بِسْمِ ٱللهِ الرَّحْمنِ ٱلرَّحِيمِ
"Rəhman və Rəhim Allahın adı ilə"
Ayə 1, 2, 3, 4, 5:
﴿سَبِّحِ اسْمَ رَبِّكَ الْأَعْلَى﴾﴿الَّذِي خَلَقَ فَسَوَّى﴾﴿وَالَّذِي قَدَّرَ فَهَدَى﴾﴿وَالَّذِي أَخْرَجَ الْمَرْعَى﴾﴿فَجَعَلَهُ غُثَاء أَحْوَى﴾
1. “Uca mərtəbəli Rəbbinin adını pak bilərək yad et”; 2. “Həmin Rəbb ki, yaratdı və qaydaya saldı”; 3. “Həmin Rəbb ki ölçü qoydu və hidayət etdi”; 4. “Həmin Rəbb ki otlaq cücərtdi”; 5. “Sonda onu qurudub qaraltdı.”
Nöqtələr
◘Allahın adına təsbih dedikdə təkcə onun zatına yox, həm də adına şərik qoşmamaq nəzərdə tutulur. Başqa adları Allahın adı ilə bir cərgəyə qoymaq olmaz. Bəzən çaşqın insanlar öz çıxışına belə başlayır: “Allahın və qəhrəman xalqımızın adı ilə.”
Quran və hədislərdən aydın şəkildə müşahidə olunur ki, İslam dini müqəddəs adlara ehtiramla yanaşır. Bu surədə buyurulur ki, Allahın zatına təsbihlə yanaşı onun adını da pak bil. Digər bir ayədə buyurulur ki, Peyğəmbərin (s) adını öz adlarınız kimi adi çəkməyin.2 (Qeyd) Başqa bir ayədə mələklərin qadın adlandırılmasına etiraz olunur.3 (Qeyd) İslam peyğəmbəri (s) öz ətrafındakıların qeyri-münasib adını dəyişirdi.
◘Yaranış və hidayət mövzusu “Taha” surəsinin 50-ci ayəsində də qeyd edilir. Firon Musadan onun Rəbbi haqqında soruşduqda Musa deyir ki, mənim Rəbbim hər şeyi yaradıb hidayət edən kəsdir. Aydın məsələdir ki, burada hidayət dedikdə bütün mövcudların batinindəki təkvini, fitri hidayət nəzərdə tutulur. Məsələn, bədən quruluşu ananı süd istehsalına sövq edir. Körpə isə ananın sinəsindən süd əmməyə sövq olunur.
Zaman ötdükcə təkvini hidayət, (fitri yönəlmə) mövzusu daha çox dərk edilir. Bu gün minlərlə alim öz yuvasından yüzlərlə kilometr uzaqlaşmış quşların geriyə necə döndüyünü araşdırır. Bəli, ilahi hidayət hər bir varlığı təkamülə yönəldən nemətdir. Torpaq zərrələri meyvə olur, meyvə nütfəyə çevrilir, nütfədən insan yaranır, insan cismi yenidən torpağa çevrilir.
◘”Səvva” dedikdə nizama salmaq mənası başa düşülür. Kəhkəşanlardan tutmuş kiçik həşəratlaradək hər bir varlıq nizama salınır. “Ğusa” dedikdə quru ot, “əhva” dedikdə getdikcə qaralan yaşıl ot nəzərdə tutulur.
◘Hətta kiçik bir yarpaq və ya ot diqqətdən kənarda deyil. Gözümüz qabağında saralan ot Allahın hidayət nizamında izlənilir. Həmin qurumuş otlar və yarpaqlar başqa bir maddəyə çevrilir və torpağa qüvvə verir. Qurumuş ağaclar müəyyən şəraitlərdə daş kömürə çevrilir.
Bildirişlər
1. Allahın adı müqəddəsdir. İlahi adlara münasibətdə istənilən bir hörmətsizlikdən çəkinək.
2. Layiq olmayan vəsfləri Allahın adlarıyla bir sıraya qoymayaq.
3. Başqalarını Allaha məxsus adlarla çağırmayaq.
4. Allaha deyilən təsbih sizin öz təkamülünüz üçün faydalıdır.
5. Şirki aradan qaldırmaq hamıdan öncə səmavi rəhbərlərin öhdəsinədir. Bu məsuliyyət onlardan sonra möminlərin üzərinə düşür.
6. Allahın zatını və sifətlərini pak saymaq (təsbih) sayəsində kamil tövhidə çatmaq olar.
7. Allah dildə, yazıda və təsəvvürdə olan hər nədən üstündür. O kamilliklərdə ucadadır.
8. Allah təkcə yaradan deyil, həm də varlıq aləmini nizama salandır.
9. Mövcudların tutumu və hidayəti onların məqsədli yaranışının dəlilidir.
10. Allahın əmrləri hikmətli və əsaslıdır. Allahın adını pak sayaraq təsbih söylə. Çünki o “əla”dır, yaradıb nizama salmış, hidayət etmişdir.
11. Yaranmışların təkvini, fitri hidayəti müxtəlif çöhrələrdə özünü göstərir. Həmin yaşıl, həm də quru ot Allahın göstərdiyi yoldadır.
Dostları ilə paylaş: |