Nöqtələr
●Ayədə İslam Peyğəmbərinin (s) gileyindən danışılır. Həzrət aləmlərə rəhmət olduğundan nifrin etmir.
●İmam Rza (ə) buyurur: “Namazda Quran oxumağımızın səbəbi budur ki, Quran tərk olunmasın.”1
●Rəvayətlərdə deyilir: Hər gün Qurandan əlli (50) ayə oxuyun. Məqsədiniz surəni başa vurmaq olmasın, aram oxuyun, Quran tilavəti ilə qəlbinizi hərəkətə gətirin. Fitnələr qaraqlıq gecə tək üstünüzə hücum çəkəndə Qurana sığının.2
●Böyük şəxsiyyətlərdən bəzilərinin Qurandan uzaqlıqla bağlı qeydlərini nəzərdən keçirək:
a) Molla Sədra “Vaqiə” surəsinin təfsirindəki müqəddimədə deyir: Filosofların və hikmət alimlərinin kitablarını xeyli mütaliə etdikdən sonra elə bildim ki, bir məqama çatmışam. Amma bəsirət gözüm azca açıldıqda həqiqi elmlərdən xəbərsiz olduğumu gördüm. Ömrümün sonlarında belə bir qərara gəldim ki, Quran və məsumların buyruqlarını araşdırıb düşünüm. Əmin oldum ki, işim əsassız olub, bir ömür nuru qoyub kölgədə dayanmışam. Qəm-qüssədən içim yandı, qəlbim şölələndi. Nəhayət, ilahi mərhəmət əlimdən tutdu və məni Quranın sirləri ilə tanış etdi. Quranın təfsir və təfəkkürünə başladım. Vəhy evinin qapısını döydüm, qapılar açıldı, pərdələr kənara çəkildi, mələklərin mənə salam verdiyini eşitdim.”
b) Feyz Kaşani deyir: “Kitab və risalələr yazdım, araşdırmalar apardım. Amma heç bir elmdə dərdimə dərman, yanğıma su tapmadım. Qorxdum və Allaha doğru qaçaraq yalvardım. Nəhayət, Allah məni Quran və hədisə varmaq yolu ilə hidayət etdi.”1
v) İmam Xomeyni öz söhbətlərində qeyd edir ki, bütün ömrünü Quran yolunda sərf etmədiyi üçün təəssüf edir. O, elmi mərkəzlərə və universitetlərə tövsiyə edir ki, Quran və onun müxtəlif yönümlərini bütün sahələrdə ali məqsəd seçsinlər. Belə olmasın ki, qocalan vaxt cavanlıqları üçün təəssüf etsinlər.2
●“Hicr” dedikdə əməl, cisim, dil, qəlblə ayrılıq nəzərdə tutulur.3
●İnsanla səmavi kitab arasındakı rabitə daimi və hərtərəfli olmalıdır. Çünki “hicr” sözü insanla bir şey arasında rabitə olduqda işlədilir.4
Bəli, bütün istiqamətlərdə çalışmalıyıq ki, Quranı qəriblikdən xilas edək, onu həyatın bütün sahələrində elmi və əməli mehvər seçək. Bu yolla əziz İslam Peyğəmbərinin (s) razılığını qazanarıq.
●Quran oxumamaq, başqa kitabları Qurandan üstün tutmaq, Quranı həyat qanunu seçməmək, Quran ayələri haqqında düşünməmək, onu başqalarına təlim etməmək, Quran göstərişlərinə tabe olmamaq Quranı tənha qoymaq nümunələrindəndir. Hətta Quranı öyrənib sonra bir kənara qoyan, ona baxmayan, əməl etməyən insan da Quranı tənha qoymuşdur.5
Dostları ilə paylaş: |