Neft gəlirləri hansı ölkələrdə müvafiq fondlarda saxlanılır



Yüklə 26,88 Kb.
tarix22.10.2017
ölçüsü26,88 Kb.
#10780

Neft gəlirləri hansı ölkələrdə müvafiq fondlarda saxlanılır?

Dünyanın bir sıra ölkələri bir və ya bir neçə növ təbii resurs ehtiyatlarının (neft, qaz, əlvan metallar və s.) zənginliyi ilə seçilir ki, adətən onların əksəriyyəti məhz həmin resursların böyük həcmlərdə ixracı hesabına böyük gəlirlər əldə edirlər. Zəngin sərvətlərə malik belə ölkələrin bəziləri çox ciddi problemlərlə də üzləşirlər. Çünki, əvvəla, həmin təbii resurslar tükənən olduğu kimi, onların gətirdiyi yüksək gəlirlər də daimi deyil, buna görə də həm bu ehtiyatlardan və həm də onların gətirdiyi gəlirlərdən istifadəni zaman baxımından düzgün planlaşdırmaq və ölkənin həm cari, həm də perspektiv sosial-iqtisadi inkişafına yönəltməyə nail olmaq lazımdır.

İkincisi, xammal resurslarının dünya bazar qiymətləri ayrı-ayrı dövrlərdə kəskin dəyişikliklərə məruz qalır ki, bu da dövlət gəlirlərinin həmin xammal gəlirlərindən asılılığının azaldılmasını zəruri edir.

Bəzi ölkələr bu məsələləri stabilləşdirmə fondlarının yaradılması yolu ilə həll etməyə cəhd göstərirlər. Belə fondlar adətən müəyyən dövrlərdə yüksək əlavə gəlirlər əldə etməyə imkan verən mənbələr (məsələn, neft və başqa xammal satışından gəlirlər, dövlət əmlakının özəlləşdirilməsindən gəlirlər və s.) hesabına formalaşdırılır. Hazırda dünyanın 15-dək ölkəsində belə fondlar fəaliyyət göstərir ki, təyinatından asılı olaraq onları 3 şərti qrupa ayırmaq olar:

1. Stabilləşdirmə fondları (Alyaska, Venesuela, Kolumbiya, Küveyt, Nigeriya, Norveç, Çili);

2. Gələcək nəsillər fondu (Alberta, Alyaska, Kiribati, Küveyt, Oman, Papua-Yeni Qvineya);

3. Büdcə rezerv (ehtiyat) fondları (Honkonq, Sinqapur, Estoniya, CAR). Belə fondlara malik olan dövlətlər yaratdıqları fondlar vasitəsilə ölkələrinin valyuta bazarını tənzimləyir və ya tükənəcək sərvətlərdən gələcək nəsillər üçün ehtiyat saxlamaq məqsədi güdür.

Qeyd edək ki, 1999-cu ildə Azərbaycan Respublikasında da Dövlət Neft Fondu yaradılıb.



Küveyt Neft Fondu

Küveyt Neft Fondu (OIL Fund) neft ixracından əldə olunan gəlirlər nəticəsində dövlət büdcəsində yaranmış profisit (gəlirlərin xərclərdən artıq hissəsi) vəsaitin toplanması məqsədi ilə 1960-cı ildə Ümumi Ehtiyatlar Fondu (General Reserve Fund) formasında təsis edilib. Fondun vəsaitinin istifadəsinin konkret qaydaları dəqiq müəyyən edilmədiyindən bütün növ dövlət xərclərinin maliyyələşdirilməsi üçün istifadə olunub.

1976-cı ildə isə gələcək nəsillərin gəlirlərinin təmin edilməsi məqsədilə Gələcək Nəsillər üçün Ehtiyat Fondu (Reserve Fund for Future Generations) yaradılıb. Fond ilkin olaraq yaradılarkən Ümumi Ehtiyat Fondunun həmin dövrə olan vəsaitinin 50 faizi bu fonda köçürülüb. Fondun daimi gəlir mənbələri isə bunlardır: dövlət gəlirlərinin 10 faizi; fondun vəsaitinin investisiya olunmasından alınan bütün gəlirlər. Qeyd edək ki, 1990-1991-ci illərin Fars körfəzi böhranı zamanı milli assambleyanın razılığı ilə fondun vəsaitlərinin bir hissəsindən istifadə edilib.

Yeni fond yaradıldıqdan sonra Ümumi Ehtiyat Fondu stabilləşdirmə funksiyalarını yerinə yetirməyə, habelə dövlət borcuna xidmət və dövlət investisiyaları məqsədlərinə istifadə olunmağa başlanıb. Fondun formalaşmasının və vəsaitlərinin istifadəsinin dəqiq qaydaları yoxdur. Vəsaitlərin xərclənməsinə Nazirlər Şurasının razılığı ilə icazə verilir.

Hər iki fond hökumətdən asılı olmayan müstəqil Küveyt İnvestisiya Agentliyi (Kuwait Investment Authority) tərəfindən idarə olunur. Fondların vəsaiti xarici maliyyə aktivlərinə investisiya olunur.

Fondların vəsaitinin həcmi haqqında informasiyanın yayılması qadağandır.



Alyaska ştatının (ABŞ) neft fondları

ABŞ-ın Alyaska ştatında hazırda 2 fond - yığım fondu olan Alyaska Daimi Fondu (Alyaska Permanent Fund) və sabitləşmə fondu olan Konstitusiya Büdcə Ehtiyat Fondu (Constitutional Budget Rezerve Fund) fəaliyyət göstərir.

Alyaska Daimi Fondu 1976-cı ildə trast fondu kimi gələcək nəsillər üçün təsis edilib. Onun əsas məqsədi gələcək nəsillər üçün ehtiyatları tükənəndən sonra gəlirləri təmin edə biləcək investisiya bazasının yaradılmasıdır. Fondun vəsaiti mineral resurslardan istifadə və royalti üzrə, habelə mineral resurslardan əldə olunan gəlirin bölgüsü üzrə federal ödənişlər və transferlər üzrə Alyaska ştatının aldığı bütün ödəmələrin 25 faizi həcmində ayırmalar hesabına formalaşır. Beləliklə, fondun gəlirləri büdcənin vəziyyətindən asılı deyil. Fondun vəsaitinin əsas hissəsi daimi olaraq investisiyaya yönəldilir və referendum yolu ilə ştatın konstitusiyasında dəyişiklik edilmədən başqa məqsədlərə istifadə oluna bilməz.

Fondun vəsaitinin investisiya edilməsindən daxil olan gəlirlərin istifadəsi qaydası (sxemi) ştatın qubernatoru və qanunvericilik hakimiyyəti tərəfindən hər il müəyyən edilir. Ənənəvi olaraq, belə gəlirlərin bir hissəsi (1982-ci ildən 42 faizi) «divident» kimi Alyaska ştatının bütün vətəndaşlarına ödənilir, qalan hissəsi isə yenidən investisiya olunur.

Fondun vəsaiti Alyaska Daimi Fondunun ictimai korporasiyası tərəfindən idarə edilir və sabit (fiksə edilmiş) gəlirə malik qiymətli kağızlar portfelinə investisiya olunur. 1999-cu ilin sonuna fondun əsas vəsaitlərinin həcmi 27,1 mlrd. ABŞ dolları məbləğində olub, «dividentlərin» məbləği isə adambaşına 1770 dollar təşkil edib. Konstitusiya Büdcə Ehtiyat Fondu isə XX əsrin 80-cı illərinin axırlarında neftin bazar qiymətinin kəskin düşməsi ilə əlaqədar 1990-cı ildə yaradılıb. Fondun əsas məqsədi ştatın büdcə gəlirlərinin azalmasını kompensasiya etmək, o cümlədən maliyyə ili ərzində büdcə kəsirini maliyyələşdirməkdir.

Fondun gəlirləri hər il ştatın Konqresi tərəfindən müəyyən edilən vergi gəlirlərinin və royaltinin bir hissəsi, habelə fondun vəsaitinin investisiya olunmasından əldə edilən gəlirlər hesabına formalaşır. Fondun vəsaitinin xərclənməsi də ştatın Konqresinin qərarı ilə həyata keçirilir. Xərclərin yuxarı həddi Konqresin hər iki palatasında 2/3 səs çoxluğu ilə təsdiq edilməlidir. Fondun vəsaiti ştatın hökumətinə kredit kimi verilir ki, bu kredit də büdcədə profisit olan dövrdə qaytarılmalıdır. 1991-1999-cu illər ərzində Fondun vəsaitlərinin ümumi həcmi 6,1 mlrd. dollara çatıb.



Norveç Dövlət Neft Fondu

Norveç Dövlət Neft Fondu (State Petroleum Fund) 1990-cı ildə təsis edilib. Fondun yaradılması zərurəti ölkədəki demoqrafik proseslərlə (əhalinin «qocalma» sindromu) və neft hasilatı həcmlərinin azalması ilə əlaqədardır. Fond həm yığım, həm də sabitləşdirmə funksiyalarını yerinə yetirir və uzunmüddətli dövrdə büdcə sferasının sabitliyini təmin etməlidir.

Fonda vəsaitin daxil olması üçün dövlət büdcəsində profisit olmalıdır, bu isə öz növbəsində neftin qiymətlərinin səviyyəsi və büdcə gəlirlərinin neft sahəsindən daxilolmaları çıxıldıqdan sonra büdcə kəsirinin məbləği ilə müəyyən olunur. Fonda ayırmaların həcminin müəyyən edilməsi üçün konkret düstur və ya qayda yoxdur. İllik ayırmanın həcmi ümumi büdcə prosesi çərçivəsində ölkə parlamenti tərəfindən ayrıca təsdiq olunur.

Fondun vəsaitlərinin istifadəsi qaydaları vəsaitlərin toplanması mexanizminə oxşardır. Qanunvericiliyə uyğun olaraq, hökumət fondun vəsaitini həm qısamüddətli məqsədlərə (büdcə gəlirlərinin azalmasının kompensasiya edilməsi), həm də neft hasilatının azalması və sosial xərclərin artması nəticəsində gələcəkdə büdcədə yarana biləcək gərginliyin aradan qaldırılması üçün uzunmüddətli (nəsillərarası) sabitləşdirmə məqsədlərinə yönəltmək üçün parlamentdən icazə almaq hüququna malikdir.

Hökumət (Maliyyə Nazirliyi) fondun vəsaitinin əsas investisiya istiqamətlərini, habelə baza (qiymətli kağızlar) portfelinin tərkibini müəyyən edir. Həmin portfelin gəlirliyi əsasında da fondun vəsaitinin istifadəsinin səmərəliliyi qiymətləndirilir. Fondun aktivlərinin cari idarə edilməsi Mərkəzi Bank tərəfindən həyata keçirilir. Hazırda fondun aktivləri xarici maliyyə aktivlərindən (dövlət istiqrazları, qeyri-neft şirkətlərinin qiymətli kağızları və s.) ibarətdir.

Ağır fiskal vəziyyət 1996-cı ilə qədər fonda vəsait ayrılmasına imkan verməyib. 1996-cı ildən fonda iri həcmlərdə vəsait daxil olmağa başlayıb. 1999-cu ilin sonuna fondun vəsaitlərinin məcmu həcmi 26 mlrd. ABŞ dollarına (Norveçin ÜDM-nin 17,7 faizi qədər) çatıb. Büdcə tarazlığının təmin edilməsi sahəsində fondun fəaliyyəti çox uğurlu olub.

Bəs indi necə etməli ki, Azərbaycan “Holland sindromu”na yoluxmasın və öz inkişafını uğurla davam etdirsin?

Azərbaycanda neft gəlirlərindən istifadə edərkən qeyri-neft sektorunun xüsusiyyətləri nəzərə alınmalıdır. Bu baxımdan, yuxarıdakı modellərin heç biri Azərbaycan üçün münasib deyil. O cümlədən Norveç Modeli də...

Bir kərə Norveçin və Alyaskanın (ABŞ) bizdəkinə bənzər qeyri-neft sektoru problemi yoxdur. Norveçi narahat edən “Holland sindromu” deyil, “qocalma sindromu”dur. Norveç və ABŞ-da insanlar bu günlərini təminat altına aldıqları üçün gələcək nəsillərdən danışırlar.

Küveyt və Səudiyyə Ərəbistanı kimi ölkələr isə neft ehtiyatlarının həcminin həddindən artıq çox olmasına görə ümumiyyətlə Azərbaycanla müqayisə edilməməlidir. “Forbes” jurnalının oktyabr sayında yer alan bir məqalədə yazar qeyd edir ki, Səudiyyə Ərəbistanı kimi bir sıra neftlə zəngin ərəb ölkələrində dövlət ümumiyyətlə gəlir vergisi almırmış. Büdcə neft gəlirləri hesabına formalaşır. Amma buna baxmayaraq qeyri-neft sektoru da inkişaf etmir. Səudiyyə Ərəbistanında gənc əhalinin 40-50 faizi işsizdir. Burada neft gəlirlərinin yüksəkliyi, dünya bazarlarında qiymətlərin artmasıyla birlikdə neft gəlirlərinin daha da yüksəlməsi qeyri-neft sektorunun inkişafına marağı azaldırmış.



Azərbaycan digər neft ölkələrindən qeyri-neft sektorunun problemlərinin xarakterinə görə fərqlənir. Düzdür son illər bizdə də neft gəlirlərinə arxayın olaraq vergi səviyyələri mütəmadi aşağı salınır. Amma əlimdə konkret araşdırma olmadığı üçün bu tendensiyanın qeyri-neft sektorundan vergi daxilolmalarına necə təsir etdiyini konkret deyə bilməsəm də “Laffer Əyrisi”nin indiki mərhələdə Azərbaycanda özünü doğrultmayacağına qəti əminəm. Vergi məcəlləsi üzərində belə tez-tez dəyişikliklərə gedilməsini də zərərli tendensiya kimi qəbul edirəm. Qeyri-neft sektoru üzrə büdcə daxilolmalarının artmasını başqa səbəblərlə əlaqələndirirəm. Məsələn, yanacaq bazarına hakim olan “Azpetrol”un kassa aparatlarından istifadə etmədiyi bəyan edildi. Belə ölkədə vergi dərəcələrini dəyişdirməyin nə anlamı var?

Azərbaycanda qeyri-neft sektorunun vəziyyəti xüsusi yanaşma tələb edir. Biz qeyri-neft sektorunun ixrac potensialı olan sahələrini necə inkişaf etdirə biləcəyimiz üzərində fikirləşməliyik. Məhz ona görə “Hamı yerli mal alsın, xeyir vətənə qalsın!” devizini tənqid edirdik. Bu deviz daxili istehlakçılara səslənir, bizim isə istehsalçılarımızı xarici rəqabətə, xarici bazarlara səsləyən devizlərə ehtiyacımız var. "Özümüz bişirib özümüz yeyək!" prinsipi ilə problemin içindən çıxmaq mümkün deyil.
Yüklə 26,88 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin