Düzdür ki, peyğəmbərlər və imamlar insanların tərbiyəçiləri və nəfslərinin təbibləridir, lakin nəfsin islah olunması, təbabəti və aludəliklərdən təmizlənməsinin məs’uliyyəti bizim öz öhdəmizə qoyulmuşdur. Peyğəmbərlər və mə’sum imamlar insanlara təbabət dərsi verirlər, nəfsani xəstəlikləri, onların əlamətlərini və pis tə’sirlərini, eləcə də müalicə yollarını camaat üçün şərh edirlər ki, insanlar özlərinin nəfsani xəstəlikləri və onların müalicə yolları ilə tanış olaraq nəfslərinin islah olunmasını öz öhdələrinə götürsünlər. Çünki heç kəs insanın özünü ondan yaxşı tanıyaraq xəstəlikləri ayırd edə bilməz və nəticədə müalicə məqamına gələ bilməz. İnsan nəfsani xəstəlikləri və onların müalicə yollarını vaizlərin dilindən eşidir, yaxud kitablarda oxuyur, lakin nəticə e’tibarilə öz xəstəliyini dərk edərək xüsusi dərmanlardan istifadə etməli olan şəxs insanın özüdür. İnsan özünün nə cür olduğunu hər bir başqa adamdan daha yaxşı hiss edir. O, özünün daxilindəki məxfi yerlərdən daha agahdır. Əgər öz nəfsini nəzarət altına almazsa başqalarının öyüd-nəsihəti onda necə tə’sir qoya bilər?