276- Folklor Faruq Sumer Oghuzlar Tarixleri Boy Teshkilati Dastanlari Ramiz Asker Urmu Turuz 2014
Oğuzlar uyğurlar dövründə Çin qaynaqlarının hşey-hu adlandırdıqları uyğurlar Selenqa boyunda yaşayırdılar. Uyğurlar XIV əsrin əvvəllərində də ən qədim yurdlarının bura olduğunu bilirdilər. Göytürk abidələrində uyğur adına tək bircə dəfə rastlanır. Buradan uyğurların digər türk qövmlərindən fərqli olaraq göytürk xaqanlığına itaət edib vergi verməklə sakitcə həyat sürdükləri nəticəsini çıxarmaq mümkündür.
Bilgə xaqan oğuzları itaət altına almaqla məşğul olarkən Selenqa boyundakı uyğurların üstünə də yürüş etmiş, tar-mar olan uyğur il-təbiri yüzə yaxın adamı ilə şərqə tərəf getmişdir. Uyğurların ələ keçirilən ilxıları yutdan (heyvan qırğını) xilas olmuş, oğuzlar ilə mübarizə dolayısı ilə türk budunu arasına düşən aclığın qarşısı alınmışdır. Bu səbəblə səfərin iqtisadi bir qayə ilə təşkil edilməsi fikri doğrudur1.
Uyğurların siyasi baxımdan getdikcə daha çox əhəmiyyət qazanmalarında oğuzların öz hakimləri göytürklərlə mübarizə aparmaları hər halda bir amil olmuşdur. Bu mübarizə oğuzları taqətdən saldığı üçün onlar asanlıqla uyğurların hakimiyyəti altına düşmüşlər. Bunun 742-ci ildə Tanrı kağanın öldürülməsindən sonra baş verdiyi şübhəsizdir. Xaqan olan kimi Kül-Bilgə adını qəbul edən uyğur hökmdarı öz oğlunu oğuzlara hakim təyin elədi. Oğuzları özlərinə tabe etmək uyğurlar üçün həqiqətən böyük müvəffəqiyyət idi. Bu onların Orxon bölgəsinə hakim olmaq üzrə olduqlarını göstərirdi. Həqiqətən, qoyun ilində (743) uyğur başbuğu üç tuğlu türk budununun xaqanı Ozmış kağan üzərinə yürüş edərkən oğlu da doqquz-oğuz əsgərləri ilə ona qoşuldu. Oğuzlar yeni ağalarının yanında vaxtilə birlikdə parlaq zəfərlər qazandıqları köhnə silahdaşlarını məhv etməyə gedirdilər.
Həmin il baş verən müharibədə Ozmış kağan ağır məğlubiyyətə düçar oldu. Türk budunu o zaman doqquz-oğuzların başçısı Tanrıda Bolmış İl Etmiş Bilgə kağanın ifadəsilə «anda inağaru yok boldu» (Türk budunu orada tamamilə (?) yox oldu)1.
Bu səfərdən sonra uyğur başbuğu Ötükən bölgəsinə yerləşdi, xaqan ünvanı aldı və Kül-Bilgə xan olaraq tanındı. Bundan sonra uç-karluq ilə vuruşan Kül-Bilgə xan onları on-oxların ölkəsinə çəkilməyə məcbur etdi. Ancaq çox keçmədi Kül-Bilgə xan öldü (donuz ilində-747)2. Yerinə doqquz-oğuzların başçısı olan oğlu keçdi və «Tanrıda Bolmuş İl Etmiş Bilgə kağan» ünvanı aldı. Bu uyğur hökmdarı Türk Bilgə kağan kimi doqquz-oğuzlar haqqında «doqquz oğuz budunum»3 deməklə bərabər, xaqan olanda oğuzların böyük əksəriyyətinin özünə düşmən olduğunu gördü. Onlar şəxsən bu uyğur xaqanı ilə əlaqədar kitabədə «səkkiz-oğuz» kimi qeyd olunmuşlar. Buradan belə bir nəticə çıxır ki, ancaq bir oğuz boyu xaqana sadiq qalmış imiş. Göytürk xaqanlarına qarşı olduğu kimi, oğuzların uyğur hökmdarlarına qarşı da üsyan etmələrinin istiqlaliyyət qazanmaq qayəsi güddüyünə hökm vermək mümkündür. Oğuzlar bu məqsədlə göytürklər dövründə etdikləri kimi şərq qonşuları doqquz-tatarlar ilə birləşmişdilər.
İl Etmiş Bilgə kağan müttəfiqlərinə hücum edərək meşəlik bir yerdə gecə vaxtı onları məğlubiyyətə uğratdı. Lakin ertəsi gün onlar yenə xaqanın qabağına çıxdılar. İkinci vuruşmada da xaqan qalib gəldi. İl Etmiş Bilgə kağan oğuzların sadə xalq təbəqəsindən (qara igil budun) çoxlu adamı əsir almış, ancaq onların kibitkalarına, ailə üzvlərinə və davarlarına heç nə etməmiş, olsa-olsa başçılarına cəza (kıyın) vermişdi4.
Oğuzlar xaqana tabe olmaq təklifini rədd etdikləri üçün Bilgə Kağan onların arxasınca düşərək Burğuda onları haxlamış və bu dəfə oğuzları ağır bir məğlubiyyətə uğratmışdır (dördüncü ayın-haziranın 9-da)*. Xaqan bu vuruşmada oğuzların kibitkalarını, heyvanlarını, qadın və uşaqlarını ələ keçirmişdir. Beşinci ayın-təmmuzun 29-da* Selenqa sahillərində təkrar vuruşma oldu. Oğuzlar və tatarlar darmadağın edildilər və çayı keçib qaçdılar. Xaqan onları təqib edərək Tay Bilgə Tutuk və başqa iki nəfərin pis əməlləri üzündən tar-mar olduqlarını və qırıldıqlarını söylədi, daha böyük fəlakətə uğramamaları üçün yenidən ona tabe olmağa çağırdı. Tay Bilgə Tutuğun oğuz başbuğu olduğu anlaşılır. O, xaqanın atası tərəfindən oğuzlara yabğu təyin olunmuşdu. Xaqan iki ay gözlədi, lakin oğuzlar qayıtmadılar.
Xaqan səkkizinci ayın (ekim) 2-də Çığıltır çölündə, sonra isə Keyrəbaşındakı Üç Bürküdə tatarlarla ağır bir vuruşmaya girişdi. Bu vuruşma nəticəsində tatarların bir hissəsi xaqana itaət etdi, ancaq qalanları tabe olmaqdan boyun qaçıraraq uzaq bir yerə çəkildilər. Bundan sonra xaqan Ötükənə qayıtdı1. Belə çıxır ki, o, istədiyinə müvəffəq ola bilməmişdi.
Tanrıda Bolmuş İl Etmiş Bilgə kağan Ötükənə qayıtdıqda iki oğlundan birinə yabğu, digərinə şad ünvanları verərək onları tarduş və tölis budunları üzərinə başçı təyin etdikdən sonra 750-ci ildə (qaplan ilində) Kəm çayı sahillərində yaşayan çiklərə qarşı səfərə çıxdı, dovşan ilində isə tatarların üstünə yürüş etdi2. Bunun ardınca kitabədə oğuzların adına təkrar rastlanır. Ancaq kitabənin bu hissəsi aşındığından doqquz-oğuzların nə münasibətlə zikr olunduqları aydın şəkildə başa düşülmür.
Bununla birlikdə təxmin etmək olar ki, doqquz-oğuzlar qırğızlara və çiklərə adam göndərərək onları uyğurlara qarşı birgə hərəkət etməyə çağırmışlar. İl Etmiş Bilgə kağan isə bununla əlaqədar çiklərə qarşı yenidən səfər təşkil edib onları itaət altına aldı. Onlara bir başçı (tutuk) təyin etdi. Bundan sonra xaqanın karluqlar və basmıllar ilə savaşları başlanır. Bu savaşlar zamanı Çində yaşayan oğuzlar və türklər qayıdaraq xaqanın düşmənlərinə (basmıllar və karluqlara) qoşulmuşlar3. Xaqan basmıllar və karluqlarla bir neçə dəfə döyüşmüş, nəhayət, onları ağır məğlubiyyətə uğratmışdı. Bu məğlubiyyət nəticəsində karluqlar qərbə doğru çəkilərək qısa müddət ərzində on-oxların ölkəsini ələ keçirdilər. Qazandığı müvəffəqiyyətlərdən sonra suğdak və çinlilərə Selenqada böyük bir şəhər saldıran4 böyük uyğur hökmdarı Tanrıda Bolmuş İl Etmiş Bilgə kağan 759-cu ildə vəfat etdi. Uyğurlar 840-cı ilədək Orxon bölgəsinin hakimi oldular. Onların hakimiyyəti altındakı torpaqların qərbdə Altaya, şimalda Baykala, Cənubda Beşbalıq bölgəsinə qədər uzandığı məlumdur.
Uyğur budunu on boydan ibarət idi. Bu xüsus Şine-Usu kitabəsində xatırlanır və onlar doqquz-oğuzlardan açıq şəkildə fərqləndirilir1. On-uyğur sözü Beşbalıq bölgəsində (Koçoda) tapılan manixey yazısı ilə yazılmış türkcə bir mətndə də vardır2. Bu mətn IX, yaxud X əsrə aid edilir. Deməli, doqquz-oğuzlar həm türk budunundan, həm də on-uyğurlardan qövmi baxımdan tamamilə ayrı təşəkküldür. Əvvəlcə göstərdiyimiz kimi, oğuzlar ikinci göytürk dövründə hansı mahiyyətdə bir rol oynamışlarsa, uyğur dövründə də həmin rolu davam etdirmişlər. Yəni bu dövlətlərin əsaslandığı ikinci ünsür olmuşlar. Yuxarıda göründüyü kimi, onlar həmçinin həm göytürk, həm də uyğur xaqanlıqlarına qarşı üsyanlar etmişlər, yəni onlar hər iki dövlət qarşısında tarduş və tölis boyları kimi dəyişməz bir vəziyyət və davranışa sahib idilər. Yeganə fərq odur ki, son iki budunun üsyanları barədə kitabələrdə məlumat yoxdur.
Uyğurlar təxminən yüz il Orxon bölgəsinin hakimi oldular, bu arada manixey dinini də qəbul etdilər. Onların böyük qonşuları çinlilərin dini olan buddizmi deyil, qərb mənşəli manixey dinini qəbul etmələri diqqəti cəlb edir.
Uyğurlardan bizə türk dilində bəzi kitabələr qalmışdır. Kitabələrdən başa düşülür ki, uyğurlar bir neçə şəhər də salmışlar. Bununla bərabər, Orxon bölgəsində qədimdən bəri davam edən mədəniyyətin uyğurlar zamanında daha da inkişaf etdirilməsi mümkün idi.
Qədim çağlardan Kəm (Yenisey) boyunda yaşayan və mədəni səviyyəcə geridə qalan qırğızlar 840-cı ildə uyğurlara hücum edərək xaqanın Orxon sahilindəki iqamətgahı Ordu Balığı dağıtdılar, xaqan isə həlak oldu. Buna görə dövlət mərkəzinə yaxın yerlərdə yaşayan 13 uyğur boyu Çin hüdudlarına doğru qaçdı. Onlar bir tərəfdən qırğızların, digər tərəfdən çinlilərin ardı-arası kəsilməyən hücumlarına məruz qalaraq səfil bir həyat sürüb dağıldılar. Uyğurların bir hissəsi Çinin hakimiyyəti altına keçdi, qalanları isə qırğızlara əsir oldu. Uyğurların digər bir kütləsi isə qərbə tərəf qaçmışdı. Onlar karluqlara sığınmaq istəyirdilər. Belə anlaşılır ki, bu 15 boydan ibarət kütlə iki hissəyə ayrılmış, biri Tibetə getmiş, digəri isə sonra Qansu bölgəsində yurd salaraq kiçik bir krallıq qurmuşdur. Onlar Çin ilə həmişə dostluq münasibətləri içində yaşamışlar. Bu 15 boyun daha çoxsaylı qoluna gəlincə, onlar Tyan-Şanda yurd salaraq 848-ci ildən əvvəl Monli adlı başbuğlarını xaqan elan etmişlər. Çin sarayı ona «Uluğ Tanrıda Qut Bulmuş Alp Külüg Bilgə» kimi təntənəli bir ünvan verərək Tyan-Şan uyğurlarının kralı sifətilə tanıdı (856).
Çinlilərin Pukut-siun dedikləri şəxs xaqanın xələfi oldu (onun 874-cü ildə öldüyü təxmin edilir). Bundan sonra Çin mənbələrində uzun müddət Tyan-Şan uyğurları haqda heç bir qeydə rastlanmır. Lakin X əsrin ortalarında (951-ci ildə) həmin uyğurlardan bir elçi gəldiyi bildirilir. Bu xüsus Tyan-Şan uyğurlarının Qansu uyğurları kimi siyasi baxımdan nə qədər əhəmiyyətsiz bir vəziyyətdə olduqlarını göstərir1.
Uyğur hökmdarları burada «xaqan» deyil, siyasi səciyyələrinə uyğun olaraq «idi-kut» kimi təvazökar bir ünvan daşıyırdılar. Uyğurlar təzə yurdda oturaq həyata keçərək daha mədəni bir qövm oldular. X əsrin ikinci yarısından etibarən əksəriyyəti buddizmi qəbul etdi. Onlar həm Orxon, həm də Beşbalıq bölgələrində özlərindən uyğur adı ilə bəhs etmişlər2. Açıqca görünür ki, doqquz-oğuz onlardan tamamən fərqli bir qövm idi. Bu belə olduğu halda islam coğrafiyaşünaslarının uyğurlardan «toğuz-ğuzz» (doqquz-oğuz) kimi bəhs etmələrini necə başa düşməli?
İslam coğrafiyaşünasları «toğuz-ğuzz» adı ilə həm Orxon, həm də Beşbalıq uyğurlarını nəzərdə tutmuşlar. Ehtimal ki, onlar 840-cı il fəlakətindən xəbərdar olmamış, ona görə də X əsrdə uyğurları qədimdəki kimi türk qövmlərinin ən qüvvətlisi olaraq mədh etmişlər. Halbuki, yuxarıda göstərdiyimiz kimi, bu uyğurlar siyasi baxımdan o qədər əhəmiyyətsiz idilər ki, adları Çin mənbələrində nadir hallarda çəkilirdi.
İslam müəlliflərinin uyğurları toğuz-ğuzz kimi qeyd etmələrinin səbəbi haqda hamını razı salacaq bir izahat vermək bəlkə də çətindir. Zənnimizcə, islam müəllifləri hər iki adı eyni, yəni bir sanmışlar. Hər iki qövmün bir xanədanın idarəsi altında olması və adlarının bir-birinə bənzəməsi (uyğur-ğuz-oğuz-ğuzz) buna səbəb ola bilər. Çinlilər uyğurları doqquz boydan ibarət bir qövm kimi tanımış, hətta bu boyların adlarını da göstərmişlər3.
İslam müəlliflərinin hər iki adı eyni hesab etmələrində bəlkə bu da bir amil olmuşdur. Hər halda onlar bu iki eli eyni qövm sanmışlar. Diqqətəşayandır ki, XIV əsrdə uyğurlar Orxon və Selenqa bölgəsindəki yurdlarını, orada özlərinin on-uyğur adı altında doqquz-oğuzlarla birlikdə yaşadıqlarını unutmamışdılar4.
Bəs doqquz-oğuzların aqibəti necə olmuşdur? Ağla gələn ilk cavab budur ki, onlar Orxon bölgəsindən qərbə doğru köçmüş və Sır-Dərya sahillərində sadəcə oğuz adı ilə üzə çıxmışlar. Həqiqətən, oğuzların türk ölkəsinin ən uzaq bölgəsindən Mavəraünnəhrə abbasi xəlifəsi Mehdinin hakimiyyəti dövründə (775-785) gəldiklərinə dair məlumat vardır1. Bundan başqa, Təbəri də doqquz-oğuzların 205-ci ildə (miladi 820-821) Urşusanaya (Səmərqəndin şərqində Soqdiana ilə Sır-Dərya çayları arasındakı ərazi) hücum etdiklərini bildirir2. Oğuzların belə bir hücumu həyata keçirmələri onların ancaq şərqdə (ən əvvəl Talas bölgəsində) bir yerdə yaşayacaqları halda mümkün ola bilərdi. Yəni onların belə bir hücum üçün Orxon bölgəsindən qərbə köçmüş olmaları lazımdır. Digər tərəfdən, Sır-Dəryanın orta yatağı ilə Aral gölü sahilləri və onun şimalındakı torpaqlar peçeneqlərin yurdu idi, görünür, oğuzlar bu yerləri onların əlindən almışdılar3. Ancaq bu fikrə aşağıdakı şəkildə etiraz etmək mümkündür:
1. Kül-Təginin dəfn mərasiminə türgiş xaqanı da (şübhəsiz ki, Sulu) elçilər göndərmişdi. Bunlar Makaraç Tamğaçı ilə Oğuz Bilgə Tamğaçı idilər4. Buradakı oğuz sözü ehtimal ki, həmin abidədəki bir çox misallarda olduğu kimi5, qövmi mənadadır, yəni oğuz boyuna mənsub Bilgə Tamğaçı deməkdir. Bu, Sır-Dərya oğuzlarının on-oxların tərkibində bir təşəkkül olduğunu da göstərə bilər. Ancaq bu xüsusda şübhəyə yer buraxmayacaq bir hökmə varmaq üçün bunu təsdiq edəcək başqa bir dəlilə də ehtiyac var. Çünki bu şəxs türgiş xaqanının yanında xidmətə girmiş doqquz-oğuzlardan biri də ola bilər6.
2. Əvvəldə işarə edildiyi kimi, doqquz-oğuzların tonra adlı bir boyları olmuşdur. Hətta buraya kunı adlı bir boyu da əlavə etmək mümkündür7. Halbuki bizə məlum olan 24 boy arasında tonra adlı bir təşəkkül yoxdur.
3. Sır-Dərya ətrafındakı oğuz eli iki qola ayrılmışdı, qollardan biri üç-ox, digəri boz-ox adını daşıyırdı. Bu adların on-oxlardan qalma xatirələr olduğu da düşünülə bilər. Hətta Sır-Dərya oğuzlarının hökmdarlarının yabğu ünvanı daşımaları da bura əlavə oluna bilər. Bəlkə bu yabğu oğuzların yabğusudur.
4. Sır-Dərya oğuzlarının XI əsrdə danışdığı türk dilində bir sıra elə sözlər vardı ki, bunları Şərq türkləri bilmirdilər. Digər tərəfdən oğuzların ləhcəsi də türklərinkindən xeyli fərqlənirdi. Bu hal Sır-Dərya oğuzlarının qərbdə daha qədim zamanlardan bəri (VIII-IX əsrlərdən əvvəl) yaşamaqda olmaları ilə əlaqədar ola bilər.
Bu xüsusları göz önünə alsaq, Sır-Dərya oğuzlarının onlara mənsub olduqlarını söyləmək mümkündür. Əgər bu belədirsə, Sır-Dərya oğuzları ilə doqquz-oğuzlar arasında eyni qövmün iki qolu olmaqla qədim bir qohumluq və ya bəlkə də sadəcə bir ad bənzərliyi məsələsi ortaya çıxır. Belə olduqda doqquz-oğuzların 840-cı ildə qırğızların hücumu nəticəsində dağılmaqla və ya uyğurlara qarışmaqla öz varlıqlarını itirdiklərini düşünməkdən başqa bir yol, deyəsən, yoxdur.