NurəNGİz gün yol gediRƏm baki adiLOĞlu 2004 MÜNDƏRİcat



Yüklə 282,24 Kb.
tarix17.11.2018
ölçüsü282,24 Kb.
#83687


NURƏNGİZ GÜN
YOL GEDİRƏM

BAKI

ADİLOĞLU

2004

MÜNDƏRİCAT
(KİTABDAN SEÇMƏLƏR)


OH, NECƏ DƏ BAYRAM İSTƏDİ KÖNLÜM
ORA BİZİMKİ DEYİL
YALNIZ İLĞIM MÜSTƏSNA
ZAMANIN NƏ GÖZƏL PORTRETİ
BU AXŞAM
CAVAB ALA BİLMƏDİM
JALƏMƏ
CAN DURNALAR, QORXURSUZMU?
FİRLANQIÇ
QƏFƏS RESPUBLİKASI
KİM AXTARAR?
HƏNƏK
BƏS KİMDƏN DANIŞAQ?
GƏLİRLƏR
ƏSİR DÜŞƏN SƏRÇƏNİN HEKAYƏTİ
SALAM EL MƏSƏLLƏRİM, SALAM TƏSƏLLİLƏRİM
QAR ROMANI (Poema)
QUZEY KIBRIS RÜZGARLARI (Poema)
ƏBƏDİ VƏ ƏSRARƏNGİZ (Poema)

ÖN SÖZ
ÜRƏYİMİZDƏN KEÇƏN YOL
Gənclik illərimizdə ürəyə yatan səsi, aydın tələffüzü, ölçülü- biçili rəftarıyla Azərbaycan televiziyasının yaraşığı olan, peşəkarlıq səriştəsiylə yanaşı gözəlliyiylə də tamaşaçıların sevimlisinə çevrilən Nurəngiz Qulubəyova adlı xanımın ədəbi yaradıcılıqla məşğul olduğunu bilmirdik. O özü hər gün evlərimizə əziz qonaq kimi gələn bir şah əsər, tanrının şeiriyyət nümunəsiydi.

Həmin illərdə Nurəngiz xanım mənə, nədənsə, qayğısız, dərdsiz bir adam təsiri bağışlayır, bəlkə miniatürlərdən, bəlkə qədim Misir papiruslarından çıxıb gəlmiş, badamı gözlərindən əbədi səadət tökülən şahzadələri xatırladırdı.

O vaxtlar televiziyaya yeni-yeni ayaq açırdıq, ədəbi-bədii, publisist verilişlərin əsas aparıcılarından biri olan Nurəngiz xanımla tez-tez görüşürdük və bu ünsiyyət zamanı onun sadəcə bir diktor, aparıcı olmadığını, ürəyi dolu, yaradıcı təfəkkürlü mədəniyyətşünas, millətşünas, əsl bədii sözə qiymət verməyi bacaran söz adamı olduğunu görürdük.

1981-ci ilin yazında «Ulduz» jurnalında gözlənilmədən onun «Tanrı» adlı povesti çap olundu və oxucular arasında geniş əks-səda doğurdu. Təkcə kəskin və dramatik süjeti, mövzusunun qeyri-adiliyi ilə yox, həm də təhkiyə tərzi, canlı səmimiyyəti, üslubunun yeniliyi ilə seçilən povest müəllifinin şəksiz istedadından xəbər verirdi.

Həmin ildən başlayaraq qəzet və jurnallarda Nurəngiz xanımın şeir və poemaları, nəsr əsərləri ardıcıl şəkildə çap olunur. Əslində onun şairliyi adı çəkilən povestdən də görünürdü, lakin adı çəkilən povesti lirik-emosional ovqatı ilə bərabər, yadda qalan obrazları və epik-dramatik süjeti ilə əsl nəsr nümunəsiydi. Bu baxımdan Nurəngiz xanımın şeirləriylə nəsri bir-birini təkrar etmir. Onun şeirləri həyata baxış və ifadə tərzinin yeniliyi ilə «Tanrı» povestinin doğurduğu ilk təəssüratı daha da dərinləşdirdi.

O vaxtdan illər keçib, Nurəngiz xanım televiziyadan ayrıldı, amma ədəbiyyatdan ayrılmadı. Getdikcə səsi daha gur eşidilməyə başladı, özü az, sözü çox göründü.

İndiyədək şairənin bir neçə kitabı nəşr edilib. «Yazıçı» nəşriyyatında baş redaktor işlədiyim illərdə buraxdığımız «Ağ qanadlar» və «Günəşə dua» şeir və poema kitablarım yaxşı xatırlayıram.

Nurəngiz Gün daha çox öz mənəvi yalqızlığını, pərişan duyğularını ifadə etmək üçün yazır; ətrafda dinləyən var-yoxdur, fərqinə varmadan Özü üçün oxuyur. Buna görə də şeirləri daha çox bir ürəyin təkdeyiminə-monoloquna bənzəyir. Şeirlərindəki ağrı insan ömrü və həyatın mənası haqda düşüncələrdən doğur. Bu baxımdan oxuculara təqdim edilən növbəti şeir kitabının adı burda toplanmış yazıların ruhunu çox uğurlu şəkildə ifadə edir. Kitabdakı şeirlər doğrudan da yol gedən adamın ovqatıyla, yol üstündə yazılıb. Amma bu qəribə bir yoldur, günlərlə evindən bayıra çıxmasa belə Nurəngiz xanım həmişə bu yolun üstündə və həmişə hərəkətdədir. Bir ucu ana dünyasında, bir ucu günəşi öpmək həsrətində olan bu yol əbədiyyət yoludur; Görüşlər və ayrılıqlar yoludur; eniş-yoxuşları, dolanbac və adlamaclarıyla bərabər doğma yoldur. Kitabdakı şeirlər də yolüstü düşüncələrdir.

«Yol gedirəm, yol olanadək» misrası kitabın ümumi ruhunu və şair ömrünün mənasını gözəl ifadə edir. Keçdiyi yollar çətindir «döngəsiz dalan»ların çıxılmazlığı, tərk edilmiş, yalqızlaşmış ata ocağının çarəsizliyi, ötən uşaqlıq xatirələrinin, gəncliyin, azalan ümidlərin ağrısı bu yolları yorur. Amma bütün bunlar sözə çevrildikcə poetik yol genişlənir, ötori olanların əbədi həyatı başlanır.

Nurəngiz Günün şeirləri bir çox hallarda bayatım, ağını, anaların yana-yana bədahətən söylədikləri qoşquları, oxşamaları xatırladır.

İtən dünyasından, sevib ayrıldıqlarından, köhnə dostlarından, vurdun taleyindən, Nazim Hikmətdən, Elçibəydən danışan şeirləri daha çox, hıçqırıqla söylənilən, sel kimi gözdən, könüldən tökülən ağılardır, oxşamalardır.

Ah, şair. Ucqar Türk!.. Ağlatma...

Ağlatma, kedili-medili-bantlı-beretlı oğlan!...

Firavan «kapitan!» Balaca gül oğlan!...

Göydə leyla ulduzu kəşf edən məşhur münəccim oğlan! - Bu Nazim Hikmətə ağıdır.
Uçan bir quş gördünmü heç,

Havada oyy...

Oy-oyy! Uyu! Qurtuluşdur!

Bax odur azadə uçuş...

Qorxma leylək...

Daha öldürməyəcəyik!...

Oy, laylay...

Əzab əsatiri, laylay...

Ən müztərib bir qərib

Türkün qədim əsgəri –

Ən yalqız Adam, laylay...
Bu da Elçibəyi son mənzilə aparan yollarda deyilən ağıdır, Elçibəyə ağıdır. Əslində «Quzey Kıbrıs rüzgarları» da oxşamadır. Şairə burda bütöv bir adaya, türkün taleyinə, dünyanın ədalətsizliyinə, dəniz piratlarının qorxunc yuvasını «Cənnət» məkana, Vətənə çevirən cəsur insanların ruhuna söylənən bir ağı deyir:

Oh, tənha ada!

Sırğa gülüm, qızıl gülüm, kiparisim!

Ətri ənbər Kıbrısın! - Qüzeyim!


Ataya, anaya, kimsəsiz evə, quruyan tut ağaclarına, əyilən novalçalara, ovcundan qurtulmaq istəyən sərçəyə, qəfəsləri qıran pələngə, oxunan nəğmələrdə, gəncliyindən ixtiyarlığa, görüşdən ayrılığa, həyatdan ölümə aparan yollara pıçıldanan dərdlərdə də qadın ruhunun çırpıntıları duyulur. «Əsir düşən sərçənin hekayəti», «Qəfəs bülbülü» kimi şeirləri də elə müəllifin özü haqqındadır. Bu şeirlər də balaca caynaqlarını taleyin qanlı əllərinə keçirib yaşamaq uğrunda mübarizə aparan əsir sərçəni xatırladır, zərif cikkiltisiylə həyatın fırtınalarını varıb keçir, bır tel ümidini günəşə kimi, əbədiyyət ocağına kimi çatdırır. Sözün və şeirin möcüzəsinə sığınmaq da şairlərin ən böyük qismətidir.

«Yol gedirəm» kitabındakı şeirlərin çoxu vətənin, insanın, sözün azadlığı haqqında nəğmələrdir. Əslində elə ağılar da azad ruhlara oxunan nəğmələrdir. -

Burax məni, burax qardaş,

Gedim çatım o vadiyə;

baş qoyum çiçəklərinə,

bir az öpüm,

Bir azca yuyunum sərin şehində

(«Bircə tel ümidim qalıbdır mənim»)


Bu şeir yaşıl səsə, yaşıl sevgiyə, yaşıl səadətə, təbiət toxunulmazlığında qovuşma ümidindən, insan azadlığıyla təbiət arasındakı ənənəvi paralelizmdən doğulmuşdur. Lakin əslində əsl xoşbəxtlik çiçək qoxusuyla yox, azadlıq qoxusuyla dolu yerlərdəymiş... Bunu da Nurəngiz Gün deyir:

Hansı məkan daha yaxşı

Tikansızsa hisarı

demək olar hamısı. Ən dadlısı -

O məkan ki,

azadlıq qoxuyur onun

göylərində ab-havası.

Nurəngiz xanımın doğum günü ərəfəsində, vaxt sıxıntısında yazdığım bu qeydlərdə onun şeirlərini geniş təhlil etmək, incələmək imkanım yoxdur; yəqin heç buna ehtiyac da yoxdur; şeirlər hər şeyi deyir. Amma bir şey deməliyəm; bu da Nurəngiz xanımın söz duyğusudur. Uzaq xatirələri, unudulmuş yurdları, köhnə sevgiləri yada saldıqca onların rənglərini də yada salır, unudulmuş, arxaikləşmiş kimi görünən sözlər onun şeirlərinin nəbzinə çevrilir. söz xalısına vurulan bu qədim, təbii rənglər, pası təmizlənmiş kəlmə çeşmələri onun ifadə tərzini fərqləndirən cəhətlərdəndir.

Nurəngiz Günün Jaləli, Müjganlı dünyası mühitimizin pislik və xırdalıqlarından uzaq qayğılı, amma gözəl dünyadır. Çünki orda böyük sevgi, böyük ruh, insanın azadlıq və xoşbəxtlik haqqına qovuşacağına böyük ümid var.

Bu ocaqdan başlanan şeir yolu ürəyimizdən keçir.


Sabir RÜSTƏMXANLI

OH, NECƏ DƏ BAYRAM İSTƏDİ KÖNLÜM
Torağaylar pırr edib uçdular torpaqdan,

bir də haçan görəcəyəm mən belə bayramı, ay allah...

Çığırtı... hayhəşir... hayqırıq...

Bir-birini qışqıran, girinc olan sevincə,

cuqqulu qanadlar hövlündə cəhd işi, göy vuruşu,

hurreyə, fərəhə, rəhnə bax, ay allah...

Oh, ay Allah!...

Mən də bayram istədim!!!

Çırpmaq üçün yollara.

Mən də bütün səsimin

Gizlin qüssələrini

mən də "qanad taboru",

köksümü kiritməyə

tabu-tavan istədim

İstədim hə!

Təsəllisiz-sevgisiz

"cuqqulu" insanları,

və şairini də düşünən

əsalət misalı tək...

Vətən istisi istədim!

Və deyəsən aşiq oldum axı mən

Toranlığa bir əmin "himn!" oxumuş...

Oxuyub, vız uçan

məğrur torağaylara!..

...Qoşula biləydim onlara,

Başqa yuva xətrinə

vadilərə daşınan

çinədanı teyxa xal...

torağay quşlara,

Yaddaşını tullamış

Bayramı eşq dolu

Uzaqlaşan..............

bu yarpaq quşlara...

Oh, necə də bayram istədi könlüm.



21 sentyabr 2003
ORA BİZİMKİ DEYİL
Qış gəlir, yığış gəl, Ürəyim!

Qop ordan, müvəqqəti vəfa idi, qıldı bizə o ...

Az vurul, dön gəl daha o dağın başından,

Ora bizimki deyil...

Ha di en! En gəl daha, yığış gəl, yuvana.

Burda biz ikimiz də yaxşıca büzüşüb,

yaxşı-yaxşı danışarıq yenə də

"Etina"-"Kultura" möhtərəmlərin

bizə dair möhkəm humanist işindən.

Sonra da yaxşı-yaxşı büzüşüb, fikir-zad içində

yatarıq özümüzçün, dan çağı ağaranda, əzizim!

Yoxsa ki, o qədər şuluq salırsan ki sən.

Bizi unudanların belə lap acığına

Götürüb axırda yazacağam:

"Ürəyimi orda qoyub, gəldim bura" –

Bizim burda heç bir İşimiz(!)... yox imiş,

Biz heç yerli dibindən Vətən üçün

heç bir iş görmədik,

ay balam...

Ürəyim, yığış gəl, qış gəlir...



Oktyabr 2003

YALNIZ İLĞIM MÜSTƏSNA
... Ağ qanadlı bir at gəlir göz önünə,

atılıram belinə,

nallarını qollarıma taxıram,

yüyənini dişlərimə sıxıram,

pəncərəni qırıram,

çərçivəni sındırıram,

haydı, atım, şah atım,

gərək murada çatım,

deyib cuşa gəlirəm,

pəncərədən səkiyə,

səkidən baş küçəyə

hoppanıram, uçuram,

şəhərin beliylə,

havalı bir yel ilə

Dünyaya çapıram,

çapıram, hey çapıram!

Çapıram, min əfsus!

Min əfsus,

göz önünə gələn atla,

bu dumanlı həyatla

mənzil başına çatmıram!...

Yollar fənadır, fəna,

Çarə nə? Əsrarəngiz xülyalar...

Bir də ilğım müstəsna.



1987

ZAMANIN NƏ GÖZƏL PORTRETİ
... Dipdiri göz, dip-diri!

Çuxurları çoxdan ölübmüş amma.

Ya rəbb!!! Belə də zülm olarmı?

Göz baxır, ayaq getmir.

Dayanmışam döngədə, dirəkdə.

Ağ nur yağır kainatdan,

Topa-topa qar yağır

beretimə,

mantoma...

Onlar çimir... Gözlər çimir...

Üz tərpənmir.

Könül heç bir şey istəmir.

Ya rəbb!!! Belə də “film!”... olarmı?

Dirəkdə fanar yanır, işıqda bəyaz nur,

Böyründə müqəvva!...

Fırlanır ağ qanadlar,

Qardırlar!................

Çək bunu, çək! Al lentə!

Apar Göyün özünə,

amma burda saxlama,

Ya Rəbbim!!!... Xətir et, sən

Çək bunu!...

Zamanın nə gözəl portreti!

Dekabr, 2002

BU AXŞAM
(Novodeviçe məzarlığında

Nazim Hikmətin qəbri önündə)
Əgər qəhqəhə çəksəm,

dolu buludları qucmaq istəsəm

dəli deməzlər ki mənə?

Yorulsam, sərilsəm

Ləpirsiz, avazsız,

ruhani nəğmələrsiz

Sükutu lal, bu susqun çəmənə,

dərdini dinləməyə,

dəli deməzlər ki mənə?

Saçlarımın hönkürtüsü içindən

bütün bədənim ilə söz desəm, hayqırsam,

Bu Yetim Röyanın Nisgilinə...

nə olmuş olarmış görəsən?

Üz tutub, əl uzadıb Günbatana...

elə bu axşam

uzaq üfüqlərini haylasam,

haraylasam Səninçin,

bax bu daş bəbəklər, qranit Ürək üçün

dəli deməzlər ki mənə,

Əhlikef Türkünün

Ən Yalqız Nəhəngi?!!...

... Əvət mən idim, gəlmişdim.

Buludlar ilə məndim... Gəlmişdik...

Mizrabsız, kamansız gəlmişdik. Bu axşam...

Sən isə nə qədər sevərdin

bayram axşamlarında

dostlara kaman çalıb,

Sonra da hönkürüb

dişarıya çıxaraq

pilləkanda

Ау batınca

oturub...

Oturub, İnsanı düşünməyi.

Nəhəng, ay nəhəng, ay nəhəng,

«Gəlmişdik, Gedirik.» Mən ilə buludlar...

Bu axşam...



1981

CAVAB ALA BİLMƏDİM
Günəş sevgi tərənnüm edirdi,

Günəş bürüşdü məndə.

İsti idi...

Günəşi daradım tellərimdən.

Gördüm darağın ucundan

Leyləklər uçdular, qanadları alovlu...

Buraxdım günəşi,

yüyürdüm,

ağacları qucaqladım,

ağladım tellərim arası

Leyləklərin boş qalmış

yuvaları boyunca...


Cavab ala bilmədim heç kəsdən.

Qıyyasız baxırmış

Gözlərimə yapışan

Leyləklərin yuvası...


... Günəş isə ağır-ağır

öz evinə yatmağa gedirmiş...



Bağdad, iyun, 2000


JALƏMƏ
Kimin gözlərinin almazlarıydı bu belə,

İşartısı qamaşdırdı dünyanı?

Kimin dodaqlarının təbəssümüydü, bu belə,

Çəhrayısı çaşdırdı dünyanı?

Qızım, quzum, çəmənim Jaləmin!

Məktəbinə-dərsinə bir çanta əvəzinə

İki çanta dəftər-kitab daşıyan çiçəyim,

Əlaçı göyçəyimin təbəssümüdür, bu belə!

Oy, sən mənim qu quşum! Bitməyən düşüncəm...

İncidər çiyinlərini İTAƏT!... Qorxuram, balacam,

Mən səni gələcəkdə Dövlətin

"farağat çinovniki" - məmuru deyil də,

Mən səni Dövlətin içində

"Adam!" görmək istəyirəm, əvvəlcə! Mələyim...

Yəni ki, içəri qəhərləri daha asan qavrayan

Həssas(!)... bir inikas, insanı çərlətməyən Möcüzə -

Təzə İnsan arzu edirəm səni!

...Oy, mən bildim nə dedim, bitməyən düşüncəm...

Gözləri almaz qamaşı,

Qu quşum! Büllurum!

O Mehrabdan ucalasan, inşallah!

Ən göyçək Jaləciy...



5 oktyabr 1978

CAN DURNALAR, QORXURSUZMU?

Ölüm elə məni görüm,

qocaltdı durnalar məni.
Ordan bura, burdan ora köçə-köçə,

heçə-puça gedir axı

çətin hörülmüş yuvalar.
Neçin cəhd edir onlar

tərki-vətən olmağa

Neçin axı geri baxmır,

köçəndə qərib durnalar?


Qorxurlarmı?... Yuxuda diksinirlərmi?

Can durnalar, qorxursuzmu?

Yuxuda diksinirsizmi?

Onda məni də aparın...


Qadanızı alım elə,

Ağam Əbülfəz haqqı

heç bır dəfə də demərəm:

“qayıdarsız bir də haçan durnalar!”...



27 oktyabr 2002

FIRLANQIC
Bu balaca qız,

bu balaca gəlincikli

bu balaca qızcığaz

məndən sonra da

olacaq.

Bu balaca qızın könlünü oxşayanlar da olacaq,



Bu balaca qızın xətrinə dəyənlər də olacaq,

Bu balaca qızı, sevib bəyənənlər də olacaq.

Bu balaca qız gəlin olacaq, yep-yekə ana olacaq.

Bu balaca qızın balaca-balaca doğruçu gəlincikləri olacaq.

Evi də olacaq, vargəl edəcək, vaxt tapınca, gizlicənə ağlayacaq. –

Divarlardan leşgər-leşgər qəm yükü, ayrılıqlar boylanacaq…

Evində, əlləri belində, bir hökmüran ər də dayanacaq,

bu leşgərin üstündən elə hey quylanacaq!

Bu balaca qız, bax beləcə, qarıyacaq, nənə olacaq.

Aman Allah! Bağ-bağçası, qönçələri, bütün güllər solacaq!..

Bu balaca qızın toxunmayın qəlbinə!

Bir gün, bir gecə,

ömrün hansısa astanasının

hansısa bir sonuncu pilləsində

Elə

sonuncu dəfə durub dayanacaq.



Astananın başlanğıcında

başqa gəlincikli

başqa balaca qızcığaz

kəpənək donunda

qanad çırpıb fırlanacaq…

QƏFƏS RESPUBLİKASI

Kim düşünüb bülbüllərin qəfəs zülmünü?

Bu sarı bülbülün kim qırıbdır könlünü?

Kim düşünüb akvariumu? Akvarium dövranını?

Bumu yemək bolluğu? Gərəkmidir, bu «qurt-quş»?

hanı yosunlu sular? Bumu qurtuluş?

***

Kim düşünüb qara bəbir əsarətini?



Hara sığar bu bəbirin zilləti? –

Məhbusa bax!... Gözlərindən qığılcım yayır,

Elə baxır, elə baxır, sanki dastan pıçıldayır.

Anladım, zavallı! Anladım, zalımmış insan,

Anladım, anladım! Götür sən allah,

Götür gözlərimdən o baxışını,

Axı hara daşıyım yalvarışını?

***


Yazıq, yazıq! Yaşıl ormanlar bəyi!

Ormanların zorbası! -

Çarvadar olmuş bu şir, belində it gəzdirir.

Şirləri artist edən! Od həlqəsindən keçirən!

Bax o sənin şəninə gör necə də əlləşir;

Ələkçiyə qıl verir, nişan taxılıb döşünə -

Kirpiyiylə od götürür, od qoyur,

hərdən təlxəklik edir,

Bir az da burcuq yeriyir, çünki it yalı yeyir

Mərhəba! Gör nələr öyrənmiş, o!

heç elə bil şir deyil,

Şir öyüdü görməmiş, şir südü əmməmiş, O!!!

Yox, yox, belə deyildir, yazıq zora tabedir –

Olur ki yuxusunda yenə şir kimi gedir.

Oğulsansa gir onun bu yuxusuna,

davam gətir sinəsinə,

Qiblənüma göstər ona, dayan görüm nərəsinə!

***


Nədir, bu «qurd oğlu qurd»a

dərsmi demək istəyirsən?

Təslim olmaz, yorma brat,

ipə-sapa yatmaz-yatmaz!

Bu qurd sənin əllərindən

sümük qapmaz, ət yeməz,

Bu qurd sənin təliminə

bircə tük də ürpətməz!

Yorma, yorma!

Gedib əldən ixtiyarı ...

Burax getsin, daha nasaz yağıdır,

Burax getsin, ömrün qoca çağıdır...

***

Aman zalım! Kimdir belə o pələngi danlayır?!



O pələngin gözlərindən xəlvəti yaş damlayır.

Yetər, yetər! Bütün dərdlərdən bu betər! –

O pələngə bircə kərə ov olmadı insan övladı,

Amma onun özünü, insan oğlu İnsan idi, övladı!

Burax o pələngi də,

Gözlərinin hikməti vida çığırır,

Ormanların içində çağası var, çağırır.
***

Mərhəmət et, ver sındırım,

bu yalançı akvarium-dənizləri,

Atım geniş dəryalara

qıpqırmızı yazıq balıq gözlərini.

Balıqların öz xaliqi, öz xilqəti, öz heyrəti,

Balıqlara nə lazımmış,

çılpaq sahil qeyrəti?!...

Axı qardaş, bu bülbülün

başında eşq havası var, sıxılır,

Qardaş, axı, əhd eyləyib,

yar yolunda nəvası var, yaxılır!...

Bir quş ilə bu dünyanın

yeri dar olmaz!

Burax getsin, savab eylə,

səndən ona kərəm olmaz, yar olmaz.

***

Al qardaş, al - bütün fikrim qəfəslərdə -



Al bunu da, bu quşu da, qurtar xaric səslərdən.

Qurtar bu Qızılquşu da...

kəc və kəsif nəfəslərdən!!!

Babalı mənim boynuma, burax Ana pələngi,

döşlərində süd quruyur, qovrulur,

yaman olur pələng cəngi!

Tək bunu yox, tək onu yox, boşla bütün əsirləri

Bağışla sən, boşla sən,

ruhdan çönən yesirləri.

Burax getsin, burax qardaş,

xanələri dağım-dağımdır,

o ürəyin, qardaş sənin, yoxsa daşmı, dağmıdır?!

Dil-dodaqlar titrəyir, əlləri nalə çağırır,

Çırpınır!... Qəfəs respublikaları ...

Həm də daha vecə gəlməz Onlar daha,

Heç cürə...

Qoy getsinlər, yol ver daha,

dünyamızın həlləm-qülləm çağıdır!...



1986

KİM AXTARAR?

Eşqini ki, su yerinə içmişdim,

İndi sorma halımı, əhvalımı,

Sorma ki, hicrinə tabım varımmı?

Küsər gözlər, küsər dilək

Küsər mehdən, çiçəklərdən də küsər...

Susuzluqdan cadar-cadar dodaqlar

Nə su istər, nə də səni soraqlar.

Üzər məni fəqət bir intizarım

Qərib yerdə axşamlasam,

Məni kim axtarar?...

1981

HƏNƏK

Nolar, Qurbanolduğum,

Yuxarıdan aşağı

bir kərə huylansanam!

Bir kərə də

Qayım qulaylansanam!

Huylanıb-qulaylanıb,

bunların hamısını

qovzayıb başından yuxarı

bir kərəmə cəhənnəmə vasil edib

beynimizi-başımızı, yediyimiz çörəyi,

suyu, havanı, döşəmə-tavanı

bu “Əcinnə... Dəstəsi”-

“Küy Ordusu” sifətindən,

Əntiqfüruş “natiqlərdən”

bir kərəmə azad edib,

bizi rahat buraxsanam!!!

Nolar, Qurbanolduğum,

Homer yapdı ye bunu!

Onunçun da Yunan onun

Bəbəksiz heykəlini

Basdı ötürdü, bizə,

Səninkini dikəltmədi!

Onunçun da bizdə yalnız

bir heykəl dikəlmədə...

Səninkini yada salmaq?

Elə şey yoxdu bizdə, a pəyandaz olduğum!

Bir huylan!!!

Heç olmasa hənək-hənək

axırda bir dəyənək yapsanam!

Nolar, Qurbanolduğum,

Ölür ömrümüz-günümüz,

vaxtımız...

Belə bizim taxtımıza, baxtımıza min yazıq!

A, Qırbanolduğum!


BƏS KİMDƏN DANIŞAQ?
Nuşu nənə şəkərbura bükə bükə

deyir ki:

Adəm ilə Həvvanın çağında

Bütün kişi mələklər

tumançaq gəzərmiş.

Buluddan yaşmaq tutub,

Bulud pəncərəsindən pusanda,

Həvva da uduzmadı.

Kişiyə ərə getdi.

Bənövşə soruşdu:

Elədirsə, bəs onda

Həvva niyə qarnından

On faiz Adəm balası,

həştad faiz

şikəst boşaltdı Yerə?

- Ay balam, sözdü də... Fırlandı...

Bəs kimdən danışaq?

GƏLİRLƏR
Əstəğfürullax, Xudam!

Nərdivan qoyublar,

Sənə doğru çıxırlar!

Pillələri cunquli fıştırığı,

bombarabatay qumbara,

zınqırov, dümbeylə qalxırlar

Basabasdır pillələr

Ehey.... Kişi!

Milyard yaşlı göydəki

Özündən muğayat ol,

Gəlirlər...
2003

ƏSİR DÜŞƏN SƏRÇƏNİN HEKAYƏTİ
... Əsir düşdü bu quş mənə,

Gəldi düşdü əllərimə.

Ovuc boyda bir quşdu,

Sinədənmi vurulmuşdu,

«Dən döyüşü»davasında

basılıb məğlub olmuşdu?

Heç cür baş aça bilmədim,

Yonuq-yonuq olmuşdu!

Amma zil qara gözləri

dip-diriydi,

Çevik-çevik

sağa-sola çevrilirdi.

Adı Sərçə idi,

cik-cik cikkildəyirdi,

Özü ovcumdan kiçikdi,

hərbə-zorba gəlirdi. –

Zərif, sıcaq caynağını

var gücüylə ilişdirir,

Dimdiyini işlədir,

Dişləyir, didişdirir,

Əllərimin ətin didir,

zorla azadlıq istəyir,

məni burax deyirdi!

... Ax oğul, ax oğul!!!

Bəs niyə sən,

Səni əsir edənə

Mədhiyyə deyirsən?

Yaltaqlanıb büzüşür,

Üst-üstə əsir düşürsən?

Çünki sən,

bir sərçə qədər deyilsən!

«Olum, ya ölüm»deyə

döyüşürdü o sərçə.

«Cik-cikli» bir söyüş ilə

söyüşürdü o sərçə.

Sərçəyə bax, sərçəyə!

Cəsarəti divcəyə! ...

...Açdım ovuclarımı,

Əfsus..

Sinəsindən vurulmuşdu.

Heç də yarasından deyil,

Əsirlikdən tüğyan edən

o sərcəçik

Köks ötürüb

boğulmuşdu!

Ah, əfsus,

O Sərçə-nərçəyə!

Cəsarəti divcəyə!

Hökmümdə olsaydı, əgər

bir mərmər daş oyar,

Ona mən abidə qoyardım. Bu yeni varintdır

1988

SALAM, EL MƏSƏLLƏRİM,

SALAM TƏSƏLLİLƏRİM
“Babam dedi, kor dedi,

Gəlib gedəni vur dedi”.

Vur! dedi, belə buyurdu,

Vur! dedi, sən elə bildin

Qudur! – dedi.

Qudurdun.

Qudurdun, nə qudurdun!

Bəyim, ağam!

“Yoldaş, səni kim apardı”dı bəyəm?

Bəyim, ağam! Ay qağam,

Məgər ki ya “Kim kimi” – diiir?

Yoxsa, qağa,

kim kimdən nəyi necə, nə cür ilə,

min güc ilə qopardıdı?

“Vayy dədə vayy, Bakıya gəldi tramvay”

Hə.......

Deyir, “biri vardı, biri yoxdu”,

bir əl vardı,

bir əlin də beş barmağı.

Yəni


çömçə-qaşıq... tutanı,

ya da beş mahir ovçusu.

Zamandı da...

Biri tovladı,

biri ovladı,

biri bişirdi,

biri yedi,

Biri də ən kiçicik barmaq idi,

belə dedi:

“Cüccülü-cü! Bəs mənə nə qaldı?”

A! Qağaa! Məgər ki, Baban belə öyrətdi?... Elə hamısı səniin?..

Aaa...


1983

QAR ROMANI

(Poemadan hissələr)
NAZİM HİKMƏT- 100
Xoş gördük, Nazım baba! Nə əziz təzahür...

Nə gözəl vizit bu!... hardan gəlirsən belə?

Qar tozu içindəsən. Əllərin nə soyuqdur...

Əlcəklərin hanı bəs? Qar rüzgarımı apardı,

Çovğundamı, qardamı, buz yollardamı qaldı?
Nə məzlum durmusan sən, çəpərin küncündə,

Axşam qəribliyində...

Qaşların bir topa qar əlçimi...

Məhəccərdə qəm çəkir...

üzü Torpağa sarı...

Oh, şair! O cür qüssəli zillənmə Torpağa...

Nolub ki, Allaha şükür, türkün bütün evləri sənindir.

Rica edirəm şair,

gəl içəri... keç evə...

Otur lap yuxarıda, buxarının yanında.

İstəsən

ən zərif türkülər deyim sənə mən.



fıkralar* da söyləyim, təki kefin açılsın,

yetsin qahqahaların o Şam Ağacı... boyunca,

uçursun qəmini, onun da...

“15 Söz - On beş qurşun... yarası” üstündən

Ağ Gəmiyə sarılan bəxtsiz bala, laməkan!

Nolar, keç, keç içəri,

bir fincan çay da süzüm,

laf* vuraq...

qızınsın kəmiklərin...*

qar vurmuş əhvalın,

ən çox da, Ürəyin!..

*fıkra-lətifə

*laf vuraq*-söhbət edək

*kəmik-sümük

Bəs necə?

Cəlilə* də aramasın bir daha yuxusunda

planet daşlarına baş qoyub

Sağ əli sol əlini ovuşduran yavrusu

“Nazımciy Nazımının” ağappaq biləngini...

Pərişan, korpeşman görməsin

Yer-yuvası dar gəlib, fəzaya uzanmış...Körpəsini -

Ən Məkansız Nəhəngini...

* * *
Dinmirsən... Div Gövdə!...

Paşalar didəsi! Ən gözəl nəşidə!...*

Kardeşim! Nə işin vardı axı, Buzlaqda?...

Günəş içib böyümüş, utancaq, şeyda oğlan!

Hənuz deyilməmiş olan sözlərinin

sahmansız, təngizar tablosu! Kardeşim!...

Sevdalı!...

Bir söz de!...

Bir söz de... xətalı-bəlalı-sevdalı Xətasız!...


* * *
Ya rəbbim, baş aça bilmirəm,

Sonsuz xəyal suçumu, duman xətasımı bu?

Yoxsa ki, cəbr edir asiman qanunu? –

Müstəsna lövhələrdir, həndəsi iş görür;

sınır bunun qolları... qaməti görünmür.

Yarəb bunun gözləri, avazı hanı bəs?

Hanı bəs əsrarəngiz... sehrli vurnuxmalar?

Gizli əsarət daşıyan o gözəl təbəssüm...

Hanı bəs?...
* * *
Eləbelə, bihudə

qar pərvanələridir... uçuşur...

o qara modern mantoda*...
*Cəlilə-şairin anası

*Nəşidə-nəslin davamı

*manto-palto

eləbelə, sevinir, gülürlər bihudə...

Oy, Nazımciy! Kavaler! Nə çox qar çiçəkləri

sevişirlər çiynində?

Nə çox naz edirlər onlar,

Rus qızlarımı, onlar?

(Ya Tanrım! Qırov zibalarıdır. Aldadacaqlar yenə!!!)

Eşq havası cızır, atəşin işartı saçırlar...

Oy, əfəndim, bağışla, cin vurdu başıma,

Onunçun dağıtdım saçlarımın bihudə quşlarını...

Elə bildim doğruçu tanyalardır, yenə də

əl çəkmir, çökürlər gözlərinə!

Öldürəcəkdim onları, mən hökmən,

arvadın olsaydım əgər.

Bəs necə? Gərək mən girəydim sənin qoluna,

port-liman-Kadıköy-Saloniki boyunca.

Heç gör səni qoyardım,

“öküz sürən Yunusun” –

dırnağına da dəyməyən

Köləbaz, Şovinist Kolunun Kommuna Yurduna

girməyə?!!

Ah, əfv et, bilmədim...

Bilmədim, çiynində büllur sırsıralar var,

toxundum, sındılar... hönkürəcəklər indi,

onlar da!...
* * *
Ah, şair! Ucqar Türk!... Ağlatma...

Ağlatma, kedili-medili-bantlı-beretli* oğlan! –

Firavan “kapitan!...” Balaca, gül oğlan! –

Göydə leyla ulduzu kəşf edən məşhur münəccim oğlan!

Bildinmi, nə çox söz deyə bildi Samiyə*,

Pitsunda sahilində, Ağustos, 1988 sənədə.

Gülüb şaqqanaq vuraraq, ah çəkib danışanda.

Ayyy... nələr demədi, ayyy, nələr bilmirəm,

şuluqçu oğlandan! –

Avtomobildən enib,

üzümgöz eşşəyə minib, düz gedən tərs oğlan!
* kedili-medili-bantlı-beretli-bacısı Samiyə onu belə çağırarmış

*Samiyə-şairin bacısı

Üzümgöz eşşəyinə şokolad yedizdirən «gic» oğlan! -

“Axx, tərs keçi!!!” – “Böcəyə də yol verən duyğusal!!!” –

bu gileyi edərdi qoca bacın, medalyondan öpəndə,

ağ kipriklər arası gilə-gilə yaş sıxıb ona məhzun baxanda.

Bunu da demişdi:

- Döyüşdən sağ çıxan qoca bikef dostlara

bayram axşamlarında kaman çalardı həmişə,

özü də ağlayardı. -

Əvət, Kişilər Gözəli! Çoxmu düşündürürmüş

döyüşdə-vuruşda... xərclənmiş... “Ömür!” adlı o

“şərbət”?... Çoxmu şirin dadırmış Yanvarda*...

bahar selləri kimi öz-özünə axıb gedən o yaşlar?...

Əcəba, onunçunmu kamanı... o cür nazik dilləndirdin

o başdan?... Ah, aşiq!


* * *
Neyçünsə Pirayəni* düşündüm.

həə, Pirayə də ölübmüş...

Münəvvər* Parisdə. Mehmetin* yanında.

Madmuazel erməni gəliniylə həp bərabər yaşıyor.

şadman olsunlar həmişə,

Onların da kefləri çağ imiş.

Ancaq ki, Süheyla!...* Bildinmi ki

necə qovrula-qovrula sevirmiş, Süheyla? -

Şam Ağacı altında hələ də,

Corab toxuyurmuş sənə. Ayaqlarını üşüdən,

soyuq betondan... ötrü. Aheyvah!
* * *
- Eyninədir həpimizin O Gözlər... -

(Radiy Fiş, Əkbər, Aqşin, Anar bəylər

çox yaxıldı. Yaxılırlar hələ də,

eynən Şam Ağacının... altındakı vəfa tək.

Vəfa qılmadı lakin sonacan vəfalar.
*Yanvarda-şairin doğum tarixi nəzərdə tutulur

*Pirayə-Nazim Hikmətin həyat yoldaşı

*Münəvvər-ikinci evliliyi

*Mehmet-oğlu

*Süheyla-Nazımın gizli sevgisi

Yoxdu daha Əkbər də. Radiy Fişdən xəbərsizəm,

Amma nə gözəl insan imiş, Nazim Hikmət yolunda.

Samiyəni basdırdıq.

Daha qahqah çəkməyəcək, böyük qüssə...

Ağlama...

Ancaq tez-tez deyərdi: «Vay, Nur-hengiz,

Nazımı bu qədər istəmə.

Keşke sağ qalmış olaydı,

Seni birce ona alaydım... canım bitmiş olaydı, ya!

Az soruş! Az danış! Gedəlim kilke balığı yemeye,

Vovkanın lokantasına*.

Ha, ha, ha... balığa bax, balığa.

Bu da balıq, naqqa da! Ya xaliq!...

Delfinlərin aşiqiydi, Nazımım...

Canım benim... Nazımım !»


* * *
Yox getmə! Götürmə baxışlarını, aparma...

Qar vurar onları, Nazimim...

Ağırdır... qalaydır... onun yükü,

titrəyəcək məhəccər...

Yadına düşəcək, səni alıb aparmayan

Ağ Gəmi!...

Sənə sarı bir daha dönməyən

Çox sevdiyin o yaşıl Günbəz qaranquşları...


Sonra da yol boyu yadına düşəcək

Son döngə -

Ürəyini happ edən

Yad pıçıltılı sərin... yad aləm... rahatsız o yuva...

Bax onda,

dübarə


qəfil donub duracaq ağ kedi*...

Dəniz gözlü oğlan da!

(Vapura atılan, bada getmiş “Tərs oğlan!”)

Hə bala, hə baba, indi daha nə vüsal?!



*lokanta-yemkxana

*kedi-pişik

Və indi hansı Su... hansı Həsrət? Nə İnsaf!?!!

Nə gəmi, hansı qatar, hansı növ tıqqıltılar?...

İndi daha nəyinə gərəkmiş!? Ayrılıqlar..

Məmləkət... Və sevda!...

Və qoynuna dolmayan yosunlar...

Mat-mat baxıb süzdüyün qağayılar...

Sənə dönməyən quşlar... nəyinə gərəkmiş?


* * *

Oh, şair!

Xəbərlərdə oxudum ki,

“Afrikada quşlar ölür, sıcaqdan” –

İstəyirsən, gedək ora,

Mən dəfnə yarpaqlarından

Çələng hörüm...

Endirək,

Azadə, yetim quşlar ölümünə...

Sən onlara əl eylə... Mən də Göyə hayqırım...

Hər halda könüldürlər!..

Həm də şair,

Baxışlarının buzunu darayaq...

Sıcaqda...



2002-2003, Bakı – İstanbul

QUZEY KIBRIS RÜZGARLARI

(poemadan proloq və qısaldılmış bir neçə fəsil)
PROLOQ
Oh, tənha ada!

Sırğa gülüm, qızıl gülüm, kiparisim!

Ətri əmbər Kıbrısım! - Qüzeyim!

Su üzündən məlul baxan gül zənbili kimisən...

Oh, gəl bana...

Gəl mənim dərya qüssələrimə,

Dəryalar rüzgarında qəhri nihan süsənim!

Gəl, gəl bəlalı füsun! Sözüm var...

Köməksiz-həyansız bap-balaca Vətəncik!

Haqqı hələ də danılan,

Hələ də tanınmaz qalan Cənnət məskən!

Məkrin əngəl ləngərində yelkənləri məhzun üzən

Ən müztərib Öksüz Yazı!...

Yox, yox, dilo, dilbərim! Yox, dilo!

Torpağın üstündəki İlk Halay!

Aldırma o yazını! Dərd olur...

Pozulubmuş dünyamızın yaddaşı, Cəsur Türk!

Sən əfv et...

Əfv et, hafizəsizləri,

Ay işığı pənahına

Yer qabığı boyunca varıb keçən İlk Külüng!

İlk Atlı!..........

İlkin Ər! İlk səyyah!.........................

Olmaz ya! Nasıl yəni tanıya bilməsin səni

Hər daşına uzandığın...

Bu laübali... Dünya?! Bu Sal Daş? –

Bir zaman biyaban çınlayan

ilanlar, muflonlar oylağı

Avara piratlar yatağı

Bu qorxunc, uğursuz depodan,

Üstündə güc bulduğun

Bu qaya torpaqdan sızaran

Əzab dolu nağılların-haqq yolun –

İlkin yol açmış atlar, qatırlar,

Sürülmüş kotanlar,

Torpaqda ilk buğda, ilk əkin,

Sürahi zəmilər...

Qayada hələ də vəl çəkən omuzlar

Sənin deyil, bəs kimin? Ah, İgid!

Qartal Türk! Pərt olma...

Kimsə var...

O - vardır!...


BU QƏTLİAM BƏS KİMİN?
Olurmu?

Yerdə qalarmı, heç bu?

Bəs kimindir görəsən sonrakı

Zülmə məhkum sükutlar?

Sandallar - Atlılar - Muratağa...

Xərək-xərək onurğalar, kəmiklər...

Beşbarmaq oyuğunda soyuqdan buz olmuş

qapanmış insanlar - heykəllər... fiqurlar...

budaqlardan sallanmış beşiklər. Bələklər

Ahənrüba quyulardan burulub

Gedib səmada sönən

sual dolu zikkələr, zuzələr

Bu Qətliam, belə “himn!”

bəs kimin qulaqlarının əbədi odası?!.

Bilir bunu, eşidib... asiman...

Tanıyır bu ahı Fəza Düzü...

Bu ahı

tanıyır buludlar...



Bəsindi!

Heç tanımasın səni,

Səndən sonra gələnlər...

Heç bir məliki... olmayan

İndiki Əfkarlıq!

Allah var...

Şaşırma,

Sultan Oğul! Sultanlıq Yadigarı!

Əlbət ki... Kimsə var...

Hökmən var...

- “Tək Yumruq - Tək Ürək!” -

Bahadır!


Allah var...

UNUT, AYSU


Nə var, nə zillənmisən,

Kimi gəzirsən orda, ay Aysu? Bura Muzey...

Burası - möhtəşəm... Qalleri...

Burası - Ölkən üçün yapılmış “Ölülər Muzeyi!”

Sən kimi axtarırsan? Orda heç kim yoxdur axı

çəkil o çərçivədən,

baxma elə, baxışların xofludur,

çərçivə karıxar...

Orda elə arx yerinə qan suyudur... ay Aysu,

axır da... elə belə... özüyçün... tablodan.

Adamlar yoxdular!...

Boş ver görək, daha onlar şəkildir...

Unut getsin... ay Aysu, düşünmə.

Unut bir təhər, unut... Həm də göyçək,

dodağını çeynəmə. Boğ dərdini... və unut!

Unut ki, Türkün kini Kəbəsindən sonradır

Əvvəl onun Dini və Amanıdır.

Ondan da lap əvvəl - düşünülmüş səbridir.

Bildinmi? Sən unut...

Çağır Neclə də gəlsin, əbdadı kül olmuş

Əsra da qoy gəlsin.

Bihudə deyilmiş bu Muzey, bağçası gözəldir...

Siz ordan göy üzünə baxınız,

Siz ordan bu həzzin kefinə dalınız;

çalınmış davullar, qavallar,

həzin himn...

Sancılmış Son Bayraq,

Yahu, bu qızıl Tarix - sizindir!

Xatırlayın, Sizindir!

Sizindir, ən müzəffər zəfərlər.

Mühəqqəq, sizindir!
CÜTÇÜ BABA
Yox. heç vaxt, qətiyyən öksüz oturamazsan,

Allah Talvarında sən, öz Çətirin altında!

Hə Cütçü, hə babam!

Çarığının biri cırıq, biri palçıq

Yalın torpaq uzunu

Ayaqyalın İlk Bağban!...

Sən necə qocalmısan...

Ta “Neolit” dən... dönüb, yol gələn

bu cırcır araban, bu saman tayası da qocaldı.

Dünən də ağladı Semiha, dedi ki:

“Dəryalar da qocalır... Dünyanın ağlı başına gəlmir,

Yazıq deyilmi, bəşər?...”

Can, abi, qocaltdı Dünya... səni! Nə ağırmış bu Sal Daş...

... Ah, mən də qocaldım.

Ancaq hər şey mənim yadımda;

mən sənin xırmanından kətmənini kim idi aparan,

kim idi apardı dəryazını, onacan bilirəm.

Mən bunu da bilirəm, sən daha eşitmirsən.

Özümçün danışıram bayaqdan... çəpərdən.

Deyirəm ki:

- Gün aydın, Cütçü baba!

Xoş gördük. Ağaclar! Köhnə Çöl...

Deyirəm:

- Sabahın xeyir olsun. Sübhün mübarək sənin.

Yaşıl İrmak fatehi! Eşq olsun qollarına.

Deyirəm, bəs abi, (gülmək tutur e, məni) xeyir ola,

nədir bu xəritə? Qlobus? Nəyinə lazımmış sənin

tarix-marix, “allahların” lüt-üryan şəkilli

eralar əxlaqı? Bu qədər kitabmı olar,

düzmüsən yanıma. Heyf sənin o saman tayana!

Olarmı soruşum? Bir az bərkdən soruşum...

- Nədir bu? Bu qədər oxuyursan?!

- Herodot.

- Nəəəəə?!

- Hero - dott!

- Ha, ha, ha! Avam türk! At, getsin! Tarixin

ataba-atasını yandırdı, elə o da...

Burax getsin!!!

Tarix sən! Tarix sənin əynində! Burdadır, yanında.

Adı bu:


“Əkin... Biçin... Dünya və İlkin Sübh.

Zəmilərlə yol gedən Belibükük Qoça Türk!”


ANA ÇİÇƏKLƏR
Hə, quzum! Hə mənim Quzeyim!..

Anadolu elinin ürəyi!...

Xatirimdədir mənim Orman və Dəryazlar...

O çəmən... o ətir... burnumun ucunda.

Çünki quzum,

Ən titrək, nə kövrək, ən zərif

tellərin-simlərin-otların-sapların

köksündə


mən idim, titrədim...

Çünki onlar həm də mənim...

Çünki quzum,

Onlar elə mənim də

Öz Ana Çiçəklərim...
TƏƏSSÜF
Qardaşlar!

Bir Allahı da bölüb, yüz “allah” uyduran

allahlı... Allahlılar!

Neynəmisiz? Vəhmdir...

Məhcub səhifələrdir, yapmısız!

Nədir bu? Ölülər Ordusumu?!

Günahdı bu, ahdı bu!

Xısın iş... Çox qalın suçdu bu!

İnsana xəyanət, məchul əsarətdi bu

Əvət, özbaşına, arxayın bir gediş,

dəhlizsiz-döngəsiz, rəhmsiz bir vəhşət,

böyük cinayətdi bu! Basqıdı...

... Əvət, əvət, çox Nazik Sivillər!

İnsan haqqı hayqıran Humanist Kürsülər!

Siz də Cənabi-ali! Çox möhtərəm BMT!

Eşidiniz: Basqıdı!!! Basqıdı, bu!

Basqıdı, son qərar! Qərarda israr var...

Əvət, Sayın Kofi Annan!

Heyrət doğurur sizin birtərəfli ünsünüz!

Ürək çırpınmır orda, Bəşəri deyildir işiniz.

- Türkə pəncərə Verin!

Qütbündə qürbət kimi oturan!

Haqqı tanıyınız siz!

Tanıyınız Siz onu - ən böyük Əzmi siz!

... Susursuz!..

Tanımırsız, tanımayın,

Heç olmazsa Keşiş Xristos əvəzi,

75 min ruh önünə

bir çiçəklik sayqı səbəti endirin...

lütf edin... ah...

Ah... sadiq allahlılar!..
YUXU
Bənövşəəə!.. Menekşəəə!..

Bura haradır, belə! Yaxşı görə bilmirəm.

Yoxsa bu su üzü, dəryadır?

Nə qəmgindir gəmilər...

Hövl etdim, Vələdim!...

Ay uşaq, Aydan enən Aydan qız!

Bir gəlin yanıma...

Ah, qoca dəfnələr!

Asmalar, sırmalar!

Bütün sarmaşıqlarım! –

Dəniz, Sahil, Port, Liman,

Gülüzlər!...

Həyat Nəqəratları!...

Tanıdız? Oxxayy e...

Hə, mən də,

Mən də tanıdım sizi!

Tanıyıram mən səni - Dənizdə Səma Tarlası

Qızıl Ban!...

Lap çoxdan,

ən uzaq çağlardan.

Hə, mənəm...

Ölü məğriblər ilə

Sərin qərinələrdən dönmüşəm, gəlmişəm...

Onunçun da saçlarım

təpədən-dırnağacan dümağ çən...

... Bənövşə, Mənekşee! Vallah-billah,

Mən sizin annenizin anasıyam...

Tab gətirə bilmədim,

Təklənmiş torpağa gəlmişəm...

Neynim bala, yaddaşın uzaq işıldaquşları,

Ay işığıyla gəlmişəm.

Hə, mənəm...

Dan çağı, söz deyirəm balıqqulaqlarına...

Allaha, Dənizə, sulara tapşırıram mən sizi!

Tapşırıram mən sizi ən isti planetə -

Gözəlim Veneraya! Asiyanı çox sevən,

bir şərqanə aşiqə,

karvanqırannan yuxarı müdam söz pıçıldayan

Ən yumuşaq, Ən ilıq, işıqlı ulduza.

Qurutmasın istisi... bircə ləçəyinizi də...

Axı mən gedirəm... Ey Ana Çiçəklər, Sərvlər, Yoncalar...
SÜBH
Ah, yaş parladı zeytunlarda...

Əlvida demirəm,

Adalar Gözəli Balaca Vətəncik.

Onsuz da dönəcəyəm Zeytunlara, təbəssüm içində.

Onda ki, Cütçü Baba şövq ilə

təzə qələmlər düzəcək bağçasına...

Onda ki,

məhzun üzən yelkənlərin

Dünyaya asudə üzəcək...

Ah, səadət qucaqlasın...

Ən göyçək Məmləkət.
Bakı-Kıbrıs-Bakı

2000-2003-cü sənələr
ƏBƏDİ VƏ ƏSRARƏNGİZ...

(23-30 avqust sonetləri)
/Elçibəy! Azadlığın əsiri!

Bu sətirlər öz-özünə düzülür.

Solmaz çiçəklərin ola bilsinlər.../
Bu tabutda

bütün xilqətdən uca

Ay-ulduz bəzəyində

İpək təkin bir vücud,

bir əzab əsatiri,

bir qədim türk əsgəri –

ən yalqız adam gedir,

Gedir, uzun yolunu...


2
Ötür, keçir yolları

Ötür, gedir bu kədər,

yoxsulların çiynində

döngələri burulur,

dağ çəkir küçələrə,

bükülür qoca millət,

bir münəvvər köçdü bu

köçür gedir bu kədər.


3
Fəza düzü, yol eylə,

ziyadə yorğundur O,

Atəşlərə yanıb O,

Rəncidədir əhvalı

Küsübdür incik gəlir.
4
Daha divanə deyil

Türküm, Vətənim demir,

indi tül yuxuları

vadilər yuvarlanır,

indi könül evində

nə varsa dərbədərdir.

İndi O elə yalnız

təslim olub bu hüznə,

bu insan dənizinin

vəfa tərənnüm edən

həzin həzzi içində

ən qərib qərqindədir.


5
Rəbbim, aç qollarını

Bir həlaki-vətən türk,

Məzlum bir mehman gəlir.

Sahmanlasın buludlar

Türkün ölməz aşiqi,

Atatürk Sərkərdənin

“sərkardan”... məşuq oğlu,

Oh, tanrım oh,

bir laməkan munisin,

ən nəhəng insan gəlir.


6
Xəbər tutsun ulduzlar,

“kef eləyəcəklər”... e,

yesir planetlərin,

sağır ulduzcuqların

başına tumar çəkən

“fağır prezident” gəlir.


7
Şikayət etməyəcək,

bilmir belə işləri,

Arıq uzun barmaqlar

dodağına qapanmış

Rəbbim, bax elə o cür

qüssə dolu sükutla

buz olub donacaqdır,

Şahanə, şık qaməti

o cür məğrur, müzəffər

fəqət, məlul və solğun

müdam intizar içrə

o cür dalğın duracaq...


8
“Oy-yoyy, yol eylə, rəbbim,

Bəyaz bir leylək uçur,

Pərğular havada dəli!...

Daş atıblar qədrinə, oy...


Dörd tərəfdən pusqu varmış

bir azadə quş xilqətə!...

pərən-pərəndir arzular

Yox olmuş, daha yaşamaz...


Oyy-yoyy... bəyaz, göyçək leylək,

Gözəl leylək, ipək leylək,

İnsan adlı məxluqatdan

Nə çəkdi ürək, a leylək?...”


9
Bağışla, Xətərsiz Xilqət,

İndi ən azadə Uçuş...

Məşəqqəti düşünmüşdüm,

O şəkildə şəkilləşdin;

Ovçun nə çox imiş, qərib!?

Qovhaqovmu apardı,

Məngənələrmi ürkütdü?

Məğmun qaldı bunca, bu cür

Havada pərğu qanadlar...
10
Nə zülmət olmuş yolların

Məslək daşıyan havadar?

Əzab, İztirab, Üzüntü.

Məhbəs, Hasar, İntizar,

Həsrət, Cəfa və Təşviş!

Sonda nə gözəl bəxşeyiş? –

Şəmadət!!! Məsxərə və həqarət...
11
Günahdı bu! Nisyandı...

Nəymiş ki, Məsih zilləti,

Mıx və çəkic. Tamam daa!

Nə tühaf iztirab imiş,

Ən böyük edam da bu –

Sözün zülm neştəri!


12
Yaxşı ki, havalanmadın

Qərib, ay qərib, ay qərib!

Amma düşün, düşün şəhid

Düşün bunu şuridəsər,

Qəmqin yellənəcəkdir

Vətən damından asdığın

Üçrəngli bayrağının

Rüzgardakı qərarsız,

pərişan lövhələri...


13
Vahimədir!...

Üsyan edir ürəyim,

Yalqızlıq çınlamış sənə

mənzərələr... lövhələr,

Bağışla...

Bağışla, büllur ürək!


14
Bağışla Ən gözəl Məhbus...

Əsir Türk!...

Bağışla, gözəl Övliya!

Əvət, mövla... ağlayıram...

Əvət, Övliya, Övliya,

Anlamadıq.

Mən yaman ağlayıram .

Anlamadıq, Ruh Adam!...

Anlaya bilmədik səni,

Anlamadıq səni, Sevdalı Şikar!...


15
Hardan anlayaydıq axı,

Görünməmiş Yadlarıq!

Sən bunu yaxşı qavradın

Amma hara qaladın,

Hansı qayalara çırpdın,

Sən bu nihan qüssələrin

Yalın, yalqız qəhrini?!

Haqqı, imanı, dini,

bir də yada salarmısan?

Sən bu rüsva dünyanı

Bir də xatırlayarmısan?!
16
İndi necə?...

Düşürmü yadına həyat...

Məhzun ömür... Ay nağılı...

Vidalar...

Çoxmu öpdün Çilənayı

Sən o gecə

Kipriklərinin ucunda?

Oh, bir toran məhəccərdə

Son anda

Çalxandımı Qara dəniz?

Uçan bir quş gördünmü heç,

havada oyy...

Oy-oyy! Uyu!.. Qurtuluşdur!

Bax odur azadə uçuş...

Qorxma leylək...

Daha öldürməyəcəyik!...

Oyyy, laylay...

Əzab əsatiri laylay...

Ən müztərib bir qərib –

Türkün qədim əsgəri –

Ən yalqız adam laylay.
17
... Qoca Dərya! Di çalxan!..

Di nağıl de...

Dərya, elə bir nağıl ki,

şirin aldanış kimi

Hənuz, bitməmiş olsun,

Uyuda bilsin onu,

ovunsun köksü üstündə...

əbədi və əsrarəngiz.


(son)

NURƏNGİZ GÜN
(Nurəngiz Qulubəyova Xudadad qızı)

Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü.


1938-ci il sentyabrın 21-də Bakı şəhərində doğulmuşdur. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil almışdır.

1960-1974-cü illərdə Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində diktor vəzifəsində çalışmış, Azərbaycan radiosunun və televiziyasının ilk diktorlarından olmuşdur. Azərbaycan televiziyasında onlarla proqramın – “Səadət” qadınlar proqramının, “Klassik irsimizdən” ədəbi-bədii layihəsinin, “Peoziya buketi, nəğmə çələngi” verilişinin və digər verilişlərin aparıcısı olmuşdur.

1979-1984-cü illərdə Azərbaycan Dövlət İncəsənət Universitetində səhnə danışığı və nitq mədəniyyəti kafedrasında müəllim işləmişdir.

Ədəbiyyata “Tanrı bəşər övladıdır” povesti ilə gəlmişdir (1981-ci il, “Ulduz” jurnalı №4).

Daha sonrakı illərdə mətbuatda şeirləri və ardıcıl olaraq dərc edilmiş iri həcmli əsərləri - “Əsrin son yuxusu”, “Ağ qanadlar”, “Salamat ol, Ağca yol”, “Quzey Kıbrıs rüzgarları”, “Qar romanı”, “Xocalı simfoniyası” “Əbədi və əsrarəngiz” poemaları, silsilə sonetləri, “Ən hündür çiçək təpəsi və qar quyu”, “Qırmızı gecə” povest və hekayələri, publisist yazılar, pamfletlər, teatr resenziyaları ilə çıxış etmişdir.

Şeirləri Türkiyədə nəşr olunan “Çağrı”, “Aksu”, “İçel kültürü”, “Sizə”, “Tanıtım”, “Dəfnə”, “Üçüncü yeni” jurnallarında və “İstiqbal”, “24 saat”, “Günəş” qəzetlərinin səhifələrində dərc edilmişdir.

1992-ci il iyun ayında Türksoyun Ankarada keçirilən ilk qurultayının Azərbaycan tərəfindən ilk və yeganə iştirakçısı olmuşdur. 1998-ci ildə Azərbaycan Dövlət nümayəndə heyətinin tərkibində Bursada Türkdilli Xalqların 6-cı qurultayında iştirak etmişdir. 2005-ci ildə Dünya Azərbaycanlıları Konqresinin İsveçdə keçirilən Qurultayının iştirakçısı olmuşdur. Həmin Qurultayda “Xocalı simfoniyası” poeması əsasında Lider TV tərəfindən ekranlaşdırılan və müəllifin özü tərəfindən səsləndirilən film nümayiş etdirilmişdir.

Əsrin ən böyük faciələrindən olan, Azərbaycan xalqının əbədi dərdi Xocalı qətliamının Nurəngiz Gün tərəfindən böyük yanğıyla qələmə alındığı və faciəmizə həsr edilmiş ilk əsər olan “Xocalı simfoniyası” poeması daha sonra 2008-ci ildə Azərbaycan İctimai Televiziyasının və A.Şaiq adına Gənc Tamaşaçılar Teatrının birgə layihəsi əsasında səhnələşdirilmişdir. 2011-ci ildə isə “Xocalı Simfoniyası” poeması Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti tərəfindən yeni versiyada hazırlanaraq sənədli-publisistik film kimi ekran həyatı qazanmışdır. Nurəngiz Günün 2-ci Dünya müharibəsinin dəhşətlərindən və bu müharibədə Azərbaycan xalqının verdiyi itkilərdən, göstərdiyi qəhrəmanlıqlardan bəhs edən “Salamat ol, Ağca yol” poeması 1985-ci ildə Azərbaycan Dövlət Televiziya və Radio verilişləri Komitəsi tərəfindən müəllifin öz ifasında səsləndirilmişdir və qızıl fondda saxlanmaqdadır. Həmin poema 2012-ci ildə Az.TV tərəfindən ekranlaşdırılaraq səhnə həyata qazanmışdır. Nurəngiz Günün dünya şöhrətli oftolmoloq, böyük ziyalı Zərifə xanım Əliyevaya həsr etdiyi “İncilər” şeiri, mərhumun anım günü münasibətiylə “Lider” televiziyasında hazırlanan verilişdə səsləndirilmişdir.

Nurəngiz Gün bir çox milli və beynəlxalq mükafatların laureatıdır.

Belə ki, şairənin Yuqoslaviyada Novo-Makedoniya nəşriyyatı tərəfindən buraxılan “Səslər” adlı dünya almanaxında çap olunmuş doqquz şeiri 1987-ci ildə Üsküpdə “Yaşıl budaq” mükafatı ilə təltif edilmişdir. Nurəngiz Gün 2005-ci ildə “Humay” Beynəlxalq mükafatının laureatı olmuşdur. Gürcüstan Azərbaycanlıları Ziyalılar Birliyi (Marneuli şəhəri) 2006-ci ildə şairəni fəxri fərmanla təltif etmişdir. 2009-cu ildə “Xocalı simfoniyası” poemasına görə Mahmud Kaşgari Fondunun mükafatını almışdır. 2014-cü ilin yanvar ayında Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Türk Ədəbiyyatına Xidmət Beynəlxalq mükafatı ilə təltif edilmişdir və s.

Nurəngiz Gün həm də xeyriyyəçilik fəaliyyəti ilə məşğuldur.

2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamla Prezident Təqaüdünə layiq görülmüşdür.


Nəşr olunan kitabları:

1.“Tanrı bəşər övladıdır” (povest və hekayə), Bakı, “Gənclik” nəşriyyatı, 1984-cü il

2.Ağ qanadlar” (şerlər və poema), Bakı, “Yazıçı” nəşriyyatı, 1986-cı il

3.“Günəşə dua” (şerlər və poema), Bakı, “Yazıçı nəşriyyatı”, 1990-cı il

4.Yol gedirəm (şerlər və poemalar), Bakı, “Adiloğlu” nəşriyyatı, 2004- ci il.

5.“Xocalı Simfonyası” (poema), Bakı, “Vektor” nəşrlər evi, 2006-ci il

6.“Povestlər və hekayələr”, Bakı, “Vektor” nəşrlər evi, 2007-ci il

7.”Qalanlara”(şeirlər), Bakı, “Mütərcim” nəşriyyatı, 2015-ci il




Yüklə 282,24 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin