● ayə 34:
﴿وَلاَ تَقْرَبُواْ مَالَ الْيَتِيمِ إِلاَّ بِالَّتِي هِيَ أَحْسَنُ حَتَّى يَبْلُغَ أَشُدَّهُ وَأَوْفُواْ بِالْعَهْدِ إِنَّ الْعَهْدَ كَانَ مَسْؤُولاً﴾
“Büluğ həddinə çatanadək yetimin malına yalnız ən yaxşı yolla (yetimin xeyri üçün) yaxınlaşın. (Sonra onun malını özünə tapşırın.) Əhdə vəfa edin, (qiyamətdə) əhd-peyman haqqında soruşulacaq.”
● “Şədd” sözündən olan “əşudd” sözü möhkəm düyün mənasını bildirir. Burada bir insanın öz mülkünə nəzarət edə bilməsi üçün mühüm olan inkişaf mərhələsi, fiziki və ruhi yetkinlik nəzərdə tutulur.
● Quran yetimlərin haqlarının qorunmasını, onlara qayğı göstərilməsini, müəyyən işlərin öhdəyə götürülməsini tapşırır. Amma yetimlərin malından sui-istifadə ehtimalı böyük olduğundan bir sıra xəbərdarlıqlar edilir. Belə ki, yetimin malına yaxınlaşmaq belə qadağan olunur. Zülm yolu ilə yetimin malından istifadə od yeməklə bir tutulur.1
● Ayə nazil olan vaxt müsəlmanlar qorxaraq yetimlərdən uzaqlaşdılar və onları tək buraxdılar. Digər bir ayə nazil oldu. Bildirildi ki, yaxınlaşmaq dedikdə sui-istifadə nəzərdə tutulmuşdur və saleh insanlar təqva bəhanəsi ilə yetimləri tənha buraxmamalıdırlar.2
● Hədisdə oxuyuruq: “Haqqında soruşulası əhd-peyman Əliyə (ə) məhəbbət, onunla dostluq, ona itaətdir.”3
Dostları ilə paylaş: |