2. Urmiya yıvları. XII əsrin ilk rübündə qələbəlik bir yıva icmasının da Urmiya yörəsində yaşadığı məlumdur. Böyük ehtimala görə, onlar monqol istilası nəticəsində buraya gəlmiş Süleyman şah yıvalarının ayrı bir qoludur. Qələbəlik olan bu yıvaların 10.000 atlısı vardı. Məhəmməd Nəsəviyə görə2, onlar Sultan Cəlaləddini heçə sayaraq, yollarda vahimə yaradır və hüdud ölkələrinə basqınlar edirdilər. Bu səbəbə görə Cəlaləddin Axlatdan dönərək bunların üzərinə yürüş etdi. Yıvalardan bir çoxları öldürüldü və xeyli qənimət əldə edildi. Qoyun sürülərindən ibarət olan və Muğana aparılan bu qənimətin xəzinəyə aid olan qismi 30.000 dinar qiymətində idi3.
Bu hadisədən 623-cü ildə (1226) bəhs edən ibn ül-Əsir4 yıvaların talançılıq fəaliyyətinə dair geniş məlumat vermişdir: Uşnu və Urmiya şəhərləri yıvaların əlində idi, üstəlik onlar Xoy şəhərindən də xərac alırdılar. Yıvalar Cəlaləddinin əvvəlcə gürcülərlə, sonra da Axlatın zəbt edilməsi ilə məşğul olmasını fürsət sayıb, ticarət karvanlarını soymaqla yolların sakitliyini pozmuşdular. Bu arada Təbriz tacirlərinin Ərzrumdan Təbrizə gətirdikləri 20 min qoyunu da Təbriz yaxınlığında ələ keçirib götürmüşdülər.Yıvaların belə hərəkətlərinin artdığını görən Cəlaləddin son səlcuqlu sultanı Toğrulun qızı olan arvadının xahişi ilə Axlatın mühasirəsindən əl çəkib yıvaların üzərinə yürüş etdi.
Yıvalar Cəlaləddinin Axlatdan əl çəkməyəcəyinə əmin olduqları üçün sərt dağlara çəkilməyərək öz yurdlarında qayğısız yaşayırdılar. Məhz belə bir şəraitdə Cəlaləddin onları çəmbərə saldı, çoxunu öldürdü, arvad-uşaqlarını əsir etdi, mal-qaralarının əksəriyyətini əlinə keçirdi5. Bu hadisədən 6 il sonra monqolların gəlməsi ilə əlaqədar onlar da Azərbaycandakı türkmənlər kimi Qərbə getməyə başladılar.
3. Yaruqlular. Ağ Sunqur oğlu Zəngi Mosuldan sonra Hələbə hakim oldu. O, səlibçilərlə mübarizəyə girişəndə İran Kürdüstanındakı yıvaların bir bölüyünə Hələb bölgəsində yurd verdi və onları səlibçilərlə döyüşməyə çağırdı, tutacaqları torpaqları özlərinə verəcəyini vəd etdi. Bu vaxt yıvaların başçısı Yaruq adlı bir bəy idi. Onlar səlibçilərlə vuruşdular və xeyli torpaq ələ keçirə bildilər. Bu yıvalar və Yaruqun oğulları yaruqlu (yaruqiyyə) adlanmağa başladılar. Yaruq 564-cü ildə (1168) öldü.
Yaruqdan sonra oğulları Eynüddövlə və Bədrəddin Doldurum fəaliyyətə başladılar. Eynüddövlə Şir-Kuhun həmin ildəki (564-1169) sonuncu Misir səfərində iştirak etmişdir. Şir-Kuh orada öldükdən sonra ordunun komandanlığını qardaşı oğlu Səlahəddin öz üzərinə götürdü. Lakin Eynüddövlə Səlahəddinə heç bir vaxt tabe olmayacağını bildirərək Nurəddinin yanına qayıtdı1. Bədrəddin Dolduruma gəlincə, onu Təll-Başir və Təll-Xalid hakimi olaraq tanıyırıq.
Bədrəddin Doldurum Səlahəddin Əyyubinin məşhur döyüşlərində iştirak edərək böyük igidliklər göstərmişdir. O, igid və yüksək əxlaqa malik bir bəy idi. Doldurumdan sonra oğulları səlcuqlu hökmdarı İzzəddin Keykavusun 1218-ci ildəki Suriya səfərinə qədər Təll-Başiri və Təll-Xalidi əllərində saxlamışdılar ki, bu barədə daha əvvəl bəhs edilmişdir.
Osmanlı dövründə yıvalar Səlcuqlular dövründə (XIII əsrdə) Anadoluda yıvaların yaşadıqlarına dair ibn Bibidə bir qeydə rast gəlirik. Bu qeydə görə2, Rüknəddin Qılıc Arslanın böyük qardaşı II İzzəddin Keykavusa qarşı səltənət davasına başladığı üçün vəzir Qazi İzzəddin xəzinədə olan pulları sərf edərək, əsgər toplamağa başlamış və qısa bir zamanda ərəb, qürbət (?), iva, gəncə, kürd və qıpçaqdan (qıbcaq) əsgər yığmışdır. Bu yıvaların Urmiyadan Anadoluya gələn yıvalar olması mümkündür.
XVI əsrdə yıvalara aid 20 yer adına rast gəlmək olar3.Bu dövrdə istər yer adları, istərsə də oymaqlar ərəbcə «yıvə» və «yıva» şəklində yazılmışdır. Bu kəlmələri yuva şəklində oxumaq da mümkündür. Ancaq yer və oymaq adlarının «yuvalı» kimi oxunmasına şübhə etməyin yerində olduğunu söyləməliyik. Osmanlı dövründə adı ərəb hərflərilə həm yıvə, yıza, həm də yuvalu şəklində yazılan bəzi oymaqlar vardır ki, bunların ən başlıcalarından aşağıda bəhs edəcəyik.