(Naməlum ozanın sözü)
Dədə Qorqud dastanları, daim təkrar etdiyimiz kimi, Türkiyə, Azərbaycan, İran və Türkmənistan türklərinin, yaxud ümumi bir terminlə, Qərb türklərinin bizə məlum olan qədim dastanlarıdır. Bu dastanlar oxuyanların təsdiq etdikləri kimi, dağ çiçəkləri qədər gözəldir. Hətta bu dastanların milli ədəbiyyat baxımından nəsr sahəsində oğuz türkcəsinin əvəzsiz bir şahəsəri olduğunu söyləmək belə mümkündür. Bu dastanlarda türk dili Yunus Əmrənin şeirlərində olduğu kimi, nə qədər axıcı, nə qədər incə, hətta nə qədər parlaqdır!
Dastanların mahiyyətinə gəlincə, onlar - ən mühümləri tarixi hadisələrlə səsləşən - orijinal, əlaqəli və zövqlə oxunan mövzulardır.
Bilirik ki, dastan qəhrəmanları döyüşkən bir ruha sahibdirlər. Hətta onlar arasında belə bir ruhda yetişdirilmiş qadınlar da diqqəti cəlb edir. Lakin təsdiq etmək yerinə düşər ki, çöllərdə belə bir ruh daşımadan həyat sürmək mümkün ola bilməzdi. Orada şiddətli qış və heyvanları kütləvi qıran yut xəstəliyi üzündən tez-tez aclıq fəlakəti ilə qarşılaşılırdı, hər an düşmən hücumları gözlənilirdi. Bu xüsus belə olmaqla bərabər qəhrəmanlar ümumiyyətlə təcavüzkar insanlar kimi görünmürlər. Onlar nəfslərini qorumaq, yaxın adamlarını qurtarmaq, özlərinə və ya yaxın adamlarına edilmiş pis hərəkətin qisasını almaq üçün cəhd göstərirlər.
Qəhrəmanlarımız köçəri bir cəmiyyətdə yaşasalar da, bu igidlərdə zamanımıza yaraşmayan heç bir davranış görünmür. Onlar qara qəlbli və hiyləgər adamlar olmayıb, əksinə, yoxsullara yardım edən, zəifləri qoruyan, rəhmdil, vəfalı, böyüklərinə ehtiram göstərən, amma şərəf və heysiyyət duyğularına sahib olan, qadınlara xor baxmayan mərd insanlardır. Bütün bunlar oğuzlardakı fəzilətli insan tipinin vəsfləridir. Hər halda alplar bütün bu mənəvi sifətləri daşıyan insanlar olmalı idilər. Alplıq ruhu, şübhəsiz, sadəcə cəsarətdən gələn bəsit bir davranış deyildi.
XIV-XVI əsrlərdə Anadolu və Azərbaycandakı türk icmaları bu dastanlara atalara aid ən dəyərli xatirələr gözü ilə baxmışlar. Onlar atalarını həyata keçirdikləri böyük fütuhatlardan ziyadə bu dastanlar ilə sevmişlər. Yenə bu dastanların təsiridir ki, o əsrlərdəki türklər nəzərində oğuzlar cəsur və təmiz ürəkli insanlardır. Bu gün belə Türkiyənin bəzi bölgələrində oğuz sözü hiylə bilməz, pislik eləməz anlamında bir sifət kimi işlədilir.
Buna baxmayaraq yüksək təhsilli osmanlı müəlliflari bu dastanlara əhəmiyyət verməmişlər, hətta onları oxuyan ozanlar ilə istehzalı davranmışlar. Lakin ozanların bu əsəri, şübhəsiz, getdikcə daha geniş yayılmaq və hətta digər millətlər tərəfindən də tanınmaq surətilə əbədi olaraq oxunacaqdır. Buna qarşılıq osmanlı müəlliflərinin əsərləri unudulmağa məhkum olmasa belə məhdud sayda mütəxəssislər tərəfindən tanınacaqdır. Bu keyfiyyət onların türkcəni təbii yolundan çıxararaq əsərlərini süni bir dildə yazmalarının kədərli bir nəticəsidir. Ancaq etiraf etmək lazımdır ki, dastanlar bu gün belə türk ziyalıları tərəfindən yaxşı bilinməməkdə və məktəblərdə də oxudulmamaqdadır. Bu da, şübhəsiz, onların lazımi qədər tanıdılmamasından irəli gəlir. Bu işlər yerinə yetirildiyi təqdirdə bu milli və dəyərli əsərə layiq olduğu əhəmiyyətin veriləcəyi və məktəblərdə bütün türk uşaqlarına oxudulacağı bir həqiqətdir.
XÜLASƏ
Burada dastanlar haqqında apardığımız araşdırmaların qısa bir xülasəsini vermək hər halda faydasız olmazdı.
Dastanlar X və XI əsrlərdə Sır-Dərya boyunda yaşayan oğuz elinə aiddir.
Dastanların qəhrəmanları da bu oğuz elinin bəyləridir. Bu bəylərin qonşu qıpçaq bəyləri ilə savaşlarına və öz aralarındakı çəkişmələrə dair xatirələr onların nəvələri tərəfindən Yaxın Şərqə gətirildi (ən dəqiq ehtimala görə, XIII əsrin birinci yarısında). Xatirələr böyük ehtimala görə, əsaslı surətdə burada dastanlaşdırıldı, XIV əsrin əvvəllərində yazıya alındı və «Oğuznamə» adı altında bir kitabda toplandı. Bu «Oğuznamə»nin təfərrüat baxımından əlimizdəkindən xeyli fərqli olmasına baxmayaraq, xatirələri daha dolğun bir şəkildə əks etdirdiyinə şübhə yoxdur. Lakin təəssüf ki, həmin «Oğuznamə» bu günə qədər aşkar edilməmişdir.
Xoşbəxtlikdən, dastanlar yüzlərlə ozanın hafizəsində yaşayırdı. Onlar dastanları hər tərəfə yaydılar və hər kəsə sevdirdilər. Hökmdar sarayları və şeyxlərin təkkələri belə bunların təsir dairəsindən kənarda qalmadılar. II Muradın sarayında bu dastanları oxuyan ozanlar vardı, habelə Fatehin nəvələrinə də Oğuz xan və Qorqud adları verilmişdi. Daha əvvəl də söyləndiyi kimi, osmanlılardan başqa heç bir türk xanədanında türk dastanlarının məşhur qəhrəmanlarının adlarına təsadüf edilməmişdir.
Ən qədim türk ənənələrini yaşadan bəktaşi təriqətinin yaradıcısı Hacı Bəktaşi Vəlinin mənqibələrinə aid olan «Vəlayətnamə»də bizim dastan qəhrəmanlarının da adları çəkilir. Bundan başqa, həmin təriqətin başçılarından olan Otman Babanın isə «Oğuznamə» dili ilə danışdığını və şeirlər söylədiyini bilirik.
Həmin dövrlərdə Otman Babanın bir istisna olmadığı da məlumdur. Gülşəni təriqətinin qurucusu İbrahim Gülşəni də (1510-cu ildə ölmüşdür) özünü bir çox şeyxlər kimi, peyğəmbər ailəsinə və ya peyğəmbərin əshabələrinə deyil, Oğuz ataya bağlayır, «Mənaqibnamə»sində də Oğuz xandan başlayan sülalələrdən bəhs edilir.
XVI əsrdə ozanların türk cəmiyyətinin mənəvi həyatında oynalıqları rol yenə şiddətlə davam edirdi. 1526-cı ildəki Mohaç savaşından bir gecə əvvəl keçirilən şənlikdə ozanların da qopuzları ilə dastan söylədiklərini bilirik.
Həmin əsrin ikinci yarısında, əvvəlcə söylədiyimiz kimi, əlimizdəki dastanlar yazıya alınmışdır. Beləliklə, bu dastanlar oğuz elinin yaşadığı tarixdən təxminən beş əsr sonra yazıya alınmışdır. Dastanların yenə XVI əsrin ikinci yarısında qədimdən bəri türk mədəniyyətini mənimsəmiş və sevmiş kürdlər arasında da geniş yayıldığı nəzərə çarpır. Oğuz xanın dastanlarda adı çəkilən «bıyığı qanlı» Büğdüz Əməni peyğəmbərə elçi göndərdiyi və Büğdüz Əmənin kürd olduğu haqqında kürdlər arasında dolaşan bir rəvayət1 bu dastanları kürdlərin necə mənimsəmiş olduğunu açıq bir şəkildə göstərir. XV əsrin ikinci yarısında və ya XVI əsrin başlanğıcında İrana gedən və mənbələrdə kürd mənşəli olduğu söylənən xınıslı oymağının bəylərindən birinin dastan qəhrəmanlarından Salur Qazanın qardaşı Qara Günənin adını daşıdığı, bu bəyin oğlunun da Qara Günənin oğlu Budağın adı ilə yad edildiyi yuxarıda yazılmışdır. Bunun kimi, XVI əsrin ikinci yarısında Ərdəlan kürd bəylərindən birinin də adının Basat olduğunu bilirik2.
Söyləndiyi kimi, dastanların ana xəttini oğuzların öz qonşuları qıpçaqlar ilə döyüşləri və öz aralarında apardıqları qardaş qırğınları təşkil edir. Bunlar II və XII dastanlarda nəql olunur. II dastandan aydınlaşdığına görə, başlarında Şöklü Məlikin durduğu qıpçaqlar Salur Qazanın oğuzlarına qarşı döyüşdə qələbə əldə etsələr də, Salur Qazan parlaq bir zəfərlə bu məğlubiyyətin qisasını almışdır. Salur Qazanın böyük şöhrətinin və Oğuz bəylərinin başçısı dərəcəsinə yüksəlməsinin bu müvəffəqiyyətlə möhkəm əlaqəsi olduğu şübhəsizdir. Dastanlarda adları çəkilən Şöklü Məlik, Buğacıq Məlik, Qara Tükən Məlik və Dəmir Yaylı Qıpçaq Məlik isə oğuz bəylərinin düşmənləri olan qıpçaq bəyləridir.
Qardaş qırğınını göstərən XII dastana gəlincə, burada daha əvvəl deyildiyi kimi, üç-oxlar (iç oğuz) ilə boz-oxlar (dış oğuz) arasında gedən döyüşdə boz-oxlar məğlub olmuş, onların başçısı Aruz Qoca isə öldürülmüşdür. Gözəlliyi, kübarlığı və incəqəlbliliyi ilə «Oğuzun imrənçəsi» ləqəbini almış Bamsı Beyrəyin də bu qardaş qırğınının qurbanı olduğunu bilirik.
Basatın Təpəgözü öldürdüyü boyda (dastanda), zənnimizcə, olmuş bir hadisə təsvir edilir. Yəni Təpəgöz ehtimal ki, bir qıpçaq bəyini təmsil edir. Bu qıpçaq bəyi ilə vuruşmada oğuzlar, ən çox da boz-oxlar (dış oğuz), məğlubiyyətlərə uğramış, onların bir çox görkəmli bəyləri öldürülmüşlər. Bunlar boz-oxların başçısı Aruz Qocanın oğlu Qıyan Səlcuq, Düzən oğlu Rüstəm, Dəmir Donlu (yəni zirehli) Mamaq və iki qardaşı ilə birlikdə Aruq Candan idilər. Aruz Qocanın kiçik oğlu Basat sonra Təpəgözü məğlub edərək onun boz-oxlara çəkdirdiyi iztirabların qisasını almışdır.
Digər dastanlardan bir çoxu qəhrəmanların dustaq edilməsini göstərir. Bu da baş verən axınlar və basqınlar nəticəsində ucsuz-bucaqsız bozqırlarda hər zaman mümkün olan bir hadisədir.
Əlimizdəki dastanlar çox gec yazılmış olmaqla bərabər, onlarda daha qədim türk ənənələri görünür.
XVI ƏSRDƏ ANADOLUDA OĞUZ
BOYLARINA AİD YER ADLARI
1. KAYI
Dostları ilə paylaş: |