ON YEDDİNCİ FƏSİL SIFFEYN MÜHARIBƏSININ MÜQƏDDƏRATININ HƏLL EDILMƏSI
Imam (ə) səbir və mətinlik nümunəsi idi. O, Müaviyənin müxalifətçiliyi qarşısında həmişə mülayim davranırdı. Amma vəzifə və rəyasət sevdası Müaviyəni özünə elə məftun edib aldatmışdı ki, nümayəndə göndərib ona öyüd-nəsihət verməyin nəinki faydası olmadı, üstəlik onu daha da inadkar etdi. Imam (ə) çarəsizlikdən qərara aldı ki, məsələni müharibə ilə həll etsin, öz qiymətli vaxtını daha bundan artıq hədər etməsin, bu "xərçəng virusunu" islam cəmiyyətinin orqanizmindən qoparıb atsın.
Islamda cihad qanunlarından biri də budur ki, əgər islam hökuməti bir qrupla dinc yanaşı yaşamaq barəsində müqavilə bağlasa, onda bu müqavilə möhtərəmdir. Əgər islam hakimi əldə olan məlumatlara əsasən, qarşı tərəfin müqaviləni pozmaq niyyətində olduğunu və xəyanət etmək istədiyini hiss etsə, onda cəld hərəkət edir, müqavilənin artıq ləğv olunduğunu bildirir və müharibəyə başlayır. Qurani-Kərim bu məsələyə toxunaraq buyurur: "Hər vaxt bir qövmün xəyanət edəcəyindən qorxsanız, onlarla olan müqaviləni ədalətli şəkildə ləğv edin, çünki Allah xainləri sevməz."1
Bu qanun göstərir ki, islam dini ədalətin və əxlaq normalarının qorunmasına xüsusi diqqət yetirir, düşmənin söz-söhbət və rəftarından xəyanət nişanələri görünsə belə, xəbərdarlıq etmədən düşmənə yürüş edilməsinə icazə vermir. Imam (ə) Siffeyndə bu qanunun göstərişindən də artıq diqqət yetirirdi. Çünki onunla Müaviyə arasında "dinc yanaşı yaşamaq" barədə bir müqavilənin bağlanmadığına, yalnız haram aylarda hərbi toqquşmanın qadağan olduğuna və nəticədə sakitliyin bir müddət Siffeynə hakim olmasına baxmayaraq, şamlıların bu sakitliyin Məhərrəm ayından sonra da qüvvədə qalacağını güman etməsinlər deyə, Imam (ə) Mərsəd ibni Harisə fərman verdi ki, Məhərrəm ayının axırıncı günü günbatan çağı Şam ordusunun qarşısında dayanıb uca səslə desin:–Ey Şam əhli, Əmirəl-möminin deyir: "Mən sizə möhlət verdim və müharibə işində səbir etdim ki, haqqa doğru qayıdasınız. Allahın Kitabından dəlil gətirib sizi ona tərəf dəvət etdim, lakin siz tüğyançılıqdan əl çəkmədiniz. Belə bir şəraitdə mən hər bir amanı qarşılıqlı şəkildə ardan götürdüm. Allah xainləri sevməz."2
Bu xəbər Müaviyənin qoşunu üçün oxunduqda hər iki tərəfdə canlanma yarandı və döyüşən tərəflər ordunu nizama salmağa başladılar. Cinahların sərkərdələri təyin edildi. Imam (ə) öz qoşununu aşağıdakı ardıcıllıqla tənzim etdi: Əmmar Yasir süvarilərin, Əbdüllah ibni Bədil Xəzai piyada qoşunlarının baş sərkərdəsi təyin edildi, ordunun ümumi bayrağı Haşim ibni Ütbəyə tapşırıldı. Sonra Imam (ə) qoşunu üç hissəyə–sağ cinah, sol cinah və mərkəzi cinaha böldü. Yəmənliləri ordunun sağ tərəfində, Rəbiə qəbiləsinin müxtəlif şaxələrini sol tərəfdə və əksəriyyəti kufəli və bəsrəli olan Müzər qəbiləsinin pəhləvanlarını ordunun mərkəzində yerləşdirdi. Bu üç bölmənin hər birini süvarilərə və piyadalara böldü. Sağ və sol cinahlara Əşəs ibni Qeyslə Əbdüllah Ibni Abbası, hər iki piyada qoşunu üçün də Süleyman ibni Sürəd ilə Haris ibni Mərrəni təyin etdi. Sonra hər bir qəbilənin bayrağını onun başçısına tapşırdı. Ibni Müzahim "Vəqətü-Siffeyn" kitabında hər biri bir qəbiləyə məxsus olan iyirmi altı bayraq olduğunu qeyd edir.3
Müaviyə də öz qoşununu həmin tərtiblə tənzim etməyə başladı, sərkərdələri və bayraqdarları təyin etdi. Sübh çağı həlledici döyüşün baş verməsi qəti oldu. Imam (ə) öz qoşununun içində ayağa qalxıb uca səslə dedi: "Onlar sizinlə müharibəyə başlamayınca siz döyüşə başlamayın. Allaha şükürlər olsun ki, sizin bu döyüşdə dəlil və sübutunuz vardır. Onlar döyüşü başlayana kimi sizin başlamamağınız əlinizdə başqa bir sübutdur. Onları məğlub etdiyiniz vaxt sizə arxa çevirib qaçanları və yaralıları öldürməyin. Düşmənin övrətini açmayın, öldürülənlərin burun-qulağını kəsməyin. Onların düşərgələrinə çatdığınız vaxt pərdələri yırtmayın, mənim icazəm olmadan heç kimin evinə girməyin, döyüş meydanında ələ keçirdiyiniz şeylərdən başqa düşmənin heç bir mal-dövlətinə əl vurmayın. Heç bir qadına, hərçənd sizin özünüzə, sizin böyüklərinizə, ağsaqqallarınıza nalayiq söz desə belə, əziyyət verməyin. Çünki onlar əql və qüdrət cəhətindən zəif olurlar. Onlar müşrik olan vaxtda da bizə əmr olunmuşdu ki, onlara əl vurmayaq. Əgər cahiliyyət dövründə bir kişi çəlik, yaxud dəmirlə bir arvada həmlə etsəydi, bu iş onun üçün ar sayılırdı və onların övladları sonralar bu işə görə məzəmmət olunurdular."1
Əmirəl-möminin Əli (ə) Cəməl, Siffeyn, Nəhrəvan döyüşlərində öz əsgərlərinə belə tövsiyə edirdi: "Ey Allah bəndələri, Allah ilə müxalifət etməkdən qorxun! Gözlərinizi aşağı salın və səsinizi alçaldın, az danışın. Özünüzü düşmənlə mübarizə edib əlbəyaxa olmağa, dişlə müdafiə olunmağa hazır edin. Mətin və möhkəm olun, Allahı yad edin ki, nicat tapasınız. Ixtilafdan və ikitirəlikdən uzaq olun ki, süstləşməyəsiniz və şövkətiniz, əzəmətiniz aradan getməsin. Səbirli olun, Allah səbir edənlərlədir."
Imam (ə)-ın sözləri sona çatdıqda on bir cərgə döyüşçü ilə birlikdə düşmənin qarşısında bayraq qaldırdı. Onun qoşun bilmələri elə tənzim olunmuşdu ki, bəziləri Iraqda, bəziləri isə Şamda yaşayan qəbilələrin üzvləri döyüşdə bir-birinin qarşısında qərarlaşırdılar. Ilk günlərdə döyüş çox yavaş gedirdi, hələ də döyüşün dayandırılması və barışıq siyasəti hər iki tərəfə ümid verirdi. Tərəflər günortaya qədər döyüşür, sonra döyüşü saxlayırdılar. Lakin sonralar döyüş şiddətləndikdə sübhdən gecəyə kimi, hətta gecənin bir vaxtına kimi davam edirdi.2
DÖYÜŞÇÜLƏRIN HƏRƏKƏTI
Səfər ayının birinci günü Imam (ə)-ın ordusundan Malik Əştər, Şam ordusundan isə Həbib ibni Məsləmə öz əsgərləri ilə birlikdə döyüş meydanına gəldilər, günün bir hissəsini vuruşdular. Hər iki tərəfdən ölənlər oldu. Sonra bir-birindən aralanıb öz düşərgələrinə qayıtdılar.
Ikinci gün Imam (ə)-ın tərəfindən Haşim ibni Ütbə başda olmaqla bir dəstə süvari və piyada, Şam ordusu tərəfdən də Əbül-Əvər Səlmi elə həmin qaydada meydana daxil oldular, süvarilər süvarilərlə, piyadalar da piyadalarla döyüşə başladılar. Üçüncü gün Imam (ə)-ın tərəfindən Əmmar, Müaviyə tərəfdən isə Əmr As öz qoşunu ilə meydana girdilər və onların arasında şiddətli döyüş baş verdi.
Əmmar Şam qoşununun qarşısında dayanıb uca səslə dedi:–Allahla, Peyğəmbərlə ədavət aparan, müsəlmanlara zülm edən, müşriklərə kömək edən bir adamı tanımaq istəyirsinizmi?! Allah Öz dinini aşkar edib Peyğəmbərinə kömək etmək istəyəndə belə bir şəxs dərhal rəğbət üzündən yox, qorxudan, özü də zahirdə islamı qəbul etdi. Peyğəmbər vəfat etdikdə o, müsəlmanların düşməni, günahkarların dostu oldu. Ey camaat, bilin və agah olun, dediyim bu şəxs elə Müaviyədir. Onu lənətləyin və onunla mübarizəyə qalxın. O, Allah nurunu söndürmək, Allah düşmənlərinə kömək etmək istəyir.
Bu vaxt bir nəfər Əmmara dedi ki, Rəsuli-Əkrəm (s) buyurub: "Camaatla, islamı qəbul etdikləri vaxta qədər vuruşun, islamı qəbul etdilərsə, onların qanı və mal-dövləti toxunulmazdır."
Əmmar onun sözünü təsdiq edib dedi:–Əməvi hizbi elə ilk gündən islamı qəbul etməmişdir; onlar islamı zahirdə qəbul etmiş, özlərinə dost-tanış tapana kimi küfrlərini məxfi saxlamışlar.1
Əmmar bu sözü deyib süvari qoşunun sərkərdəsinə şamlıların süvarilərinə hücum etmək əmrini verdi. Hücum əmri verildi, lakin şamlılar onların qarşısında müqavimət göstərirdilər. Sonra piyadaların sərkərdəsinə hücum əmri verdi. Imam (ə)-ın qoşunu ciddi bir yürüşlə düşmən qoşununu darmadağın etdi, Əmr As öz yerini dəyişdirməyə məcbur oldu. Əmr As Əmmarın işlətdiyi taktikaya keçdi. Əmmar əməvi hizbini və onun başçılarını kafir adlandırmaqla düşmənin səflərini həyəcana gətirmişdi. Bunun müqabilində Əmr As da nizənin ucuna qara bir parça bağlayıb yuxarı qaldırdı. Bu parçanı nə vaxtsa Peyğəmbər (s) ona vermişdi. Gözlər ona dikildi və söz-söhbət başlandı. Imam (ə) hər hansı bir fitnənin büruz etməsinin qarşısını almaq üçün dərhal məsələni öz dostlarına aydınlaşdırmağa başlayıb dedi: Bilirsinizmi ki, bu bayrağın sərgüzəşti nədir?! Bir gün Peyğəmbər (s) bu bayrağı çölə çıxatdı və üzünü islam qoşununa tutub dedi:–Kim onu, içindəki şeylərlə birlikdə götürə bilər?
Əmr As dedi:–"Onun içində nə var?" Peyğəmbər (s) buyurdu:–"Budur (onda belə yazılıb) ki, heç bir müsəlmanla vuruşmasın və heç bir kafirə yaxınlaşmasın." Əmr As onu bu şərtlə götürdü, amma Allaha and olsun ki, müşriklərə qoşulub və bu gün müsəlmanlarla vuruşur. Çərdəyi yaran və insanı yaradan Allaha and olsun, bunlar səmimi qəlbdən yox, üzdə iman gətirmişdilər, öz küfrlərini də gizlədirdilər. Küfrlərini aşkar etmək üçün dost tapdıqları zaman, öz ədavətlərini yenidən başladılar. Amma zahirdə namazı tərk etmədilər.
Dördüncü gün Imam (ə)-ın tərəfindən Məhəmməd Hənəfiyyə, Şam qoşunundan isə Übeydullah ibni Ömər bir dəstə ilə döyüşə girişdi. Şiddətli döyüş başlandı.2 Übeydullah Məhəmməd Hənəfiyyəyə xəbər göndərdi ki, gəl təkbətək vuruşaq. Məhəmməd irəli çıxmaq istədi, lakin Imam (ə) hadisədən xəbər tutduqda dərhal atını oğluna tərəf çapdı, əmr etdi ki, dayansın. Sonra öz atını Übeydullaha tərəf sürdü və dedi: Mən səninlə vuruşacağam. Gəl qabağa!
Übeydullah bu sözü eşidəndə bədəni lərzəyə düşdü və dedi:–Mən səninlə döyüşmək istəmirəm!
Sonra atını döndərib meydandan uzaqlaşdı. Bu vaxt hər iki tərəfin qoşunları bir-birindən aralanıb öz düşərgələrinə qayıtdılar.
38-ci ilin səfər ayının beşində bazar günü iraqlıların sərkərdəsi Ibni Abbas, şamlıların sərkərdəsi isə Vəlid ibni Ütbə olmaqla iki qoşun bölməsi döyüşə başladı. Ağır bir döyüşdən sonra günorta vaxtı döyüşü dayandırıb öz qərargahlarına qayıtdılar. Bu vaxt şamlıların sərkərdəsi Əbdül-Müttəlib övladlarını nalayiq sözlərlə söyməyə başladı. Ibni Abbas onu mübarizəyə çağırdı, lakin o qorxub meydanı tərk etdi.
Şam ordusunun döyüşçüləri islam tarixi və həqiqətlər barədə kar, kor və ümumiyyətlə xəbərsiz idilər. Əgər belə olmasaydı, Quranın aşkar şəkildə fasiq adlandırdığı bir adam onlara rəhbərlik etməzdi. Belə ki, Qurani-Kərim Vəlidin barəsində buyurur: "Əgər fasiq bir adam sizə bir xəbər gətirsə (sözünü dərhal qəbul etməyin və) onun barəsində axtarış aparın."1
Digər bir ayədə onun barəsində belə buyurulur: "Məgər mömin olan bir şəxs fasiq kimidirmi?! Heç vaxt bərabər deyildirlər."
Bu döyüşlərdə bir çoxları öldürülür, tərəflər heç bir müsbət nəticə əldə etmədən öz yerlərinə qayıdırdılar, lakin buna baxmayaraq Imam (ə)-ın, Əmmarın və Ibni Abbasın sözləri həqiqəti şamlılara aydınlaşdırırdı. Bu zaman Müaviyənin iddialarının əsassız olması müəyyən qədər sübuta yetdi. Buna görə də döyüşün beşinci günü Şimr ibni Əbrəhə Hümeyri bir dəstə Şam qarisi ilə birlikdə Əli (ə)-ın tərəfinə keçdi. Onların nura tərəf üz gətirmələri Müaviyənin qoşununu bürüyən zülməti göstərirdi.
Şamın üsyankar rəhbəri bu kimi hadisələrin yenidən təkrarlanacağından bərk qorxuya düşmüşdü. Bir gün Əmr As Müaviyəyə dedi:–Sən Məhəmmədlə yaxın qohum və islamda böyük nüfuza malik olan bir adamla vuruşmaq istəyirsən. O fəzilətdə, mənəviyyətdə, müharibə fəndlərini bilməkdə misilsiz bir adamdır. O, səninlə müharibədə Məhəmmədin azsaylı dostları, qəhrəmanlar, qarilər və ən şərafətli adamlarla birlikdə səninlə müharibəyə gəlmişdir. Müsəlmanlar onlara xüsusi əzəmət gözü ilə baxırlar. Gərək şamlıları ən çətin şəraitdə qoyasan və müharibənin uzanması onlarda ruhi yorğunluq yaratmamış onları tamahlandırasan. Sən hər şeyi unudursan, amma bunu unutma ki, sən batil yoldasan.
Müaviyə onun sözlərindən başa düşdü ki, şamlıları döyüş meydanına cəzb edən səbəblərdən biri batinində təqva və imandan heç bir əsər-əlamət olmasa da zahirdə özünü dindar, mömin və təqvalı göstərməsidir. Buna görə də bir minbər düzəldilməsini əmr etdi, sonra sərkərdələri yanına çağırıb minbərə çıxdı, din və şəriət üçün ürək ağrısı keçirən bir adam kimi göz yaşları axıdaraq dedi:–"Ey camaat, canınızı və başınızı bizə tapşırın! Süstləşməyin və köməyinizi əsirgəməyin. Bu gün çox təhlükəli bir gün, həqiqətin qorunub-saxlanması günüdür. Siz elə bir adamla mübarizə edirsiniz ki, o, beyəti sındırmış, nahaq yerə qan axıtmışdır. Göylərdə heç kim onu üzürlü hesab etmir."
Ondan sonra Əmr As minbərə çıxdı, Müaviyənin sözlərinə oxşar sözlər danışdıqdan sonra minbərdən endi.1
IMAM (ə)-IN ÇIXIŞI
Müaviyənin məkr işlətməklə, özünü dindarlığa vurmaqla şamlıları mübarizəyə dəvət etməsi xəbəri Imam (ə)-a çatdıqda hamının bir yerə yığışmasına dair göstəriş verdi. Ravi deyir: Imam öz kamanına söykənmiş və Peyğəmbərin dostlarını ətrafına yığmışdı. O, camaatı Peyğəmbər səhabələrinin onun ətrafında olmasından agah etmək istəyirdi. O, Allaha həmd-səna etdikdən sonra dedi:–"Camaat! Sözlərimə qulaq asın, yadda saxlayın ki, özünü bəyənməyin mənşəyi əmr və fərmandan çıxmaq, lovğalığın mənşəyi isə kibr və özünü görməkdir. Şeytan sizə puç və batil vədələr verən bir düşməndir. Agah olun: müsəlman müsəlmanın qardaşıdır. Nalayiq sözlər danışmayın və (bir-birinizə) köməyinizi əsirgəməyin. Şəriət bir, onun yolları da düzdür. Hər kəs o yolu tutsa, ona qoşar və hər kəs o yolu tərk etsə, ondan çıxmış olar. Hər kəs də ondan ayrılsa, məhv olmuşdur. Əmanətdar sayılan, lakin xəyanət edən, yaxud vədə verib ona əməl etməyən, danışanda yalan danışan adam müsəlman deyildir. Biz rəhmət ailəsiyik, sözlərimiz doğru, əməllərimiz üstündür. Peyğəmbərlərin sonuncusu da, islamın rəhbərliyi də, Allah kitabının qariləri də bizdəndir. Mən sizi Allaha və Peyğəmbərə, həmçinin Allah düşmənləri ilə cihada, Onun yolunda müqavimət göstərməyə, razılığını kəsb etməyə, namaz qılıb, zəkat verməyə, Allah evini ziyarət etməyə, Ramazan ayının orucunu tutmağa, beytül-malı onun öz sahiblərinə çatdırmaqda çalışmağa dəvət edirəm. Dünyanın qəribə işlərindən biri də budur ki, əməvi sülaləsindən olan Müaviyə və Əmr As camaatı dindarlığa təşviq etməyi qərara almışlar. Bilirsiniz ki, mən Peyğəmbərlə heç vaxt müxalifət etməmişəm, qəhrəmanların qorxudan geri çəkilib bədənləri lərzəyə düşdüyü vaxt mən canımı ona qalxan etmişəm. Allaha şükürlər olsun ki, məni bu fəzilətlə əziz etdi. Allahın Rəsulu, başı mənim sinəmdə olan halda can verdi. Ona təklikdə qüsl verdim; mələklər onun pak cəsədini o yana-bu yana döndərirdilər. Allaha and olsun ki, hansısa bir ümmət öz peyğəmbərlərinin vəfatından sonra ixtilafa düçar olublarsa, (həmin vaxt) batil əhli haqq əhlinə qələbə çalıbdır.2
Bu zaman o həzrətin imanlı dostu və vəfalı silahdaşı Əmmar camaata dedi:–Imam sizə bunu bildirmək istəyir ki, ümmət nə işin əvvəlində düzgün yol seçdilər, nə də axırında.
Ibni Müzahimin yazdığından aydın olur ki, Imam (ə) bu sözləri səfər ayının altısında, bazar ertəsi günü (axşamçağı) buyurmuş, axırda da fitnə-fəsadın kökünü kəsmək üçün ordunun hərtərəfli hücuma keçməsini istəmişdi.
Imam (ə) səfərin yeddisində, çərşənbə axşamı günü ordunu kütləvi hücum üçün hazırladı və bir xütbə söyləyərək döyüş taktikasını bəyan etdi.
Dostları ilə paylaş: |