Bəs sınaq vasitələri nədir? Dünyanın acılıqları və şirinlikləri imtahan vasitəsidir. İnsanlar bəzən çətinliklərlə, bəzən isə rifahla sınağa çəkilir. Bütün insanların, hətta peyğəmbərlərin imtahana çəkilməsi qətidir. Bu sınaq və imtahanlar bəşəriyyətin inkişafı və tərbiyəsi üçündür.
◘İbrahim hər bir çətinlikdən çıxmaqla yeni bir məqama çatırdı. O ilk mərhələdə “Əbdullah”, yəni Allah bəndəsi oldu. Sonra o “Nəbiyyullah”, Allahın nəbisi məqamına ucaldı. Daha sonra “Rəsulullah” və “Xəlilullah” adları, nəhayətdə isə imamət və rəhbərlik məqamı ona nəsib oldu. (Qeyd)1
◘Ayədəki “Kəlimat” sözü ağır imtahana işarədir. Həzrət İbrahim bütün bu imtahanlardan qalib çıxdı. Vəzifəsinin icrasında ona nə əmisi, nə həyat yoldaşı, nə də övladları mane ola bildilər. İbrahim əmisi Azərin himayəsində olsa da, onun və cəmiyyətin bütpərəstliyinə qarşı mübarizəyə qalxdı. O böyük fədakarlıqlar göstərərək “tarixin misilsiz bütsındıranı” məqamına ucaldı. Allahından öz zövcəsini və övladını Məkkə səhrasında tənha qoymaq əmri aldıqda, böyük eşqlə bu işi yerinə yetirib, ailəsini Allaha tapşırdı. Övladı İsmaili zibh etmək əmri gəldikdə, Allahın razılığını öz könül istəklərindən yuxarı tutdu və bıçağı doğma övladının boğazına qoydu. Amma həmin vaxt nida gəldi ki, məqsəd İsmailin öldürülməsi yox, İbrahimin imtahana çəkilməsidir.
◘Həzrət İbrahim imamət məqamını öz nəsli üçün də istədi. Cavab gəldi: Bu məqam elə bir əhddir ki, Allah, hər kəsi layiq bilib ona əta etmir. İbrahimə bildirildi ki, onun nəslindən yalnız ləyaqətli olanlar bu məqama çatacaq. İslam peyğəmbəri də İbrahimin nəslindən idi və həmin məqama çatdı. Amma ən kiçik günaha yol verənlər belə bir məqama layiq görülmədilər.
◘İbrahim yeganə peyğəmbərdir ki, həm yəhudilər, həm məsihilər özlərini onun ardıcılı sayırlar. Bu ayədə İbrahimin yüksək məqamı qeyd olunmaqla, bilavasitə hamıya anladılır ki, İbrahimi həqiqətən qəbul edənlər şirkdən əl çəkib ilahi əmrlərə təslim olmalıdırlar.
◘Bu ayə şiə etiqadının istinad etdiyi ayələrdəndir. İmam məsum olmalıdır və zülmə yol verən şəxs bu məqama çatmayacaq.
◘Bu ayədə imamət məqamı əhd adlandırılmışdır. “Bəqərə” surəsinin qırxıncı ayəsində bildirilirdi ki, Allah təyin etdiyi imama itaət edənlərə əvvəlcədən vəd etdiyi yardımı çatdıracaq.
Dostları ilə paylaş: |