Oğuzlar. Onların əsasən Tula boyunda yaşadıqları anlaşılır. Kutluğun işə başladığı əsnada, çox ehtimal ki, Ötükən yörəsi də oğuzların əlində idi. O dövrdə oğuzların başında bir xaqan dururdu. Abidələrdə zikr edilən «Boz kağanın» məhz bu xaqan olduğu anlaşılır. Onların dövlət təşkilatları və hakimiyyətləri altındakı torpaqlar barədə məlumatımız yoxdur. Abidələrdə onlardan bəzən doqquz oğuz, bəzən də sadəcə olaraq oğuz kimi bəhs olunur.
Bilgə Tonyukuk abidəsindən görünür ki, Kutluğun fəaliyyətindən qorxuya düşən oğuzlar göytürklər əleyhinə ittifaq bağlamaq üçün Kunı Səngünü Çinə, Tonra Səmi xıtayların yanına göndərmişdilər1. Bilgə kağan zamanında oğuzlarla müharibə dolayısı ilə Tonranın adı yenidən çəkilir2. Bu adın hər iki yerdə bir oğuz boyunu ifadə etdiyi təxmin olunur. Tonra Səm tonra boyundan olan Səm, Tonra Yılpağut isə tonra boyundan olan Yılpağut deməkdir3. Kitabələrdə bu cür missallar var. Kunı da bir boy adı ola bilər.
Aşağıda görəcəyimiz kimi, oğuzlar əsarət altına alındıqdan sonra, bir çox əsir türk qövmləri tək onlara da özlərindən və ya xanədandan bir hökmdar təyin edilməmiş, türk budun kimi birbaşa xanlar tərəfindən idarə olunmuşlar. Kağanlar nəzdində oğuz budunun türk budunundan çox az fərqlənən siyasi statusa sahib olduğu müşahidə edilir. Bu səbəblə Toyukuk «Türk Bilgə kağan türk sir budunıq oğuz budunıq iyidü olurur» (Türk Bilgə xaqan vahid (?) türk budununu və oğuz budununu yaxşı idarə edir) deyir,4 Bilgə kağan isə kitabəsində bəzən türk budunu ilə birlikdə oğuz budununa və bəylərinə xitab edir: «Türk, oğuz bəgləri, budun eşidin» (türk və oğuz budunu və bəyləri, eşidin)5. Hətta «Tokuz oğuz budun kəntü budunım ərti» (doqquz oğuz budunu öz budunum idi) cümləsini də6 qövmi (etnik) bir qohumluq şəklində deyil, yuxarıda oğuzlar haqqında verilən məlumatı, türk və oğuzun da tabğaç, qırğız, xıtay kimi budun kəlməsilə ifadə edilməsini nəzərə alaraq hüquqi münasibət mənasında başa düşmək lazımdır. Bilgə kağan bu söz ilə doqquz oğuz budunu türk budunu kimi doğrudan-doğruya mənə bağlı, mənim idarəm altındakı bir qövmdür demək istəyir1. Bu fikri təsdiq edən digər qüvvətli bir dəlil də uyğur xaqanının eyni qövm, yəni doqquz oğuzlar üçün «budunım» (qövmüm) deməsidir.
Oğuzların göytürk xaqanlarına heç cür ürək qızdırmamaları isə pis idarə edilmələrindən daha çox ayrı bir qövmi təşəkkül olmaları və ayrı bir siyasi keçmişə sahib olmaları ilə bağlıdır. Aşağıda da bəhs ediləcəyi kimi, dövlətin yıxılması ilə türk budunu ortadan qalxdığı halda oğuzlara bir şey olmadı. Onlar uyğur dövlətində də türklərinkində olduğu kimi eyni xidmətdə oldular, bu dövlətin də istinad etdiyi ikinci ünsür sayıldılar, hətta uyğur xaqanına qarşı ara-sıra üsyan da etdilər.
Dostları ilə paylaş: |