◘Qiblənin dəyişmə məsələsinin müxtəlif ayələrdə təkrarlanması onun əhəmiyyətini göstərir. Bundan əlavə, bu mövzu ilə bağlı hər bir ayədə yeni bir məsələ də bəyan olunmuşdur. Məsələn, bu ayədə Allah Məscidül-Hərama üz tutmaq göstərişindən sonra buyurur: “Bu ona görədir ki, camaat peyğəmbərin və müsəlmanların əleyhinə bəhanə tapmasınlar. Kitab əhli yaxşı bilirdi ki, İslam peyğəmbəri iki qibləyə doğru namaz qılır. Əgər həzrət Peyğəmbər (s) belə etməsəydi, onlar irad tutardılar ki, əvvəlki səmavi kitablarda zikr olunmuş xüsusiyyətlər İslam peyğəmbərində yoxdur. Ya da müsəlmanlara istehza edərdilər ki, onların müstəqil qibləsi yoxdur və yəhudilərin qibləsinə üz tuturlar.
Əlbəttə, bu irad təkcə yəhudilər tərəfindən irəli sürülmürdü. Müşriklər də onların yolunu davam etdirib deyirdilər: Əgər Məhəmməd İbrahim ayinlərinə diqqətlidirsə, nə üçün İbrahimin tikdiyi evə üz tutmur? Münafiqlər də öz növbəsində sakit dayanmayıb qiblənin dəyişmə məsələsində xırdaçılığa varır və deyirdilər: Peyğəmbərdə sabit rəy yoxdur. Hər halda, Allah təkid və təkrarla müsəlmanları hansısa mövzunun qəbuluna və sabitqədəmliyə hazırlayırdı. Xatırladılırdı ki, dəlil axtaranlar sizdə nöqsan tapmayacaq. Amma haqgizlədən zalımlar öz bəhanələrindən əl çəkməyəcəklər. Siz onlara etina etməməli, onlardan qorxmamalı, yalnız Allahdan qorxmalısınız.
◘Qiblə tövhid nişanəsi və tövhidin izharıdır. Qiblə müsəlmanlığın simvoludur. “Nəhcül-bəlağə”də Kəbə bayraq, yəni İslamın aşkar nişanəsi kimi yad edilir. Bütpərəstlər və ulduzpərəstlər dua zamanı üzlərini bütə, ulduza və aya tuturdular. Amma İslam bütün bunların yerində Allah evini qərar verdi. Qibləyə üz tutmaq diqqətin Allaha yönəldilməsi nişanəsidir.
Rəvayətdə oxuyuruq: Peyğəmbər (s) adətən üzüqibləyə oturardı. Tövsiyə etmişlər ki, üzüqibləyə yatın, üzüqibləyə oturun. Hətta üzüqibləyə oturmaq ibadət sayılmışdır. Qiblənin xüsusi yeri və hörməti vardır. Bəzi əməllər zamanı ona diqqət vacibdir. Məsələn, vacib namazlar üzüqibləyə qılınmalıdır. Heyvanın kəsilməsi, meyitin dəfni üzüqibləyə yerinə yetirilməlidir. Ayaqyolunda üzüqibləyə və ya arxası qibləyə oturmaq haramdır.
Deyilənlərdən əlavə, qiblə müsəlmanların vəhdət və birlik amilidir. Əgər yuxarıdan yer kürəsinə, müsəlmanlara nəzər salsaq, görərik ki, onlar gündə beş dəfə xüsusi nəzm-nizamla üzüqibləyə dayanırlar. Kəbə ilahi hərəkatların və inqilabların qərargahı və hazırlıq məkanıdır. Həzrət İbrahim, həzrət Məhəmməddən (s) başlamış iman Hüseyn (ə), gələcəkdə isə həzrət Mehdiyədək (ə) bütün ilahi insanlar öz hərəkatlarına Kəbə ətrafından başlamışlar (və başlayacaqlar). Kəbənin əzəməti haqqında təkcə bunu demək yetər ki, müsəlmanlar “qiblə əhli” adlandırılırlar.
◘Allah-təala qiblənin dəyişmə əhvalatı haqqında buyurur: “Qiblənin dəyişməsi onun üçündür ki, gələcəkdə Öz nemətimi sizin üçün tamamlayam. Yəni sizin istiqlalınız və Kəbəyə diqqətiniz gələcəkdə nemətlərin tamamlanması zəminəsidir.”
Bu əhvalat hicri 2-ci ildə Mədinədə baş verdi. Hicri 8-ci ildə də Allah Məkkənin fəthi münasibəti ilə nemətlərin tamamlanması məsələsinə işarə etdi.1 (Qeyd) Yəni bu qələbənin səbəbi odur ki, Allah gələcəkdə sizə olan nemətlərini tamamlasın. Əgər diqqət yetirsəniz, görərsiniz ki, hər iki ayədə nemətlərin tamamlanması “müzare” (gələcək zaman) formada bəyan olunmuşdur. Bu isə hadisələrin gələcəkdə baş verəcəyini göstərir. Amma hicri 10-cu ildə hiccətül-vidadan qayıdarkən “Maidə” surəsinin Ğədire-Xumda nazil olmuş üçüncü ayəsində belə buyurulur: “Bu gün Öz nemətimi sizin üçün tamamladım.” Bundan qabaq isə məsum rəhbər tanıtdırılmışdı.
Maraqlıdır ki, Allah xalqın qibləyə üz tutmasını nemətlərin tamamlanmasında birinci, Məkkənin fəthini isə növbəti addım kimi tanıtdırır. İlahi rəhbərin təyini və tanıtdırılması isə nemətlərin tamamlanmasında son addımdır. Xatırlatmaq lazımdır ki, qiblənin dəyişməsində, eləcə də rəhbərin təyinində “onlardan qorxmayın, Məndən qorxun” buyurulur. Çünki hər iki halda qarşı tərəfin müqaviməti, bəhanəçiliyi, şayiəbazlığı gözlənilir.
Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Ey Əli! Xalqa öz cəhətini itirməməsi üçün nişanə və bayraq olaraq qərar verilmiş Kəbə necədirsə, sən də ümmət arasında eləsən!”2 (Qeyd) Digər bir hədisdə isə İmam Sadiqin (ə) belə buyurduğu nəql olunmuşdur: “Biz ilahi Kəbə və qibləyik.”3 (Qeyd)
Dostları ilə paylaş: |