıdır.
Adamlar deyil, yalnız onların ideyaları tənqid olunmalıdır.
Tənqid prosesində təhqir və istehzaya yol verilməməlidir.
Diskussiyaların məqsədi qalibi müəyyən etmək deyil, ümumi razılığa nail olmaqdır.
Çıxışların sonunda yekun nəticələr qeyd olunmalıdır.
İstər adi danışıq, istərsə də diskussiya prosesində normal nitq tonuna da riayət olunmalıdır. Normal nitq tonu mədəni danışığın başlıca şərtlərindəndir. Yerindən və məqamından asılı olaraq nitqin yüksək, adi və alçaq tonundan istifadə olunur. Natiq çıxış etdiyi yeri, auditoriyanı nəzərə alıb çıxışının tonunu və tempini nizamlamalıdır. Bunlardan başqa insan mağazada, avtobusda, məclislərdə və başqa yerlərdə danışığının tonunu gözləməlidir. Belə yerlərdə mübahisə etmək, ucadan gülmək, boş-boş danışmaq nəzakətsizlikdir. Təəssüf ki, qeyd edilən yerlərdə belə hallara bəzi oğlan və qızlar arasında rast gəlmək adi hala çevrilmişdir.
Uşaqlar normal danışıq tonuna kicik yaşlarından alışdırılmalıdır. Tədris prosesində də şagird və tələbələrlə ünsiyyətdə müəllim nitqin normal qurulmasını diqqətdə saxlamalıdır. Nitqin qurulması nəzəri və praktiki baxımdan nümunə olmalıdır. Təəssüf ki, bəzən təcrübəsizlikdən və emosionallıqdan nitqin etikası pozulur, danışığın tonu yüksəldilib mübahisə həddinə çatır. Belə mənfi hallara xeyli misallar da gərirmək mümkündür.
Deyilənlərdən bir daha aydın olur ki, nitqin normal tempi-ahəngi ictimai ünsiyyətdə olduqca vacib bir məsələdir. Hər bir mədəni və savadlı insan, xüsusilə kütlə ilə ünsiyyətdə olan natiq bu keyfiyyətə kifayət qədər yaxşı yiyələnməlidir.
Dostları ilə paylaş: |